Budapeştdə Üzeyir
Hacıbəylinin 126 illiyi və Azərbaycan
Milli Musiqi Günü qeyd edilib
Sentyabrın 18-də Azərbaycanın
Macarıstandakı səfirliyinin təşəbbüsü
ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 126-cı ildönümü və Milli Musiqi
Günü Budapeştdə təntənəli şəkildə
qeyd edilib. Milli Musiqi Günündə “Dunay” simfonik orkestrinin və
azərbaycanlı musiqiçilərin iştirakı ilə
keçirilən bayram konsertində Azərbaycan və macar bəstəkarlarının
yaradıcılıqlarından nümunələr səsləndirilib.
Görkəmli Azərbaycan bəstəkarları Üzeyir
Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə
də macar musiqisinin klassiki Bela Bartokun əsərləri, macar
xalq musiqisi nümunələri iki ölkənin musiqiçilərinin
ifasında mədəniyyətlərimizin tarixi-mənəvi
yaxınlığı əhval-ruhiyyəsini daha da yüksəldib.
Görkəmli tarzən, Xalq artisti, Bakı Musiqi
Akademiyasının professoru Ramiz Quliyevin tarda virtuoz ifası
daha böyük maraqla qarşılanıb. Dinləyicilər
sənətkarı ayaq üstdə, sürəkli
alqışlarla alqışlayıblar. Üzeyir Hacıbəylinin
əsərlərindən seçmələrin və macar xalq
rəqsi “Çardaş”ın orkestrin müşayiətilə
tarda ifası iki fərqli musiqi mədəniyyətinin və
ifaçılıq məktəbinin məharətli sintezi kimi
diqqəti cəlb edib.
İstedadlı dirijor, beynəlxalq
müsabiqələr lau+reatı Əyyub Quliyev də yüksək
musiqi duyumunu və peşəkarlıq xüsusiyyətlərini
bir daha nümayiş etdirib. Onun dirijorluğu altında “Dunay” simfonik orkestri qısa müddət ərzində Azərbaycan
bəstəkarlarının milli
özünəməxsusluğu ilə seçilən əsərlərini
məharətlə ifa etməyə nail olub. Gənc pianoçu, Ferens List adına Budapeşt Musiqi Akademiyasının magistrantı Jalə
Rəsulova royalda Azərbaycan bəstəkarlarının
əsərlərindən solo
parçaları səsləndirib. Konsertdən əvvəl
tamaşaçılar qarşısında
çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın mədəni və mənəvi
həyatında Üzeyir Hacıbəyli
fenomenindən, onun zəngin
yaradıcılıq irsindən, bu gün də yaşayan ənənələrindən
bəhs edib, ölkəmizdə qeyd olunan Milli
Musiqi Günü
haqqında məlumat verib. Böyük
uğurla keçən konsertdə diplomatik korpusun nümayəndələri,
Macarıstanın elm və musiqi ictimaiyyətinin təmsilçiləri,
Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Macarıstanın “Dunay” və MTV televiziya
kanalları konsertdən geniş reportaj hazırlayıb, Ramiz
və Əyyub Quliyevlərlə müsahibələri, habelə
Üzeyir Hacıbəyli yaradıcılığı
haqqında məlumatları tamaşaçılara təqdim
ediblər.
525-ci qəzet.- 2011.- 23 sentyabr.- S.7.