Azərbaycan
şairinin Şiraz sevdası
(Çingiz
Əlioğluna açıq məktub)
Əziz dost!
Milli nəsrimizin və
poeziyamızın əsasən, ən maraqlı nümunələrini
dərc etməklə çağdaş ədəbiyyatımızın
inkişafına sədaqətlə xidmət edən və
geniş oxucu ordusu toplaya bilmiş doğma “525-ci qəzet”də
sənin (“sizin” kəlməsində bir az rəsmiyyət olduğundan “sənin” sözünə üstünlük
verdim...) əsl bəy ədası ilə, şövqlə
yazdığın “Şiraz şeirləri” silsiləsini
açığını deyim ki, heyranlıqla oxudum. Ruhum təzələndi, nəfəsim genişləndi,
poetik duyğuların qanadlarında uçub getdim qədim
Şiraza – şairlər, memarlar, filosoflar beşiyi,
nağıllı, əfsanəli bir diyara, böyük Hafizin,
Sədinin, Qütbəddin və Sədrəddin Şirazilərin
vətəninə, əhsən sənə, dostum!
“525-ci”lərə də əhsən
düşür, iki səhifədə az qala bir kitab şeirlə
bir şənbə günü (17 sentyabr 2011-ci ilin) bizi
sevindiriblər, necə deyərlər, zövqümüzü
oxşayıblar.
Kiçik
bir haşiyə.
Bu, fikirlər
mənim şəxsi qənaətimdir. “Şiraz
şeirləri” kiminsə zövqüncə deyilsə, qəti
dəxli yoxdur. Zövq onundur, özü bilər...
Şeirlərin düzümü də lap elə
muncuğu xatırladır və ya kiçik çəmən
arxına oxşayır – həmahəng, həzin axarı
çör-çöpsüz, tər-təmiz... Poetik
janrımızın al-əlvanlığı da öz yerində.
“Ey könül aşinam” şeirinin musiqisi,
dilin şirinliyi, sözlərin üzük qaşı kimi
düzülüşü məni tutdu:
“Ey
könül aşinam, hansı arşınla,
De,
biçim şəninə hüsnü-libası.
Bir Həvva
şövqilə çıxdın qarşıma,
Göylərin
yerdəki ey məhluqəsi”.
Nə
gözəl! Nə rəvan! Nə cilvəli misralar!
Şiraz
gözəlinə xitabən yazılmış zərif,
kövrək misralardan süzülüb gələn xiffət
hissi necə də təbiidir, inandırıcıdır, təsirlidir:
Susduq hər
ikimiz, gözlər danışdı,
Süzdün
mən fərsizi incik baxışla.
Gözünə
baxanda gözüm qamaşdı,
Bu da bir zəiflik,
Neynim
bağışla...
Olmaz! Qanun
var, adət var, arada dağ boyda qadağalar durur... Amma gözələ
şeir yazmaq olar, savab işdir, şeirlə təsəlli
tapa bilərsən, özünü ovundurmağa
çalışarsan, şair qardaşım Çingiz Əlioğlu!
Birbaşa
Şiraza ünvanlanmış şeirlərdəki zərif
çalarlar bir başqa aləmdi.
Sən səmimi
bir istəklə Şiraza üz tutursan:
Nə
gözəl avazdı səndəki avaz,
Eşqinə
bu könül eylədi pərvaz.
Sənə
bu can-nəzir,
gözlərim –niyaz
Ey
könül fatehi, qəlbdə gəz, Şiraz!
Sən
Şirazın yolunda canını nəzir verirsən, gözlərini
niyaz (bəxşiş) eyləyirsən və bu fikirlərin səmimiyyətinə
şübhə qalmır.
2010-cu ilin cənnət
may ayında yazdığın “İndi Şiraz” şeirini
oxuyanda sənə paxıllığım tutdu,
başıaçıq, ayaqyalın, yüyürə-yüyürə
Arazı keçib dağları, dərələri
aşıb Şiraz – deyib havalanıb uçmaq istəyi
yandırdı məni:
Sərxoşsan
Şirazın şərbət ətrindən,
Nəşələn
nuş edib meyxoş şəhdindən.
Şerinə
nur yağsın göylər çətrindən,
Axşamlar
səmanın qızıl sətrindən.
Alış
şam sayaq, yan, ey şairim, yaz
İndi
Şiraz!
