Tarixilikmüasirlik mövqeyindən

 

Milli mədəniyyətimizin və incəsənətimizin qarşısında duran əsas vəzifələrdən biri onun ayrı-ayrı mərhələ və problemlərini, fəlsəfi- estetik prinsiplərini sistemli şəkildə, nəzəri fikrin meyarları tələbindən yenidən tədqiq etmək, bu mərhələlərin bədii- estetik özəlliklərini və elmi arsenallığını aydınlaşdırmaq çağdaş sənətşünaslığımızın qarşısında duran ən böyük vəzifələrdən biridir. Xüsusilə mədəniyyətşünaslığın inkişaf təmayüllərini, onun tarixi aspektlərini və elmi-nəzəri problemlərini dünya mədəniyyəti ilə ilişkili araşdırıb tədqiq etmək geniş aktuallıq kəsb edir. Müstəqillik dövründə ideoloji basqılardan azad olmuş milli mədəniyyətimiz artıq ümumdünya mədəniyyətinin tərkib hissəsi kimi götürülür.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilikmüasirlik( Bakı, “Təhsil”, 2011. Elmi redaktoru professor Aqşin Babayevdir) adlı tədqiqat əsəri Azərbaycan mədəniyyəti və incəsənətinin tarixinə və nəzəri problemlərinə həsr edilmişdir. Tədqiqatçı mədəniyyət və incəsənət tarixinə ümummilli və ümummədəni konsepsiyadan yanaşmış, qədim zamanlardan tutmuş müasir dövrədək olan Azərbaycan mədəniyyətini mərhələlər əsasında şərh etmişdir. Müəllif uzun illər gərgin elmi axtarışlar nəticəsində hasilə gətirdiyi bu əsəri müasir milli-nəzəri fikir işığında, yeni mənbələr, təzə faktlar və zəngin qaynaqlar hesabına cilalamışdır. Tədqiqat əsərinin elmi əhəmiyyətini təmin edən əsas məziyyətlərdən biri tarixi-müqayisəli təhlillər vasitəsilə Azərbaycan mədəniyyətinin bütün sahələrinin elmiestetik özəlliklərinin ümumi mənzərəsini verməkdir. Zamanzaman milli-mənəvi mədəniyyətimizin tarixi kökləri həmişə güclü olub, nadir incilər kimi qorunub onlar. Bu gün dünyanın məşhur muzeylərində milli bədii sənətimizin ən qədim nümunələri saxlanılır.Yaşı minillərlə ölçülən təsviri sənətimiz, memarlığımız, xalça sənətimiz, tikmələr, zərgərlik məmulatları və. s. qədim olduğu qədər də təzədir, nəsillərdən-nəsillərə yadigar olan bu əbədi abidələr bizim mənəvi yaddaş saxlancımızdır.

Tədqiqat əsərinin “Teatr sənəti”, “Kino sənəti”, “Musiqi sənəti”, “Memarlıq və incəsənət”, “Kulturologiya”, “Muzeyşünaslıq” bölümləri zəngin məxəzlər, yüksək nəzəri təhlil və elmi ümumiləşmələr əsasında işlənmiş, mədəniyyətdə tarixilikmüasirlik yeni istiqlal ideologiyası işığında professional bir səviyyədə elmi müstəvidə təqdim edilmişdir.T.Əfəndiyev sarayların və saray kitabxanalarının mədəniyyətimizin bu günümüzə gəlib çatmasındakı rolunu xüsusi qeyd edir. Mədəniyyətimizin inkişafındakı mərhələləri sistemlə araşdıran müəllif xvııı əsrin xan saraylarını, M.P.Vaqifin, Xurşidbanu Natəvanın sənət taleyini sənət mühitindən ayırmır. ”Çünki bu mühitdə təkcə müharibə, saziş, yaxud siyasət məşvərətləri yox, həm də sənət müsamirələri keçirilir, söhbətlər aparılır, inşaat işinə aid problemlər, qalalar tikmək haqqında məsələlər müzakirə olunur, silahlar təkmilləşdirilir,milli geyimlərə diqqət verilir, musiqi məclisləri qurulurdu. Bir sözlə, maddi və mənəvi mədəniyyətin Şərq koloriti məhz saraylarda qorunurdu”. Mədəniyyətimizin taleyində Şərq kontekstində modern təmayül və dönüş xıx əsrin birinci yarısında baş verdi. Müəllif təəssüflə qeyd edir ki, tarixşünaslıq, filologiya və sənətşünaslıqda bu dönüş mədəniyyətimizin inkişafında “yeni dövr” adlandırılır. Buyenilik” geridə qalmış “ətalətli” Şərqdən sivilizasiyalı Avropaböyük rus mədəniyyətinə dönüş kimi izah olunur. Başqa sahələrdə olduğu kimi mədəniyyətimiz də ideologiyaya, siyasətə tabe etdirildi. İslam dini xalqa düşmən, inkişafa mane olan amil kimi pislənildi, ərəb əlifbası isə cəhalətin səbəbi kimi gözdən salındı. Bütövlükdə sosializm realizmi adlanan qondarma ideoloji metodun ehkamları mədəniyyət və incəsənətimizə də ciddi ziyan vurdu. Bütün bu məsələləri T.Əfəndiyev milli-tarixi kontekstdə, nəzəri-estetik prinsiplərlə təhlilə cəlb edir.

