Pırəli
(hekayə)
Qələm götürüb ağ vərəqlər üzərində ilk sətirlərini yazmağa başladığım bu hekayənin adını oxuyanda bəziləri fikirləşəcəklər ki, yəqin hansısa bir yanlışlığa yol verilib. Kiçik bir xəta olub, hərfin biri gözdən qaçıb. Ad Pırəli yox, Pirəli yazılmalıdır. Amma adda heç bir yanlışlığa, korrektura səhvinə yol verilməyib. Bu elə Pırəlidir ki Pırəli. Onun əsl adı Əlidir. Bütün sənədlərdə də adı elə belə yazılıb. Özü də polis sistemində işləyib. Çox sonralar Əlinin iş yoldaşları onun adının qarşısına “pır” sözönlüyü də artırmışdılar. Bu hadisə də bir təsadüf nəticəsində baş vermişdi. Həmin hadisədən sonra hamı ona Əli yox, Pırəli deməyə başlamışdı. Bir müddət bu qurama adı ona qoyduqlarına görə iş yoldaşlarına, qonum-qonşuya hirslənirdi, qanqaraçılıq olurdu, aralarında inciklik, küsülülük düşürdü. Amma küsməyin, hirslənməyin də bir xeyri olmurdu. Hamı onu “Pırəli” deyib çağırırdı. Zaman keçdikcə o, yavaş-yavaş təzə adına alışırdı. Daha nə hirslənirdi, nə də kimsədən küsüb-inciyirdi. Əlinin heç ağlına gəlməzdi ki, vaxt olacaq, bu ada görə ona nəzir verəcəklər, pay gətirəcəklər, ayağının altında qurban kəsəcəklər, “seyid” deyəcəklər. Məclislərdə yeri həmişə yuxarı başda olacaq. İllər keçəndən sonra bütün bunlar baş verdi. Köhnə tanışlardan biri onunla rastlaşmasaydı, ömrünün sonunadək elə beləcə, kefi kök, damağı da çağ yaşayacaqdı. Amma onun “seyid”liyi elə də uzunömrlü olmadı.
Əlinin adının birdən-birə Pırəli olmasını mənə təzə qonşum, onunsa keçmiş iş yoldaşı, indi təqaüddə olan Əkrəm kişi danışmışdı. Bu hadisə lap çoxdan olmuşdu. Aradan illər keçmişdi, xeyli zaman ötmüşdü. Günlərin birində haradansa Pırəlinin başına gələnləri qələmə almaq ağlıma gəldi. Ona görə də Əkrəm dayıdan onu təzədən danışmağı xahiş etdim. Əkrəm kişi həmin hadisəni yerli-yataqlı, özü də elə əvvəlki həvəslə danışdı:
– Moskva yaxınlığındakı Kaluqa şəhərində polis idarəsində işləyirdim. Məndən başqa da burada bir neçə həmyerlim vardı. Onlardan birinin adı Əli idi. Rus iş yoldaşlarımız Əlinin adını olduğu kimi deməyə çətinlik çəkirdilər. Ona görə də elə “Alik” deyirdilər. Hündürboy, enlikürək və gülərüz bir adam olan Əlinin sifətindən nur yağırdı. Zalım oğlu, zalım heç elə bil polis işçisi deyildi. Üzündə ciddilik bildirən heç nə gözə dəymirdi. Mülayim adam idi Əli. Onun çatışmayan cəhətləri rus dilini yaxşı bilməməsi, bir də içkiyə çox meylli olmasıydı. Yazıq ha çalışırdı ki, dili öyrənsin, amma bacarmırdı. Bu gün əzbərləyirdi, sabah yaddan çıxırdı. Rus dilini bilməməsi isə ona çox böyük çətinliklər yaradırdı. Camaatla danışa bilmirdi, ünsiyyət saxlamaqda çətinlik çəkirdi. Bir gün polis rəisi Viktor Petroviç Əlini otağına çağırır qəfəsdə olan bildirçinləri ona verir və tapşırır ki, quşları onun evinə aparıb arvadına versin. Əli onların evlərini yaxşı tanıyırdı. Rəisin evlə