Əbülfəs Qarayev: “Mədəni irsimizin qorunmasında mətbuatın fəal roluna ehtiyac duyulur

 

MƏTBUAT ŞURASINDA “TURİZMİN İNKİŞAFI MEDİA MÜSTƏVİSİNDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB 

 

Dünən Mətbuat Şurasında “Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Toplantını giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə mediasında müxtəlif sahələr üzrə maarifləndirmə işlərinin aparılmasına ciddi önəm verir. 2011-ci ilin “Turizm ili” olduğunu xatırladan Ə.Amaşov bu baxımdan kütləvi informasiya vasitələrinin mövcud istiqamətdəki fəaliyyət intensivliyinin vacibliyindən söhbət açıb: “Ölkə prezidentinin təsdiqlədiyi Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən KİV-lərdə “2011-ci il Turizm ilidir” devizi altında proqramların və xüsusi verilişlərin təşkilinə dair bənd yer alıb. Bunun da icrasına məsul qurumlar içərisində Azərbaycan Mətbuat Şurasının da adı var. Televiziya və radiolarda “Turizm ili” ilə bağlı kifayət qədər veriliş və proqramlar yayımlanır. Mətbuatın da məsələyə diqqəti müşahidə edilməkdədir. Təkcə onu deyim ki, ötən 6 ay ərzində ölkənin aparıcı kütləvi informasiya vasitələrində turizmlə əlaqədar çoxsaylı materiallar yer alıb. Onların 87 faizi informasiyalardır. Bu baxımdan analitik məzmunlu və daha çox təşəbbüs ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil edib. Materialların 4 faizi isə reportaj janrındadır. Ümumən medianın, xüsusən də çap mediasının məsələyə diqqətinin artırılması vacibdir. Turizm özlüyündə geniş infrastrukturu birləşdirən sistemdir və ondan yazmaq jurnalistlərdən xüsusi hazırlıq tələb edir. Tədbirimiz bu istiqamətlərdə fikir mübadiləsi aparmaq məqsədi daşıyır”, – deyə o vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi dövlət qurumunun mətbuata açıq olduğunu, KİV-lərlə əməkdaşlığa böyük önəm verdiyini bildirib və bunu mədəniyyətin və turizmin inkişafına nail olmağın mühüm vasitələrindən biri kimi dəyərləndirib: “Mədəniyyət və turizm sahələri bir-birinə çox bağlıdır. Məhz buna görə də cənab prezident 2006-cı ildə bu iki istiqamətdəki işlərin eyni mərkəzdən idarə olunmasına, bir növ vəhdətin yaradılmasına xidmət edən sərəncam imzaladı – Mədəniyyət və Turizm Nazirliyi yarandı. Azərbaycanda turizm sahəsi nə qədər çox inkişaf etsə, mədəniyyətimiz də bir o qədər çox təbliğ olunar”.

 

 

525-ci qəzet.- 2011.- 21 sentyabr.- S.1-3.