Kitabın “Ön söz əvəzi”ndə müəllif qeyd edir ki, “mədəniyyət xalqın enerji saxlancıdır. Təsadüfi deyil ki, Azərbaycan mədəniyyətinin böyük qayğıkeşi, ulu öndərimiz Heydər Əliyev mədəniyyətin xalqın taleyindəki rolunu, sənət fədailərinin xidmətlərini, onların yaradıcılığını yüksək qiymətləndirmişdir”. Qədim Azərbaycan mədəniyyətinin keçmişinə nəzər salan tədqiqatçı onu antik yunan, Çin, Misir incəsənəti, hind mifologiyası ilə müqayisə edir. Və belə bir nəticəyə gəlir ki, islam dini orta əsrlər Şərq, o cümlədən Azərbaycan mədəniyyəti üçün real həyat, xalq tarixinin özü səviyyəsində mövzuideyalar mənbəyi olmuş, bədii düşüncənin təkamülü üçün mənəvi enerjiyə çevrilərək onu istiqamətləndirmişdir. Azərbaycan mədəniyyətinin taleyində Şərq kontekstində modern təmayülünə orijinal baxım bucağından yanaşan müəllif mövzu ilə bağlı dürüst elmi təsəvvür yaratmağa nail olur.Haqlı olaraq vurğulayır ki, milli müstəqilliyin və istiqlalımızın obyektiv və obrazlı bədii təcəssümü mədəniyyətimizin əsas inkişaf istiqamətini təşkil edir.

Əsərin birinci fəsli “Teatr sənəti” məsələlərinə həsr olunub. Bu bölümdə yaşı əsr yarımlıq həddə yaxınlaşan Azərbaycan teatrının, onun inkişaf mərhələlərinin, ayrı-ayrı problemlərinin nəzəri və metodoloji prinsipləri araşdırılır. Azərbaycan dünyəvi peşəkar teatrının yaranması tarixi həm də Akademik Milli Dram Teatrının təşəkkül tarixi kimi qəbul olunub. Bu, sonradan Azərbaycanın digər şəhərlərində də teatrların yaranmasına geniş zəmin yaratdı. Beləliklə, 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1883-cü ildə Naxçıvanda, 1895-ci ildə Gəncədə, 1882-ci ildə İrəvanda teatr tamaşalarının hazırlanmasında böyük əhəmiyyəti oldu. Şuşada ilk teatr tamaşasının 1848-ci ildə, Lənkəranda 1851-ci ildə, Şamaxıda 1857-1858-ci illərdə göstərilməsi milli teatr sənətinin inkişafına müsbət təsir göstərdi. Tədqiqatçıya görə incəsənətin demokratik forması olan teatr sənəti tək-tək adamların arzu və istəklərindən daha çox xalqın tarixi inkişafı, onun mədəni yüksəlişi ilə ilişkilidir.Burada ümummilli lider Heydər Əliyevin Azərbaycan teatrına aid imzaladığı fərmandan və dahi liderin dəyərli fikirlərindən də nümunələr göstərilir. “Mən həmişə teatrla bağlı olmuşam.Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”- deyən ulu öndər bütün zamanlarda mədəniyyətə, incəsənətə, teatr, kino, musiqi, rəssamlıq sənətinə, o cümlədən böyük sənətkarlara daim yüksək qayğı göstərmişdir.

“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 19 fevral tarixli Sərəncamının respublikamızda teatrın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açdığını qeyd edən professor milli teatrımızın dünyanın qabaqcıl teatrları sırasına çıxacağına da xüsusi önəm verir. Və bütün bu məsələlərdə o, elmi obyektivliyə istinad edir.

Əsərin “Kino sənəti” bölümündə yüz ildən artıq mövcud olan Azərbaycan kinosunun səssiz və səsli mərhələləri, ayrı-ayrı illər üzrə sistemli təhlili xronoloji ardıcıllıqla çağdaş nəzəri konsepsiyalar işığında araşdırmaya cəlb olunur. T.Əfəndiyev təsdiq edir ki, 60-cı illərdən başlayaraq kinoda milli özünüdərk və özünüifadə olduqca qüvvətləndi. Mənəvi-əxlaqi dəyərlərə qayıdış milli kinonun yönünü şablon ideologiyadan insan amilinə, onun dəruni hiss və duyğularının tərənnümünə istiqamətləndirdi. Kino əvvəlki illərdə mövcud olan sxematizmdən uzaqlaşaraq, yeni fəlsəfi-estetik təmayüllə formalaşdı. Müstəqillik illərində çəkilən ekran əsərlərinin çoxusu yüksək sənətkarlığına və estetik keyfiyyətinə görə beynəlxalq kinofestivallarda təmsil olundu.

