İddia ilə qabiliyyət üst-üstə düşəndə...

 

Mən professor Əsgər Zeynalovu lap gənclik illərindən təvazökar, zəhmətkeş, səliqə ilə geyinib gəzən bir tələbə kimi tanıyıram. Əsgər o zamankı M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (APDİ) Avropa dilləri fakültəsinin fransız dili şöbəsində 2-ci kursda oxuyurdu, mən isə Leninqradda german dilləri ixtisası üzrə namizədlik dissertasiyasını yenicə uğurla müdafiə edib Vətənə qayıtmışdım. Həmin institutda alman və fransız dilləri fakültəsində işləməyə başlamışdım. Elə o zamandan Əsgər müəllimlə təmaslarımız intensivləşdi. Çünki mənimlə bir kafedrada çalışan fransız dili mütəxəssislərindən O.Əmirbəyov, K.Dadaşov, S.İsazadə, C.Məmmədquliyev və başqaları tələbə Əsgərin istedadından, möhkəm yaddaşı olmasından, Azərbaycan dilini və ədəbiyyatını mükəmməl bilməsindən tez-tez ağızdolusu danışırdılar. Sonralar bu təmaslarımız kəsildi, mən doktorluq dissertasiyası üzərində işləmək üçün əvvəlcə Moskvaya, sonra isə Berlinə getdim. Bundan sonra mən Əsgər müəllimin həyatında baş verənləri izləyə bilmədim. Ancaq xəbərim var idi ki, o, 1974-cü ildə fransız dil fakültəsini bitirmiş və öz doğma yurdu, qədim türk torpağı olan Zəngibasar rayonunun Yuxar Neçili kəndində şagirdlərə fransız dilini öyrədib. Məlumdur ki, ötən əsrin 80-ci illərinin sonlarında Əsgər müəllimi və onun kimi 250 min Azərbaycan türkünü mənfur ermənilər öz doğma və qədim türk yurd-yuvalarından qovdular. İndi də bu qədər soydaşımız, üstəlik Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuş 750 min insan öz vətənində qaçqın və didərgin kimi yaşayır. Elə o vaxtdan bizim Əsgər müəllimlə ünsiyyətimiz günü-gündən artmağa başladı. Əsgər müəllim öz doğma yurd-yuvasına ürəkdən bağlıdır. Mən dəfələrlə bunun şahidi olmuşam, bunu onun səfər qeydlərini oxuyanda da daim hiss etmişəm.

