AVRONEST-in növbəti
sessiyası Bakıda keçiriləcək
AVRONEST PARLAMENT
ASSAMBLEYASINDAKI AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN
RƏHBƏRİ ELXAN SÜLEYMANOV: “BU BİZİM AVRONEST-dəki
UĞURLU İŞİMİZİN NƏTİCƏSİDİR”
Sentyabrın 14-15-də AVRONEST
Parlament Assambleyasının iclası keçirildi. Sessiyada müzakirə edilən bəzi məsələlərlə
bağlı Azərbaycan nümayəndə heyəti ilə
Ermənistan nümayəndələri arasında müəyyən
gərginliklər yaşandı. Lakin bu gərginliyə
baxmayaraq, nümayəndə heyətimiz öz üzərinə
düşən işi layiqincə yerinə yetirməyi
bacardı. Bu və digər məsələlərlə
bağlı millət vəkili AVRONEST Parlament
Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin
sədri, eləcə də Azərbaycan Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)
rəhbəri Elxan Süleymanovla söhbətləşdik.
Bir neçə gün öncə dövlət
başçısı tərəfindən “Şöhrət”
ordeni ilə təltif edilən E.Süleymanov ilk olaraq bu məsələ
ilə bağlı fikirlərini bölüşüb.
– Seçki kampaniyam dövründə
seçicilərimə deyirdim ki, mənim üçün
müqəddəs məsələlərdən bir də sizin
qarşınızda şərəf qazanmaqdır. Bu şərəf odur ki, siz mənə səs
verirsiniz və mən sizə borclu oluram. Sonra
bu borcumu yerinə yetirmək üçün sizin
bütün problemlərinizin həllində iştirak edirəm.
Bununla həm də siz şərəf
qazanırsınız ki, seçdiyimiz deputat bizə layiq olan
millət vəkilidir. Mən də öz
növbəmdə sizə xidmət etdiyim üçün
şərəf qazanıram.
Əlbəttə, cənab prezidentin
məni “Şöhrət” ordeni ilə təltif etməsi
böyük şərəfdir. Ona görə
şərəfdir ki, bütün həyatım boyu – beş yaşımdan indiyə kimi məni ancaq
əmək müşayiət edib. Məmur,
biznesmen oğlu olmamışam və valideynsiz
böyümüşəm. Həyatım boyu nail
olduğum bütün uğurları alın tərimlə əldə
etmişəm. Xüsusilə “Şöhrət”
ordeni ilə təltif edilməyim mənim üçün
çox qiymətli bir məqamdır. Bu, təkcə
mənim üçün deyil, eyni zamanda övladlarım
üçün unudulmaz bir hal, seçicilərim
üçün isə daha şərəfli məsələdir.
Ona görə harada olmağımdan
asılı olmayaraq, seçicilərimi düşünürəm.
Onlar hər zaman mənim qəlbimdə
yaşayırlar. Hər gün seçicilərimin
problemləri ilə bağlı Şamaxıda olan köməkçimlə
əlaqə saxlayır, onların həlli yollarını
arayırıq. Əlbəttə ki, mənə
“Şöhrət” ordeninin verilməsi məsuliyyətimi daha
da artırır. Şöhrəti qazanmaq
asandır, amma onu qoruyub-saxlamaq çox çətindir.
Şərəfi qazanmaq asandır, lakin şərəfli
yaşamaq heç də asan məsələ deyil.
Bununla bağlı fikirlərimi belə ifadə edərdim:
Düşünmə ki, qocalmısan, qocaldıqca
ucalmısan, hər yaranan qocalmaz. Düşünmə
ki, qocalmısan, qocaldıqca ucalmısan, hər qocalan ucalmaz.
Əlbəttə bu mənə çox
böyük ucalıq gətirib. Buna
görə dövlət başçısına minnətdaram.
– Elxan müəllim, AVRONEST Parlament
Assambleyası ilə bağlı bir qədər məlumat verərdiniz.
