Bəhruz Quliyev: “Medianın problemlərinin həlli yönündə kifayət qədər ciddi addımlar atılıb”

 

Müsahibimiz “Səs” qəzetinin, “Səs” İnformasiya Agentliyinin və eyniadlı internet televiziyasının baş redaktoru Bəhruz Quliyevdir.

 

– Bəhruz müəllim, müstəqillik illərində Azərbaycan mətbuatı özünəməxsus bir yol keçib. Siz mətbuatımızın hazırkı durumunu necə xarakterizə edərdiniz?

– Azərbaycan ötən 20 ildə çox keşməkeşli və böyük bir tərəqqi yolu keçib. Mətbuatımız da həmçinin. Mən 88- 90-cı illərə bir anlıq qayıtmaq istəyirəm. Bilirsiniz ki, həmin dövrlərdə xalq hərəkatı dönəmi idiSSRİ-nin dağılması ərəfəsi idi. SSRİ respublikalarının hər biri öz azadlığını qazanmaq uğrunda mübarizə aparırdı. Azərbaycanda da xalq hərəkatı başlamışdı . Respublikamızda həmin dövrlər bütün sahələrdə olduğu kimi mətbuatımız da tənəzzül yolu keçir, eyni zamanda böyük zərbələr alırdı. Mən 88-90-cı illərin əvvəllərini nəzərdə tuturam. O dövrlərdə nə SSRİ qanunları ilə işləmək mümkün idi, nə respublikanın özünün mükəmməl qanunları var idi. Buna görə də bir hərc- mərclik yaranmışdı. Bu, bütün sahələrə o cümlədən mətbuata aid idi. O zaman mətbuatın inkişafından danışmaq belə mümkün deyildi. Jurnalistlərimiz yazısına görə təhqir olunur, tutulur, döyülürdü. Xatırlayırsınızsa, jurnalistə hətta yazdığı yazını belə yedirtmişdilər. Bu o dövrlər idi ki, jurnalist həqiqəti yaza bilmirdi. Baxmayaraq ki, demokratik düşüncənin formalaşması dövrü gedirdi. Bütün bu çətinliklərə rəğmən 1992-cü ildə bir qrup ziyalı ulu öndərimiz Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdilər. Onu da vurğulayım ki, ziyalıların müraciəti məhz 92-ci ilin 16 oktyabrında “Səs” qəzetində dərc olunmuşdu. Ulu öndərimiz oktyabrın 24-də “Səs” qəzetində ziyalılara cavab yazdı. Bu cavab proqram xarakterli idiorda konkret istiqamətlər açıqlanmışdı.

Milli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra respublikada hökm sürmüş özbaşınalığını, xaosun “nəticələri”ni aradan qaldırmaq üçün bir müddət vaxt lazım gəldi. 95-ci ildən sonra Azərbaycanın inkişafı başladı. Həmin il konstitusiyamız qəbul edildi ki, orda KİV, söz azadlığı, demokratik düşüncə, fikir plüralizmi ilə bağlı bəndlər var idi. Qanunlar qəbul olundu və KİV-lərin formalaşması, inkişafı üçün kifayət qədər qanuni baza yaradıldı. Sonrakı dövrlərdə mətbuat inkişafa qədəm qoydu. Həm ulu öndərimizin, həm də prezident İlham Əliyevin hakimiyyəti dövründə mətbuatla bağlı çox ciddi qərarlar qəbul olundu. Heydər Əliyev KİV-lərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu, 2002-ci ildə bir də belə bir addım atıldı. Prezident İlham Əliyev isə tam şəkildə onların silinməsi barədə göstəriş verdi. Əlavə dəyər vergisi yığışdırıldı, KİV-lərin inkişafı üçün münbit zəmin yaradıldı.

Müasir dövrdə KİV-in vəziyyətindən danışsaq, bunu qənaətbəxş hesab etmək olar. Müstəqillik illərində Azərbaycanda Mətbuat Şurası yarandı və bu media ilə dövlət qurumları, cəmiyyət arasında münasibətlərin tənzimlənməsində kifayət qədər rol oynayır. Mətbuatımızın 130, 135 illiyi münasibətilə prezidentin sərəncamları göstərdi ki, məhz dövlət Azərbaycanda mətbuatın inkişafında maraqlıdır. 2003-cü ildən başlayaraq KİV-lərin inkişafı üçün müəyyən sərəncamlar verilib, yardımlar edilib, KİV-ə Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

Xüsusi qeyd etmək istəyirəm ki, bütün dövrlərdə jurnalistlərimizin mənzil problemləri olub. Çünki jurnalist heç vaxt öz əmək haqqı ilə ev ala bilməz. Məhz bunu nəzərə alaraq cənab prezident ötən il dövlət büdcəsindən bu məqsədlə 5 milyon manat vəsait ayırdı. Bu sərəncamı jurnalistlər böyük sevinclə qarşıladılar. İnanıram ki, mənzillər tezliklə tikilib, jurnalistlərin ixtiyarına veriləcək.

