Mətbuat ilk növbədə dil hadisəsidir
Azərbaycan
Mətbuat Şurası fəaliyyətə
başladığı ilk gündən mətbuatımızın
bir çox problemləri ilə yanaşı kütləvi
informasiya vasitələrinin dil məsələlərinə də
xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, qurumun daimi fəaliyyət
göstərən struktur vahidlərindən biri də Dil
Komissiyasıdır. Komissiya mütəmadi olaraq keçirdiyi
tədbirlərdə diqqəti bu sahədə müşahidə
olunan qüsurlara yönəldərək onların aradan
qaldırılmasının vacibliyini qeyd edir. Xüsusi olaraq
vurğulanır ki, dil pozuntularının aradan
qaldırılması mətbuatımızın peşəkarlıq
səviyyəsinin yüksəldilməsi üçün ən
vacib məsələlərdən biridir.
Mətbuat
Şurasının kütləvi informasiya vasitələrində
ədəbi dil normalarının pozulması hallarının
müəyyənləşdirilməsinə dair son bir neçə
ayda apardığı monitorinq bu istiqamətdə
görülən işlərin ən əhatəlisi
olmuşdur. Monitorinqin proqramına əsasən, mətbuat səhifələrində
müasir Azərbaycan ədəbi dilinin müxtəlif
yaruslarına aid dil pozuntularının qeydə alınması
üçün qəzet materialları beş istiqamət
üzrə – leksik, morfoloji, sintaktik, üslubi və texnoloji (qəzetçilik
peşəkarlığı) parametrlər baxımından təhlilə
cəlb edilmişdir.
Müşahidə
olunan pozuntu faktları Mətbuat Şurasının
hazırladığı xüsusi hesabatda ümumiləşdirilmişdir.
İndi qarşıda duran əsas vəzifə mətbuatda yol
verilən dil pozuntularının azaldılması və aradan
qaldırılması üçün dilçi mütəxəssis
və jurnalistlərin iştirakı ilə müvafiq
tövsiyələrin işlənib hazırlanmasıdır.
Bu günlərdə
bütün xalqımız Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edir. Bu
illər ərzində dövlət quruculuğu sahəsində
əldə etdiyimiz ən mühüm uğurlardan biri də
ana dilimizin dövlət dili statusu qazanmasıdır. Dövlət
dili statusu hər bir müstəqil dövlətin əsas
atributlarından biri olmaqla yanaşı, həm də hər
bir dilin inkişaf tarixində yeni, çox mühüm bir mərhələnin
başlanması deməkdir. Dilə bu yüksək statusu verməklə
dövlət öz üzərinə onun qorunması,
inkişaf etdirilməsi və işləkliyinin təmin
olunmasının təminatçısı vəzifəsini
götürmüş olur. Azərbaycan dilinin müstəqil
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
edilmiş Konstitusiyasında təsbit olunmuş Dövlət
dili statusu simvolik yox, dövlətçilik tariximizdə ilk dəfə
olaraq tam əməli xarakter daşıyır. Əsas qanunun qəbulundan
ötən illər ərzində bu məsələnin
ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə
qayıdılması, ana dilimizin yüksək statusunun təminatı
və tətbiqinin təkmilləşdirilməsi ilə
bağlı neçə-neçə qanun, fərman və sərəncamların
verilməsi dövlətimizin bu məsələyə nə qədər
böyük önəm verdiyini sübut edir.
Respublikamızın
əhalisinin böyük əksəriyyəti tərəfindən
tam razılıqla qarşılanan bu sənədlər
dövlət dilimizin rəsmi statusunun həyatımızın
bütün sahələrində qeyd-şərtsiz təmin
olunmasını, tədrisinin və öyrənilməsinin
yaxşılaşdırılmasını, işləkliyinin
genişləndirilməsini və təmizliyinin
qorunmasını nəzərdə tutur. Bu sənədlər
Dövlət dilinə məhz dövlətçilik atributu
kimi yanaşmanın, ən yüksək səviyyədə
diqqət və qayğının bariz nümunəsidir.