– Təəssüf ki, bir çoxları,
hətta siyasətçilərin bəziləri belə
AVRONEST-in nə olduğuna az əhəmiyyət
verirlər. Hesab edirəm ki, media nümayəndələri
və hər bir kəs daima bu qurumu izləməli və onun fəaliyyətilə
maraqlanmalıdırlar. Əslində bu
qurum Azərbaycan üçün vacib, eyni zamanda önəmli
bir təşkilatdır. AVRONEST Şərq
tərəfdaşlığı ölkələri ilə
Avropa İttifaqı arasında əlaqələr quran bir
parlament assambleyasıdır. Bu qurumun 60
üzvü Avropa parlamentindən, bir o qədər üzvü
isə Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan və
Moldovadandır. Azərbaycanın bu vaxta qədər
Avropa parlamenti qarşısında öhdəliyi yox idi, lakin
bu il 29-30 sentyabrda Varşavadakı Sammitdə artıq 5 Şərq
Tərəfdaşlığı ölkə rəhbərinin
imzaladığı sənəddən sonra biz birbaşa Avropa
Parlamenti qarşısında öhdəlik götürəcəyik.
Yəni artıq Azərbaycanın Avropa Parlamenti
qarşısında öhdəliyi olacaqdır. AVRONEST məhz elə bu deməkdir. Azərbaycan bu qurumun üzvü olmaqla Avropada
mühüm bir tribuna əldə edib. Ermənistan
bu təşkilatın üzvü olduğu halda, biz
sözügedən təşkilata üzv olmaya bilməzdik.
Çünki Ermənistan
torpaqlarımızı işğal etməsinə baxmayaraq,
haqqımızda istər Avropada, istərsə də
dünyanın başqa nöqtələrində tamamilə
yanlış olan təbliğat aparır. Hətta
böhtanlar, uydurmalar yayırlar. Erməni lobbisinin
dünyada çox intensiv iş aparması hər kəsə
bəllidir. Bütün bunlara reaksiya göstərmək
və reallığı dünya ictimaiyyətinə
çatdırmaq üçün belə bir tribunadan istifadə
etmək Azərbaycan üçün çox vacib idi. Artıq bunu əldə edərək həqiqəti
deyir, həmçinin erməni uydurmalarının
qarşısını alırıq.
Qeyd edim ki, AVRONEST-in təsis
qurultayı mayın 3-də, ilk sessiyası isə iyunun 21-də
olub. Təşkilatın dörd komitəsi
var. Siyasi Komitədə Asim Mollazadə vitse həmsədr,
Enerji Komitəsində Fuad Muradov həmsədr, Sosial Komitədə
isə Azay Quliyev vitse həmsədrdir. Hər
komitədə üç üzvlə təmsil olunuruq,
iqtisadi komitədə isə müavinlik və sədrlikdə
üzvümüz yoxdur. Bu, prosedur
qaydalarına görə belədir. Eyni
zamanda bu təşkilatda iki işçi qrupu fəaliyyət
göstərir. Belarus işçi qrupunda
Azərbaycanı Asim Mollazadə təmsil edir. Digər bir işçi qrupu isə prosedur
qaydaları üzrədir. Ermənilər
çox cəhd göstərirdilər ki, bu işçi qrupuna
həmsədr olsunlar, ancaq biz buna imkan vermədik. Mən birinci büro iclasında buna etiraz etdim, onlara
bu imkanı verilməsinin mümkünsüz olduğunu
söylədim. Çünki burada qurumun
prosedur qaydaları müəyyənləşir. Təbii ki, bu imkandan ermənilər öz
maraqları üçün geniş istifadə edə bilərdilər.
Buna görə də biz ikili həmsədrlik təklif
etdik. Yəni bu qrupda Azərbaycan və Ermənistan
həmsədr olmalı idi. Bu məsələ
büroda səsə qoyuldu və Azərbaycandan mən, Ermənistandan
Vahan Ohanesyan bu qrupun həmsədri seçildik.
– Son sessiya ilə bağlı nə deyə
bilərsiniz?
– Sözün həqiqi mənasında Azərbaycan
nümayəndə heyəti bütün yayı dayanmadan fəal
iş aparıb. İyul və avqust aylarında
gərgin işlə məşğul olmuşuq. Hər qrupda olan üç üzvümüz
çox aktiv fəaliyyətlə məşğul olub. Yay ərzində AVRONEST katibliyinin bizə göndərdiyi
məruzələr üzərində işləmişik.
