Məhəmməd Əmin Rəsulzadə
Əsərləri
Üçüncü cild
(1915-1916)
Ön söz
Ankarada Azərbaycan siyasi mühacirəti
və Türkiyə ictimaiyyəti 1954-cü ilin yanvarında
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və
tanınmış lideri, ilk milli demokratik Xalq Cümhuriyyətinin
yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin
anadan olmasının 70 illik yubileyini təntənə ilə
qeyd etmişdi. Yalnız Türkiyədə deyil,
dünyanın bir sıra demokratik və müstəqil ölkələrində
sığınacaq tapmış həmvətənlərimiz,
həmçinin Rusiyanı tərk etməyə məcbur olmuş
digər millətlərin və xalqların istiqlal mücahidləri
yubilyarı təbrik edir, öz arzu və istəklərini bəyan
edirdilər. Bu tarixi təbriklər içərisində
tanınmış tatar milli mücahidi Seyid Cəfər
Krımərin M.Ə.Rəsulzadəyə göndərdiyi məktubda
deyilirdi: “Bir gün həyatınızı yazacaq bəxtli bir
türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq
bir türk sənətkarı ömrünüzün hər
dövrünü qavrayıb anladıqca “nə şərəflidir
mənə ki, bu yaşamağa dəyər səhifələri
canlandırıram” – deyə sevinəcəkdir. Bunların əsərlərini
oxuyan və ya seyr edənlər də Sizi daima sonsuz məhəbbət,
hörmət və rəhmətlə anacaqlardır”.
Uzaqgörənliklə, peyğəmbərcəsinə
yazılmış bu sətirlər mənim də həyat
devizim olmuşdur. Uzun müddətdir ki, mən bu sevinci
yaşamaqdayam.
M.Ə.Rəsulzadənin elmi-nəzəri,
siyasi-ictimai, ədəbi-bədii və publisistik irsi çox
zəngin bir xəzinədir, xalqımızın milli intibah və
milli istiqlal hərəkatının canlı salnaməsidir.
Yarım əsrlik bir zaman kəsiyində mən
saysız-hesabsız dövri mətbuat orqanlarını, tarixi
sənəd və memuarları nəzərdən keçirərkən
bunun şahidi olmuşam.
Azərbaycan nə qədər ki Sovet
imperiyasının tərkibində idi M.Ə.Rəsulzadə
irsini nəinki nəşr etmək, hətta onun adını
belə hörmətlə çəkmək yasaq idi. Lakin
zaman ulu mücahidimizin də yəqinliklə söylədiyi
kimi öz hökmünü verdi. Azərbaycan öz müstəqilliyini
bərpa etdi. M.Ə.Rəsulzadə 1919-cu il mayın 25-də
Azərbaycan Milli Məclisindəki
çıxışında demişdi: “Cəmaət istiqlala
o qədər mənus olmuş, hürriyyət və istiqlal
fikri o qədər xalqın təninə sinmiş, ruhuna
işləmişdir ki, şimdi artıq istiqlal fikri bir firqənin,
bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni
və milləti istiqlalsız və dövləti hürriyyətsiz
təsəvvür edəmiyor”.
Artıq 20 ildir ki, sifarişsiz və təmənnasız
bu böyük millət fədaisinin əsərlərini
araşdırmaq, toplamaq və nəşr etdirməklə məşğulam.
1992-ci ildə əsərlərinin I cildini (1903-1909), 2001-ci ildə
II cildini (1909-1914) çox böyük çətinliklə də
olsa nəşr etdirməyə müvəffəq olmuşam.
İndi III cildi, yəni 1915-1916-cı illərdə
“İqbal”, “Yeni İqbal”, “Açıq söz” qəzetləri
və “Qurtuluş” məcmuəsində dərc edilmiş əsərlərini
oxuculara təqdim edirəm. Bu çox zəngin, mürəkkəb,
təhlükəli, qeyri-adi dövr idi. Bəşəriyyət
ilk dünya müharibəsi faciəsini yaşayırdı.
Millətlərin, xalqların, dövlətlərin taleyi həll
olunurdu. Dünyanın siyasi durumu, xəritəsi dəyişirdi.
Dövlət müstəqilliyini, ərazi
bütövlüyünü itirmiş, hətta fiziki
mövcudiyyəti təhlükə altında olan Azərbaycanı
xilas etmək kimi tarixi bir vəzifə yaranmaqda idi. Millətin
bütün sağlam qüvvələrini vətəni və
milləti xilas etmək uğrunda mübarizəyə
hazırlamaq lazım idi. Bu müqəddəs vəzifəni
öhdəsinə götürmüş mücahidlərin
öndəri M.Ə.Rəsulzadə idi. Onun 1915-1916-cı illərdəki
fəaliyyətinin, o cümlədən publisistik fəaliyyətinin
məğzi, qayəsi də bu idi. Dövlət müstəqilliyini
bərpa etmək fikri, məfkurəsi məhz bu illərdə
yaranmağa başlamışdı. İki il sonra 1918-ci il mayın 28-də bu arzu çin
oldu. Azərbaycanın müstəqilliyi elan
edildi.
