“Azərbaycanda Turizm
haqqında yeni qanunun
qəbul edilməsi vacibdir”
VAHİD ƏHMƏDOV:
“YENİ QANUNUN REGİONLARDA TURİZMİN
İNKİŞAFINA DAHA GENİŞ ZƏMİN YARADA BİLƏR”
“Turizm Azərbaycanda yeni və əhəmiyyətli
bir sahədir. Xüsusilə də regionlarda turizmin inkişafı
diqqət mərkəzindədir. Ölkə prezidentinin
imzaladığı Tədbirlər Planında da regionlarda
turizmin inkişafı haqqında müəyyən işlərin
görülməsi bir neçə bənddə öz əksini
tapıb. Düşünürəm ki, əvvəlki qanunda nəzərdə
tutulan vəzifələrin bir çoxu artıq həyata keçirilib”.
Bu barədə “525”ə parlamentin İqtisadi siyasət komitəsinin
üzvü, millət vəkili Vahid Əhmədov
açıqlama verib. Onun sözlərinə görə,
dünyada turizmin inkişaf tendensiyası daha operativ və
geniş, yüksək səviyyədə beynəlxalq turizm
bazarına inteqrasiya olunmağı, standartlara uyğun turizm
xidmətini təşkil etməyi, keyfiyyəti
yaxşılaşdırmağı, turizm üçün
insan ehtiyatlarının hazırlanmasının beynəlxalq
şərtlərə uyğunlaşdırılmasını,
ölkənin turizm potensialını daha geniş təbliğini
tələb edir. Ona görə də ölkəmizdə
Turizm haqqında yeni qanunun qəbul edilməsi vacibdir: “Sənəd
Milli Məclisə daxil olduqda biz onunla ətraflı
tanış olub, təkliflərimizi verəcəyik.
Düşünürəm ki, yeni qanunun regionlarda turizmin
inkişafına da zəmin yaradacaq. Regionların sosial-iqtisadi
inkişafı ilə əlaqədar artıq ikinci Dövlət
Proqramı icra olunur. Proqram 2009-2013-cü illəri əhatə
edir. Bu sənəddə hansı regionda nə kimi işlər
görülməsi məsələsi öz əksini
tapıb. Birinci proqram çərçivəsində
çox işlər görülüb. Turizmin inkişaf etdirilməsi
regionun iqtisadi inkişafından çox asılıdır. Həmin
ərazinin elektrik enerjisi ilə, qazla, su ilə təmin edilməsinin,
yollarının təmirinin böyük əhəmiyyəti
var. Ölkə ərazisində yol infrastrukturunun qurulması
haqqında prezidentin bir neçə sərəncamı olub.
Regionların qazla təmin edilməsi ilə əlaqədar
xüsusi proqram qəbul edilib. Hazırda bölgələrimizdə
elektrik enerjisi sarıdan elə bir problem yoxdur, su ilə
bağlı mövcud çətinliklər də aradan
qaldırılmaqdadır. Yəni regionlarda turizm müəssisələrinin
normal fəaliyyət göstərməsi üçün
birinci növbədə bu problemlər tam həll
olunmalıdır ki, bu, yerlərdə iş qurmaq istəyən
sərmayədarları da cəlb etsin”.
Millət vəkili deyib ki, bu gün
ölkənin müxtəlif regionlarında sahibkarlar turizm fəaliyyəti
ilə məşğul olurlar, ayrı-ayrı bölgələrdə
iri layihələr icra olunur. Qusarda qış-yay turizm
kompleksinin inşası, Qubada, Qəbələdə, Şəkidə,
İsmayıllıda, Şamaxıda və digər rayonlarda
istirahət mərkəzlərinin, hotellərin tikilməsini
nümunə kimi göstərmək olar. Onun sözlərinə
görə, regionlarda turizmin inkişafı üçün
ilk şərt infrastruktur layihələrinin həyata
keçirilməsidir ki, bu da həllini tapmaqdadır.
