Türk dünyası sivilizasiyasına Azərbaycançı
baxış
Türk
dünyası və sivilizasiyalar məsələsi uzun illərdən
bəridir ki, mədəniyyətlərarası münasibətlər,
türk kimliyi, din və sivilizasiya problemləri ilə məşğul
olan araşdırıcıların diqqətini cəlb etməkdədir.
Bu sahədə Qərbdə və Rusiyada nəşr
edilmiş əsərləri oxuduqca problemə birtərəfli
yanaşıldığı, ali irq, hind-ariçilik, yəhudiçilik
və xiristianlığın öndə
dayandığını, başlıca diqqətin Qərb və
qədim sivilizasiyalar məsələsinə yönəldiyini,
digər Şərq xalqları kimi türklərin də arxa
planda saxlandığını görürük. Qərbdən
fərqli olaraq Türkiyədə, müstəqillik dönəmində
Azərbaycanda və digər türk dövlətlərində
bu sahədə ciddi işlər görülmüş, dəyərli
əsərlər yazılmışdır. Bunların hər
birinin özünəməxsus xüsusiyyətləri
mövcuddur. Bu yazıda biz sivilizasiyalararası münasibətlərdə,
Qərblə-Şərq arasında etno-kültürəl əlaqələrdə,
dinlərarası münasibətlərdə Türk
dünyasının yeri, onun daşıyıcılıq
missiyasını Özündə əks etdirən və
özünəqədərki nəzəriyyələrin
ümumi məcmu kimi dəyərləndirilə bilən əsər
üzərində dayanmaq niyyətindəyik. Bu, Ərəstü
Həbibbəylinin 2011-ci ildə işıq üzü
görmüş “Sivilizasiyaların kəsişməsində
türk dünyası” kitabıdır. Bəri başdan deyim
ki, adətimə uyğun olaraq yeni kitablarla ilk
tanışlığım onu vərəqləmək,
içərisində qoyulmuş məsələnin əhatə
dairəsi, elmi tutumluğu ilə başlayır. Bütün
yazılara və müəlliflərə hörmətlə
yanaşmağı xoşlasam da elə kitablar vardır ki,
onları ikinci dəfə açmıram. Ərəstü Həbibbəylinin
kitabı ilə də tanışlıq bu qaydada oldu. Lakin
problemin qoyuluşu, ümumi nəzəri məsələlər,
tarixi gerçəkliyin aşkar edilməsi və elmi dəlillər
əsasında inkişaf etdirilərək sübuta
çatdırılması diqqətimi çəkdi. Təbii
ki, bunun bir tərəfi də bizim araşdırmalarla
yaxınlığı və türk tarixi, türk kimliyi,
türk kültürü, onun bəşəriliyi, Nuh babadan,
Türk Atadan gələn, zaman-zaman nazilən, lakin
üzülməyən haqq dini Tenqriçilik, təkdən-təkə,
Tanrıdan-Allaha keçid, vahidin vəhdəti və s. bu kimi
məsələlərlə bağlı idi. Hiss etdim ki,
kitabdakılar məni tutub. Burada bu məsələlər
müəllif tərəfindən etnos və mədəniyyət,
din-etnos və sivilizasiya, sivilizasiyalararası münasibətlərdə
Qərb-Şərq baxışları, Türk
dünyasının bəşər sivilizasiyasında ortaq
mövqeyi və aparıcı xətti şəkilində təhlil
edilmişdir. Kitabda Türk sivilizasiyasına genəl
baxış hakim olmaqla dünya sivilizasiyalarında onun yeri, təsir
dairəsi müəyyənləşdirilmiş, uzun illər
üzərinə qara pərdə çəkilmiş bir
sıra məqamlar, xüsusən Türk
kültürünün istismarı məsələsi elmi
şəkildə təhlil edilmişdir.
Müəllif
Qərbin və Rusiyanın bir sıra
araşdırıcıları tərəfindən ortaya
atılmış, elmi əsası olmayan, türklərin
Şərq kökənli olmaqla tarixin sonrakı inkişaf mərhələsində
istilaçı olaraq Qərbə yayıldıqlarını
özündə birləşdirən və “Altay nəzəriyyəsi”
adlanan doktrinanın elmi cəhətdən əsassız olmaqla
istismarçı, irqçi xarakter
daşıdığını əsaslandırır və
yazır ki, “Altay nəzəriyyəsi” əslində Hind-Avropa
mifinin həqiqətə oxşadılması
üçün ortaya atılmışdır. Beləliklə,
türkün Şərqdən Qərbə deyil əksinə,
Qərbdən, daha dəqiq desək Mesopatomiya, Cənubi Qafqaz
və Anadoludan Şərqə doğru hərəkət
etmiş, orada məskunlaşmış və zaman-zaman kimər,
iskit, saka, hun və s. adlarla ata yurdlarına
qayıtmışlar. Oğuzlar məsələsinə bu
prizmadan yanaşan müəllif İc oğuzları Qərbdə,
Ata yurdlarında qalanlar, Dış Oğuzları isə gedib
qayıdanlara aid edir.