Həmin sənədlərdən
ən mühümünün – “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Qanunun bəzi müddəalarını
yada salaq:
– Dövlət
dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur;
– Azərbaycan
Respublikası dövlət dilinin işlədilməsini,
qorunmasını və inkişafını təmin edir;
– Dövlət
dilinin saflığının qorunması, dilçilik elminin
nəzəriyyəsi və praktikasının inkişafı
üçün müvafiq şəraitin yaradılması və
tədbirlərin həyata keçirilməsi dövlətin əsas
vəzifələrindəndir;
– Azərbaycan
Respublikası ərazisindəki bütün kütləvi
informasiya vasitələri (mətbuat, televiziya, radio və s.)
kitab nəşri və digər nəşriyyat işi ilə
məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər;
– Bu qanunu
pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
Göründüyü
kimi, dil normalarının pozulması, sadəcə olaraq,
linqvistik qaydaların yox, həm də dövlət qanununun
pozulmasıdır və ona saymazyana yanaşanlar yalnız
ictimai rəy qarşısında deyil, həm də qanunvericilik
normaları qarşısında məsuliyyət
daşımalıdırlar. Qanuna hörmətlə
yanaşmaq isə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun ən mühüm amillərindən
biridir.
Artıq on
ilə yaxındır ki, ölkəmiz “Dövlət dili
haqqında” Qanunun qüvvədə olduğu bir şəraitdə
yaşayır. Gündəlik həyatımızda qanunun qeyd
olunan maddələrinin hər birinin tez-tez pozulması
halları ilə üzləşirik. Ancaq sonuncu maddənin tətbiqini,
yəni dövlət dilinin işlədilməsi
qaydalarının pozulmasına görə kiminsə məsuliyyət
daşıdığını, hansı qaydada isə cəzalandırıldığını
indiyəcən görən olmayıb. Bu qanuna əməl
edilməsinin qəti şəkildə tələb olunması
vaxtı çoxdan çatmışdır. Məsələn,
analoji qanunu Avropada ilk dəfə tətbiq etmiş Fransada
fransız dilinin pozulmasına görə böyük məbləğdə
cərimə nəzərdə tutulur. Və bu qanun işləyir!
Bizdə də ictimaiyyəti dil haqqında qanuna əməl
edilməsinin zəruriliyi yönündə hazırlamaq, dil
pozuntularının şüurlarda qanun pozuntusu kimi dərk
olunmasına, qiymətləndirilməsinə nail olmaq
lazımdır. Bu münasibət ölkəmizdə vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğunun təbii
faktoruna çevrilməlidir.
Bu mənada
Mətbuat Şurasının Azərbaycan dilinin qorunması məsələsinə
getdikcə daha artıq diqqət yetirməsi təbii və
anlaşılandır.
lll
Mətbuatın
dil problemlərindən geniş bəhs etməzdən əvvəl
son vaxtlar mətbuat barədə diskussiyalarda aktuallıq
qazanan bir məsələyə – “yeni mətbuat”
adlandırılan elektron mətbuatı məsələsinə
də toxunmaq istərdik. Hazırlanma texnologiyası və
informasiyanın çatdırılma vasitələrindəki
prinsipial fərqlərə baxmayaraq, mahiyyətcə çap
mətbuatı kimi, elektron mətbuatı da dil
materialıdır. Ancaq ifadə tərzində və
üslubda qabarıq fərqlər nəzərə
çarpır. Elektron mətbuatın dili daha sadə, bəzən
hətta SMS səviyyəsində bəsit və primitiv olur. Təəssüflə
qeyd etmək lazım gəlir ki, bir çox hallarda bu cəhət
çap mətbuatının dilinə də təsir göstərərək
onun zənginliyini və rəngarəngliyini azaldır.
Başqa bir ziyanlı təsir isə getdikcə daha çox
kütləviləşən elektron mətbuatından, internet
informasiya mənbələrindən çap mətbuatına
yol tapan köçürmələr, başqa sözlə desək,
plagiat nümunələridir.
Sadəcə,
cümlələri, abzasları yox, bütöv-bütöv xəbərləri,
məqalələri, “nöqtə-vergülünə
toxunmadan” köçürürlər. Çox vaxt heç mənbəni
göstərmədən altına da öz imzalarını
qoyurlar. Beləliklə, eyni material müxtəlif qəzetlərdə
fərqli imzalarla təqdim olunur. Bu halla istənilən qəzetdə
addımbaşı rastlaşmaq mümkündür. Bəzən
hətta köçürmə materialı oxucuya “jurnalist
araşdırması” adı ilə təqdim edənlər də
tapılır
Yeri gəlmişkən,
mətbuat səhifələrində müşahidə olunan
dil pozuntularının xeyli qismi məhz bu materiallara və
informasiya agentliklərinin hazırladığı xəbərlərə
aiddir.