Bütün məruzələrdə, xüsusən
siyasi, sosial və enerji məsələlərində Azərbaycanın
maraqlarına zidd məqamlar var idi. Bir
neçə dəfə üzvlərlə görüşərək,
məsələlər ətrafında müzakirələr aparmış
və sənədə düzəlişlər etmişik.
Nəticədə AVRONEST-ə Azərbaycan maraqlarının
müdafiəsini təmin edən son sənədi təqdim
etmişik. Sentyabrın 14-15-də Parlament
Assambleyasının sessiyası keçirildi. Bununla yanaşı komitələrin iclası baş
tutdu.
– Sessiyada erməni nümayəndə heyəti
ilə Azərbaycan nümayəndələri arasında gərginlik
yaşandı. Bunun mahiyyətində
nə dayanırdı?
– Komitələrdə
keçirilən heç bir iclasda problemimiz olmadı. Ancaq
siyasi məsələlər və demokratiya məsələlər
komitəsində ciddi problemlə qarşılaşdıq. Belə
ki, ermənilər təklif edirdilər ki, Təhlükəsizlik
Şurasının, BMT-nin, Avropa Şurasının, eləcə
də Avropa Parlamentinin sərhədlərin pozulmaması, ərazi
bütövlüyü və suverenlik bəndi pozulsun. Bu
azmış kimi erməni nümayəndə heyəti qətnamədə
işğal, erməni təcavüz haqqında maddələrin
yer almamasını istəyirdi. Habelə bütün
bunları göz ardına vuraraq, böyük enerji layihələrində
iştiraklarının qətnaməyə
salınmasını tələb edirdilər. Eyni zamanda onlar
Şərq Tərəfdaşlığı ölkələri
arasında sərhədlərin açılmasına
çalışırdılar. Çox maraqlıdır ki,
onları bu məntiqsiz təkliflərini bir çox
avropalı deputat dəstəkləyirdi. Bunların
başında dayanan isə özünü AVRONEST-in lideri
hesab edən polşalı deputat Saryus Volski idi. Ermənilərin bu təkliflərinə baxmayaraq,
biz hər üç bəndi səsə qoyaraq onların qəbul
olunmasına imkan vermədik. Bizim
Gürcüstanla birlikdə irəli sürdüyümüz bəndə
görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı
ölkələrinin ərazisindəki münaqişələrin
həllində aktiv iştirak etməsi, Şərq Tərəfdaşlığı
ölkələrinin suverenlik, ərazi
bütövlüyünün və sərhədlərin
toxunulmazlığı dəstəklənirdi. Ermənistan
nümayəndə heyətinin rəhbəri Vahan Ohanesyan məndən
xahiş etdi ki, bu bəndlərdə BMT-nin, Təhlükəsizlik
Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının
verdiyi qətnamələrin hamısını saxlayın,
ancaq bura güc işlətməmək sözünü əlavə
edin. Biz də öz aramızda müzakirələr
apardıqdan sonra buna razılıq verdik. Lakin
bu bəndin müzakirəsi aparılan zaman, erməni nümayəndələr
yeni bir təkliflə çıxış etdilər. Bu da ondan ibarət idi ki, sözügedən bəndə
xalqların öz iradələrini sərbəst və
demokratik üsulla həll etmək hüquq əlavə edilsin.
Biz bunun qəti əleyhinə
çıxdıq. Əsas gərginlik də
buradan yarandı. Hesab edirəm ki, ermənilərin
təklif etdikləri bəndlərin bura daxil edilməməsinə
nail olmaq çox böyük uğurumuzdur.
– Sizin təklifiniz sayəsində gələn
il AVRONEST-in Plenar iclası Bakıda
keçiriləcək. Bunu necə qiymətləndirirsiniz?
– Bu çox böyük bir uğurdur.
Başqa sözlə desəm, nümayəndə heyətimizin
gərgin və düzgün iş aparmasının nəticəsidir.
Çünki biz daha öncə sessiyanın Azərbaycanda
keçirilməsini təklif etdik, bir çox deputatlar, o
cümlədən Saryus Volski buna kəskin etirazını
bildirmişdi. O deyirdi ki, Azərbaycan o qədər də
demokratik ölkə deyil və orada bu sessiyanı təşkil
etmək olmaz. Lakin mən onu inandırdım və dedim ki, bu beş ölkədən – Ukrayna,
Gürcüstan, Ermənistan, Belarus, Moldova hansıda demokratik
vəziyyət Azərbaycandan yaxşıdır? Bu yolla bütün fikirlərimi əsaslandırdım.