Ümid edirik ki, xalqımızın
böyük mütəfəkkir oğlu, görkəmli
dövlət xadimi, müstəqil Azərbaycan Cümhuriyyətinin
banisi M.Ə.Rəsulzadənin əsərlərinin III cildi də
oxucu kütləsi tərəfindən rəğbətlə
qarşılanacaq, Azərbaycan və onunla əlaqədar
Rusiya, İran, Türkiyə və I Dünya müharibəsi
tarixini öyrənmək istəyənlər
üçün dəyərli mənbə və vəsait
olacaqdır.
Yaponiya məsələsi
Neçə zamandan bəri arada bir
Yaponiya məsələsidir müzakirə olunuyor.
Siyasət dilində “məsələ”lər
kiçik və zəif dövlətlər ilə millətlərin
adlarına tərdif olunmaq bir adətdir: Albaniya məsələsi,
Ermənistan məsələsi, Şərq məsələsi,
Balkanıstan məsələsi kibi.
Bu nöqteyi-nəzərdən
“Yaponiya məsələsi” ünvanı əlbəttə ki,
nəzərə qərib gəlir. Fəqət bu kərə
“məsələ”nin tam başqa bir mənaya
malik olduğunu düşünürsək, əlbəttə,
burada bir qəribəlik olmadığı anlaşılar.
Hali-hərbidə olan Avropa millətləri
üçün Yaponiya məsələsi bu gün olduqca
ciddi bir məsələ şəklini almaqdadır. Bittəbii avropalılar bu məsələni həll
edəcək degildirlər. Biləks
Yaponiyanın əli ilə həll olunacaq Avropa məsələsi
vardır.
Bu da qərib bir siyasət təcəllisi
degilmidir?
Daha müharibənin əvvəllərində
idi ki, Yaponiyanın da etilafi-müsəlləs lehinə işə
qarışacağı şayiə olmuş və hətta,
bu dövlətin Avropa toprağına qoşun
çığarıb da almanlar əleyhinə
vuruşacağı zehinlərə yol tapmışdı. Fəqət, nəticə başqa dürlü oldu.
Çenduni aldıqdan sonra “şəms
şariq” hökuməti artıq özünün bu müharibədən
alacağı hissəni almış kibi hərəkət
edib, sakit qaldı kibi nəzərə gəldi. Avropa işlərinə qarışmağı
Yaponiya rəva görmədigi kibi avropalılar da
mümkün olduğu qədər bu müavinətdən
istifadə etməmək tərəfdarı idilər.
Müharibələrin uzun çəkməsi
və davaların şəkli dəgişib səngər
halını alması artıq sayları çox olan
etilafi-müsəlləs dövlətlərində belə
yeni və cəngarvər bir qüvvəyə möhtac olmaq
hissini doğurdu.
Müharibənin ən şiddətli bir zərbəsini
yemiş olan Belçika hökuməti bir an
əvvəl zavallı məmləkətini düşmən
ayaqları altından xilas etmək ümüdindədir. Fransa, İngiltərə və Belçika
ordularından ibarət olan müttəfiq ordu bu məqsədi
ifa etməkdə isə də, məmləkətlərinin
kamali-surətlə azad olmasını görmək istəyən
belçikalılar müttəfiq ordunun ağır bir surətdə
vaqe olan müvəffəqiyyətlərindən çox da məmnun
olamiyorlar. Binaənileyh yaponiyalıların Avropaya əsgər
çıxarmaları üçün hər kəsdən
ziyadə onlar çalışır, can atırlar.
Paytaxt qəzetələrinin
aldığı son teleqraflara nəzərən Belçika
hökuməti öz ərazisini düşməndən təmizləmək
üçün mütləqa yapon ordusunun Avropaya gəlməsinə
lüzum görüyor və bu nəzərini İngiltərə
və Fransa siyasilərinə izhar eləmişdir.
“N.V.” müxbirinin Kopenhaqdan verdigi xəbərə
nəzərən ora məhafili-siyasiyyəsi Yaponiya hökumətinin
Avropaya qoşun göndərməsi həqqində əsasən
razı olacağına şübhə etmiyorlarmış. Fəqət, böylə mühüm bir ordunun bu qədər
uzun bir yol ilə dünyanın o başından bu biri
başına nəql olunması böyük bir məsarifi-mucibdir.