Əsərdə türk sivilizasiyasının tarixiliyi, genezisi ilə yanaşı, onun digər mədəniyyətlərlə əlaqəsi, qarşılıqlı təsir məsələləri də geniş şəkildə araşdırılmışdır. Bu baxımdan Türk və pravoslav-slavyan sivilizasiyaları arasındakı qarşılıqlı əlaqələri, Qərblə münasibətdə vizantizm,pravoslav-slavyançılığın xristianlığın digər qolları, xüsusən katoliklərlə ziddiyyətlərinin mahiyyəti elmi şəkildə təhlil edilmişdir. Müəllif haqlı olaraq bu qərara gəlir ki, Qərblə pravoslav slavyan sivilizasiyaları arasındakı münasibətlər xristian mənsubluğunu qabaqlamaqla roma-german-skandinav üstünlüyünə və tarixi ziddiyyətlərə əsaslanır. Pravoslav-slavyan sivilizasiyanın mahiyyətini, daxili aləmini elmi şəkildə açan müəllif onun mayasında dini baxımdan Bizansin, etnik sarıdan slavyanların varisliyinin dayandığını yazır və göstərir ki, Rusiya bunu yerinə yetirə bilmir. Çünki Rusiyanın dini baxımdan Bizans mədəniyyətinə sahib çıxması mümkün deyil. Etnik məsələyə gəlincə, bu gün slavyanlarla bağlanan sivilizasiyanın mayasında prototürklər olan iskit, saka, qıpçaq, hun və digərlərinin kültürü dayanır. Dolayısı ilə bu gün tarixi slavyan sivilizasiyası adlanan mədəniyyətlərin qədim türklərə aid olduğu elmi dəlillər, arxeoloji materiallar əsasında sübut edilir. Kitabda pravoslav-slavyan sivilzasiyasının qərb mədəniyyəti kimi qəbul edilməməsinin tarixi, dini, sosial-siyasi tərəfləri təhlil edilmişdir. Burada başlıca şərtlərdən biri kimi Avropanın Rusiyanı və slavyanları ciddi rəqib kimi qəbul etmələri, həmçinin provaslav-slavyanların etnik mədəniyyətə malik olmadıqlarını irəli sürmələri ilə bağlıdır.
Kitabda bu məsələ ilə yanaşı, hazırkı mərhələdə bir sıra pravoslav-slavyan araşdırıcılarının irəli sürdükləri Avrasiya nəzəriyyəsinin qaranlıq tərəfləri, Avropa ilə yanaşı türk, fino-uqorlara qarşı ziddiyyətli, bir çox halda düşmən münasibətlərin səbəbləri təhlil edilmiş, yeni elmi düşüncədən və geniş araşdırmalardan sonra konkret nəticələrə gəlinmişdir.
Müəllifin meşə-çöl nəzəriyyəsi, slavyan sivilizasiyasında Turan irqinin, tatar-monqol istilasının tarixi əhəmiyyəti ilə bağlı araşdırmaları bir sıra qaranlıq məqamlara, Mədəniyyətlərarası münasibətlərdə varislik, qarşılıqlı təsir məsələlərinə aydınlıq gətirərək tatar-monqol hakimiyyətinin istiladan çox pravoslav-slavyanları Avropanın hücumlarından qorumuş, onların vahid dövlət qurmalarına tarixi şərait yaratmışdır. Digər məsələlərdə olduğu kimi bu məsələnin şərhində də tanınmış müəlliflərə istinad olunur. Görkəmli slavyanşünas P.N. Savitskiyə əsaslanaraq müəllif slavyanların german-roman birlikləri tərəfindən maddi və mənəvi işğalının qarşısının alınmasında tatarlarin əvəzsiz rol oynadıqlarını yazır və bir fikri xüsusi ilə vurğulayır: “Tatarlar olmasaydı, Rusiya da olmazdı!” Oxşar fikirlərin N.Trubetskoyun 1925-ci ildə nəşr edilmiş “Rus mədəniyyətində turan elementləri” əsərindən verilmiş nümunələrdə də görürük :“...biz rusların düzgün milli özünüdərki üçün bizdə Turan elementlərinin olduğunu qəbul etməliyik”. Beləliklə, Ə.Həbibbəyli slavyan sivilizasiyasının xarakterik xüsusiyyətlərini, onun türk toplumları ilə ortaq cəhətlərini, tarixi reallıqların bir çox halda saxtalaşdırıldığını tarixi dəlillər, arxeologiya elmində “doğrama mədəniyyəti” adı ilə tanınan materiallar əsasında ortaya qoyur ki, bu da gələcək araşdırmalarda, ümumtürk mədəniyyətinin öyrənilməsində dəyərli mənbə rolu oynaya bilər. Məsələnin digər tərəfi son dövrlərdə daha tez-tez gündəmə gətirilən “Çöl” və “Meşə-Çol” mədəniyyəti, onun əsasında yaranan sivilizasiyanın xarakterik cəhətlərini müəyyən etməkdən ibarətdir. Həmçinin müəllif uzun illərdən bəri mədəniyyətşünasların, tarixçilərin, türkoloqların apardıqları araşdırmalara ümumiləşmə gətirməklə yeni yanaşma konsepsiyası ortaya qoymuşdur.
