“Müstəqilliyimizin
bərpası Azərbaycanda kitabçılıq işinin inkişafına təkan verdi”
Dünən
Milli Kitabxananın konfrans zalında II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası çərçivəsində “Azərbaycanın
dövlət müstəqilliyi və kitab sənətinin
inkişafı” mövzusunda konfrans keçirildi. Konfransı
giriş sözüylə açan professor Nizami Cəfərov
Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasını
təqdirəlayiq hadisə kimi dəyərləndirdi:
“Bakıda artıq ikinci dəfədir keçirilən bu tədbir
həm Azərbaycan, həm də dünya kitabını təbliğ
etməyə yönəldiyi üçün yüksək səviyyəli
bir mədəniyyət hadisəsidir. Bunu müstəqilliyimizin
bir göstəricisi də saymaq olar. Dövlət müstəqilliyimizin
bərpası Azərbaycanda kitabçılıq işinin
inkişafına da təkan verdi. Əgər müstəqillik
və iqtisadi inkişaf olmasaydı, biz belə bir tədbiri
keçirə bilməzdik. Qədimdən bəri kitab
alternativsiz bilik mənbəyi olub, amma televiziyanın, internetin
inkişafı onu bir qədər arxa plana çəksə də,
kitab yenə də alternativsiz olduğunu sübut etməkdədir.
Parlamentdə mədəniyyət haqqında hazırlanan yeni
qanunda da kitaba və onun təbliğinə xüsusi yer
ayrılmışdır”.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının əhəmiyyətindən və Azərbaycanda kitabçılığın tarixindən, perspektivlərindən danışdı. Nazir müavini artıq bu sahədə ciddi addımlar atıldığını, ölkə prezidentinin sərəncamına əsasən 2008-2013-cü illər ərzində kitabxana işinin inkişafı ilə bağlı xüsusi tədbirlər görüldüyünü vurğuladı. V.Əliyev bildirdi ki, sözügedən sərgi-yarmarka Azərbaycan kitabının və nəşr işinin artıq dünya miqyasına çıxmaqda olduğunu və böyük perspektivlər vəd etdiyini göstərir.
Yazıçı, millət vəkili Aqil Abbas da tədbiri sevinclə qarşıladığını, kitabın yenidən diqqət mərkəzinə çıxmasının fərəhli hal olduğunu bildirdi: “Bu gün Azərbaycan poliqrafiyası dünya poliqrafiyasından geri qalmır, bizdə standartlara uyğun, hətta daha da üstün kitablar çap edilir”. A.Abbas kitab satışının yetərli səviyyədə olmadığını, kitab mağazalarının azlığını bildirərək, bu sahəyə diqqətin artırılmasının vacibliyini qeyd etdi.
Tədqiqatçı Asif Rüstəmli paytaxtda kitabla bağlı bayram əhval-ruhiyyəsi olduğunu məmnunluqla vurğulayaraq, milli kitabçılıq işinin tarixinə və hazırkı mənzərəsinə nəzər saldı.
Konfransda Milli Kitabxananın direktoru Kərim Tahirov, professor Abuzər Xələfov, kitabşünas Bayram Allahverdiyev də öz fikirlərini bölüşdülər, ölkədə kitaba və nəşr sahəsinə marağın artmasını yüksək qiymətləndirdilər.
Pərviz SADIQOV
525-ci qəzet.- 2011.- 30 sentyabr.- S.7.