Bu qədər məsarifi isə
Yaponiya hökuməti ödəyə bilməz. Müxbirin aldığı məlumata nəzərən,
bu xüsusda İngiltərə kömək edəcək və
pul məsarifini öz öhdəsinə götürəcəkmiş.
Yaponiya əsgərindən bir hissəsi Sibiriya
dəmir yolu vasitəsi və Arxangelsk yolu ilə Belçika ərazisinə
çıxacaqmış. Yenə eyni mənbədən
gələn həvadisə görə rus diplomasiyası da bu
işə razılıq vermişdir.
Əcəba, bu nəzəriyyə
dönüb də bir həqiqət şəklini alacaqmı?
Almaniya imperatoru yaponların müvəffəqiyyəti
üzərinə vaxtilə Avropanı “sarı təhlükə”dən
qurtarmış idi: Əcəba bu qorxu imdi Almaniya
üçün həqiqətən də bir təhlükə
təşkil edəcəkmi?
Əlbəttə, bir
çoxlarından ötrü Yaponiyanın Əqsayi-Şərqdən
qalxıb dənizlər, dağlar, təpələr
ötüb ta Əqsayi-Qərbə qədər gələcəgi
və buradakı müharibələrin nəticəsi üzərində
qəti bir təsir oyadacağı, əlbəttə ki,
şer və ecaz qəbilindən bir şey ədd olunar. Fəqət, zamanımizin bir ecaz zəmani
olduğuna qənaət edənlər də yox degildir.
Fəqət, hər nə qədər
fövqəladə təzahürlər müqabilində
qalmış olsaq da, möcüzə kibi nəzərə gələn
şeylərin zühurunda belə maddi bir saiq görməmək
qabil degildir. Hələ yaponlar kibi maddi
düşünən bir millət heç də “N.V.”-nin düşündigi kibi şer və həmasət
naminə qan axıdamazlar. Mikado hökuməti Avropaya qoşun
göndərməgi qərara aldığı zaman hərəkət
ordusuna “yürü!” əmrini verməzdən əvvəl
şübhəsiz ki, bu əmrin bahasını təmin edən
övraq və vəsaiti əldə etmək istəyəcəkdir.
Əlbəttə, etilafi-müsəlləs
dövlətləri düşmənlərin hesabına olan Əqsayi-Şərq
sularında Yaponiyaya nə istərsə verə bilər və
bu xüsusda onu təmin edə bilərlər. Fəqət ittifaqi-müsəlləs hesabına
alınacaq şeyləri Yaponiya Avropa səfərinə
çıxmadan da hasil eləmişdir.
Binaənileyh, Belçika hökumətinin
Yaponiyadan kömək gətirtmək xüsusundakı təklifindən
bəhs edərkən Fransa mətbuatı nahaq degildir. Bu müavinətin Asiyadakı Fransa müstəmləkati
bahasına oturacağından ehtiyatda olduqlarını bəyan
eləmişlərdir.
Fəqət, bu məsələnin
yalnız Avropadakı mənfəətlərin iqtizası
nöqteyi-nəzərindən degil, Əqsayi-Şərqdəki
və bilxassə Yaponiyanın özündəki əhval
nöqteyi-nəzərindən də təhlil etməlidir.
Bəhri-mühiti-Kəbirdə olan
beynəlmiləl mənfəətlər o qədər
biri-birinə qarışmış və o qədər
mülhəqq və müşkül bir şəkil
almışdır ki, onu Balkandaki ixtilafi-mənafedən
heç də geri tutmaq olmaz. Nə
ticarətin azadlığını təmin edən “acıq qapı”
siyasəti, nə də məntəqəyə nüfuz təmin
eləmək tədbiri vaqe olan bu mənfəət
ixtilafını aralaşdırmıyor və aralaşdıra
da bilməz. Diplomatlar nə kibi məharətlə burada
məntəqəyə nüfuz ayırsalar da, ünsüri
bir surətdə böyüyüb artmaqda olan digər bir
dövlətin sənaye və ticarəti haman
təyin olunan xətaları pozub dağıtmaqdadır.
Amerika, Yaponiya və Avropa kibi sənaye və
ticarət dövlətləri məmləkətlərin qayət
sərih bir surətdə böyüyüb artmaqda olan ticarətləri
haman mallarını işə vermək
üçün bazar aramaqda və hər yana
soxulmaqdadırlar. Çin, Hindi-Çin, Siyam, bəhri-mühitdə
olan bir çox cəzirələr, Avstraliya, Şimali, Mərkəzi
və cənubi Amerika günbatan sahilləri həsəd
aparılacaq bazarlar olduğundan dövlətlərin hirs və
tamahını cəlb eləməkdə buna görə
dünya rəqabətinə meydan olmaqdadırlar.