Millət vəkili deyib ki, turizm fəaliyyəti
ilə məşğul olmaq istəyən sahibkarlara kreditlərin
verilməsi ilə bağlı problem yoxdur. Sahibkarlığa
Kömək Milli Fondu son illər bu məsələyə daha
ciddi yanaşır. Sahibkarlar bununla bağlı millət vəkillərinə
də müraciət edirlər, birbaşa fondla da əlaqə
saxlayırlar. Fondun nümayəndələri regionlara gedirlər,
təqdim edilən layihələri araşdırır, kreditləri
paylayırlar. Bu məsələ artıq öz həllini
tapıb. Kreditin alınmasının şərtləri var. Bu
şərtlər də banklarla bağlıdır. Müraciət
edən sahibkarın girovu və ya əmlakı
olmalıdır.
Azərbaycana gəlmək istəyən
əcnəbilərin turizm şirkətləri vasitəsilə
viza almasını asanlaşdırmaq məqsədilə
“Ölkədən getmək, ölkəyə gəlmək və
pasportlar haqqında” qanuna əlavə və dəyişikliklərin
qəbuluna da toxunan V.Əhmədov bildirib ki, vizaların
elektron qaydada rəsmiləşdirilməsi qaydası Azərbaycana
gəlmək istəyən əcnəbilərin rahatlığı
və prosesin şəffaflığı baxımından
mühüm yenilikdir: “Bu istiqamətdə ölkə prezidenti
tərəfindən mütəmadi olaraq, Milli Məclisə
müəyyən sənədlər göndərilir. Təbii
ki, viza ilə bağlı məsələdə ehtiyatlı
olmaq lazımdır. Amma turistlərin rahat viza ala bilməsinə
mümkün qədər şərait
yaradılmalıdır. Çünki bu, ilk növbədə,
ölkəyə gələn turistlərin sayına müsbət
təsir göstərər. Yeni qaydalar tətbiq edildikdən
sonra Azərbaycanın səfirliyi olmayan ölkələrdə
insanlar respublikamıza viza almaq üçün daha
üçüncü ölkəyə getmək məcburiyyətində
qalmayacaqlar. Onun müraciət etdiyi turizm şirkəti rahat
şəkildə elektron yolla viza almaq üçün sənədləri
üçüncü ölkədəki Azərbaycan səfirliyinə
çatdıracaq. Bu isə öz növbəsində ölkəmizə
gələn turistlərin sayına müsbət təsir göstərəcək”.
O ki qaldı Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinin
turizm sektorunun inkişafına təsirinə, millət vəkili
deyib ki, ölkəmizin bu təşkilata üzvlük məsələsi
mütəmadi olaraq müəyyən dairələrdə
müzakirə olunur: “Biz bu problemi həmişə
qaldırırıq. Əlbəttə, Azərbaycan ticarətinin
inkişafı üçün ölkəmizin bu quruma daxil
olması çox vacibdir. Amma buna mane olan bir sıra problemlər
mövcuddur. Bu problemlər həm Xarici İşlər
Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyi tərəfindən
müxtəlif dövlət qurumlarında müzakirə
olunur. Həmin nazirliklərin nümayəndələri ilə
Milli Məclisin İqtisadiyyat komissiyasının üzvlərinin
görüşləri keçirilir. Xarici ölkələrlə
də bu istiqamətdə daima müzakirələr gedir. Elə
etməliyik ki, bu quruma üzvlük bizə ciddi problemlər
yaratmasın, əksinə, iqtisadiyyatımızda mövcud
olan neqativ halların aradan qaldırılmasında kömək
olsun. Bu quruma üzvlük Azərbaycan iqtisadiyyatının, o
cümlədən də turizmin inkişafına təkan verər.
Dünyanın iqtisadi baxımdan ən qüdrətli dövlətlərinin
üzv olduğu bir təşkilatın tədbirlərində
yaxından təmsil olunmağımız bizim həmin dövlətlərlə
iqtisadiyyatın bütün istiqamətləri üzrə əlaqələrimizin
genişlənməsinə səbəb olar”.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 27 sentyabr.- S.5.