Kövrək bir haşiyə
Uşaqlıq
illərində yay aylarını Şuşa
ilə Laçının arasındakı dağlar, dərələr,
bulaqlar, meşələr qoynunda, Turşsu adlanan yaylaq yerində
keçirərdik, Qarabağın aran ellərinin
camaatının ata-baba yaylağı idi bu cənnət məkan,
Dərəboyu alaçıqlar yan-yana sıralanardı. Bizim
də yurd yerimiz vardı və hər il həmən
yerdə alaçıq qurardıq. (Turşsu
yaylağından, o illərin xatirələrindən minbir
dastan bağlamaq olar, indi zəncirlənmiş, dustaq olmuş
o doğma yaylağımızın ağlar gözləri
yollardadı. Yolumuzu gözləyir...)
... Hə, həmən
yaylağımızın ən axarlı-baxarlı yerində,
yoxuşa qalxan dağ yolunun qatlanıb Qala dərəsinə,
Laçına doğru şütüdüyü
hündür bir yerdə kiçik kənd dükanı,
çayxana, qəssabxana, kababxana vardı və həmən
çayxanada yanaqları dağ Günəşindən
qıpqırmızı olmuş Əmir kişi
çayçılıq edirdi. Hərdən dəstə
bağlayıb üzə yuxarı – onun yanına qalxardıq.
Bizi görən kimi şirin bir ləhcə ilə deyərdi:
– Ə,
ağdamlılar, bərdəlilər, karyaginlilər
(Füzuli rayonunun əvvəlki adı Karyagin olmuşdu) bu
dağlarda çaxır – filan içməyin ey, baxın bu
armudu stəkanlara, için ey bu kəkotulu, gülxətmili
çaydan, dərmandı ey, dərman... Sonra pəsdən
oxuyardı:
– Əgər
məndən olsaydı,
Mən bu
cahana gəlməzdim...
Camaat
deyirdi ki, Əmir kişinin əsli Şirazdandır, əsrin əvvəlində
Qarabağa köç ediblər.
İndi əzizim
Çingiz, sənin Şiraz şeirlərin rəhmətlik Əmir
kişini, Turşsu yaylağımızı, Şuşa
– Laçın yollarını yadıma saldı, kövrəltdi
məni... Elə o bəxtəvər vaxtlarda da
eşitmişdim, deyərdilər ki, Şirazda adamlar bir-birilə
şeirlə salamlaşır, qafiyə ilə
danışırlar, el-camaat şairləşib. Sən
də, “Şirazda soruşdum mən bir aqildən” şerində
bu maraqlı cəhəti yada salmısan:
Şirazda
şairlik deyil sücaət,
Nə
elm, nə də ki, bilikdən gəlir.
Ana sevgisitək
ilhamla qeyrət,
Bu
yurdda insana ilikdən gəlir.
Əziz dost!
Əslində sənin Şiraza həsr etdiyin hər
bir şeirin barədə ayrılıqda fikir söyləmək
mümkündür və inanıram ki, bu şeir silsiləsi ədəbi
tənqidlə məşğul olan qələmdaşlarımızın
diqqətindən kənarda qalmaz, daha sanballı fikirlər,
mülahizələr, qənaətlər söyləməyə
gücləri çatar, məncə. Mən bu
yazını bir dost ərki, təəssüratı kimi
yazdım. Həm də elə fikirlər var ki,
onları bir-iki kəlmə ilə, telefon söhbəti ilə
və ya çay süfrəsində demək bəs etmir,
yazmaq gərəkdir, yazılan qalır. “Şiraz
universitetində görüşdən sonra” şeirin də
orijinaldır. Bir Şiraz gözəli səndən
xahiş edir ki, xatirə olaraq onun kitab – dəftərinə təkcə
qol çəkməklə kifayətlənmə, nəsə
uzun bir cümlə yaz. Qızın adını
soruşuram:
Adını
soruşdum
dedi: “Südabə”
“Yaxın gəl”
söylədim
Bəxtin
gətirib.
Bu adla
tapılmaz sənə bir rəqib
Sanma ki,
çaşıbdır bu qoca hərif
Sadəcə,
evdəki adaşın öyrədib!..
İki
daşın arasında sənə iki nər oğul bəxş
etmiş ömür-gün yoldaşın Südabə
xanıma söz atıb, zarafatlaşmağından da
qalmırsan, Çingiz bəy! “Dostum, nasılsan” şeirində
sən dostluqda, ünsiyyətdə möhkəm olduğuna
işarə vurursan və mən sənin bir qədim dostun kimi
bu fikri təsdiqləyirəm, şahidi olmuşam, dost əlinin
hərarətini hiss etmişəm və düz eyləyib
yazmısan, haqlısan:
“Ağlama,
gözümün yaşını silsən,
Sən rəng
deyil, sən – xalis, əsilsən
Ümiddən
üzülüb, əhddən kəsilsən,
Yapışar
qolundan doğma bir səda”
Dostum,
nasılsan?..