bağlı olan belə işləri olanda ona tapşırırdı. Həmişəki kimi, Əli bu dəfə də qəfəsi götürüb “baş üstə” deyərək otaqdan çıxır. Rəisin evi elə də uzaqda deyilmiş. Piyada çox olsaydı, on-on beş dəqiqəlik yol idi. Əli qəfəsi də, qəfəsdəki bildirçinləri də götürüb yola düzəlir. Rəisin evinə çatmağa az qalmış qolları yorulur. Qəfəsi yaxınlığında yerə qoyub, oturur ki, bir az dincini alsın. Bildirçinlərə baxanda onlardan çox xoşu gəlir. İstəyir ki, onlardan birini əlinə götürüb bir az sığal-tumar çəksin. Qəfəsin gözlüyünü açır, quşlardan birini götürür. Amma gözlüyü bağlamağı yaddan çıxarır. Qəfəsdə qalan quşlar isə qəflətən, açıb qalmış gözlükdən uçub gedirlər. Bunu görən Əli tez özünü qəfəsin üstünə atır, gözlüyü bağlamaq istəyir. Amma çatdıra bilmir. Tələsdiyindən əlindəki bildirçini də buraxır. O da uçub gedir. Tutduğu bu işdən qanı qaralan Əli götür-qoy edir, bilmir ki, irəli getsin, yoxsa geriyə qayıdıb vəziyyəti rəisə danışsın? Nəhayət, qərara alır ki, rəisin evlərinə gedib, heç olmasa boş qəfəsi həyat yoldaşına versin. Rəisgilə çatıb, qapının zəngini basır. Rəisin həyat yoldaşı İrina qapını açır. O, Əlinin gələcəyini əvvəlcədən bilirmiş. Əli yazıq da “sabahın xeyir”dən sonra əlindəki boş qəfəsi ona uzadıb deyir ki, bunu rəis göndərdi. İrina qəfəsi alıb baxanda onun içini boş görüb və soruşur:
– Alik, a ptitsı qde?
Əli rəisin arvadını sözlə ha başa salmağa çalışsa da, onun dediklərindən İrina heç nə başa düşmür. Vəziyyəti belə görəndə yazıq Əli hadisəni olduğu kimi təsvir etməyə başlayır, quşların uçub getdiyini, necə qanad çaldığını rəisin arvadına göstərməyə çalışır və həmin yerə çatanda “pır-pır, pır-pır” eliyərək əllərini göyə qaldırır. Amma İrina onun bu pırıltılarından heç nə anlamayıb, qəfəsi ona qaytararaq ərinin yanına göndərir. Suyu süzülmüş vəziyyətdə geri qayıdan Əli rəisin otağına gedir və hadisəni – quşların necə uçub getdiyini ona da başa salır. Yenə də “pır-pır, pır-pır” deyərək əllərini göyə qaldırır.
Rəis bütün bunlardan heç nə başa düşməyib bizi otağa çağırdı. Və xahiş etdi ki, Əlinin dediklərini ona başa salaq. Əli bizim yanımızda da quşların qəfəsdən necə uçub getdiyini və səhvə yol verdiyini öz dilimizdə danışdı. Həmin yerə çatanda “quşlar pırıldayıb uçub getdilər” dedi və “pır-pır” sözünü bir neçə dəfə təkrar etdi. Əlinin quşları qəfəsdən qaçırmasına rəis heç kefini də pozmadı. Ertəsi gün yenə də ona qəfəsdə bildirçin gətirdilər. Amma bu dəfə onları evə aparmağı başqasına tapşırdı. Bu hadisəyə hamımız möhkəmcə güldük. Bizi güldürən quşların uçub getməsi deyil, Əlinin o cür “pır-pır” etməsi idi. Həmin gündən sonra həm iş yoldaşları, həm də dost-tanışlar ona “pır-pır” Əli, yaxud elə sadəcə olaraq Pırəli deməyə başladılar. Əvvəl-əvvəl Əlini bu adla çağıranda bir az cırnayırdı. Amma heç kim buna məhəl qoymayaraq ona elə Pırəli deyirdi.
