İrəvan
Teatrı 130-cu mövsümünə qədəm qoyur
Mirzə
Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il,
mart ayının 10-da Bakıda və elə həmin ildə
Tiflisdə peşəkar Azərbaycan teatrının
bünövrəsi qoyuldu. Az sonra, 1882-ci il, aprel ayının
2-də isə İrəvanda peşəkar teatr yarandı.
Daha sonralar Azərbaycanın demək olar ki, əksər
bölgələrində, ayrı-ayrı dövrlərdə
müxtəlif janrlı teatrlar yarandı və inkişaf etdi.
Doğrudur, onların bir qismi sonralar müxtəlif səbəblərdən
fəaliyyətini dayandırmalı oldu. Lakin ümumən Azərbaycan
teatr sənəti, yarandığı gündən bu günə
qədər keçdiyi böyük yaradıcılıq yolu
ilə, sanballı və qüdrətli sənət nümunələri
yarada bilmişlər. O cümlədən də Cəfər
Cabbarlının adını daşıyan İrəvan
Dövlət Azərbaycan Dram Teatrı. Diqqəti çəkən
bir əsas məsələ budur ki, İrəvan
Teatrının tarixinin bir qədər də əvvəllərə
təsadüf etməsinə dair kifayət qədər faktlar
var və Bakı, Tiflis və digər teatrlardan fərqli olaraq
İrəvan Teatrı, yerli müəlliflərin
yazdığı əsər əsasında
yaranmışdır. Onu da demək yerinə düşər
ki, İrəvan Azərbaycan Teatrının
yaradıcılıq yolu, böyük çətinliklərdən
keçib. Teatr dəfələrlə düşmən qəsdinə
məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə
köçürülmüş, hətta bir neçə dəfə,
doğma yurdundan didərgin salınmışdır. Lakin bu
qocaman sənət ocağı heç vaxt düşmənə
boyun əyməmiş, öz əzmkar və fədakar fəaliyyəti
ilə həmişə düşmənlə layiqli
mübarizə aparmış və bu mübarizə bu gün
də davam etməkdədir, həm də qəhrəmancasına!..
1882-ci
il, aprel ayının 2-də ilk tamaşasını oynamaqla
peşəkar fəaliyyətə başlayan İrəvan
Teatrı, İrəvan şəhərində
yaşayıb-yaradan ziyalıların və bir qrup müəllim-tələbə
heyətinin birgə zəhməti nəticəsində pərvəriş
tapmışdır. Görkəmli alimlərimiz sənətşünaslıq
doktoru, əməkdar incəsənət xadimi, professor
İlham Rəhimlinin və sənətşünaslıq namizədi,
əməkdar mədəniyyət işçisi İsrafil Məmmədovun
ayrı-ayrılıqda apardıqları elmi araşdırmalar
nəticəsində bizə bəlli olur ki, İrəvan
şəhərində Məşədi İsmayıl və Nəzminin
(Vasaq Mədətov) azərbaycan dilində qələmə
aldığı “Tamahkarlıq düşmən qazanar”
adlı vodevili əsasında hazırlanmış tamaşa
ilk dəfə 1882-ci il fevral ayının 27-də
oynanılmışdır. Kasıb tələbələrə
kömək məqsədi ilə ikinci dəfə oynanılan
elə həmin tamaşanın tarixi 1882-ci il, aprel
ayının 2-nə təsadüf edir. Birinci tamaşa barədə
əlimizdə heç bir afişa, proqram və hər
hansı təsdiqi sənəd olmasa da, ikinci tamaşa
haqqında yazılan maraqlı məqalələrlə
tamaşanın uğurları dövrü mətbuatda
geniş işıqlandırılmışdır.
Fakt:
“Psak” (“Çələng”) qəzetində (10 aprel, 1882-ci il) yazılan məqalədə qəzetin redaktoru “Xryuşi” təxəllüslü Vasak Papacanyan 2 aprel, 1882-ci il tarixdə ikinci dəfə oynanılan “Tamahkarlıq düşmən qazanar” tamaşasının iştirakçılarının tamaşaçıları heyran etdiyini yazır.
