Ailə, ailə romanı və Rəfibəylilər nəsli haqqında düşüncələr

 

Ailə nədir? Bəziləri bu sualın cavabında “Cəmiyyətin özəyi” deyəcək və haqlı olacaqlar, bəziləri də “mütəşəkkil sosial qrup” deyəcək, onlar da həqiqətdən uzaq olmayacaqlar. 

Artıq populyar olmayan Engels hesab edirdi ki, müasir cəmiyyətin, eləcə də dövlətin əsasını təşkil edən – nəsil, sinif və bir sıra digər bölgülər, ailəsiz mümkün olmazdı.

Bu fikir, sanki elə bir ədəbiyyatla illüstrasiya olunur ki, orada ailə yalnız insani ehtirasların inikası deyil, həm də zəmanənin güzgüsüdür və onun vasitəsi ilə atalar, babalar keçmiş nəsillərin təcrübəsinə skeptik yanaşan gənclərin ürəyinə yol tapa bilirlər. Hətta ədəbiyyatşünaslar janrlar bölgüsündə “ailə romanı” adlanan janr da müəyyən etmişlər.

Dünya ədəbiyyatı bizə elə nümunələr göstərir ki, orada ailə və ailə klanlarının uydurulmuş hekayətlərinin, millətin inkişafında özünəməxsus dönüş nöqtəsinə və insan düşüncəsinin ən gizli dərinliklərində yerləşən, milli çalarlar daşıyan yaxşılıq və pisliyin əsas mahiyyətinə çevrilməsinin şahidi oluruq.

Amma dəfələrlə müşahidə edilmişdir ki, sırf millilik, adətən daha yaxşı yabançılıqda əks olunur.

German “epik cırtdanlar”ı – Nibelunqlar, rusların Karamazovları və Turbinləri, ingilislərin Forsaytları, almanların Buddenbrokları, fransızların Tiboları, polyakların Poloneskiləri və başqaları rusları fransızlar kimi düşünməyə; amerikalıları ruslar kimi hiss etməyə; fransızları ingilislərin şövqü və fikirləri ilə yaşamağa məcbur edirdilər. Beləliklə, ədəbiyyat ailə romanı vasitəsi ilə fikir və dünyagörüşü mübadiləsinin əsası oldu; irqi, dini, etnik fərqləri aşaraq görünməz, amma möhkəm tellərlə bəşər övladını birləşdirən – insan ruhunun inkişafına qeyri-adi, güclü impuls verdi.

Əgər su damlasında dünya əks olunursa, ailə romanında çox vaxt bu və ya digər cəmiyyətin tarixi dönüş məqamındakı həyatı əks edilmiş olur. Təsadüfi deyil ki, “Forsaytlar haqqında saqa” Viktorian erasının sonunda, Birinci dünya müharibəsi ilə yadda qalan yeni əsrin başlanğıcında meydana gəlmişdi. Təxminən Avropa tarixinin elə o müharibəqabağı dövürdən Tibo ailəsinin ədəbi həyatı başlayır, eləcə də Turbinlərin taleyi – bu XX əsr Rusiya tarixində ən dəhşətli mərhələ sayılan – rus milli zəmininin tektonik parçalanması, Rusiya tarixindəki inqilab və vətəndaş müharibəsi dövründən bir parça idi.

Bir sözlə, ailə romanı xalqa öz taleyini, milli xasiyyətini anlaması üçün verilir; sülh və hərbi, məhəbbət və nifrəti, məyusluq və ümidi bu gününə gətirən öz keçmişi haqda düşünməsi üçün verilir.

Azərbaycan ədəbiyyatı da ailə romanı janrından uzaq durmayıb. Ailə romanının xüsusiyyətləri İ.Şıxlının “Ana Kür”, Ç. Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş” və “Ailə sirləri” və digərlərinin əsərlərində özünü göstərir.