Başqa dövlətlərin
buralardakı mənfəətləri nə qədər
çox olsa da, bu tərəflərdə başlıca rəqabət
edən, biri-birinə qarşı şiddətli surətdə
göz olan Yaponiya ilə Amerika cəmahiri-müttəfiqəsidir.
Panama kanalı qazıldıqdan sonra Amerika
hökuməti Avropa rəqiblərinə qarşı
böyük bir müvəffəqiyyət qazandısa da,
Yaponiya haman mühüm bir rəqib olaraq
qaldı. Bəhri-mühiti-Kəbirdə
üstünlük etmək bəhsi, imdi bu iki dövlət
arasında həll olunacaq bir məsələdir. cəmahiri-müttəfiqə dövləti bəhri-mühit
üzərindəki üstünlügünü təmin edə
bilmək üçün “şəmsi şərq” hökumətini
əzmək məcburiyyətindədir. Felən
camahiri-müttəfiqənin xariciyyə siyasətini əllərində
bulunduran Amerika imperialistləri bu xüsusda bəsləməkdə
olduqları fikirlərini gizləmiyorlar da, onlar elanən izhar
ediyorlar kı: “Mühiti-Kəbir Amerika gölü
olmalıdır”.
Bittəbii Yaponiya imperialistləri də
Amerikaya qarşı dəfayə hazırlanmaqda olub “krasyasti”
adı ilə məşhur olan millətlərindən zərrə
qədəri geri durmuyorlar. Bilxassə
iş başında olan imdiki hökumət bu məsləki təqib
eləməkdədir.
Yaxın zamanlarda Yaponiya baş vəziri
olan qraf Yakuma Yaponiya məclisi-məbüsanına müraciət
edərək Koredə yeni əsgəri firqələr təşkili
üçün təxsisat istəmişdi. Daxili
islahat tərəfdarı olan müxalifət firqəsi
qrafın istədigi bu təxsisatı təsdiq etmədigindən
kabinə ilə məclis arasında ixtilaf əmələ gəldi
və haman qanun-əsasi movcibincə yapon məclisi
fəsx və yeni intixablar təyin olundu. Hal-hazırda
Yaponiya məmləkəti intixab keşməkeşləri ilə
məşğuldur. Bu intixabların nəticəsi
məlum işdir ki, Yaponiyanın xarici siyasətini də təqib
edəcək. Yaponiya xarici siyasətinin təyini
isə Avropa müharibəsinin çıxardığı
bir çox məsələlər nöqteyi-nəzərindən
məraqəngizdir.
Əgər qalibiyyət qədim Kore
politikasını aparmaq istəyən imdiki Yaponiya hökuməti
firqə lehinə çıxarsa, o halda Əqsayi-Şərq
sularında yeni bir taqım həvadisə intizar etmək olar
ki, bu da imdiki müharibələri – tam mənası ilə –
aləmşümul edə bilmək xassəsinə malikdir.
Bu iki əsas nöqteyi-nəzərdən
məsələni müzakirə edib Belçika nöqteyi-nəzərindən
bəhs olunan Yaponiya məsələsinə, yəni
Yaponiyanın Avropaya qoşun göndərməsi məsələsinə
gəlirsək, hər halda çox da nikbin ola
bilməriz.
Dəha Çindov məsələsində
Amerika dövlətinin Yaponiya siyasətinə qarşı nə
kibi vəziyyət aldığı məlumumuzdur. Amerika hökumətinin nüfuz və təzyiqi
altında olaraq Yaponiya dövləti Çindouni almanlar əlindən
alıb zəbt elədigi halda, keyfi istədigi kibi
orasını öz məmləkətinə ilhaq edə bilməyib
Çinə qaytarılacağını zahirən də olsa
bəyan etmək məcburiyyətində qaldı.
Bu vaqeə göstəriyor ki, Amerika
hökuməti heç bir vəchlə Yaponiya dövlətinin
Koreyə çıxıb “artıq” müstəmləkələr
sahibi olmasına razı olamıyor. Çünki
bu xüsus Bəhri-Mühitin Amerika gölü olması əleyhinədir.
Halbuki, Yaponiya Avropaya göndərəcəgi əsgər
müqabilində alacağı “təvizatı” Avropada, Afrikada
degil, mütləqa bəhri-mühit sahillərində istəyəcəkdir.