Qeyd etmək istəyirəm ki, hər iki alimin araşdırmalarından belə bir fakt da bizə bəlli olur ki, İrəvan teatrının tarixi bizə bəlli olan tarixdən də xeyli əvvələ təsadüf edir. Lakin hal-hazırda əlimizdə olan müfəssəl sənədlər hələ ki, teatrın tarixini 1882-ci il 2 aprel tarixi ilə qərarlaşdırmağa imkan verir. Şübhəsiz ki, bu tarixlərin dəqiqləşdirilməsi üçün ciddi araşdırmalar aparılmasına böyük ehtiyac vardır və inanıram ki, alimlərimiz bu istiqamətdə araşdırmalara başlayacaq və nailiyyətlər əldə edə biləcəkdir. Yeri gəldikcə mən İrəvan Teatrının tarixi ilə bağlı adıçəkilən alimlərimizin əldə etdiyi tarixi faktları və qənaətləri onların araşdırmalarından sitatlar gətirməklə diqqətə çatdırmağa çalışacağam. Beləliklə mən, İrəvan teatrsevərlərinin diqqətini 129-cu mövsümünü yenicə yekunlaşdıran və 130-cu mövsümünə başlayan İrəvan Teatrının bizə bəlli, əzmkar və keçməkeşli tarixinə, onun böyük yaradıcılıq qüdrəti ilə zəngin və xeyirxahlıqla dolu olan, bu günə qədərki ömür yoluna, yaradıcılıq dövrünə qısaca da olsa, ümumilikdə nəzər salmağa cəlb etmək istəyirəm.
Düşünürəm ki, İrəvan Teatrının tarixinə nəzər salarkən daha doğru olar ki, öncə bu teatrın qibləgahı hesab olunan İrəvan Xanlığının özünün tarixinə diqqət yetirək.
Tarixi mənbələr göstərir ki, türk tayfalarının ilkin yaşayış məkanı olan İrəvan şəhəri altı yüz il bundan əvvəl Çuxursəəd bəylərbəyliyində Əmir Səəd, Qara Yusif, Pirbudaq, Pirhüseyn, Yaqub bəy kimi azərbaycan-türk oğulları tərəfindən hasara alınmış və qalaya çevrilmişdir. Qalada imarətlər tikilmiş, abidələr ucaldılmışdır. Qala içinin ekzotik gözəlliyi üçün yaraşıqlı küçələr, bağ-bağatlar salınmışdır. Bir qədər sonra Səfəvilər Dövlətinin hökmdarı Şah İsmayıl Xətai (1501-1525) Rəvanqulu xana qalanı yenidən qurmağı tapşırmışdır və Rəvanqulu xan qalanı yenidən qurmuşdur.
Onu da qeyd etmək lazımdır ki, dəfələrlə yadelli işğalçıların basqınına məruz qalmasına baxmayaraq, qalanın igid sakinləri hər zaman düşmənlərlə qəhrəmancasına vuruşmuş, heç vaxt düşmənə boyun əyməmişdir.
1679-cu il, iyul ayının 4-də İrəvan qalası təbii fəlakətə məruz qalır. Zəlzələ nəticəsində yerlə yeksan olur. Əzmkeş irəvanlılar qalanı bərpa edirlər.
Bu möhtəşəm qalaya 1679-1688-ci illərdə Zal Xan, 1762-1773-cü illərdə Hüseynəli xan, 1796-1801-ci illərdə onun oğlu Məhəmməd Xan və ən sonda 1807-1827-ci illərdə Hüseynqulu xan və qardaşı Həsən xan başçılıq etmişlər. Bütün dövrlərdə İrəvan xanlığı Azərbaycanın digər xanlıqlarından fərqli olaraq müdafiə olunmuş, öz alınmazlığı ilə şöhrət tapmışdır. Buna sübut olaraq yaxın tariximizdən bir neçə faktı söyləmək məncə kifayət edər.
Çar-rus ordusunun görkəmli sərkərdələrindən hesab olunan general Sisiyanov 1804-cü il, iyun ayının 4-dən sentyabr ayının 4-nə qədər İrəvan qalasını mühasirədə saxlasa da, qalanı təslim edə bilmir. Nəhayətdə o, çara yazdığı məktubla, döyüş təcrübəsində ilk dəfə olaraq mühasirədə saxladığı qalanı almaqda aciz olduğunu etiraf etmiş və geri çəkilmək məcburiyyətində qaldığını bildirmişdir.