Bir müddət keçəndən sonra Pırəlini başqa şəhərə göndərdilər. Biz polis şöbəsində Əlisiz qaldıq. Təqaüdə çıxandan sonra ailə vəziyyətimlə əlaqədar mən də həmin şəhərə köçməli oldum. Bu şəhərdə azərbaycanlılar çox idi. Tez-tez onlarla görüşüb, bir yerə yığışıb söhbət edir, dərdləşirdik. Bir gün təzə tanış olduğum həmyerlim Abbas dedi ki, şəhərin o biri başında çox ağır bir seyid yaşayır. Çox gözəl insandır, yaman güclü cəddi var. Onun cəddinə and içdinsə, mütləq işin düzələcək. Çox hörmətli, izzətli və xeyirxah adamdır. Adı da Pirəlidir. Biz tez-tez dost-tanışla yığışıb onun ziyarətinə gedirik. Gəl bir gün gedək, sən də onunla tanış ol. Etiraz etmədim. Dedim nə olar, onun cəddinə qurban olum, ziyarətinə gedərik, tanış olarıq. Uzun müddətdir doğma el-obadan uzaq düşmüşük. Bu yad şəhərdə seyidin olmağı lap yerinə düşdü. Gedib həm onu ziyarət edərik, həm də nəzir verərik. Axı biz müsəlmanıq, neçə illərdir din-imandan uzaq düşmüşük. Heç olmasa, yaşımızın bu ahıl çağında günahlarımızı bu yolla yuyaq.
Danışdığımız kimi, bir neçə gündən sonra Abbas bir neçə dost-tanış yığışıb seyidi ziyarət etməyə, onunla tanış olmağa getdik. Gəlişimiz lap yerinə düşmüşdü. Seyidi ziyarət etməyə gələnlər çox idi. Buradakı həmyerlilərimiz seyidin şərəfinə yaxşı bir ziyafət təşkil etmişdilər. Stolun üstündə içkidən başqa dünyanın bütün naz-neməti var idi. Məclisdə adam əlindən tərpənmək mümkün deyildi. Hamı pay-pürüşlə onu ziyarət etməyə, nəzir verməyə gəlmişdi. Bəziləri hətta qurbanlıq heyvan da gətirmişdi. Amma hələ seyid gəlib çıxmamışdı. Gələnlər intizarla seyidi gözləyir, onun mübarək çöhrəsini görmək istəyirdilər. Birdən məclisdəkilər ayağa qalxıb əllərini sinələrinin üstünə qoyaraq baş əyməyə başladılar. Abbas da mənim böyrümü dürtmələyib dedi ki, tez qalx ayağa, seyid Pirəli gəlir, sən də baş əy, təzim elə. Onun sözünü yerə salmayıb camaata qoşulub əllərimi sinəmə qoyub seyidə baş əydim, təzim etdim. Seyid də eyni hərəkəti edə-edə məclisə daxil oldu. O, ucaboy, enlikürək bir adam idi. Aralardan keçərək həyat yoldaşı ilə birlikdə gəlib onun üçün baş tərəfdə xüsusi olaraq düzəldilmiş yerdə oturdu. Seyidə yaxın olanlar gəlib onunla görüşür, əlindən öpür, nəzir-niyaz verirdilər. Biz gec gəldiyimizdən bir az aralıda oturmuşduq. Seyidin üzünü güclə görürdük.
Ziyafət başlandı. Hamının
başı yeməyə qarışmışdı. Mən
ona diqqətlə fikir verəndə baxıb gördüm ki,
a kişi, bu seyid mənim polis yoldaşım olmuş Əliyə,
həmin o Pırəliyə yaman oxşayır. Fikirləşdim
ki, Pırəli hara, seyidlik hara? Onun içkiylə arası
sazı idi axı. Nə
bilim vallah, insan-insana oxşayar, amma day bu qədər də
yox də! Axı deyirlər ki, insanlar tək doğulmurlar. Təbiətdə
də oxşar mənzərələr nə çoxdur.