Başqa cür ola da bilməzdi, belə ki, Azərbaycan cəmiyyəti ənənələrində ailə mühüm yer tutmaqdadır. Yazıçı və publisist, siyasi və ictimai xadim Rafael Hüseynov (Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru) Azərbaycan ədəbiyyatı üçün nadir sayılan, sənədli ailə romanı kimi bir janrın formalaşmasında əvəzolunmaz xidmət göstərmişdir.

Onun 2010-cu il Bakıda işıq üzü görən “Yurdun adındakı can” adlı sonuncu kitabını tərəddüdsüz bu janra aid etmək olar.

Roman Azərbaycanda məşhur olan, nümayəndələri bir neçə əsrlər boyu öz xalqına inam və vicdanla xidmət edən, Rəfibəylilər ailəsinə ithaf edilmişdir. Keçən əsrin ikinci yarısında bu ailənin ən məşhur nümayəndəsi Nigar Rəfibəyli olmuşdur.

O-şairə, ictimai xadim, yüksək mədəniyyət və nadir istedad sahibi və həyat yoldaşı Rəsul Rzanın yeganə ilham pərisi idi. N. Rəfibəyli şübhəsiz ki, övladları – Azərbaycanın məşhur ədibi Anarın, dərin və hərtərəfli bilik sahibi, şərqşünas-ərəb dili mütəxəssisi Fidanın həyatdakı uğurlarının ilhamvericisi olmuşdur.

Bu sətirlərin müəllifi də qısa müddət Fidan xanımın tələbəsi olub və yaxşı yadındadır ki, o zaman bütün qızlar Fidan xanıma bənzəməyə çalışırdılar, gənc oğlanlar da məmnuniyyətlə ərəb dilini öyrənirdilər. Belə ki, o hər adamda olmayan, açıq-saçıqlıqdan uzaq bir sadəliyə, hədə-qorxusuz əldə edilən, sanballı məqama və nüfuza malik idi.

Görünür ki, Günel Anar qızı da nənəsinin təsiri olmadan ədəbiyyat sahəsində son dərəcə inamlı addımlar ata bilməzdi; onun qardaşı Tural, bəlkə də fövqəladə səlahiyyətli səfir ola bilməzdi... Azərbaycan tarixi bu məşhur ailənin bir çox nümayəndələrini tanıyır. Onlardan bir çoxunun həyat yolu müəllif tərəfindən kitabda işıqlandırılmışdır.

Diqqəti çəkən bir məqam vardır – onların hamısı (həkimlər, hərbiçilər, pedaqoqlar) Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Yaponiyada yaşamış, həm də yaşayanlar öz həyat yolundakı əsas işi – xalqa xidmətdə görmüşlər.

Və Rəfibəyli, Rəfibəyov, ya Rəfiyev familiyası həmişə yüksək təcrübəli mütəxəssislər, yüksək mədəniyyətə malik insanlar, səmimi vətənpərvərlər sinonimi olmuşdur. Müəllif hekayətin mərkəzində – bütün bu xüsusiyyətlərin təmərküzləşdiyi bir şəxsin, məşhur həkim, ADR dövründə Gəncənin qubernatoru, Nigar xanımının atası – Xudadat bəy Rəfibəyovun fiqurunu yerləşdirmişdir. Diqqətəlayiq odur ki, qubernator olduğu dövrdə belə o, həkimliyindən əl çəkməyib xəstələri qəbul edər, tibbi yardım göstərərdi.

Humanist peşə sahibi olan həkim Rəfibəyov dərin prinsipiallığı ilə seçilən bir insan idi, yeri gələndə, əgər lazımsa, “səlahiyyətdən istifadə” də edə bilərdi. Bütün yaxşı insanlara xas olduğu kimi, ətrafındakıları da özü kimi saf sanırdı.

Xudadat bəy anlaya bilmirdi ki, hakimiyyəti könüllü təhvil verdiyi yerli bolşeviklər onu Bakının uzaq adasına aparıb, orada güllələmək üçün dalınca gəliblər. Onun kimi adamlar təsəvvür edə bilməzdilər ki, öz xalqına sədaqət və öz torpağına məhəbbət şərəf deyil, cinayətdir.