Çar-rus ordusunun daha bir səriştəli, sanballı sərkərdəsi general Qudoviç 1808-ci il sentyabr ayının 25-də İrəvan qalasına hücuma keçmiş, bu hücum da İrəvan qalasının qəhrəmanlarının rəşadəti nəticəsində dəf olunmuşdur. Nəhayət, çar-rus ordusunun növbəti, üçüncü nəhəng generalı Paskeviç, böyük qoşun heyəti ilə İrəvan qalasına həmlə etmiş, 1827-ci il oktyabr ayının 1-də, saysız-hesabsız itki verməklə, qəhrəmancasına döyüşən qala sakinlərinin müqavimətini qıraraq, qalanı işğal edə bilmişdir.
Qürurla demək olar ki, İrəvan Teatrının fəaliyyətə başladığı və pərvəriş tapdığı qəhrəman İrəvan qalası, ümumən İrəvan xanlığı ilə bərabər dəfələrlə türk, fars, rus dövlətlərinin təəbəliyində olmasına baxmayaraq, tarixdə öz qəhrəmanlıq salnaməsini yaratmış və bu mənada digər xanlıqlarımıza da nümunə ola bilmişdir.
Fikrimcə, İrəvan Teatrının tarixinin araşdırılmasına ciddi ehtiyac olduğu kimi, İrəvan qalasının tarixinin dərindən öyrənilməsinə və təqdir edilməsinə də böyük ehtiyac vardır. Bugünkü ictimai-siyasi durumun diktə etdiyi mənzərə İrəvan xanlığı haqqında bədii əsərlərin yazılması, tamaşaların hazırlanması və kinofilmlərin çəkilməsi istiqamətində gecikmədən iş aparılmasını tələb edir. Fikrimcə bu məsələyə ali vətəndaşlıq mövqeyindən yanaşılmalıdır. Belə olan surətdə biz, erməni şovinistlərinin bu gün, bizə qarşı apardıqları haqsız savaşa tutarlı zərbə endirmiş, dünya birliyi üçün, İrəvanı özününküləşdirmiş ermənilərin puç tarixinə də, bununla yanaşı İrəvan qalasının tarixi həqiqətlərinin aydın mənzərəsinə də, bu həqiqətlər içində özünə mötəbər yer tutan İrəvan Teatrının məzmunlu tarixinə də aydınlıq gətirmiş olarıq.
Yuxarıda qeyd etdiyim kimi, teatrın tarixi XIX əsrin II yarısına aid sənədlər əsasında müəyyən olunmuşdur. Buna baxmayaraq, əslində bir çox əsaslı faktlarla sübut olunur ki, teatr bu gün bizə bəlli olan tarixdən daha qədim tarixi keçmişə malik olan bir sənət ocağıdır. Müxtəlif mənbələr bizə belə təqdim edir ki, bu teatrın peşəkar fəaliyyətinə qədər uzaq keçmişdə, İrəvan şəhərində qeyri-peşəkar aktyorların Novruz bayramları ərəfəsində, dini mərasimlərdə meydanlarda və ayrı-ayrı məhəllələrdə peşəkar teatrın başlanğıcına zəmin yaradan, xalq teatr nümunələri olan “Kosa-Kosa”, “Cütcü oyunu”, “Yel baba”. “Qodu-qodu”, “Güdül” və “Kəvsəs” oyunları oynanılırdı. Belə ki, İrəvan Teatrının tarixi göstərir ki, bu teatrın qeyri-peşəkar fəaliyyətinin səsi eramızın birinci minilliyinin əvvəllərindən gəlir. Çünki hörmətli alim İsrafil Məmmədovun gərgin və geniş araşdırmaları ilə İrəvan Teatrının tarixinə dair aşkarladığı çox vacib və maraqlı faktlar, bu teatrın peşəkar fəaliyyətinin 1600-cü illərə təsadüf etdiyini sübut edə bilən səlis həqiqətləri üzə çıxarmışdır. Alim (Puteşestvie Şardena po Zakavkaziyu v 1672-1673 qq. Tiflis, 1902. s. 242). mənbəsinə istinadən yazır ki, “İrəvan qalasında, İrəvan sərdarının sarayında ulularımızın yüksək bədii-estetik zövq və tükənməz həvəslə tamaşaya qoyduqları səhnə əsərləri, hələ üç-dörd yüz il bundan əvvəl də Avropa səyyahlarını valeh edib, heyran qoymaqdaydı. Fransadan gələn məşhur səyyah Yan Şarden (1643-1713) də Sərdarın bu sarayında olmuş, burada ulularımızın göstərdikləri tamaşalara məftunluqla baxmış və onların səhnələşdirilmiş hərəkətlərini, ifaçılıq məharətini Avropadakı operaya bənzətmişdir”. (İ.M. İrəvan dəftəri III, səh. 25. Bakı-2009)
Təkcə bu fakt bizə əsas verir o qənaətə gələk ki, həqiqətən də İrəvanda teatr mühitinin və peşəkar teatr sənətinin tarixi daha qədimdir. Məşhur fransız səyyahını heç kəs məcbur edə bilməzdi ki, o, İrəvanda baxdığı tamaşanı Avropadakı operaya bənzətsin. Avropadakı operaya bənzərliyin isə peşəkarlıqdan xəbər verdiyi və bu peşəkarlığa qədərki dövrün uzun bir prosesdən keçmiş olma ehtimalı şübhə altına alınmamalıdır.