Düzdür, indi saqqal buraxmışdı, din xadimlərinə
məxsus geyinmişdi. Amma nə qədər geyinib-geçinsə
də bu seyid Pırəliyə çox oxşayırdı.
Bir azdan o ayağa qalxıb danışmağa başladı.
Səsini eşidən kimi tüklərim biz-biz oldu,
qulaqlarım təkrar-təkrar cingildədi. Seyidin səsi də
Pırəlinin səsinə bənzəyirdi. Fikir verib
gördüm ki, əl hərəkətləri də, ayaq
üstdə dayanmağı da Pırəliyə
oxşayır. Bir az da diqqətlə fikir verəndən sonra
gördüm ki, burada heç bir şübhəyə yer
yoxdur. Camaatın səcdə etdiyi, nəzir verdiyi, cəddinə
and içdiyi, yolunda qurban kəsdiyi mənim keçmiş
polis yoldaşım Pırəlidir ki, Pırəli. Deməli,
o bu şəhərə gələndə həmyerlilərinə
adının Pirəli olduğunu və ağır seyid
olduğunu deyib. Onun əl-qolunu ölçə-ölçə
danışmağını görəndə “pır-pır”
məsələsi yadıma düşdü. Gic gülmək
məni tutdu. Dodağımın altında qımışaraq
uca səslə gülməkdən özümü güclə
saxlayırdım. Bunu görən Abbas asta səslə məni
danladı:
– Nə olub,
niyə gülürsən, ay Əkrəm dayı, burada
gülməli nə var ki? Kişi gül kimi söz
danışır. Özün qulaq asmırsan asma, qoy barı
biz eşidək görək nə deyir.
Bir az
özümü ələ alıb gülməyimi saxladım
və yavaşca Abbasa dedim ki, mən bu adamı
tanıyıram, o seyid zad-deyil, ona gülürəm.
Abbas isə
bir az əsəbləşərək tərs-tərs mənə
baxıb dedi:
– Əstafürullah,
əstafürullah, sən nə danışırsan, ay Əkrəm
kişi? Biz neçə ildir onu ziyarət edirik, cəddinə
and içirik. Pirəli ağır seyiddir. Ona şəkk eləmə,
cəddi səni tutar. Bizim seyidimizə də şər atma,
ayıbdır, özün də yaşlı, ağsaqqal
adamsan. Heç bu sözləri səndən gözləməzdim.
Bilsəydim ki, belə danışacaqsan, seyidimizə şər
atacaqsan, heç səni özümlə gətirməzdim.
Görmürsən camaat ona necə səcdə qılır,
qurban kəsir, əlindən öpür. Sən də birinci dəfə
gördüyün adam haqqında ağza gələni
danışırsan. Allah bilir ki, sən onu kimə
oxşadırsan. Bu adam seyiddir, özü də lap xalisindən.
Neçə adamlar şəfa tapıb onun əlindən, onun
cəddindən. Camaat növbəyə düşmək
üçün gecə-gündüz onun qapısında
yatır. Kişinin ağzından dür tökülür.
Yaxşısı budur qulaq as, gör seyid nə deyir.
Abbasa
etiraz edərək dedim:
– Mən
heç kimə şər atmıram, olanı deyirəm. Bu
adamı çox yaxşı tanıyıram və sübut edərəm
ki, o, seyid deyil.
Abbas
heç nə demədi. Çox qəribə baxışlarla
məni süzüb ziyarətə gələnlərə
tamaşa etməyə başladı. Seyidi ziyarətə gələnlərin
isə ardı-arası kəsilmirdi. Pırəliyə
yaxınlaşanlar qarşısında əyilir və onun əllərindən
öpürdülər. Pırəli isə özün
çox ağır aparır, onu ziyarətə gələnlərə
xeyir-dua verirdi. Onun bütün hərəklərinə, səsinə
diqqət verib, artıq tam əmin oldum ki, bu Pırəlidir.