Musiqi sənəti” bölümündə zəngin musiqi xəzinəmizin hələ eramızdan əvvəl IV-III minillikləri əhatə etməsindən, Nizami ”Xəmsə”sində orta əsrlərdə Azərbaycanın, eləcə də bütün Şərqin musiqi həyatının aydın mənzərəsi çözülür. Görkəmli musiqişünas alimlər –Səfiəddin Urməvi və Əbdülqədir Marağayinin klassik Şərq musiqi elminin nüfuzlu simaları kimi tarixi roluna qiymət verən T.Əfəndiyev Şərq musiqisinin universal nəzəriyyəsinin ən yüksək mərhələsini məhz bu alimlərin adı ilə bağlayır. Azərbaycan musiqisinin janrları içərisində əsas yerlərdən birini tutan muğamları milli musiqi təfəkkürünün ən aliparlaq yaradıcılıq təzahürü kimi dəyərləndirir. Muğamlarımızı dünya incəsənətinin təkrarolunmaz parlaq səhifəsi adlandıran müəllif qeyd edir ki, “öz fəlsəfi-mənəvi dərinliyi, orijinal kompozisiyası və təkrarolunmaz intonasiya inkişafı ilə seçilən muğam Azərbaycan şifahi ənənəli professional musiqisinin irihəcmli klassik nümunəsidir”. T.Əfəndiyev çeşidli qaynaqlara istinadən qeyd edir ki, Azərbaycan mədəniyyəti tarixinin mühüm bir bölümünü təşkil edən aşıq sənəti qədim türk mifoloji dünyagörüşünün əsas daşıyıcısı olan qam-şaman- ozan kompleksi ilə sufi dərviş sisteminin özünəməxsus qovuşmasından yaranmışdır. Aşıq yaradıcılığının ilkin mərhələlərinin bərpasında isə “Kitabi- Dədə Qorqud” dastanını əvəzsiz mənbə hesab edir. Kitabda dahi bəstəkar Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı konkret əsərlərinin kontekstində elmi araşdırmaya cəlb edilir. Qeyd edilir ki, Azərbaycanda ilk opera, musiqili komediya, ilk kamerainstrumental əsərlərin, marşların, xorların, xalq çalğı alətləri orkestri üçün əsərlərin, qəzəl-romansların, kantataların, Dövlət himninin müəllifi Üzeyir Hacıbəyli olmuşdur. Bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsunmusiqili komediyası 44 ölkədə, 120 teatrın səhnəsində 66 dildə oynanılmışdır.

“Memarlıq və incəsənət” bölümündə eramızdan əvvəlki əsrlərdə Azərbaycan memarlığının qədim tarixə malik olmasından, Qafqaz Albaniyası dövründə bu sahənin intensiv inkişafından əhatəli bəhs edilir. Bu hissədə tarixiliklə müasirlik vəhdətdə təhlil edilir. Müəllif qeyd edir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minillərin yadigarı olan bir çox milli abidələrimiz məhv edilmişdir. Kitabda yeni dövr Azərbaycan memarlığı və inşaat sənətinin inkişafında ilk peşəkar ali təhsil almış azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun böyük rolundan da geniş məlumat verilir. Həmçinin təsviri sənət, rəngkarlıq, teatr-dekor sənəti, qrafika, dizayn, moda, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, xalçaçılıq və sənətşünaslığın ümumi problemləri elmi-nəzəri təhlillər əsasında tarixilikmüasirlik mövqeyindən geniş şərh olunur.

