Yeni mövsümün ilk premyerası – “Məhv olmuş gündəliklər

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 84-cü mövsümün ilk premyerası gerçəkləşib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Tamaşanın tərtibatı da rejissora məxsusdur. Səhnə əsərinin musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşunu Nicat Kazımov verib.

Tamaşada əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Günel Məmmədova, Sərvər Əliyev, Şəbnəm Hüseynova, Rasim Cəfərov, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev, İlham Əsədov, Elşən Çarhanlı, Emin Sevdiməliyev, Eyvaz İbrahimov,Ceyhun Məmmədov canlandırıblar.

İkihissəli psixoloji dram tərtibatı, yeni quruluşaktyor ifası ilə diqqəti cəlb edib. Əsərin süjet xətti hamıya yaxşı məlumdur. Saf məhəbbətin qurbanına çevrilən gənc qızın həyatı ilə yanaşı, onunla birgə öz istəklərinə qovuşa bilməyən insanların yaşamı əsərdə əks olunur. Diqqətlə baxsa, əsərdə hər bir gənc az da olsa özünü görə bilər. Kimsə saf, sadəlövh Fəridə, kimsə guya sevən, həm də aldadan Ədalət, kimsə aldanan Anjel, kimsə özü kasıb, lakin qəlbi olduqca dövlətli Qənimət, sadiq dost Savalan... Tamaşaya gələn insanlar gündəlik qayğıları, düşüncə tərzləri, problemlərinin səhnələşdirilən əsərdə şahidinə çevriliblər. Səhnə əsəri adət etdiyimiz kimi zaldan deyil, elə səhnədən izlənilib. Bu aktyorların tamaşaçılarla daha yaxın olması, onların daxili hiss-həyəcanlarını daha yaxından duymağa şərait yaradıb. Tamaşada bütün hadisələr teatrda, məşq prosesində vaqe olur. Səslənən bütün musiqilərin aktyorlar tərəfindən ifa edilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aktyorlar piano, gitara, tar kimi musiqi alətlərində ifa etməklə yanaşı, səs-səsə verib oxuyublar.

Premyerada İlyas Əfəndiyevin oğlu, Xalq yazıçısı Elçinlə yanaşı, ziyalılar, sənət adamları, media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, əsər hələ 2002-ci ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinin aktyorlarının ifasında hazırlanıb və geniş tamaşaçı marağına səbəb olub. Yaradıcı kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, TaldomDubna şəhərlərində uğurla çıxış edərək Rusiya teatr mütəxəssislərinin və tamaşaçılarının diqqətini çəkib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 27 sentyabr.- S.7.