İrəli gedib onunla görüşmək bir az çətin
idi. Həm də onunla görüşsəm də, nə deyəcəydim
ki? Camaatın yanında gedib desəm ki, sən Pırəlisən,
seyid deyilsən, mənə heç kim inanmayacaqdı. Əksinə,
məni daşa basacaqdılar. Əgər
tanıdığım Abbas mənə belə sifət
göstərirsə, bəs gör o biriləri nə edər.
Pırəli məni burada daşaqalaq elətdirər. Nə
isə müxtəlif fikirləri beynimdə götür-qoy
etdiyim vaxt birdən Abbas üzünü mənə tərəf
çevirib soruşdu:
– Sən
necə sübut edərsən ki, bu kişi seyid deyil? Yox, əgər
sübut edə bilməsən, dediklərin yalan
çıxsa, onda canını hara qoyacaqsan?
Əsəbiləşib
dedim:
– Mən
özümə inanıram və onun seyid
olmadığını sübut edərəm.
– Axı
necə? – deyərək Abbas yenə də soruşdu.
İlk
ağlıma gələn bu oldu ki, əgər hər hansı
quş qismindən biri olsaydı, işim asanlaşar, bir yol
tapıb Pırəliyə məclisdə onu tanıyanlardan
kiminsə olduğunu işarə verərəm. Bununla da
Abbasla mübahisəmiz bitər və bu adamın seyid Pirəli
yox, Pırəli olduğunu sübut edərəm.
Ağlıma gələn bu fikri Abbasa da dedim:
– Abbas, əgər
sən mənə ya bir göyərçin, ya bir
bildirçin, nə isə bir quş tapa bilsən, dediklərimin,
doğru olduğunu sübut edərəm.
Abbas bir
az da hirslənib dedi:
– Əşşi,
quşun-muşun mətləbə nə dəxli var?
Sözün var söz de, bizi dərə-təpəyə
salma. İndi mən burada quşu sənə haradan tapım?
Yavaşca
onun qulağına pıçıldayıb dedim ki,
özün bil, daha sonra mənə yalançı demə.
Bir azdan Abbas ayağa qalxıb dedi:
– Bu
işi birtərəflik etmək lazımdır. Qoy görüm
sənə haradan bir quş tapıram? Görək sən o
quşla nə edəcəksən, bu kişinin seyid
olmadığını necə sübut edəcəksən?
Çox
keçmədi ki, Abbas əlində bir bildirçin geri
qayıtdı və onu mənə tərəf uzadıb dedi:
– Ala, bu
da sənə quş! İndi görüm sən edəcəksən
bununla?
Ondan
quşu almayıb dedim ki, bu dəqiqə gəlirəm. Məclisdən
küçəyə çıxdım. Küçədə
bir neçə uşaq dayanmışdı. Onların
içindən ən diribaşını, ən fərasətlisini
özümlə götürüb geri qayıtdım. Abbasdan
bildirçini alıb bu uşağa verdim, cibinə də on
manat pul basdım. Dedim ki, bu quşu aparıb düz seyidin
yaxınlığında, lap onun gözü
qarşısında havaya burax və bir neçə dəfə
“pır-pır, pır-pır” elə. Əgər bunu
yaxşı eləsən, sənə əlavə on manat da
verəcəm. Uşaq bildirçini əlinə alıb
adamların arasından güclə keçib seyidə
yaxınlaşmağa başladı. Abbas dördgöz
olmuşdu. Çaşıb qalmışdı, yazıq
bilmirdi ki, seyidə, quşa, yoxsa uşağa baxsın.
Axır ki, uşaq seyidin lap yaxınlığına gedib
çatdı və o baxa-baxa bildirçini göyə
buraxıb, bir neçə dəfə də uca səslə
“pır-pır, pır-pır” deyib qışqırdı. Bunu
görəndə Pırəlinin rəngi bir az qaçdı.