Tədqiqat əsərinin “Kulturologiya” bölümündə kulturologiyanın müstəqil elm kimi inkişafından, mədəniyyət və sivilizasiya ilə qarşılıqlı ilişkilərindən bəhs edilir. Qeyd edilir ki, kulturologiya müasir elmdir. O, cəmiyyətdə sosial fenomen anlayışı izahının, həmçinin mədəniyyətlərarası dialoqun intensivləşməsi fonunda, XX əsrin ikinci yarısından etibarən inkişaf etməyə başlamışdır. Kulturologiya ilə mədəniyyətşünaslıq arasındakı qarşılıqlı münasibətlərə dərin və miqyaslı nəzər salan müəllif yazır: ”Kulturologiya və mədəniyyətşünaslıq identik anlayışlar olmayıb sadəcə sıx qarşılıqlı əlaqələrdə olan elm sahələridir. Kulturologiya insan və təbiət, şəxsiyyət və cəmiyyət qarşılığını daha geniş aspektlərdə əhatə etdiyi üçün mədəniyyətşünaslığa nisbətən daha əhatəli xarakter daşıyır. Mədəniyyətşünaslıq isə onun prioritet istiqamətlərindən biri kimi konkret olaraq mədəniyyətin (sivilizasiyanın) tarixi və nəzəriyyəsini, bədii, sosial, milli, mənəvi-əxlaqi mədəniyyəti, etik dəyərləri, mədəniyyət fəlsəfəsini öyrənir”. Universitetdə fəaliyyət göstərən kulturologiya fakültəsi respublikamızda kulturologiyanın ən böyük elm və təhsil mərkəzinə çevrilmişdir. Burada mütəxəssis hazırlığı ilə bərabər kafedralarda kulturologiyanın müxtəlif problemləri ilə bağlı elmi-tədqiqat işləri aparılır.

Kitabın sonuncu bölümü “Muzeyşünaslıq” adlanır. Bu bölümdə muzeyşünaslığın tarixi və nəzəri məsələləri dünya muzeyşünaslığı kontekstində tədqiqat obyektinə çəkilir. Qeyd edilir ki, Azərbaycan elmində muzey işi tarixinin elmi müstəvidə araşdırılması işi ötən əsrin 90-cı illərindən etibarən geniş vüsət almışdır. Respublikamızda muzeyşünaslığın inkişafında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində yaradılmış “muzeyşünaslıq” kafedrasının da böyük rolu var. Kafedranın professor – müəllim heyəti muzeyşünaslığın müxtəlif problemlərini əhatə edən sanballı elmi əsərlər hazırlamış və nəşr etdirmişlər. Müəllif qeyd edir ki, Azərbaycanda muzey işinin inkişafı, yeni muzeylərin təşkili də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, o, respublikaya rəhbərlik etdiyi dövrlərdə muzeylərin sayı sürətlə artmağa başladı. Azərbaycanda görkəmli elm və mədəniyyət xadimlərinin çoxlu sayda ev muzeyləri yaradıldı. Tədqiqat əsərində ulu öndərin öz xatirəsinə həsr olunmuş muzeylər şəbəkəsindən də əhatəli bəhs edilir. Müəllif qeyd edir ki, Heydər Əliyev muzeylərinin yaradılması Azərbaycan muzeyşünaslığında yeni bir inkişaf mərhələsinin təməl daşını qoydu.

Kitabda ADMİU-da fəaliyyət göstərən muzey haqqında da əhatəli məlumat verilir. Muzeydəki eksponatların əksəriyyətini bədii yaradıcılıq işləri təşkil edir. Muzeydə vaxtilə universitetdə dərs demiş və hazırda burada çalışan respublikamızın tanınmış rəssamlarının maraqlı əsərləri nümayiş etdirilir.

T.Əfəndiyevin yeni kitabı tarixi-nəzəri planda yazılmış fundamental tədqiqat əsəridir. Tədqiqatçının nəzəri baxışlarında, elmi mülahizə və təhlillərində maraqlı orijinallıq var. Təhlilə çəkilən problemlər milli sənətşünaslığımızda mövzuya yeni baxış bucağından konseptual əhəmiyyət kəsb edir. Tədqiqat əsəri çoxsaylı qaynaqlar əsasında yazılmışdır. Əsərin yazılmasında ümummilli lider Heydər Əliyevin mədəniyyətə və incəsənətə dair çıxışlarının materiallarından, mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunundan, “2006-2016-cı illər üçün mədəniyyət sahəsində Dövlət İnkişaf Konsepsiyası”ndan, qanunverici aktlardanbir sıra nəzəri materiallardan geniş istifadə edilmişdir. Mədəniyyətimizin və incəsənətimizin bütün sahələrini özündə ehtiva edən bu fundamental tədqiqat əsəri professor T.Əfəndiyevin gərgin zəhmətinin, çoxcəhətli elmi axtarışlarının uğurlu bəhrəsidir. Kitabın əsas elmi cəhətlərindən birisonda Azərbaycan, rusbaşqa dillərdə verilən geniş ədəbiyyat siyahısındadır. Kitab həmçinin Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün qiymətli dərslikdir. Professor Timuçin Əfəndiyev “Mədəniyyətdə tarixilikmüasirlik” kitabında elmi obyektivliyə tapınaraq mədəniyyətşünaslığımızın tarixinə, nəzəri-estetik problemlərinə yeni rakursdan yanaşmış və Azərbaycan xalqının çoxəsrlik mədəniyyətini yeni elmi təfəkkür və meyarlarla aşkarlamağa müvəffəq olmuşdur.

 

 

Vəfa XANOĞLAN

 

525-ci qəzet.- 2011.- 22 sentyabr.- S.4.