Bu isə Amerikanın mənfəətinə
toxunmaya bilməz. Binaən ileyh Yaponiya
xarici siyasətində fəal bir məslək tutmaq istərsə,
Yaponiyanın öz başında böylə bir “mollası”
olunca bittəbii Avropaya qoşun göndərmək məsələsi
ikinci dərəcədə qalır. Yox,
islahati-daxili firqəsi qələbə çalarsa, o vəqt
Avropa işlərinə qarışmaq təbiətilə həll
olunmuyub qalacaq və ya daha doğrusu, mənfi bir surətdə
həll olunacaqdır.
İmdiki siyasətlərdə əsil
təşkil edən iqtisadi və siyasi mənfəətlər
nöqteyi-nəzərindən düşünüldikdə
Yaponiyanın Avropaya əsgər göndərməsi
yuxarıdakı mülahizələrə görə nəzərə
bəsid gəliyor. Nikbinlərin
düşündügü külli bir möcüzə
vücuda gəlib də xaruqə törədirsə, o
başqa.
M.Ə.Rəsulzadə
“İqbal”, 1 yanvar 1915, ¹828
Şariq – parlayan, tülu edən
Şümür – hesablanmış
Ecaz – möcüzə
Saiq – sövq edən, səbəb
Həmasət – şücaət, cəsarət
Hirs – acgözlük
Təvizatı – əvəzində
Qurama
Qarelərimizdən təşviq
gördük. Qurama qura bilərmişik.
Qarelərin xoşuna getmiş.
Birisi diyordu ki: nə olaydı Niş “ignəsini
tez-tez saplıyaydı”, biz də hər gün qurama görəydik.
Belə qare ilə dünyada nə
elemək olmaz?!... Maşallah, qare degil ki, kəklik!
lll
Qarelərin qurama həqqindəki rəyinə
baxmaq gərək. Çünki məlum a, bunlar iş
əhlidirlər. Əhli-xəbərənin
sözü hər yerdə keçər. Bir
də, bildigimiz kibi, qurama əsla qarı işi degilmi?
Bunu yazarkən yanımda birisi
oturmuşdu. Demə yazdıqlarımı oxuyurmuş;
dedi ki:
– Qare-dən qarıya nə var?
Doğrudan deyəsən burada bir
yanlışlıq olmuş, “qare” sözü ilə “qarı”
kəlməsi biri-birinə oxşayır. Bu da çox kərə xəlqin zehnini
qarışdırıyor. Keçəndə hətta
birisi deyirdi ki:
– A balam, bu qəzetəçilərin
sözü varsa, bizə desinlər, arvadlarımızla nə
işləri!
Qəzetəçiləri zənpərəsti
ilə ittiham eləyən bu sözdən bən doğrusu
heyrətə gəlmiş və kəmali-təəccüblə
soruşdum ki:
– Necə məgər?
– Görmüyormusan ki, qəzetələr
həmişə bir sözləri olanda: “qarılara məlumdur,
qarılarımıza ixtar ediyoruz” – deyə yazıyorlar?
Bən haman
barmağımı dişləmiş, yelin hankı tərəfdən
əsdigini sızmış və izah üçün:
– Əzizim, qəzetələrin
dedigi türk qarısı degil, ərəb qaresidir –
demişdim.
– Üzür bədtər əz
günah... de görək türk qəzetəsinin ərəb
arvadı ilə nə alacağı və verəcəgi?
– Yox, əzizim, yanılmayınız, “qare”
demək – yəni oxucu!
– Çox gözəl də, Allah sənə
ömür versin: türk sözü durarkən nə
lazım ki, xəlqin irz və namusuna toxunan ərəb
sözləri işlədəsiniz! – deyə
müsahibim artıq acıqlanmaq dərəcəsinə
çıxmışdı.
Bu dərs mənim qulağımda idi...
lll
Türk qövmlərinin zavallı
taleləri vardır. Öz sözlərini
işlətmədiklərindən dilləri vasitəsiz
qalmış, daralmışdır. Bunu
genişlətmək və ədəbiləşdirmək qəsdilə
və yainki qeyri-ixtiyari olaraq ərəbdən, farsidən bir
çox sözlər almışlar. Fəqət,
bunda da müəyyən bir qaidə gözədilməmiş.
Burada bir məna ilə alınan kəlmə
başqa tərəfdə digər mənada
alınmışdır ki, bu hal əcaib hallara və gülməli
anlaşmalara səbəb olmuşdur.
Böylə bir hal osmanlı
mühərrirlərindən cəlal Nurinin də
başına gəlmiş. Nuri Əfəndi “Şimal xatirələri”
adlı bir kitabında Kazana getdigini və tatarlar həqqindəkı
təəssüratını yazarkən bir yerində diyor ki:
“Volqa sahilində bir camei – şərifə
getdim.