Ətrafdakı camaat isə bu quş uçurmaqdan heç nə
başa düşmədi. Rəngi qaçmış Pırəli
ürəyində götür-qoy edir, necə hərəkət
edəcəyini fikirləşirdi. Hövsələsini basmayan
Abbassa böyrümü dümsükləyib dedi:
– Nə
oldu, bu da sənin bildirçinin? Hə, indi nə olsun ki,
quşdu da, atdın göyə uçub çıxıb
getdi, burda qəribə nə var ki?
Abbasa
dedim ki, kəmhövsələ olma, sənin seyid dediyin bu
zırpı adam indi məclisi tərk edəcək, camaatı
qoyub qaçacaq.
Pırəlinin
arvadı Kəmalə də bu “pır-pır” məsələsini
bilirdi. Əri “seyid” olandan sonra xeyli var-dövlət
qazanmışdılar. Artıq keçmiş günləri
unutmuşdular. Amma indi onun başı arvadlara çox
qarışıq olduğundan uşağın bildirçini
göyə atıb, Pırəliyə işarə verilməsini
görməmişdi. Pırəli fikirləşir ki, bunu təşkil
edən kimdisə, onu çox yaxşı tanıyır və
elə bu dəqiqə meydana çıxıb, hamının
gözü qarşısında onu biabır edəcək. Onu
bu “seyidlik” işinə arvadı salmışdı. Elə
çıxış yolunu da, indi necə hərəkət
etməyi də ondan soruşmaq üçün arvadına tərəf
əyilib yavaşca qulağına deyir:
– Arvad,
evimiz yıxıldı, bu məclisdə bizim
keçmişimizi bilən kimsə var. İndicə bir
bildirçini gözümün qabağında göyə
buraxıb “pır-pır” qışqırdılar. O kimdirsə,
mənə işarə edir, o hadisəni yadıma salır.
İndi neyniyək, başımıza nə çarə
qılaq? Axı mən sənə deyirdim ki, bu işin
axırı yoxdu. Gec-tez bunun üstü açılacaq.
Evimiz yıxıldı, seyidliyimiz əldən
çıxdı.
Arvadı
da ona təskinlik verərək astaca deyir ki, yaxşı bu qədər
qorxaq, ağciyər olma. Sən özünü
naxoşluğa vur, məclisdən çıxıb
qaçaq.
Pırəli
arvadının dediyi kimi də eləyir.
Bir də
gördük ki, o, ayağa qalxıb
yaxınlığındakılara nəsə dedi. Hamı
narahat olub, yerindən durub Pırəliyə yol verdi. Abbas
gözlərini Pırəlinin oturduğu yerə dikib
dayanmışdı. Bir azdan orada səs-küy
qalxdığını gördü. Baxıb gördü ki,
seyid qalxıb tələsik addımlarla məclisi tək edir.
Yalnız ondan sonra dediklərimə inanmağa başladı.
Yazıq Abbas seyidi ziyarət etməyə böyük həvəslə
gəlmişdi. Amma indi geriyə kor-peşman
qayıdırdı. Nə qədər məni dilə tutsa da,
Pırəlinin keçmişini, bildirçin məsələsini
həmin gün ona danışmadım.
Bir
müddətdən sonra yenə də küçədə
Abbasla rastlaşdıq. Baxdım, bir az sözlü adama
oxşayır. Salam-kalamdan sonra dedi ki, Əkrəm kişi, xəbərin
varmı, ogünkü məclisdən sonra seyidi bir daha görən
olmayıb. Deməli, sizin dedikləriniz doğruymuş, o,
saxta seyidmiş.
Sonra məni
yenə də dilə tutub Pırəlinin keçmişindən
danışmağı xahiş etdi. Bu dəfə
sözünü yerə salmadım. Məni axıradək
dinlədikdən sonra uğunub getdi...
Nə, Əkrəm
dayının belə məzəli söhbətləri
çox idi. Yeri düşdükcə onları bizə
danışırdı. Amma onların ən maraqlısı
Pırəli haqqında danışdığı idi.
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.- 2011.- 29 sentyabr.-
S.7.