Siz mətbuatın inkişafı üçün görülən işlərdən danışdınız. Amma problemlər də qalmaqdadır. Hazırda mətbuatın hansı ciddi problemlərini qeyd edə bilərsiniz?

– Medianın inkişafı üçün bir çox vacib qərarlar qəbul edilsə də, problemlər də var. Bu gün mediada peşəkar, dünya səviyyəli jurnalistlərimizin sayı azdır. Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrinin məzunlarının bir qismi jurnalistika ilə məşğul olmaq istəmir. Bir çoxları istəməyərəkdən bu fakültələrə düşürlər. Elə bu səbəbdən də bu peşənin ardınca getmirlər. Jurnalistika çox çətin, əziyyət tələb edən bir peşədir. Bu peşə ancaq zəhmətsevər insanları düşündürə bilər. Çox təəssüf ki, məzunlar üçün müraciət edəndə baxıram ki, onların jurnalistik səviyyəsi çox aşağıdır. Yəni nəzəriyyə heç də hər şey demək deyil. Tələblərin praktik tərəfi olmur. Sözsüz ki, biz imkanlar yaradırıq, onları jurnalist kimi yetişdirmək istəyirik və bu sahədə bir sıra uğurlarımız da var. Bu gün həm “Səs” qəzetində, həm “Səs” İnformasiya Agentliyində, həm də “Səs” internet televiziyasında həm peşəkar, həm yeni başlayan jurnalistlər çalışır. Biz yeni jurnalistləri yetişdirmək üçün çox əziyyət çəkirik. Heç bir baş redaktoraredaksiyaya nəzəriyyəni bilən, amma praktiki tərəfi olmayan jurnalist lazımdır deyil. Hamı istəyir rəhbərlik etdiyi KİV-də peşəkar jurnalist çalışsın. Peşəkar jurnalisti isə gərək illər yetişdirsin. Amma heçbütün redaksiyalar jurnalist yetişdirməkdə maraqlı deyillər. Sovet dönəmindən miras qalmış jurnalistlərimiz var, hansı ki, öz sözünü o dövrdə də deyiblər, indi də deyirlər....

Amma onlar da yeni texnologiyalara yiyələnə bilmir, müasir tələblərlə ayaqlaşmağı bacarmırlar...

Doğrudur, onlar peşəkar jurnalist kimi o dövrün jurnalistləridir və peşəkar tələblərə cavab vermirlər. Müasir jurnalistika bir neçə dil bilməyi, kompüter biliklərinin olmasını tələb edir. Müasir jurnalist hərtərəfli olmalı düşdüyü məqamda aidiyyətli insanlara aidiyyətli sualları verməyi bacarmalıdır. Deməməlidir ki, “mən yazıram, sən şəkil çək”. O, fotu işini, reportaj verməyi, yerindən operativ informasiya ötürməyi bacarmalıdır. Ona görə bəzən köhnə jurnalistlər inciyirlər ki, bəs onlar neynəsinlər, onlar da o dövrün insanlarıdır sözlərini deyiblər. Amma müasir jurnalistikanın tələbləri onları bir qədər sıxır. Ona görə gənclərə daha çox üstünlük verməliyik.

– “Səsqəzetində həm sovet dövrünün jurnalistləri, həm müasir tələblərə cavab verən gənc kadrlar çalışır. Sizi baş redaktor olaraq daha çox hansı qane edir?

Sözsüz ki, peşəkar insanların qəzet üçün yazmağı daha tutarlı, arqumentli olur.

 

BİŞMİŞ QƏLƏMLƏ KÖVRƏK QƏLƏMİN FƏRQİ VAR.

 

Köhnə peşəkar jurnalistlərin üzərində keçmişimizə baxıb, gələcəyimizi qurmalıyıq. Yəni onların təcrübəsindən istifadə edib, müasir jurnalistikamızı məhz onların bacarığı üzərində qurmalıyıq. Düzdür, o dövrün insanları yaşla əlaqədar olaraq bəlkə müasir texnologiyaları mənimsəyə bilmirlər, amma təcrübələri müasir jurnalistikamız üçün çox vacibdir. Məhz o təcrübəyə əsaslanaraq müasir jurnalistikamızı inkişaf etdirməliyik.

Mətbuatın problemlərindən biri heç şübhəsiz siyasiləşmə ilə bağlıdır. Partiya, dövlət qəzetləri müstəqil medianın inkişafına da mane olur. Sizcə cəmiyyətin tam olaraq müstəqil mediaya etibar etməməsi ilə bağlıdır?