Bu faktı sənətşünaslıq doktoru, professor İlham Rəimli İrəvan Teatrının 125 illik yubileyi münasibəti ilə yazdığı “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” adlı kitabında da təsdiqləyir.
XIX əsrin II yarısında Qafqazda baş qaldıran ədəbi-mədəni mühitin inkişafı, maarifçiliyin tərəqqisi sayəsində teatr özündə yeni güc toplayaraq digər Qafqaz teatrları ilə yanaşı, intibah mərhələsinə qədəm qoyur. Qori müəllimlər seminariyasını bitirərək İrəvana gələn və İrəvan gimnaziyasında müəllimlik fəaliyyətinə başlayan Firudin bəy Köçərlinin 1886-cı il, fevral ayının 4-də Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında hazırladığı tamaşa, bu inkişaf mərhələsinin əsasını təşkil edir. Teatr bir-birinin ardınca Rzayevin “Könülsüz nikah” (1890), Vasq Mədətovun “Qırt-qırt” (1893), Sultanməcid Qənizadənin “Dursunəli və ballıbadı”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, (1894), “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” (1897), Vasaq Mədətovun (Nəzmi) “Tamahkarlıq düşmən qazanar” (1899), adlı əsərlərə səhnə həyatı verir. Bu əsərlər isə Yunis Nuri, Kərim Əhmədov, Qənnadı Cabbar, Mirzəli, Cəfər Əhmədov, Hüseyn Salmanov, Rza Şeyxzadə, Mustafa və Məcid Rəcəbovlar, Mehdi Kazımov, Asəf bəy Şəfiyev, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Məşədi Hüseynqulu, Ayaqçı Sadıq kimi sənətkarlar nəslinin yetişməsinə səbəb olur. Həmin sənətkarlar İrəvan Teatrının inkişafına fədakarcasına xidmət göstərmişlər. Müxtəlif janrlarda yazan milli və əcnəbi ədiblərin (Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Şekspir, Şiller, Molyer, Çexov, Qoqol) əsərlərinə müraciət etməklə teatr repertuarını zənginləşdirə bilmişdi. Türkiyədən, Bakıdan, Tiflisdən İrəvan Teatrının işığına yığışan görkəmli teatr xadimlərinin fövqəladə zəhməti hesabına, İrəvan qalasının adına layiq bir sənət ocağına çevrilməklə, teatrın şöhrəti, ətraf ölkələrə yayılmışdı.
Bu şöhrət, İrəvan Teatrının bölgədə nüfuzunun təkcə sənət meyarı nöqteyi-nəzərindən artması ilə məhdudlaşmadı, teatr həm də xeyirxahlıq missiyası ilə insanların böyük rəğbətini qazana bildi. Mən bu barədə ayrıca söz açmaq, İrəvan Teatrının bu gün də davam etdirdiyi qürurverici xeyirxahlıq missiyası barədə fərəhlə danışmaq istəyirəm.
Yuxarıda qeyd etmişdik ki, 1882-ci il, aprel ayının 2-də İrəvan Teatrının oynadığı M.İsmayıl və V,Mədətovun “Tamahkarlıq düşmən qazanar” tamaşası kasıb tələbələrə kömək məqsədi ilə hazırlanmışdı. Beləcə, bünövrəsi xeyirxah missiya ilə qoyulan bu sənət ocağı bütün fəaliyyəti boyu xeyirxahlıq missiyasını ləyaqətlə özündə qoruyub saxlamışdır.
