Kamran Nəzirlinin “Şeytan işığı” pyesinin premyerası keçirilib

 

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni teatr mövsümünü tanınmış yazıçı –dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” pyesinin premyerası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Naxçıvan Dövlət Dram Teatrının Baş rejissoru, xalq artisti Kamran Quliyev, səhnə tərtibatçısı, teatrın rejissoru Adil Zeynalov, quruluşçu rəssam Naxçıvan MR əməkdar artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Anşlaqla keçən bu tamaşada əsas rolları aktyorlardan Qızılgül Quliyeva, Sucəddin Mirzəyev, Aynur Əhmədova, Zemfira Nəcəfova, Məqsudə Əliyeva, Niftulla Əsgərov, xalq artisti Qabil Quliyev və başqaları ifa ediblər. Teatrın baş direktoru İslam Həsənov müxbirimizə deyib:

– Güclü tamaşaçı marağına səbəb olan K. Nəzirlinin “Şeytan işığı” tamaşası hələ barışa bilmədiyimiz mənəvi itkilərimiz barədədir. Qarşısıalınmaz itkilərin minimuma endirilməsinə obrazların ümumi və kövrək stixiyalı cəhdi müasir dövrdə komiklikdən daha çox tragizm doğurur. Müstəqillikdən sonrakı qaçılmaz yeni həyat, dəmir örtüklərin götürülməsi ilə xaricilərin ölkəmizə çoxsaylı gəlişi, bizim insanların başqa dövlətlərə axını, dünya ilə daha çox inteqrasiya, ünsiyyət və s. vərdiş olunmuş və olunmamış həyat tərzlərini qarşı-qarşıya qoyur. Əsərin mövzusu və məzmunu elə bu günkü müasir həyatımızda baş verən hadisələrdən götürülərək, müqəddəs ailə dəyərlərinin milli-mənəvi-əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda Azərbaycan vətəndaşlarının mübarizəsini dramatik şəkildə ortaya qoyur. Con və Fira müxtəlif dünyaları təmsil edirlər. Əsas məsələ bu dünyaların hansının yaxşı və ya pis olmasında deyil, fərqlərin mövcudluğunda və bu fərqlərin dünyəvi görüşə, psixologiyaya, adət-ənənəyə, bir sözlə, ənənəvi həyat tərzinə təsir göstərməsindədir. Əsərdə xarici vətəndaşların, Azərbaycanla işbirliyi quran müxtəlif millətlərin nümayəndələrinin obrazları maraqlı çalarlarla yadda qalır. Qərb dünyasının dəyərləri ruhunda böyümüş insanların Azərbaycan vətəndaşları ilə qarşılıqlı əlaqələri, münasibətləri və bundan doğan birgə iddiaları və mənəvi tələbatları incə dialoq və monoloqlarda əksini tapıb.

Teatrımız istedadlı rejissor, xalq artisti K. Quliyevin quruluş verdiyi “Şeytan işığı” tamaşasını ölkənin digər şəhərlərində də nümayiş etdirmək niyyətindədir.

Pyesin müəllifinə gəlincə isə Kamran Nəzirli müasir Azərbaycan ədəbiyyatında bir çox povest və hekayələr müəllifi, habelə dünya ədəbiyyatının klassiklərinin nümunələrini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçi kimi tanınıb. Onun bir çox hekayələri xarici ölkələrdə nəşr olunan almanax və jurnallarda dərc edilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 27 sentyabr.- S.7.