Bütün dövrlərdə bütün dövlətlərdə hər bir partiyanın öz fikrini ifadə etməsi üçün orqanı olub. Rəsmi orqan olmasa da özünün bir meydanı var. Partiyanın fəaliyyəti ideoloji aparmaq, sosial bazasını genişləndirməkdir. Bunu isə sözsüz ki, mətbuat vasitəsiylə aparmaq lazımdır. Yəni partiyanın işi əlinə silah alıb, inqilab etməkdən ibarət deyil. Bu da məhz bilavasitə mətbuatın üzərinə düşür. Ona görə bütün dövrlərdə partiyalar öz sözlərini demək üçün KİV-lərdən istifadə edirlər. Bu, Azərbaycanda da mövcuddur, mən deyərdim ki, bu bəlkə elə demokratiyanın bir nümunəsidir. Hansısa partiya öz sözünü ifadə etmək üçün hansısa qəzetdən istifadə edir. Bu pis deyil. İkinci məsələ ortaya çıxır: bəs müstəqil mətbuat? Müstəqil mətbuat sırf müstəqil fəaliyyət göstərir cəmiyyətdə baş verən hadisələri obyektiv olaraq ictimaiyyətə çatdırır. Azərbaycanda müxalifət qəzetləri var. Mən bunu pis baxmıram, demokratiyanın göstəricisi kimi qəbul edirəm. Televiziya da aça bilər.

Sualın ikinci tərəfinə gəlincə, cəmiyyətin bütün təbəqələrinin, siyasi yönündən asılı olmayaraq hər kəsin mediaya etibar etməsi çox vacibdir. Amma hələ ki, mətbuatımızın bu istiqamətdə görəcəyi çox işlər var. Partiya qəzetləri vacibdir, lazımdır. Ölkədə bilirsiniz ki, mətbuatın maddi asılılığını aradan qaldırmaq üçün fond fəaliyyət göstərir. Əvvəllər mediaya buya başqa şəkildə qrantı xarici dövlətlər müxtəlif QHT-lər adı ilə yardım kimi verirdilər. Bununla da həmin dövlət öz sifarişlərini ölkə daxilində həyata keçirməyə çalışırdı. Bunun özüböyük bir monopoliya deməkdir. Beynəlxalq qurum, xarici dövlət ölkədə radio, qəzet, jurnal açırsa, deməli, öz istəyini qrantlar vasitəsiylə cəmiyyətə çatdırır və sözsüz ki, bu da neqativ hallara gətirib çıxarır, insanların düzgün istiqamətə yönəlməsində problemlər yaradır. Çaşdırıcı, sensasion informasiyalar yayılır. Bu cəmiyyətimizə bir mənəvi zərbə vurur. Amma bu, dövlət tərəfindən həyata keçiriləndə nəticələr daha yaxşı, mətbuat daha müstəqil olur. Bəzən belə bir sual da yaranırdı KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan prezidenti yanındadırsa, qrantı dövlət verirsə, onda belə çıxır ki, sifarişçi dövlətdir. Amma zaman göstərdi ki, dövlət heç bir qəzetə fərq qoymadan onlara öz dəstəyini göstərməklə Azərbaycanda azad medianın inkişafında maraqlıdır. Hansısa beynəlxalq qurumlardan, xarici ölkələrdən asılı olmamaq üçün dövlət daim bu yardımı göstərməlidir. Bu özü demokratik mətbuatın inkişafında mühüm rol oynayır.

– Bəs rəhbərlik etdiyiniz bu media qurumları arasında rəqabət varmı?

– Rəqabət olsa da, sağlam olmalıdır. Çünki nə qədər sağlam mühit olsa, o qədər də sağlam rəqabət gedər. Hər bir jurnalist istəyir ki, informasiyanı operativ, dəqiq, obyektiv çatdırmaqda birinci olsun. Nəinki “SİA” iləSəs”TV, bu gün bütün mediada belə bir rəqabət var. Bir növ qısqanclıq da yaranıb ki, niyə filan agentlik xəbəri tez çatdırdı, mən yox.

Bayaq yeni medianın imkanlarından danışdınız. Bunun fonunda qəzetin sıradan çıxmaması üçün yaxın perspektivə hesablanmış hansısa planlarınız varmı?