– Eynən iqtibas ediyoruz – imam və müəzzin
ilə müsahibət ediyordum. Qapı
açıldı, içəriyə ağsaqqal
ruhanlığa bir pir girdi. Adəti – səhabədən
olduğu üzrə əllər qalxdı, bir fatihə oxundu.
İxtiyara bizi, bizə ixtiyarı təqdim
etdilər. İxtiyar bizə şöylə
tanıtdırıldı:
– Məhməd... Əfəndi
yaxşı kişidir. Həm qəvi
adamdır. Kəndisi böyük sevda (?)
sahibi, həm karxanəçidir (?) müsəlmanlara kup
(çok) yararlığı toxunmuşdur. Kəndi məsrəfilə bura müsəlmanları
üçün bir qarı (?) gətirtdi. Bu qarıyı bu gün sizin xidmətinizə verəcəgiz,
gecə-gündüz sizinlə qalacaqdır.
Bu sözlər üzərinə bir
İstanbul cocuğunun gülüb qanılması
mümkün degildir. Bu qərabəti icab
edən, bəzi kəlmələrin bizdə başqa tatar məmləkətlərində
başqa məna və mövqedə istemallarıbdır.
Sevda eşq və məhəbbət mənasına
olmuyub, sadəcə ticarət mənasınadır. Karxanə – ümumxanə və fəhşəxanə
degil, fabrikadır. Qarı isə qare kəlmeyi-ərəbiyyəsindən
başqa bir şey degildir və hafiz-Quran deməkdir”.
lll
Gərək yuxarıdakı dərs və
gərək isə Nuri Əfəndinin başına gələn
bəni vadar elədi ki, yazdığım bu sətrlərə
müvafiq bir ünvan arayıb atası, anası, babası və
cəddi-əqrabası türk oğlu türk bir kəlmə
tapam, tapdım da:
– Qurama
Bu daha kimsənin nə zövqünə dəgər,
nə də namusuna!
lll
Quramanın təqibi qarelərin,
yaxud qarıların, ya da ki, oxucuların təqdirinə
buraxılmışdı. Bunun
üçün də göz qulaq idik ki, görək nə
deyirlər?
Konkada gedirkən iki şəxsin
söhbətlərini eşitdim. Söhbətin
zəmini bizim qurama idi.
“İqbal”ın quramasını
oxudunuzmu?
– Oxudum. Özü də yolkalı bir
müsəlman evində!
Demək ki, lap yerinə
düşmüş.
– Hə, lap... Ancaq bir şey
məlum ki, niyə bəs buna türkcə bir ad qoymayıb
qurama demiş?
– Məsələn, nə deyəydi?
– Parça – tikə.
Parça da, tikə də – ikisi də farsi. Qurama özü türkcədir.
– Yəni belədir? Mənim
bunda şəkkim var.
– canım, qurmaq quramaq
sözündən degilmidir?
– Sənə nə var ki, keçəndə
də diyordun ki, gediş türkcədir.
– İmdi nə olub məgər?
– Oxumadınızmı ki, qəzetədə
“gedişat” – deyə yazılmışdı.
– Xub, bundan nə çıxar?
– O çıxar ki, gediş türkcə
degil, ərəbcədir.
– Nə dəlil ilə?
– Gedişat fərmayişat vəznində
degilmidir?
– Fərmayiş də ərəbcə
degil.
– Siparişatə nə deyirsən?
– O da, bu da, ikisi də farscadır.
– Əcəb adamsan vallahi, o da
farsidir, bu da farsidir. Hələ dildə demək
asandır: Bəs bu zəhrimar ərəb “at”ı burada nə
gəzir?
Hə... əsil “məharəti-ədəbiyyə”
də bundadır ki, türk gedişini, fars siparişini ərəb
atına mindirmək. Buna ədəbiyyat deyirlər.
İştə bu at haman ədəbiyyatın
axırında və yaxud altındakı atdır. Hankı söz ona süvar oldusa, adıdır.
lll
Bunların bu maraqlı müsahibəsi
məni məşğul eləmiş idi. Dalğın-dalğın düşünüyordum.
Ərəb atı, fars siparişi və
türk gedişindən qarışıq dil kəşküli
olan “ədəbiyyatımızı”
düşünüyordum.
Ərəb atımız yalğı
və yaxud – Bakı təbirincə becidligi ilə məşhur.
Fars siparişi də əhval və xəyalpərəstligi
ilə məlum.
Türk gedişi dəxi tarixlərdə
yıldırım və şimşək kibi təsvir
olunmaqda...