O, 2014-cü ilə qədər Şərq Tərəfdaşlığı
ölkələrində plenar iclasın keçirilməsinə
istəmədiyini bildirdi. Mən dərhal Şərq
Tərəfdaşlığı ölkələrinin
nümayəndələrinə məktublar yazdım və
onlarla görüşdüm. Bunun Şərq
Tərəfdaşlığı ölkələrinə və
xalqlarına qarşı təhqir, ikili standart olduğunu, həmçinin
bizim Avropaya inteqrasiyamıza maneə olduğunu söylədim.
Saryus Volski bildirdi ki, Azərbaycan hökuməti
tərəfindən ermənilərin Bakıya gəlməsinə
icazə verilməyəcək və ya onların təhlükəsizliyi
təmin edilməyəcək. Mən
bildirdim ki, Azərbaycanda 30 min erməni əmin amanlıq
şəraitində yaşayır və erməni nümayəndə
heyətinin Bakıya sessiyaya gəlməsi üçün təhlükəsizliyi
Azərbaycan hökuməti öz üzərinə
götürür. Nəticədə
Büro üzvlərinin sessiyanın ölkəmizdə
keçirilməməsi üçün heç bir bəhanələri
qalmadı və buna qərar verdilər. Bütün
bunlar AVRONEST-in çox ciddi bir qurum olması anlamına gəlir.
– Elxan müəllim, Azərbaycan nümayəndə
heyətinin AVRONEST-dəki fəaliyyəti sizi qane edirmi?
– Biz nümayəndə heyəti olaraq
çox uğurlu iş aparırıq. Məhz
elə bunun nəticəsidir ki, ermənilərin layiqli cavabını
verdik. Bununla yanaşı Avropada, dünyada daha
güclü iş aparmalıyıq. Buna
çox böyük ehtiyacımız var. Çünki bizim
lobbiçilik fəaliyyətimiz çox zəifdir. Nəinki
Ermənistan, Gürcüstandan, hətta Ukraynadan da zəif
lobbiçilik fəaliyyətimiz var. Bu işi ciddi şəkildə
aparmalıyıq. Bu heç də o anlama gəlmir ki, biz
xaricdə daha pis iş aparırıq. Burada
başqa məqamlar, maraqlar var. Məhz buna görə də
biz müqayisə edilməz dərəcədə çox
işləməliyik ki, öz sözümüzü qəbul
etdirə bilək. Bunun üçün
AVRONEST ciddi bir tribunadır.
– Millət vəkili olmaqla yanaşı,
siz həm də AVCİYA-nın rəhbərisiniz. Bir
neçə sahədə iş aparmaq sizi yormur ki?
– Məni çox işləmək,
ağır iş rejimində çalışmaq yormur. Hətta mən bu işlərdən ilham alıram,
zövq alıram. Ancaq məni yoran işləməyimə
maneə olan bürokratik əngəllərdir. Bir çox hallarda ayrı-ayrı məmurlar tərəfindən
deputat sorğuları heçə sayılır. Hətta onlara məhəl belə qoyulmur. Bir halda ki, məmurlar deputatın sorğusuna cavab
vermirlərsə, o zaman sadə vətəndaşların
problemi ilə bağlı hansısa idarəyə müraciət
etməsinin əhəmiyyəti belə qalmır. Əgər biz seçicilərin problemləri ilə
bağlı aidiyyəti qurumlar qarşısında məsələ
qaldırırıqsa və bəzi məmurlar buna əhəmiyyət
vermirsə, həqiqətən bu, insanın işləməsinə
çox mənfi təsir göstərir. Təbii ki, bu
kimi məmurlar işləməyimizə maneə olmasa, əksinə
seçicilərimizin, sadə vətəndaşların
problemini həll etməyimizə yardımçı olsa, o
zaman biz daha ilhamla iş apararıq. Hesab edirəm ki, yerlərdə
deputatlarla məmurlar məhz elə birgə iş
aparmalıdırlar. Əks təqdirdə uğurlu iş
aparmaq, seçicilərin gözləntilərinə cavab vermək
çox çətin olar. Yay ərzində
çox geniş işlə məşğul olmuşuq.