Mətbuat
Şurasının aparılan monitorinqlə bağlı
hazırladığı təlimatda da qeyd olunduğu kimi, bu
yoxlamanın əsas məqsədi “ölkəmizin media
orqanlarının Azərbaycan ədəbi dilinin
normalarının qorunmasına nə dərəcədə
riayət etdiklərini müəyyənləşdirmək,
bununla bağlı meylləri izləmək, qarşıya
çıxan problemləri qruplaşdırmaq, bu məsələlər
barədə ictimaiyyətin məlumatlandırılmasını
təmin etmək” olmuşdur.
lll
Monitorinqin nəticələri
göstərdi ki, mətbuatımızda Azərbaycan ədəbi
dilinin bütün sahələrinə aid çoxlu miqdarda “rəngarəng”
pozuntu nümunələri müşahidə etmək
mümkündür.
Dil
pozuntularından bəhs edərkən həm mütəxəssislər,
həm jurnalistlər, həm də adi adamlar ilk növbədə
və daha çox leksik pozuntu nümunələrini misal gətirirlər.
Etiraf etmək lazımdır ki, leksik təbəqə dilin
pozuntuya ən tez və ən çox məruz qalan sahəsidir.
Bununla belə, leksik pozuntuların aradan qaldırılması
da böyük çətinlik törətmir. Dilin
daşıyıcıları, sanki “razılığa gəlirlər
ki, filan sözü işlətməyək – işlətmirlər”
və bununla da problem aradan qalxır.
Son onilliklərdə
cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə
bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin
daxil olması təbii və qanunauyğun haldır. Bundan
narahat olmağa əsas yoxdur. Əvvəla, bu sözlərin
çoxuna dilimizin təbii ehtiyacı var. Həm də bu
sözlərin böyük əksəriyyəti
dünyanın, demək olar ki, bütün dillərində
işlənən beynəlmiləl sözlərdir. Bununla belə,
son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə
işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac
duyulmadan onların əcnəbi
qarşılığının nitqimizə nüfuz etməsinin
də şahidi oluruq.
Mağaza,
yaxud dükan əvəzinə – market, təbliğat əvəzinə
– piar, marka əvəzinə – brend, qapıçı əvəzinə
– qolkiper, hakim əvəzinə – referi, birgə əvəzinə
– bahəm sözlərini işlətməyə zəruri
ehtiyac varmı?
Müasir
dünyanın reallıqlarına uyğun olaraq, dilimizə təzə
keçən alınma sözlərin çoxu ingilis mənşəlidir.
Ancaq son vaxtlar qəzet səhifələrində dil
qanunlarına sığmayan bir hal da müşahidə olunur.
İngilis mənşəli nəinki yeni, hətta köhnə
sözləri də ingilis transkripsiyası ilə yazmağa
başlayıblar (şifahi nitqdə isə buna müvafiq
olaraq, həmin sözləri ingilis, daha dəqiqi, amerikan ləhcəsi
ilə tələffüz edirlər). İngilis dilini bilməyən,
onun hərf birləşmələrindən xəbərsiz
olan azərbaycanlı oxucu bu mətnlərin
qarşısında çaş-baş qalır. Bu hal ən
çox xüsusi isimlərin yazılışına aiddir. Məsələn:
“Bakıya uzaq məsafəyə uça bilən “Boeing” təyyarəsi
gətirildi”, “New-York Times” qəzeti bu çıxışa sərt
reaksiya verdi”, “ABŞ-ın ilk prezidenti Corc Woshingtonun abidəsi
önünə əklil qoyuldu”.
Yeri gəlmişkən,
ölkəmiz paytaxtımızda keçiriləcək Avropa
mahnı yarışmasına çox ciddi
hazırlaşdığı bir zamanda Azərbaycan mətbuatı
bu müsabiqənin adının necə yazılması barədə
hələ də vahid rəyə gələ bilmir. Mətbuat
səhifələrində bu adın beş variantda
yazıldığını müşahidə etmişik:
“Avroviziya”, “Yevroviziya”, “Yevrovijn”, “Yevrovizion” və “Eurovision”.