Deyəsən,
şeirlərdən çox danışdım, yox daha bir
şeirinin də yada salıb, bir az da
qısa da olsa başqa mətləblərdən
danışmaq qənaətindəyəm. “Şiraza aparır
yollar” şerində Şuşamızı xatırlamaqla
yaralı yerimizə toxunmusan, doğma yurda canımla, ruhumla
bağlıyam demisən:
Qismətdən
mən necə qaçım, azım ki,
Ulduzlar
yolunu dəyişir bəyəm?
Necə nəğmə
qoşum, necə yazım ki,
Şirazdı
Şuşalı, burda Şirazlı –
Bu iki
Günəşin orbitindəyəm.
Çox sərrast
və yerində demisən bu fikirləri və inanıram ki,
gün gələcək Şirazlı dostlarını
Şuşada özün qarşılaya biləcəksən!
Son haşiyə
Sənin
poeziya dilin maraqlıdır, çoxdan eşitmədiyimiz, az qala yadırğadığımız
sözlərlə salamlaşdım şeirlərində,
xüsusilə xalq ifadələrini yerli-yerində işlətməyi
bacara bilibsən.
Misal
üçün, “Qazanın qaynayıb, yağın
daşanda” misrasını yada sala bilərəm.
“Məhluqə”,
“təşnə”, “dəmyə”, “çömçə” “fərsiz”,
“pilək”, “küləş”, “pişvaz”, “qavzadı”, “xalis”,
“eyzən” “zəqqutun”, “zərrəbin” və s. sözlər
yerində işlənib.
Hə,
“ağzıgöyçək” olmayanlar buyuracaq ki, bu ifadələrin
çoxu ərəbə, farsa aiddir. Mən də durub deyirəm ki, nə olsun
ki, əgər dilimizin lüğət fondundan ərəb, fars sözlərini çıxarıb atsaq,
onda gərək bir-birimizlə laldili danışaq, əl-qolla
anlaşaq...
Qafiyələrin
də cəlbedicidir:
...nökəriyəm
ki, nəkarəyəm ki,
... Tahirlə
Zöhrəyə tay olmayaq biz
... Sonra bu dünyada day olmayaq biz.
Yeri gəlmişkən,
elə müəlliflər tapılır ki, işlədilməsi
xalq arasında məqbul sayılmayan, daha çox qəssabların
dilində işlədilən ifadələri həm də
qafiyə xətrinə şeirə gətirirlər, adam oxuyub xəcalət çəkir.
Sən
dilimizi mükəmməl bilənlərin sırasındasan və
çox təəssüf ki, dilimizi, sözlərin mənasını
yetərincə bilməyən müəlliflər oxucunu
çaş-baş salır. Bu günlərdə Qara dəniz
haqqında quraşdırılmış bir kal şeir məni
məyus etdi. Türkün bayrağına
baxıb çırpınan Qara dənizə
yazığım gəldi. Belə
çıxdı ki, müəllif Qara dəniz, Qarabağ,
Qaradağ, Qara göl... sözlərinin mənasını qəti
bilmir.
Sənə
də gün kimi aydındır ki, “Qara” sözü qədim
türk dilində böyük, nəhəng, geniş, ulu deməkdir.
Əsgərlərin
çoxluğuna, hərbi texnikanın, silah-sursatın
böyük sayda olmasına görə Türkiyədə
quru qoşunlara “kara koşunlar” demirlərmi...
O şəxsin
qənaətindən belə çıxır ki, məşhur
bəstəkarımız Qara Qarayev “Çornıy
Çornıyevdir” (böyük sənətkarın ruhu
qarşısında baş əyirəm, yəni o müəllifə
görə guya “Qara” adı qara rəngin adından
götürülüb.)
Çingiz,
sən Allah məni bağışla, elə fikir var ki, deməsən
olmur. Mən də
bu yazıdan istifadə edib bir az necə
deyərlər, “sol getdim”.
Əziz dost!
Qələminin işığı azalmasın,
yaz, yarat. Sən qədim Şiraza şeirlər
qoşmaqla əslində məşhur sənətkarlar vətəninin
uca adına bir qucaq ətirli şeir
çələngi bağlaya bilibsən.
Qələmin
yorulmasın!
20 sentyabr
2011, Şüvəlan
Ramiz Məmmədzadə
525-ci qəzet.- 2011.- 24
sentyabr.- S.22.