Əsərdə bir cəhət də diqqəti cəlb edir – dini baxımdan pravoslav-slavyan, xristian-türk, islam-türk mədəniyyətlərindən formalaşan sivilizasiya. Təbii ki, indiki şəraitdə ərazisində hər iki səmavi dinə etiqad edən çox sayda türk xalqları yaşayan və ortaq cəhətlərə malik olan ölkələrdə belə araşdırmalara böyük ehtiyac vardır. Müəllif çoxsaylı dəlillər əsasında pravoslav-slavyanlarla eyni inama əməl edən türklər, həmçinin müsəlman türklər arasında müəyyən ortaq cəhətlərin olduğunu yazır və bunun simvolu olaraq pravoslav kilsələrinin qübbələrində xaçla bərabər ayparanın qoyulmasını göstərir. Bununla bağlı müxtəlif baxışlar olsa da əsərdə bu faktın İslam-Türk, pravoslav-slavyan sivilizasiyasının ortaq singəsi, harmoniyası kimi dəyərləndirilməsi yeni elmi baxış olaraq diqqəti çəkir. Bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi hazırkı qütbləşmə şəraitində Qərblə-Şərq, sivilizasiyalararası münasibətlərdə, geopolitik səhnədə yeni bir konsepsiyanı ortaya qoya bilər ki, bu da bəşərilik baxımından böyük əhəmiyyət kəsb edir. Bu məsələ Rusiyada böyük aktuallığa malikdir və Rusiya müasir qütbləşmə şəraitində ölkədə böyük bir coğrafiyada yayılmış islam-türk və xristian türk xalqlarını diqqətdən qaçıra bilməz. Vəziyyət belə olunca müəyyən ortaq cəhətlərə tarixi keçmişlə bağlı ənənələrə malik olan pravoslav-slavyan və türk xalqları sivilizasiyaları arasında toqquşmalardan deyil qarşılıqlı münasibətlərdən söhbət gedə bilər. Göründüyü kimi, müəllif tərəfindən təkcə sivilizasiyalararası məsələlər yox, beynəlxalq münasibətlərə təsir göstərə biləcək tutarlı, inandırıcı amillər də gündəmə gətirilmişdir ki, bu gələcək araşdırmalarda diqqətdən qaçırılmamalıdır.
Kitabla tanış olduqca bir sıra problemlərlə yanaşı, Qərb-Şərq sivilizasiyaları kontekstində Türk sivilizasiyasının yeri, qarşılıqlı münasibətlər, tarixi islam-xristian qarşıdurmaları və s. bu kimi məsələlərin geniş təhlil edildiyini görürük. Müəllifin bu məsələlərlə bağlı açıqlamaları, elmi təhlili fonunda iki cəhət diqqəti cəlb edir. Qərbin işğalçılıq, istismarçılıq yolu ilə formalaşdırdığı qədim Ellin mədəniyyəti, özgə sözlə desək, Hindistana qədər yayılmış gəlmə mədəniyyət ki, bu etnik birlikdən çox siyasi-hərbi cəhətlərə söykənirdi. Bu baxımdan türk sivilizasiyasında mənzərə özgədir. Türklər yayıldığı bütün coğrafiyada etnik, milli, dini azlıqlara özləri ilə eyni hüquq tanımış, onlar da türk mədəniyyətindən ortaq istifadə etmişlər. Bu gün Sakit okeandan Avropaya, Afrikaya qədər Türk sivilizasiyası aparıcı mövqedədir. Bunun təsiridir ki, Qərb sivilizasiyası Türk yüksəlişini daima qısqanclıqla qarşılamış, ayrı-ayrı etnik qrupları, milli azlıqları türk sivilizasiyasına ortaq etmək, hətta türklərə məxsus olan sivilləşməni onlara aid etmək üçün hər cürə vasitəyə əl atırlar. Bu işdə Hind-ariçilik nəzəriyyəsinin, xristian təəssübkeşliyinin ciddi rol oynadığı əsərdə xüsusi vurğulanır. Müəllif elmi dəlillər əsasında belə vəziyyətin Türk-Çin, Türk-Hind, Türk (Turan)-İran, Türk-Ərəb, Türk-Avropa kültürəl münasibətlərində də mövcud olduğunu yazır. Ərəstü Həbibbəyli Orta əsrlərdə Qərbin “xaçlı