Xüsusi
isimlərin yazılmasından bəhs edərkən bir məsələyə
də münasibət bildirmək istərdik. Son illər mətbuatımız
qədim şəhərimizin adını erməni tərzində
Yerevan yox, haqlı olaraq İrəvan yazır. Lakin türk mənşəli
bir sıra erməni soyadlarını hələ də
dilimizin ənənələrinə uyğun yox, erməni
manerasında yazmaqda davam edirik. Ana dilimizin qaydalarına
hörmət edərək Demirçyan yox – Dəmirçiyan,
Koçaryan yox – Köçəryan, Nalbandyan yox – Nalbəndyan,
Şaxnazarov yox – Şahnəzərov yazmalıyıq. Hətta
erməni köklü Sarkisyan tipli soyadları da öz dilimizə
uyğun Sərkisyan işlətsək, daha düzgün olar.
Mətbuatımızın
dilində ərəb mənşəli ad və soyadların
yazılışı ilə bağlı da bir sistemsizlik
müşahidə olunur. Bu məqamda istifadə olunan “ibn”, “əl”
və “əbu” artikllərinin dilimizdə işlədilməsinin
çoxəsrlik ənənələri var. Lakin, nədənsə,
son illər bu hissəciklərin daha çox “abu”, “al” və
“bin” (hətta “ben”) şəklində işlədildiyinin
şahidi oluruq.
Göstərilən
nümunələr bizə yabançı olan dillərdəndir.
Ancaq adların yazılışı ilə bağlı
yanlışlıqlar qardaş türk dilinə məxsus
xüsusi isimlərin işlədilməsində də
müşahidə olunur. Bizcə, Azərbaycan dilli mətnlərdə
bu adların Kıbrıs, Kaziantep, Çanakkale, Erzurum,
Erzincan, Erdahan, Kars, Fatih Terim, Erdoğan, Demirel, Tatlıses,
Küçük Emrah, Taştelen, Hakan Şükür şəklində
işlədilməsinə heç bir ehtiyac yoxdur.
Dilçilik
elminin qanununa görə, qohum dillərdən bir-birinə
keçən sözlər alınma söz sayılmır.
İlk növbədə ona görə ki, bu sözlərin
böyük əksəriyyətinin kökü ortaqdır.
Ancaq nəzərə almaq lazımdır ki, qohum dillər (və
onları daşıyan xalqlar) nə qədər doğma
olsalar da, hər bir müstəqil dilin öz inkişaf yolu və
formalaşmış ənənələri var.
Son dövrdə
Türkiyə türkcəsindən dilimizə keçmiş
çoxlu miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən,
dilimizin ehtiyacını ödəyən “qurum”, “yetərsay”,
“örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”,
“öndər”, “dəstəkləmək”, “açıqlamaq”,
“önəmli”, “özəl” kimi sözlər vardır (Hərçənd,
zənnimizcə, “özəl” sözünün iki fərqli mənada
– həm mülkiyyət forması bildirən
“çastnıy”, həm də keyfiyyət bildirən
“osobıy”, “spesialnıy” mənalarında işlədilməsi
səhvdir. İkinci mənada “xüsusi” sözünü
saxlamaq yaxşı olardı).
Bununla belə,
Azərbaycan və Türkiyə türkcələri adicə
ləhcələr yox, tarixi təkamül prosesində eyni
kökdən ayrılaraq formalaşmış müstəqil
dillərdir. Onlar son dərəcə yaxın və doğma
olsalar da, aralarında fonetikadan tutmuş sintaksisə qədər
bütün səviyyələrdə prinsipial fərqlər
mövcuddur. Buna görə də öz dilimizdə əsrlər
boyu işlədilən qarşılığı ola-ola
yaxın, bəzən hətta eyni köklü digər bir kəlmənin
türk dilindən alınaraq işlədilməsi dilimizin
özünəməxsusluğuna xələl gətirir. Məsələn,
yerinə düşdü-düşmədi hər yerdə
yazıçı əvəzinə – yazar, duyğu əvəzinə
– duyum, maraqlı əvəzinə – ilginc, cavabdeh əvəzinə
– sorumlu, yozmaq əvəzinə – yorumlamaq, tüstü əvəzinə
– duman, kökəlmək əvəzinə – kilo almaq,
arıqlamaq əvəzinə – kilo vermək, sual əvəzinə
– soru, sevimli tamaşaçılar əvəzinə – sevgili
seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə
– görüntüləmək, bölüşmək əvəzinə
– paylaşmaq işlətməyə nə ehtiyac var?!
