Turizmin təbliğinə aid “Ölkəm mənim” klipi təqdim olunub

 

“Turizmə Dəstək” Gənclər Koalisiyası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi, “Azpetrol”, “Mətanət-A” şirkətləri, eləcə də “Atlant” Ailəvi İstirahət və Turizm Mərkəzinin maliyyə dəstəyi ilə hazırlanan “Ölkəm mənim”” klipinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan koalisiyanın koordinatoru Ramiz Alıyev əvvəlcə təmsil etdiyi qurumun yaranma zərurəti və qarşıya qoyduğu məqsədlərdən danışıb. O bildirib ki, “Turizmə Dəstək” Gənclər Koalisiyası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə 2011-ci ilin fevralında təsis olunub: “Turizmin inkişafına dəstək göstərmək məqsədi ilə proqram layihələri həyata keçirməyi planlaşdıran koalisiya təsis olunmağı ilə həm də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olub. Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını, media qurumlarını, turizm şirkətlərini turizmin inkişafına və təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri apararaq ölkəmizin turizm potensialının üzə çıxmasına kömək olmaqdır. Koalisiya olaraq, 2011-ci ilin “Turizm ili” olmasını, daxili turizmin inkişaf etdirilməsini, Azərbaycanın yüksək iqtisadi inkişafını, turizm sahəsində olan uğurlarını, mədəniyyət və incəsənətini təbliğ etmək məqsədi ilə “Ölkəm mənim” adlı musiqili klipin çəkilişlərini uğurla həyata keçirərək ictimaiyyətə təqdim edirik. Qeyd olunan layihə ilə yanaşı, Koalisiyanın web-saytının təqdim olunması da nəzərdə tutulur”.

Klipin təqdimatından sonra çıxış edən millət vəkili Etibar Hüseynov bildirib ki, koalisiyanın turizmlə bağlı layihəsi təqdirəlayiq haldır. Onun sözlərinə görə, turizm reklam üzərində qurulduğu üçün onun təbliğinə böyük ehtiyac var. Millət vəkili bu baxımdan belə bir klipin hazırlanmasını turizmin təbliği baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Atlant” Ailəvi İstirahət və Turizm Mərkəzinin direktoru Tahir Qədəşov bildirib ki, bu klip son 10 ildə turizmin təbliği sahəsində irəliyə doğru atılan əhəmiyyətli addımlardan biridir. O, Azərbaycanda turizmə ciddi diqqət yetirilməsini vacibliyini qeyd edərək, bir sıra dövlət qurumlarının turizmə dəstək nümayiş etdirmədiyini də bildirib. T.Qədəşovun sözlərinə görə, prezident İlham Əliyev tərəfindən 2010-cu ildə bununla bağlı sərəncam imzalamasına baxmayaraq, ötən müddət ərzində sənəddə qeyd olunan məsələlərlə bağlı aidiyyəti dövlət qurumları tərəfindən heç bir real görülməyib.

Tədbirdə çıxış edən şirkətlərin təmsilçiləri bundan sonra da turizmin inkişafına dəstək verəcəklərini və Gənclər Koalisiyasının layihələrində yaxından iştirak edəcəklərini vurğulayıblar. Təqdimat mərasimi incəsənət ustalarının konsert proqramı ilə davam edib.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.7.