Mən, təvazökarlıqdan uzaq olsa da, həmişə mətbuata, cəmiyyətə yeni ideya təqdim etmişəm. Bilirsiniz ki, “Səs” TV yaranması cəmiyyət üçün yeni bir ideya idi. Hətta əvvəllər biz internetdən materialları toplayıb TV- qoyurduq, indi isə artıq canlı efir hadisəni canlı şəkildə təqdim edir. Yeni fikirlərim var, həm televiziyanın, həm qəzetin, həm agentliyin inkişafı ilə bağlı. Amma bu barədə danışmaq istəmirəm, çünki yeni fikirləri təqdim etmək bir növ ideya verməkdir. Kimsə bunu məndən əvvəl həyata keçirə bilər. Bu yaxınlarda həmin ideyaların mərhələ-mərhələ həyata keçirilməsinin şahidi olacaqsınız. Qəzetin öz aktuallığını saxlaması üçün, əlbəttə ki, çox işlər görmək lazımdır. Yəni,

 

DÜNYA İLƏ AYAQLAŞMAQ ÜÇÜN DAİM YAZILI MƏTBUATDA DA YENİLİKLƏR ETMƏYƏ EHTİYAC VAR.

 

Tutalım, o dövrdə materialları bir formatda verirdinsə, bu gün onu başqa cür təqdim etmək lazımdır. İndi başlığı sensasiyalı vermək lazımdır ki, oxunsun. Ənənəvi mətbuatın aktuallığını saxlamaq üçün ona da yeniliklər, müasir nəfəs gətirmək lazımdır. Müasir jurnalistin baxmayaraq ki, praktikası yoxdur, amma yeni nəfəsi varo nəfəslə fikri ümumiləşdirib ənənəvi medianın özündə yeniliklər etmək lazımdır ki, daim gündəmdə qala, ənənəvi, daimi ola bilsin, sıradan çıxmasın. Sözsüz, passivləşib otursan, keçmişə, nostalji hisslərə qapansan heç vaxt mətbuatı inkişaf etdirə bilməzsən. Bütün redaksiyalar istəyir qəzet bazarında özünə yer tutsun, çəkisini artırsan. Bütün bunlarla ayaqlaşa, bilməsən, bura yeni bir nəfəs təqdim etməsən, aktuallığı saxlaya bilməsən tədricən bazar səni sıradan çıxaracaq. İstəsən belə qala bilməyəcəksən, çünki bazarın öz qanunları var. Sözsüz ki, ənənəvi mediadan məcburən imtina etməli olacaqsan. Yeniliklər gətirməyə, modernləşməyə məhkumsan. Gələcəyimizi keçmişin üzərində qurub inkişaf etdirməliyik.

– Peşəkarlığı problemlərdən biri kimi vurğuladınız. Sizcə jurnalistlərin aldığı əmək haqqı, sosial vəziyyətinin peşəkarlığa təsiri nə dərəcədədir?

– Düşünürəm ki, yeni nəsil jurnalisti ilə peşəkarlar arasında əmək haqqı baxımından çox fərq var. Tutalım, yeni jurnalist praktikant kimi gəlirsə, həm ona öyrədirsən, həm də ondan bəhrələnirsən. Onun aldığı məvaciblə peşəkarın aldığı məvacib arasında göylə yer qədər fərq var. Peşəkarları özündə saxlamaq üçün bunu etməlisən.

Amma bütün mətbuatda belə deyil axı...

– Mən fərqləndirirəm, elə insanları saxlamaq üçün bəlkə onların problemlərini də həll etməyə çalışırıq. Bu tipli insanlar özləri də az məvaciblə işləməyə razı olmazlar və əməklərini daha yaxşı qiymətləndirəcək yeri tapacaqlar. Çünki artıq media sahəsində öz sözlərini deyiblər. Ona görə məcbursan ki, həmin jurnalistin burda işləməsi üçün bütün var gücünü qoyasan. Yeni jurnalisti isə sən yetişdirirsən, həm də əmək haqqı verirsən. Peşəkar səviyyə çatandan sonra isə o artıq sənə şərtlər qoyacaq və sən də o şərtləri məcburən qəbul edəcəksən. Mən hesab edirəm ki, peşəkarla yeni jurnalist arasında fərq həmişə olub və olmalıdır.

– Medianın uğurlarından, problemlərdən danışdınız. Bəs yaxın gələcəkdə sizcə vəziyyət necə olacaq; uğurlar artacaq, yoxsa problemlər?

– Medianın problemlərinin həlli yönündə kifayət qədər ciddi addımlar atılıb. Yəni ümumilikdə götürəndə aparılan işlər hamısı mətbuatın demokratik formada inkişafına xidmət edir. Əminəm ki, Azərbaycan mətbuatı surətli inkişaf yolundadır və tezliklə dünya miqyasında, beynəlxalq səviyyədə tanınan mətbuat olacaq. Mediamız müasir media kimi dünyada tanınacaq.

 

 

P.SULTANOVA 

 

525-ci qəzet.- 2011.- 20 sentyabr.- S.6.