Türk
dilindən bu sayaq yersiz “mənimsəmələr”, təəssüf
ki, yalnız leksik yox, sintaktik səviyyədə də
müşahidə olunur. Müxtəlif mətbuat vasitələrinin
dilində bu tipli cümlələrə rast gəlinir:
“Sonda baş
bakan meydana toplaşanlara yeni təkliflə səsləndi.”
“Mən
sizinlə bu mövzunu dartışmaq istəmirəm.”
“İlk təhlükəli
hücum “Neftçi” komandasından gəldi.”
“Mən
Bakıya ikinci dəfə gəldiyimdə şəhəri
tanıya bilmədim.”
“Qarabağ”
Azərbaycan futbolu adına böyük bir qəhrəmanlıq
yaşadı.”
“Rusiyanın
cənubunda havanın hərarəti iqlim normalarının bir
xeyli üzərindədir.”
“Maraqlı,
amma çox maraqlı bir kitabdır.”
“Dramaturgiyanın
inkişafını söz konusu etmək özü də
dartışılacaq bir şey kimi görünür.”
“Kaş belə
bir konserti Cıdır düzündə keçirsəydik.”
“Bu mövzu
türk dövlətləri başçılarının
gündəminə danışacaq.”
“Şahmatçımız
bu oyunu qazana bilsə, final mərhələsində
çıxış edəcək.”
“Səfir sadə
şəkərlə yetinməli olur.”
Bu cümlələrdə
dilimizin lüğət tərkibinə daxil olmamış kəlmələrin
məqamına uyğun olmadan işlədilməsindən əlavə,
dilimizin bir sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn,
arzu məzmunlu cümlənin xəbəri felin şərt
şəklində işlədilir, felin təsriflənməyən
forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq,
tərifləndirilərək işlədilir, ədatla
bağlayıcı səhv salınır və s.
Mətbuatımızın
dilində alınma sözlərlə bağlı pozuntulara təkcə
yeni yox, dilimizdə çoxdan yer tutmuş sözlərin
işlədilməsində də təsadüf olunur. Məsələn,
“xəfiyyə” sözü bir çox hallarda tamam əks
anlamda, yəni “casus” mənasında işlədilir. “Ərəfəsində”
sözü yanlış olaraq “ərzində”, “əsnasında”
mənalarında istifadə olunur. “rəğmən”
sözü də bir çox hallarda semantikasına tamam zidd mənada
işlədilir.
lll
Mətbuatımızda
müşahidə olunan leksik pozuntuların bir qismi dilimizdə
yeni sözlərin (neologizmlərin) yaradılması və
işlədilməsi ilə bağlıdır. Lüğət
tərkibində xüsusi yer tutan neologizmlər qrupu həm
alınma sözlər hesabına, həm də dilin öz
potensialı hesabına formalaşır. Dilimizin öz
materialı əsasında meydana gələn neologizmlərin
yaranması və işlədilməsi bir sıra linqvistik və
üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi
bir nümunə əsasında izah etməyə
çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində
“narahat” əvəzinə “rahatsız” sözü işlədilir.
Zahirən hər şey gözəldir – dilimizdə yer
tutmuş fars mənşəli söz doğma türk
sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var
ki, bəzən dil üçün əcnəbi sözü
alıb işlətmək doğma, lakin onun qanunlarına zidd
olaraq formalaşmış yeni sözü işlətməkdən
daha rahat olur. Məsələ burasındadır ki, söz
yaradıcılığının mühüm elementi olan hər
bir leksik şəkilçi dilin min illik təkamülü
prosesində formalaşıb başa gəlir. Nəzərdən
keçirdiyimiz nümunədə isə dilimizin qaydalarına
zidd olan incə bir məqam var – şəkilçi sözə
öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona görə
də bu düzəltmə sözün dilimizin lüğət
tərkibində yer tutub işləklik qazanacağı
problemli görünür.