İstər qeyri-hökumət sektorunda, istərsə də
digər sahələrdə uğurlu iş qrafikimiz olub.
AVCİYA haqqında demək istərdim
ki, Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının
və üçüncü sektorun digər nümayəndələrinin
fəaliyyətinin əlaqələndirilməsi ilə ölkədə
vətəndaş cəmiyyətinin yaradılması prosesinə
yardım göstərmək məqsədilə
yaradılmış təsisat artıq bir çox uğurlara
imza atıb.
AVCİYA demək olar ki,
dünyanın 4 qitəsini əhatə edə fəaliyyətlə
məşğuldur. Məsələn, AVCİYA-nın təşkilatçılığı
ilə 23-24 sentyabr 2011-ci il tarixlərində
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
20-ci ildönümü münasibətilə Bakıda beynəlxalq
tədbir keçiriləcək. Tədbirdə dünyanın
58 ölkəsindən 300-dən artıq tanınmış
ictimai-siyasi xadim, o cümlədən, Avropa Parlamenti, Avropa Şurası
Parlament Assambleyası, ATƏT, AVRONEST, Avropa ölkələri
parlamentlərinin deputatları, hazırkı və
keçmiş dövlət xadimləri, Nobel mükafatı
laureatları, ABŞ-ın regional spikerləri, keçmiş
konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edəcəklər.
Bütün bu işləri ruh yüksəkliyi
ilə həyata keçiririk. Məgər işdən
zövq alan, xalqına, millətinə xidmət
edən insan yorularmı?
– Elxan müəllim, bu qədər iş
çoxluğunda seçicilərinizə necə, vaxt
ayıra bilirsinizmi?
– Məndə iki aləm yaşayır. Buna görə də hər gün
gördüyüm və ya görəcəyim işlərlə
bağlı özümü mühakimə edir, özümə
hesabat verirəm. Mən vicdanım
qarşısında həmişə hesabat verirəm. Çünki seçicilərimin problemləri mən
hər zaman narahat edir, onların problemini öz məsələm
kimi görür və var qüvvəmlə həmin işlərin
həllinə çalışıram. Hətta
xaricdə səfərdə olan zaman belə seçicilərimin
problemini, onların həll yolları barədə
düşünürəm. Məhz
bütün bunların nəticəsidir ki, seçicilərimə
qarşı çox sağlam münasibətdəyəm.
Millət vəkili olaraq üzərimə
düşən işləri necə gördüyümü
bilmək üçün sadəcə saytımı
(www.elkhan-suleymanov.az) açın, orada necə fəaliyyət
göstərdiyim, hansı işləri gördüyüm
açıq-aşkar qeyd edilib. Artıq
Şamaxıda bir sıra işlər həyata
keçirmişik. Bunlardan bəzilərini
sadalayacam. Seyid Əzim Şirvaninin məqbərəsini
düzəltdirmişik. 16 nəfərə
şagirdə təqaüd veririk. Onlardan 4
nəfəri tələbədir ki, bu şəxslər hər
ay 120 manat təqaüdlə təmin edilirlər. 12 nəfər şagirdə isə hər ay 50 manat
təqaüd veririk. Bunlarla yanaşı, Məlhəm
kəndində Xaqaninin büstünü inşa etdirdik. Habelə Belçikanın Tui şəhərində
Mirzə Ələkbər Sabirin heykəlini ucaldılacaq.
Bir Qarabağ əlilinin oğluna toy etdik. İndi həmin gənc ailə üçün
üç otaqlı yaşayış evi tikirik. Eləcə də qəhrəman analara yardımlar
edirik, Qarabağ əlillərini, Böyük Vətən
Müharibəsi iştirakçılarına öz
qayğımızı əsirgəmirik. Bunlar sadəcə
gördüyümüz işlərin az
bir qismidir və bir millət vəkili kimi borcumdur. Mən üzərimə düzən vəzifə
borcumu yerinə yetirməyi özüm üçün
müqəddəs borc bilirəm.
BƏXTİYAR
525-ci qəzet.- 2011.-21 sentyabr.- S.4.