“Hara gedir bu qatar?”, “Orda bir yurd var, uzaqda” kimi publisistik yazılarını oxuyarkən bir daha əmin olursan ki, Əsgər müəllim vətənində vətənsiz kimi yaşamaq istəmir. Bu yazılar Əsgərin daxili fəryadının səsidir, gələcək nəsillərə ötürmək istədiyi mesajlardır. O, doğma yurdunun hər qarışını, hər daşını belə unutmayıb, heç unuda da bilməz, əksinə hər gecə yuxuda “o yerlərə qayıdır”, ancaq səhər gözünü açınca röyada o yerlərə qayıtdığının fərqində olur, hər gün olduğu kimi acı xatirələrin qanadında olduğunu yəqin edir. Əsgər müəllim 1980-ci ildə EA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına daxil olur, prof. M.Ə.Seyidovun və prof. T.Ə.Əhmədovun rəhbərliyi atında “Azərbaycan bayatıları Qafqaz regionunda” adlı namizədlik dissertasiyasını yazaraq onu 1991-ci ildə uğurla müdafiə edib. 2003-cü ildə isə o “Fransız ədəbiyyatında Şərq mövzuları (Volterin yaradıcılığı üzrə)” doktorluq dissertasiyasını uğurla müdafiə edib və 2005-ci ildən ADU-nun professoru kimi fəaliyyətini davam etdirib. Bunlar Əsgər müəllimin həyatından yarpaqlardır. Əsgər müəllimin yaradıcılığında cəlbedici məqamlardan ən maraqlısı odur ki, o, erməni mənbələrini və qaynaqlarını təhlil edərək dissertasiya yazmış sonuncu Azərbaycan türküdür. Mən dəfələrlə onun erməni dilində necə təmiz danışdığının şahidi olmuşam. İrəvan Əlyazmalar institutunda-Matenadaranda, İrəvan Xalq yaradıcılığı Evində, Ədəbiyyat və İncəsənət muzeyində araşdırmalar apararaq 500-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış, elmi dəlillərlə sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Bunlar onun namizədlik dissertasiyası üçün erməni dilindəki mənbələrdən topladığı dəyərli faktlar idi. Əsgər müəllim doktorluq dissertasiyasında araşdırmaları üçün artıq erməni dilli mənbələri deyil, fransız dilli mənbələri obyekt seçir və fransız mütəfəkkiri Volterin 3 faciəsini, bir romanını və essesini təhlil edərək bu qənaətə gəlir ki, Volter Şərqi dərindən öyrənmiş, Şərq mədəniyyətinə və türk aləminə, zərdüştliyə, Astiq əfsanəsinə, Hindistan reallıqlarına yaxından bələd olmuş, nəticədə Əsgər müəllimin “Avropada mədəniyyət Şərqin təsirilə çiçəklənmişdir” elmi qənaəti onun Şərqşünaslığa layiqli töhfəsi hesab edilə bilər. Yorulmadan çalışan Əsgər müəllimin elmi yaradıcılığı ilə tanışlıq göstərir ki, bir neçə dildə-Azərbaycan, rus, erməni və fransız dillərində sərbəst danışması və bu dillərdəki qaynaqlardan gen-bol istifadə edə bilməsi onu digər tədqiqatçılarımızdan fərqləndirən cəhətlərdəndir. Bu məhsuldar alimin (15 kitabın, 300-dən artıq elmi-publisistik məqalənin, Azərbaycanda Volter və Hüqo haqqında ilk monoqrafiyaların müəllifi) yaradıcılığına Azərbaycan alimlərilə yanaşı Fransa və Türkiyə alimləri də yüksək qiymət verirlər. Təqdirəlayiqdir ki, V.Hüqonun AR-nın prezidentinin sərəncamı ilə latın qrafikası ilə çapdan çıxmış məşhur “Səfillər” əsərinə 25 səhifəlik giriş sözünü, habelə həmin sərəncamla A.Dümanın(ata) çapdan çıxmış “Üç muşketyor” əsərinə ön sözü də (S.Vahabovla birgə) Əsgər müəllim yazmışdır. Respublikamızda fransız ədəbiyyatı ilə ən ardıcıl məşğul olmaqla yanaşı Ə.Zeynalov bir sıra monoqrafiya, esse, məqalə və səfər təəssüratlarını qələmə almışdır. O həmişə yeni söz deməyə çalışır. Özü də onun müraciət etdiyi mövzular olduqca rəngarəngdir, oxucularda ciddi maraq doğurur, onun mövzuya yanaşma tərzi də orijinaldır. Onun bir neçə əsərinin başlığına fikir vermək kifayətdir ki, yaradıcılıq diapazonun nə qədər geniş olduğunun şahidi olasan: “Fransız ədəbiyyatında Şərq”, “İrəvan ziyalıları” (həm də ingilis dilində), “Şərq Volter yaradıcılığında”, “Viktor Hüqo”, “Azərbaycan bayatıları Qafqaz regionunda”, “Altaydan Altaya”, “İllərin yol yoldaşı”, “Dil və ədəbiyyat tədrisinə dair düşüncələr”, “O bir əsr idi...”, “İrəvan məktəbləri” və s. kimi kitablar yuxarıda dediyimizi bir daha sübut edir. Azərbaycanın son illərdə həyatında elə bir hadisə olmamışdır ki, Əsgər müəllim ona biganə qalsın. O “İllərin yol yoldaşı”, “Orda bir yurd var, uzaqda” kitablarında İrəvan xanlığının tarixini, Qərbi Azərbaycandan olan soydaşlarımızın deportasiyası və soyqırımı ilə bağlı mövzuları, 20 Yanvar hadisələrini, Qarabağ dərdimizi ürək ağrısı il qələmə alıb. Bununla Ə.Zeynalov öz vətəndaş mövqeyini ortaya qoyur, ədalətsizliyi, mənfur qonşularımızın qaniçənliyini faktlarla sübut edir. Xalq arasında çox populyar olan “İrəvan ziyalıları” kitabında Əsgər müəllim son 150-200 illik tarixə malik görkəmli Azərbaycan ziyalılarını araşdırıb üzə çıxartmış, onların həyat və fəaliyyətini geniş işıqlandırmışdır. Buraya Mirbabayev, Qaziyev, Erivanski, Topçubaşov, Muğanlinski, İrəvani, Məmmədzadə və s.kimi məşhur azərbaycanlıların nəsli, soykökü aiddir.