Deyə bilərlər,
“nahaq” əvəzinə “haqsız” işlənə bildiyi
halda nə üçün “narahat” əvəzinə
“rahatsız” işlənməsin? Məsələ
burasındadır ki, “-sız” şəkilçisi isimdən
sifət düzəldən şəkilçidir. Məlum
olduğu kimi, onunla antonim xarakterli “-lı” şəkilçisi
də var. Onların vasitəsilə yaradılan sifətlər
bir-birinə zidd məna daşıyır. Məsələn,
dadlı – dadsız, ağıllı – ağılsız,
yaraşıqlı – yaraşıqsız, yağmurlu –
yağmursuz və s. Baxdığımız misalda isə
“-sız” şəkilçisi isimə yox, sifətə
qoşulub, halbuki, dilimizdə sifətdən sifət düzəldən
belə bir şəkilçi yoxdur. “Rahatsız” sözü
olsa, onda gərək “rahatlı” sözü də ola
(“Haqlı” və “haqsız” sözləri kimi).
Dilin daxili
potensialı hesabına yaradılan yeni sözlərin həmin
dilin qayda-qanunlarına uyğun olması ilə bağlı
fikirlərin təsdiqi baxımından “çimərlik”
sözünün taleyi ibrətamiz sayıla bilər.
Fransız mənşəli
beynəlmiləl “plyaj” sözünün
qarşılığı kimi təxminən 60 il əvvəl
dilimizin bilicisi və təəssübkeşi xalq şairi Rəsul
Rza tərəfindən yaradılmış bu söz zahirən
tərtəmiz Azərbaycan sözü idi. Kökü də,
şəkilçisi də özümüzün idi.
Sözü yaradan “-lıq” leksik şəkilçisi məkan
məzmunlu isimlərin düzəldilməsində fəal
iştirak edir. Məsələn, “çəmənlik”,
“ağaclıq”, “yaşıllıq” və s. Ancaq “çimərlik”
sözü yarandığı gündən bəri
bütün kütləvi informasiya vasitələrinin dilində,
dərslik və kitablarda işlədilsə də, canlı
ümumxalq danışıq dilində “plyaj” sözünü
sıxışdırıb işləklik qazana bilmədi.
Canlı ünsiyyət zamanı xalqın əksəriyyəti
bu gün də “plyaj” sözünü işlətməyə
üstünlük verir. Bunun səbəbi nədir, niyə dil
fonetikamıza və tələffüzümüzə
yabançı olan əcnəbi sözü işlətməyi
öz “doğma” sözümüzdən üstün tutur? Məsələ
burasındadır ki, məkan mənalı isim düzəldən
“-lıq” şəkilçisi adlara (isimlərə və sifətlərə)
artırılmalıdır, burada isə həmin şəkilçi
felə qoşulub. Bununla da dilin ilk baxışda, demək olar
ki, nəzərə çarpmayan incə bir qaydası pozulub.
Bu da sözün sonrakı uğursuz taleyini müəyyən
edib.
Halbuki, dilimizdə
analoji semantikaya və daha düzgün tərkibə malik
“düşərgə” sözü var. Eynilə “çimərlik”
sözündə olduğu kimi, burada da əvvəlcə fel
kökünə qeyri-qəti gələcək zaman şəkilçisi,
sonra isə leksik şəkilçi artırılıb:
“Çim-ər-lik” – “düş-ər-gə”. Lakin birinci
sözdən fərqli olaraq, ikincidə leksik şəkilçi
dilin qaydalarına uyğun seçilib və söz heç
bir problemsiz işləklik qazanıb. Güman ki, analoji qayda ilə
“çimərlik” yox, “çimərgə” sözü
yaradılsaydı, o da leksikonumuza asanlıqla daxil olardı. Bu
gün dilimizdə yeni söz yaratmağa cəhd edənlər
mütləq belə incə mətləbləri nəzərə
almalıdırlar. Məsələn, “olay” sözündəki
“-ay”, “duyğusal” sözündəki “-sal”, “sayın”
sözündəki “-ın”, “Qafqaziya” sözündəki “-ya”
nə şəkilçilərdir, belə?