İştə üç iti
qaçan şikər bir yerə
yığışmış da avam xəlqə məram
anladan bir vasitəyi-ədəbiyyat olmuş. Bu surətlə xəlqimiz ədəbiyyatımıza
çata bilmiyorsa, nə üçün təəccüb edəlim?
lll
Düşüncədən
ayılınca gördüm ki, söhbət eləyənlər
dayanmış, yanlarındakı başqa ikisi müsahibin
danışıqlarına diqqət ediyorlar. Bunlar
söhbətlərində ərəbi və farsi
işlətmədikləri halda, sözlərinin axırı
haman “at”dan ibarət idi.
Məsələn, bənim ilk eşitdigim
cümlə bu idi:
– Vremiya otnimat eləyib, tak skazat getdim. Zakazat elədim. Kim ispraşivat
eliyəcək ki, nə var və nə yox?
Əvvəlki müsahiblərdən birisi
durub yoldaşına baxdı və yavaşcadan dedi ki:
– Bu danışan da ədiblərdən
olmasınmı?
– Atlarının bolluğundan öylə
bir şeyə bənziyor.
lll
Deyəsən mən də ədibləşdim. Lap ərəb
atına minmiş adam kibi baş
götürüb gediyorum. Zatən yazıçının, rəssam,
musiqar və bu kibilərin təbi deyirlər ki, haman ərəb atı kibi bir şeydir.
Öylə isə:
– Təbim, du... ur!..
Niş
“İqbal”, 4 yanvar 1915, ¹830
“Əsli və Kərəm”
Opera mövsümü “Əsli və
Kərəm” ilə açıldı.
Məlum olduğu üzrə “Əsli və
Kərəm” hekayeyi-aşiqanəsi Azərbaycanda, Qafqasiyada və
Anadolu türkləri arasında məşhur olan milli hekayələrdən,
müəllif və şairi bəlli olmuyub xəlqin
yaratdığı və saz aşiqi denilən xəlq sənətkarlarının
böyük bir xülus və səmimiyyətlə gəzib
oxuduqları məşhur əfsanələrdən biridir.
Hekayənin məzmunu bir türk
oğlan ilə bir erməni qızının yek-digərlərinə
qarşı şairanə və səmimanə bəslədikləri
“həqiqi bir eşq” ilə mövcud şəraitdən
dolayı hər iki aşiq üçün böyük bir fəlakət
təşkil etdigini təsvir edir.
Həqiqətən də tarix və məişətcə
biri-birinə mərbut olan və biri digərilə qapıbir
qonşu yaşayan iki millət öz halı-təbiiyyəsinə
buraxıldıqda xəlq hekayəsinin göstərdigi kibi bir
“müsəlman” oğlu ilə bir “erməni” qızı – yəni
xarici təsirlərdən mübərra qalan sadə xəlq
sevişə bilərlər. Hətta yek – digərini
sevə bilmək üçün dəli bir aşiq də kəsilərlər.
Fəqət bunların bu
qovuşmasına, bu birləşməsinə mane olan səbəblər
vardır. Xarici bir taqım təsirlər.
Bu təsirləri xəlq hekayəsi
“keşiş” surətində göstərmiş.
Fəqət nə qədər təsadüf
və nə qədər təbii bir təsadüf ki, xəlqin
dühası ilə Avropa təsir və nüfuzi altında
yazı yazan mühərrirlərimizin dühası bu məsələdə
birləşiyorlar.
Məlum olduğu üzrə doktor Nəriman
bəy Nərimanovun “Bahadır və Sona” adlı bir hekayəsi
vardır. Burada da bir müsəlman
oğlan ilə bir erməni qızın sərgüzəşti-aşiqanələri
təsvir olunur. Kərəm ilə Əslinin
eşqlərini onlar üçün bir fəlakət edən
“keşişin” bəddüası və
qarqışıdır. Bahadır ilə
Sona da məqsədə irişməyib fəlakət və həlakətə
düçar oluyorlar. Bunların fəlakətini
icab edən şey “uçurum dərələr”dir.
Əfsanədəki “keşiş” ilə
hekayədəki “uçurum dərə” xəlqin səmimiyyəti
və sadə hikməti üzərinə sui-təsir icra edən
haman “xarici təsirlərdir”.
Kim bilmir ki, bu zamanda, iştə bu “xarici təsirlər”
sayəsində “Əsli və Kərəm” əfsanəsinin
vaqe bullduğu yerlərdə nə kibi fəlakətlər və
nə kibi faciələr icra olunuyor.
Ah, mümkün olsaydı da, millətlərin
kütlə və əvamını idarə edənlərdə
xəlqin özü qədər salim bir məntiq olsaydı...