Əsgər müəllim İrəvanın qədim və mədəni türk torpağı olmasını faktlarla sübut etməyə nail olmuşdur. Ə.Zeynalovun 10-a qədər məqaləsi İranda, Rusiyada, Türkiyədə nəşr olunmuşdur. Fransanın məşhur “L`Est Republician” qəzetində “Vikor Hüqonun azərbaycanlı mütəxəssisi Dil Vərdişləri Mərkəzində” adlı məqalə ona həsr olunmuşdur (11 avqust 2007). Onun beynəlxalq aləmdə fəallığı ayrıca qeyd olunmalıdır. Belə ki, Əsgər müəllim 2000-ci ildə AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş beynəlxalq konfransda əsas məruzəçilərdən biri olmuş, 2001-ci ildə İrəvanda YUNESKO-nun xəttilə keçirilən “Cənubi Qafqazda təhsil problemi” Beynəlxalq konfransın iştirakçısı, 2005-ci ildə Bakıda keçirilən Tərcümə problemlərilə bağlı Beynəlxalq konfransda bölmə sədri, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin İX qurultayında nümayəndə kimi iştirak etmiş , həmin ilin avqust ayında Fransanın Bözanson şəhərinin F.Konte universitetinin Dil Vərdişləri Mərkəzində təkmilləşmədə olmuşdur, 2009-cu ildə Türkiyənin Qazi universitetində keçirilən Beynəlxalq konfransda geniş məruzə ilə çıxış etmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Ə.Zeynalov 1998-ci ildən ADU –da praktik fransız dili kafedrasının müdiri və 2004-cü ildən ADU Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri və 2006-cı ildən ADU-da doktorluq dissertasiyası şurasının ilk üzvlərindəndir. Ə.Zeynalov bir neçə mükafata və diploma layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan-Avropa araşdırmaları Mərkəzinin diplomlarına, “Vicdanlı qələm” və “Vətən” mükafatına layiq görülmüşdür. Ümumilikdə götürüldükdə Ə.Zeynalov yaxşı tədqiqatçı, ustad müəllim, çox səriştəli tərcüməçi, səmimi dost və qayğıkeş ailə başçısıdır. Mən müxtəlif məclislərdə, konfrans və simpoziumlarda, habelə seminar və mühazirələdə ona qulaq asmışam və bu qənaətə gəlmişəm ki, yalnız güclü mütaliəsi, ardıcıl axtarışları və öz üzərində yorulmadan işləməsi onu bu cür inkişafa gətirib çıxartmışdır. Əsgər müəllim yaddaşı möhkəm olan bir ziyalıdır, o, bir nəfəsə ünlü şairlərimizin şeirlərini deyir, yorulmur, tez mövzunu dəyişir, fransızca şeir deyir, ermənilərin bizdən çırpışdırdıqları mədəni irsin sübutu üçün saysız misallar gətirir, bu dildəki sözlərin çoxusnun türk dillərindən alınma olduğunu təsdiq etməkdən həzz alır. Əsgər müəllim cavanlığında necə sadə və səmimi idisə, indi də elədir, bu cəhətdən heç dəyişməyib, dəyişən onun intellekti, savadı, elmi səviyyəsi və analitik təfəkkürüdür. Əsgər müəllimdə iddia ilə qabiliyyət üst-üstə düşür, ona görə də o, xoşbəxt adamdır.

 

 

Fəxrəddin VEYSƏLLİ,

filologiya elmləri doktoru,

 professor

 

525-ci qəzet.- 2011.- 28 sentyabr.- S.7.