lll
Əvvəldə
qeyd etdiyimiz kimi, leksik pozuntular dildə tez-tez baş verən,
eyni zamanda nisbətən asanlıqla aradan qaldırıla bilən
bir hadisədir. Dilin varlığı üçün daha
ciddi təhlükə törədən və düzəldilməsi
çox çətin olan fəsadlar isə qrammatik, ilk
növbədə morfoloji pozuntularla bağlıdır. Bunlar
dilin daxili sisteminə çətinliklə, tədricən
nüfuz edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr
vura bilirlər. Bu da təsadüfi deyil, çünki dilin
mahiyyətini onun leksik tərkibi deyil, qrammatik sistemi müəyyən
edir. Məsələn, Füzulinin –
Aşiyani-mürği-dil
zülfi-pərişanındadır –
misrasında
azərbaycanca bircə kəlmə də yoxdur. Burada Azərbaycan
dilinə məxsus cəmi üç şəkilçi var:
mənsubiyyət – “ın”, yerlik hal – “da” və xəbərlik
– “dır” şəkilçiləri. Amma həmin üç
şəkilçinin sayəsində bu misra azərbaycancadır.
Dildə
morfoloji kateqoriyalar nitq hissələri üzrə
qruplaşdırılır. Mətbuatın dili üzərində
aparılan monitorinq göstərdi ki, morfoloji pozuntuları da həmin
prinsip üzrə ümumiləşdirmək daha səmərəli
nəticələr çıxarmağa imkan verir.
Dilimizdəki
nitq hissələri içərisində həm leksik məna
rəngarəngliyinə, həm də qrammatik kateqoriyaların
zənginliyinə görə isimlər xüsusi seçilir.
Monitorinq zamanı mətbuatımızın dilində
aşkar edilmiş pozuntuların da xeyli qismi isimlərin
işlədilməsi ilə bağlıdır.
Azərbaycan
dilində bütün isimlər cəm şəkilçisi qəbul
edə bilirlər. Ancaq elə isimlər var ki, nitq zamanı
onların cəmdə işlədilməsi elə də asan
olmur. Bu, ilk növbədə xüsusi isimlərə aiddir. Bəzi
başqa dillərdən (məsələn, rus dilindən) fərqli
olaraq dilimizdə daimi olaraq yalnız cəm formada işlənən
isimlər yoxdur. Və bu hal ümumiyyətlə türk dillərinin
qrammatik sistemi üçün səciyyəvidir. Təəssüf
ki, Türkiyə türkcəsində həmin ümumi
qaydanın pozulması hallarına çox təsadüf edilir
və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının
dilində də müşahidə olunmağa başlayıb.
Söhbət bəzi coğrafi adların yanlış olaraq cəm
formada işlədilməsindən gedir. Məsələn,
Altaylar, Qafqazlar, Balkanlar və s. Bizcə, bu, həmin sözləri
yalnız cəmdə işlədən slavyan dillərinin
türk dilinə lüzumsuz təsirinin nəticəsidir. Təbii
olaraq sual meydana çıxır: O halda nə
üçün Pamirlər, Abşeronlar, Anadolular,
Skandinaviyalar, Kiprlər və s. işlədilməsin?! Tutaq
ki, Qafqaz sözünü cəmdə işlətmək
üslub və ifadə baxımından dilimizə nə kimi əlavə
imkanlar verir?
Xüsusi
isimlərlə bağlı nəzərə çarpan
pozuntulardan biri də şəxs adlarına qoşulan xan, bəy,
mirzə, ağa kimi titulların işlədilməsi ilə
bağlıdır. Bəzən həmin titulları səhv
olaraq adlara bitişik yazırlar. Titul bildirən həmin
sözlər adlara bitişik yazılanda mürəkkəb
antroponim yaradır, ayrı yazılanda isə tamam başqa
funksiya daşıyaraq məhz titul bildirirlər. Məsələn,
Həsən bəy Zərdabi ilə Yusif Həsənbəy,
Mirzə Fətəli ilə Mirzəbala Məmmədzadə,
Məhəmməd ağa Şahtaxtlı ilə Əliağa
Vahid, Şah İsmayıl Xətai ilə Şahmərdan Xəlilov,
Fətəli xan Qubalı ilə Qardaşxan Əzizxanlı
adları tamam başqa-başqa dil hadisələridir. Buna
görə də qəzetlərimizin dilində rast gəlinən
–
“Üzeyirbəyin
“Arşın malalan” komediyası yenidən tamaşaya qoyuldu,
Yaxud
“Tamaşaçılar
“Cavadxan” filmini maraqla qarşıladılar.” –
tipli cümlələr
pozuntu kimi qiymətləndirilməlidir. Bu baxımdan ən
çox ziyan görən görkəmli Azərbaycan sərkərdəsi
Əli ağa Şıxlınskinin adıdır. Bu ad demək
olar ki, hər yerdə səhv olaraq Əlağa
Şıxlinski kimi yazılır.