Xudadat bəyin edamı onun qohumlarının həyatı üçün dönüş yaradan bir hadisə və onların bir hissəsinin dünyaya səpələnməsinin başlanğıcı oldu.

Müəllif ailə şəcərəsini son dərəcə dəqiqliklə izləyir: Xudadat bəyin və onun həyat yoldaşı Cəvahir xanımın sələflərindən başlayır,   ADR xadimlərinin və o zamanın Azərbaycan ziyalılarının fəaliyyətinin panoramını yaradır, onların bolşevik terroru qurbanı olan və ya vətən həsrətli sürgün həyatını, həsəd aparılmaz taleyini təsvir edir. Müəllif bizi onların müxtəlif nəsillərinin ağır həyatının gözlənilməz dönəmləri ilə tanış edir.

Bu cəsur, vicdanlı, və təmənnasız insanların həyat yolunu izlədikcə, bəzən sənədli əsərlə üzləşdiyini unudursan. Və özünü macəra romanında baş verən, görüş və ayrılıq, zənginlik və kasıblıq, sevinc və kədər, mehribanlıq və nifrətlə, bir sözlə XX əsrdə taleləri bəşəriyyətin keşməkeşli tarixinə hörülmüş bir ailəni müşayiət edən məqamlarla dolu hadisələrin iştirakçısı hiss edirsən.

Çekistlərin tapançasına tuş gələn həyat və qəriblik sınaqları, Rəfibəyliləri bəşəriyyətdən incik düşmüş mizantroplara çevirə bilməmişdir. Qeyd etmək vacibdir ki, R. Hüseynov bunu göstərməyə nail olmuşdur.

Belə bir şərəfli nəslin nümayəndələri həyatın müxtəlif məqamlarında öz ləyaqətini, həyatsevərliyini, nikbinlik və qeyri-adi əməksevərliklərini qoruyub saxlaya bilmişlər.

Lev Tolstoy deyirdi ki, “İnsanlar çay kimidir... Hərənin öz başlanğıcı məcrası var. İnsan həyatı. İnsan həyatı həmin başlanğıcdanana laylasından, doğma ocağın istisindən, doğmaların qayğısından başlayır. onun hansı məcraya düşməsi çox məqamlarda ailədən, ailənin həyat tərzindən ənənələrindən asılıdır”.

Kitabda müəllifin dahi rus yazıçısının sözlərinin təsdiqi olaraq, Rəfibəylilər nəslinin ailə ənənələrini, sülhü, yekdillik məhəbbəti necə qoruyub saxladıqlarını, həmin nəslin Azərbaycan xalqının həyatında yeni azad zamanın şahidi olduqlarını tam dolğunluğu ilə verə bilməsi aydın görünür. Elə bir zamanın ki, Xudadat bəy kimi insanların fədakarlığı qəhrəmanlığı sayəsində yetişmişdir.

Təkrardan çəkinmədən demək istərdim ki, yeni həyatın başlanğıcına qədəm qoyan hər bir xalq, təqlid üçün nümunə axtararaq, mütləq keçmişə müraciət etmiş olur. Rafael Hüseynov Xudadat bəyin, onun əcdadının xələflərinin həyatını oxucuların malı etməklə, belə müraciətin doğru yolunun tapmışdır, eləcə ədəbiyyatın milli quruculuq üçün necə mühüm dayaq olmasını bir daha göstərə bilmişdir.

Özünü axtarışda xalqına kömək etməkçətin ödənilməz, lakin dərin hüsn-rəğbətə yüksək qiymətə malik bir işdir.

 

 

Fuad HACIYEV,

Moskva Məqalə MoskvadaAzərbaycan

Nəsillər Tarixi Cəmiyyətinin Xəbərləri

toplusu üçün hazırlanıb həmin cəmiyyətin

razılığı ilə çap olunur. 

 

Ruscadan çevirən: filologiya elmləri doktoru Şəfəq Əlibəyli

 

525-ci qəzet.- 2011.- 28 sentyabr.- S.4.