O vəqt “xarici təsirlər” bu qədər möhlik və
qorxunc olmazdı!..
lll
“Əsli və Kərəm” əfsanəsinin
icra olunan yerləri əfsanənin xasiyyəti və vaqeənin
xüsusiyyəti nöqteyi-nəzərindən İran ilə
Osmanlı hüdudunda vaqe Şərqi Anatoluda və yaxud Ermənistan
denilən tərəflərdə vaqe olsa gərək.
Əlimiz altında “Əsli və Kərəm”in
xəlq arasında mütədavil olan nüsxəsi yoxdur. Bəlkə də orada İsfahandan bəhs olunur.
Çoxdan oxuduğumdan xatirəmdə degildir.
Fəqət Urmiyəyə səyahət etdigim əsnada
asari – ətiqəsi ilə məşhur olan Kuntiyə denilən
bir xristian kəndinə getmişdim. Orada kəndin
keşişinə qonaq olduq.
Qədim bir kənd kəlisasi: Kəlisanın
ətrafı haman köylərə qədər
uzanan qələlərlə məhsur: yanı güllük,
giyahlıq. Kəlisa hasarından bir neçə
qədəm aralıq bir çeşmə, çeşmənin
üzərində summəvari bir bina, kəndin qızları
gəlib də bu çeşmədən su aparıyorlar.
Xülasə, olduqca şairanə bir
mənzərə. Aşiqanə macəralar
başlanmasına yarar gözəl bir mövqe. Bunun
üzərində düşündügümüz əsnada
bizə deməsinlərmi ki, bu çeşmə, bu kəlisa əfsanələrin
yadbud etdigi birər yadigarlardır...
Məgərsə Əslinin atası
keşiş bu kəlisada olarmış, məgərsə Kərəm
də Əslini ilk dəfə bu çeşmə
başında görmüş aşıqlamışdır!...
Biz bəlkə də Amerika kəşfi
qədər sevinmiş idik. Haman
qonağımız keşişdən rica etdik, köy
qızlarından birini çeşmədən su götürmək
vəziyyətində bulundurdu. Əksini
aldıq. Böylə şairanə bir mənzərə
daxilində su aparmaqda olan bir köylü qız sevilə bilər.
Fəqət bundan ötrü “vətən”dən
ayrılıb dərbədər düşmək lazım gəlirmi?
Bunu bittəbii bəndən, səndən
degil, Kərəm ilə dəli eşqdən xəbər
almalı.
Böylə bir sualı Məcnunə
vermişlər, cavabında:
“Tu mubin və məcnun bi çeşmu
Tu əbru u işarəthayi əbru”
demişdi.
lll
Üzeyir bəy
arkadaşımızın bu əsəri haqqındakı
mütaliəmizi keçən mövsümdə
oynandığı zaman sərd etmişdik. Bən “Əsli və Kərəm”i mövcud olan
bilcümlə operalara tərcih edərəm. Hətta “Leyli və Məcnun”a da, səbəbi də
bu operanın mövzusu ilə musiqisinə daxil olan türk
ruhi və “türk havası”dır.
“Opera mövsümi” olduqca parlaq bir
surətdə başlandı. Sarabski,
Ağdamski və Tanrıkuluyev cənabları bu gecə birər
mühüm qüvvə olduqlarını təkrar isbat etdilər.
Sarabski binəzir bir aşiqdir. Ağdamski arvadsız səhnəmiz
üçün böyük bir nemətdir. Tanrıkuluyev isə sözün tam mənası ilə
tam bir opera aktyorudur.
Digərləri də vəzifələrini
hüsni-ifa etməklə seçildilər. Hələ Mahmudov cənabları nə qədər
iqtidarlı bir “piri-sənət” olduğunu bu dəfə də
göstərdi.
Xor ilə musiqi dəxi ahəngdar və
müntəzəm idi. Yalnız Sofi rolundaki zat bir az təsirə nöqsan gətiriyordu.
Tamaşaçılar məmnun idilər. Məmnuniyyətlərini
bizzat bəstəkar həzrətlərinə bildirmək
üçün alqışlayaraq onu səhnəyə
çıxartdılar...
M.Ə.Rəsulzadə
“İqbal”, 6 yanvar 1915, ¹832
Xülus – xalislik, saflıq
Mübərra – təmiz
Möhlik – təhlükəli
Mütədavil – tədavüldə olan,
işlənən
Giyah – göy at
Məhsur – asarlanmış
Sovməə – bəlkə, şayəd
Binəzir – misilsiz
Şirməmməd
Hüseynov
525-ci qəzet.- 2011.- 24 sentyabr.- S.26-27.