Dilimizin
morfoloji qanununa görə, mənsubiyyət şəkilçili
sözlər hallanarkən onlara bitişdirici samit olaraq “n”
samiti qoşulur: “Axşam üstü maşınımız
Meşəli kəndinə çatdı.” “Oyundan sonra topu
qonşumuzun oğluna verdim.” Lakin həmin şəkilçilər
öz üzərlərinə leksik funksiya götürüb
düzəltmə söz əmələ gətirəndə
saitlə bitən adi sözlər kimi hallanmalı,
bitişdirici samit olaraq “y” samitini qəbul etməlidirlər. Yəni
həmin sözləri mətbuat səhifələrində
rast gəldiyimiz – “Həmsədrlər məsləhətləşmələri
davam etdirmək üçün Xankəndinə yola
düşdülər”, “Sonra söz ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğluna verildi”
cümlələrində olduğu kimi işlətmək səhvdir.
Düzgün variant olaraq “Xankəndiyə” və
“Bülbüloğluya” yazılmalıdır. Necə ki,
analoji olaraq – “Bu qəzəl Həsənoğluya məxsusdur”,
“Sonra Nigar xanım üzünü Koroğluya tutdu” – kimi
işlədirik.
Dilimizdə
“-lı” şəkilçisi ilə düzələn
çoxlu miqdarda toponim – rayon, kənd adı var:
Yardımlı, İsmayıllı, Əhmədli, Mirzəbəyli
və s. Həmin yaşayış məskənlərinin
sakinlərini bildirmək lazım gələndə sözə
mütləq ikinci “-lı” şəkilçisi
artırılmalıdır. Şifahi nitqdə şəkilçinin
birini ixtisara salmaq, bəlkə də, olar, ancaq yazıda həmin
sözləri bir şəkilçi ilə işlətmək
kobud səhvdir. “İşğal gününü qeyd etmək
üçün Qubadlılar Fəxri Xiyabana
toplaşmışdılar.” –şəklində yazmaq olmaz.
Çünki xiyabana toplaşan Qubadlı rayonları deyil,
Qubadlının adamlarıdır. Buna görə də
mütləq “qubadlılılar” şəklində
yazılmalıdır. Bir “-lı” şəkilçisi ilə
işlədəndə bu cür sözləri yanlış
olaraq böyük hərflə yazmalı oluruq ki, bu da daha bir
səhvin meydana çıxmasına səbəb olur.
Hər bir
dilin lüğət tərkibində mütəxəssislərin
“ilkin sözlər” adlandırdığı söz qrupu olur.
Buraya dilin yaranmasının ilkin mərhələsində
meydana gələn, həyat və ünsiyyət
üçün ən zəruri olan isimlər, əvəzliklər,
saylar, fellər, sifətlər və s. daxildir. Adətən
heç bir dildə bu anlayışlar alınma sözlərlə
ifadə olunmur və çox zaman qohum dillərlə ortaq
olur. Bu cür ilkin zəruri isimlər sırasına bədən
üzvlərinin adları da daxildir. Hamımız şahidik
ki, hər bir uşaq dil açanda ilk öyrəndiyi və
işlətdiyi sözlər sırasında bədən
üzvlərinin adları da olur. Uşağın dil
açması ilə xalqın dilinin formalaşması isə
yaranma mexanizminə və ardıcıllığına
görə oxşar hadisələrdir.
İlham ABBASOV,
Azərbaycan Mətbuat Şurasının
layihə üzrə monitorinq qrupunun rəhbəri
(Ardı var)
525-ci qəzet.- 27 sentyabr.- S.6.