Ağdamın “Şur” ansamblının ifasının Bakıda nümayişi böyük rəğbətlə qarşılanıb

 

BUNUNLA BAĞLI KEÇİRİLƏN MƏRASİMİN İŞTİRAKÇILARI MƏŞHUR ANSAMBLIN BƏRPASINI RAYON RƏHBƏRLİYİNİN NƏCİB TƏŞƏBBÜSÜ KİMİ YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR

 

Son zamanlar Ağdam rayonunun ictimai-mədəni həyatında bir sıra mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər bölgə rəhbərliyinin, şəxsən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun şəxsi təşəbbüsü və rəhbərliyilə gerçəkləşdirilib. Belə sevindirici tədbirlərdən biri də budur ki, vaxtilə Ağdamı, demək olar ki, bütün dövlət səviyyəli tədbirlərdə, möhtəşəm konsertlərdə, hətta Sovet dövründə Kremlin Qurultaylar Sarayında uğurla təmsil edən, lakin uzun illərdən bəri diqqətsizlikdən fəaliyyətinə ara verməli olan Ağdamın məşhur “Şur” ansamblı yenidən bərpa olunaraq, səhnəyə qayıdıb. Qeyd edək ki, bir vaxtlar bu ansamblın təşkilində o dövrün fəal musiqi xadimi Xosrov Fərəcovun özünəməxsus rolu olub.

Rayon rəhbərliyinin diqqəti və qayğısı sayəsində yenidən səhnəyə vəsiqə alan “Şur” ansamblı artıq ilk çıxışlarını edib və böyük maraqla, dinləyicilərin rəğbətilə qarşılanıb.

Bugünlərdə ağdamlıların Bakı şəhərində ən çox toplaşdıqları məkan kimi tanınan “Dostluq” kinoteatrının qarşısında, açıq havada quraşdırılmış audio-video avadanlıqlar vasitəsilə “Şur” ansamblının yeni tərkibdə, yüksək səviyyədə ifa etdiyi “Bayatı-Şiraz” muğamının nümayişi təntənəli mərasimə, izdihamlı tədbirə çevrildi. Tədbirə toplaşan ağdamlılar və eləcə də digər rayonlardan olan çoxsaylı qaçqın və köçkünlər “Şurun ifasını böyük sevinc içində gur alqışlarla mükafatlandırdılar. Yüksək təşkilatçılıqla həyata keçirilən bu tədbirə – “Şurun yeni tərkibdə çıxışının nümayişinə görə bütün təşkilatçılara və xüsusilə Ağdam Rayon İcra Hakimiyyətinə mərasimdəki hər kəs öz dərin minnətdarlığını ünvanladı.

Dostluq” kinoteatrının qarşısında “Şur” ansamblının ifasının nümayişinin yüksək səviyyədə, yaradıcı və zövqlü bir formada təşkilinin nəticəsi idi ki, tədbirə ailəvi şəkildə qatılan, oraya hətta uşaqları, öz nəvələrini gətirən ağdamlılar da vardı. Qeyd edim ki, bu işdə, bilavasitə təşkilatçı kimi ölkənin tanınmış telejurnalistlərindən olan Fəxrəddin Hacıbəylinin və Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə qərargahının əməyi olduqca təqdirəlayiqdir. Ansamblın ifasına, rayon rəhbərliyinin fəaliyyətinə rəğbətlə yanaşan mərasim iştirakçıları dövlət başçısının rəhbərliyi, onun yürütdüyü məqsədyönlü siyasət nəticəsində tezliklə “Şurkollektivinin ifasının Cıdır düzündə də səslənəcəyinə dərin inamlarını ifadə ediblər.

 

 

Tariyel EYVAZOV

 

525-ci qəzet.- 2011.- 17 sentyabr.- S.17.