yürüşləri”nin, sonrakı mərhələdə digər toqquşmaların hər şeydən öncə türklərə və Türk sivilizasiyasına qarşı yönəldiyini elmi dəlillər əsasında sübut edir. Müəllif yazır ki, belə dövrlərdə milli anlayışdan çox xristian təəssübkeşliyi ortaya atılır. Çox təəssüflə qeyd edək ki, əsərdə də göstərildiyi kimi, xristianlardan fərqli olaraq İslam xalqlarında belə birlik mövcud deyildir. Bu boşluğu nəzərə alan Ərəstü Həbibbəyli ilk dəfə olaraq Avrasiya məkanında gedən sivilizasiya proseslərində türk dünyası sivilizasiyasının yerini və təsir imkanlarını elmi dəqiqliklə müəyyənləşdirmişdir. Zəruri hallarda Avropanın, Rusiyanın və türk dünyasının tanınmış tədqiqatçıları ilə polemikaya girən Ərəstü Həbibbəyli nəticə olaraq türk sivilizasiyasının islamdan çox-çox əvvəllərdən mövcud olduğunu və dünyada gedən sivilizasiya proseslərində əsas faktorlardan biri kimi iştirak etdiyini isbat edə bilmişdir. Dünya sivilizasiya proseslərinə və türk dünyasına həsr olunmuş dəyərli elmi əsərin azərbaycanşünaslıq baxımından yazılması ölkəmizdə müstəqillik dövründə yeni tipli və inkişaf etmiş Azərbaycanşünaslığın da formalaşdığını göstərir.Monoqrafiyada müasir dövrdə Qərb-Şərq sivilizasiyaları arasında dini, milli ziddiyyətlərin kökləri hazırda Türk dünyası ətrafında gedən proseslərin, Avropanın Ərəb ölkələri ilə münasibətlərinin pərdəarxası mahiyyəti elmi şəkildə aşılmışdır.
Kitabda təkcə Qərblə-Şərq, ayrıca olaraq türk sivilizasiyaları arasındakı münasibətlər deyil, Şərq sivilizasiyasının xarakterik xüsusiyyətləri, Çin-türk mədəniyyətlərinin qarşılıqlı əlaqələri elmi şəkildə təhlil edilməklə bu qənaətə gəlinmişdir ki, Türk mədəniyyəti Çinə güclü təsir etdiyi halda Çin mədəniyyəti tarixdən bu günə “Çin səddi”ni aşa bilməmişdir.
Əsərdə Türk sivilizasiyasında İslam mədəniyyətinin yeri, sintezi, tək Tanrıçılıq (Tenqri)-Allah anlamının eyni mahiyyət daşıması məsələsi geniş şərh edilmişdir. Əsərin bu bölümünü oxuduqca türk inanclarında üçlü sistemin-Göy, Yer (Orta), Alt (yerin altı) nəzəriyyəsinin yığcam, elmi təhlili ilə qarşılaşırıq. Müəllifin tək Tanrıçılıqla bağlı Gəmiqaya, Qobustan və digər qayaüstü təsvirlərin yazılı mənbələr, türkün qədim düşünmə tərzi ilə qarşılaşdırmaları elmdə tam yeni baxış kimi dəyərləndirilməlidir.
Təbii ki, kiçik bir yazı ilə bu sanballı əsərin bütün yönlərini şərh etmək mümkün deyildir. Amma yekun olaraq deyə bilərik ki, əsər zamanın tələbindən doğmaqla, çox qaranlıq məqamlara aydınlıq gətirməklə bu sahə ilə məşğul olan mütəxəssislər üçün dəyərli mənbədir, ən başlıcası isə Türk kimliyini, Türk dünyası mədəniyyətini öyrənmək üçün qiymətli əsərdir. Ərəstü Həbibbəyli türk dünyası və dünya sivilizasiyası ilə münasibətlərə dair özünün elmi konsepsiyasını formalaşdıra bilmişdir. Azərbaycanda ilk dəfə olaraq elmi mühitdə meydana çıxmış bu nəzəri konsepsiya bir müəllifin – Ərəstü Həbibbəylinin iddiaları, elmi müddəaları olmaqdan başqa, həm də daha çox müstəqillik dövrü ölkə elmi fikrinin mühüm nailiyyətindən biri kimi nəzərə çarpır.
Qadir QƏDİRZADƏ,
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir
üzvü
525-ci qəzet.-
2011.- 20 sentyabr.- S.7.