Xanəndə Qoçaq Əsgərov “Debütlərin Birliyinin laureatı olub

 

Rusiyanın paytaxtı Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilən “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Azərbaycanın nümayəndə heyətinin tərkibinə nazirliyin Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin təsviri sənət şöbəsinin müdiri Natiq Səfərov və AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi arxivinin müdiri İdris Əliyev daxil olub. Müstəqil Dövlətlər Birliyinin “Tarix-mədəniyyət ili” çərçivəsində MDB-yə üzv dövlətlərin maddiqeyri-maddi mədəni irsinin qorunması və təbliğ edilməsi sahəsində gənc mütəxəssislər üçün nəzərdə tutulmuş “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin reqlamentinə əsasən seçim “Tədqiqat və kəşf”, “Dirçəlmə və mühafizə” və “Maarifləndirmə və populyarlaşdırma” nominasiyalar üzrə aparılıb. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təmsilçilərindən təşkil edilən münsiflər heyəti hər nominasiya üzrə üç laureat və diplomantları müəyyən etməli idi. Gərgin müzakirələrdən sonra Azərbaycanın gənc xanəndəsi Qoçaq Əsgərov “Debütlərin Birliyi” beynəlxalq müsabiqəsinin laureatı seçilib. Azərbaycanın digər təmsilçiləri Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin rəssam-restavratoru Sultan Sultanov və AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov müsabiqənin diplomantları olub. Qaliblər Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində təltif ediləcəklər.

 

 

525-ci qəzet.- 2011.- 28 sentyabr.- S.7.