Fakt:
1905-ci ildə üç dəfə baş verən (20-22 fevral, 23-26 may və 18 sentyabr) erməni-türk qırğını nəticəsində çoxlu sayda azərbaycanlı ziyan çəkmişdi. Həmin hadisələrdən hiddətlənən teatrın kollektivi Canpoladov qardaşları klubunda, 25 avqust tarixdən başlayaraq, bir neçə tamaşa oynamış, əldə olunan gəliri həmin insanların ziyanlığını ödəməyə sərf etmişdi.
1912-ci il. Yerli qəzetlərdə dərc olunan
elanlar vasitəsi ilə Azərbaycanın dahi şairi M.Ə.Sabirin
“Hophopnamə” məcmuəsinin çapı üçün
bütün Qafqaz müsəlmanlarına, vəsaitlə
köməklik göstərilməsinə dair dönə-dönə
xahişlə müraciət edilir. Bir il ərzində cəmisi
20 manat 19 qəpik vəsait yığılır. Bu fakt, dəhşətli
bir hadisədir. Bu hadisə, dəhşətli bir
ağrıdır. Bu ağrı, heç zaman unudulmayan və
sağalmağa böyük ehtiyacı olan ağır xəstəlik
və bir milli müalicə məsələsidir. Sabir
özü nə gözəl deyib:
“Daş qəlbli insanları neylərdin, İlahi!
Bizdə bu soyuq qanları neylərdin,
İlahi!”
Bu dözülməz hadisəni xatırlarkən düşünürsən, tarixi vərəqlədikcə bu cür utanc gətirən hadisələrlə o qədər üzləşirsən ki... Fikrimcə, biz çox halda, özümüz öz əllərimizlə, öz dəyərlərimizi məhv etməyə, həqiqətimizin ucalmasının qarşısını almağa çalışmışıq. Ona görə də, bu gün, haqqımızı sübut etməkdə böyük çətinliklərlə qarşı-qarşıya durmaq məcburiyyətində qalırıq. Xalqımızın milli mənəvi sərvətinin üzə çıxarılmasında böyük çətinliklərlə üzləşirik. Nə qədər ağrılı da olsa deməliyəm ki, biz hələ milli-ədəbi nümunələrimizi dünya miqyasına kifayət qədər sanballa təqdim edə bilməmişik. Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundzadənin, Ə.Haqverdiyevin. Ə.Sabirin, M.Cəlilin, H.Cavidin, M.Müşfiqin və sair bu kimi görkəmli ədiblərin əsərlərinin dünya xalqlarının dillərinə tərcümə olunmasına çalışmamışıq. Məncə bu məsələ təkcə dövləti məsələ deyil, bu bir başa milli mübarizə məsələsidir ki, bunu da ictimaiyyət özü anlamalı və kütləvi şəkildə iş aparmalıdır.
İrəvan Teatrı hər zaman millət, xalq sevgisini uca tutmuş, bu gün də həmin meyarları ən ali dəyər müstəvisində qoruyur. İrəvan teatrı və bu teatrın kollektivi üçün millətini sevmək- milli dəyərlərə mötəbər münasibətlə yanaşmaq, dövlətini və dövlətçiliyini göz bəbəyi kimi sevmək və onu canı bahasına belə qorumağa çalışmaq, xalqının istedadlı övladlarını öz istedadsız övladından üstün tutmaq və həmin insanlara daha çox meydan yaratmaq, öz yerini düzgün müəyyən etmək və özgəsinin haqqını tapdalamaq üzərində öz xoşbəxtliyini qurmağa çalışmaq kimi nifrətə layiq məntiqdən sıyrılıb çıxa bilmək həqiqətindən keçir.
Ulu öndər Heydər Əliyevin yanğı ilə söylədiyi “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir! Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən, AZƏRBAYCANLIYAM!” kəlmələr burada çox yerinə düşür... Biz bu gün bu kəlamlarla körpələrimizi böyütməli, əsl AZƏRBAYCANLI övladı yetişdirməliyik! İrəvan Azərbaycan Teatrı həmişə belə meyarlara söykənərək yaşayıb-yaratmışdır.
1918-ci ilin martında daşnak ermənilərin İrəvanda, Bakıda və Azərbaycanın bütün bölgələrində törətdiyi, azərbaycanlıların qanlı tarixinə çevrilən geniş miqyaslı, kütləvi qırğınları nəticəsində bu fədakar kollektiv öz dədə-baba yurdundan İranın Xoy şəhərinə didərgin salınır.
O vaxtlar təkcə Qərbi Azərbaycanda, əhalinin bir qismi qətlə yetirilməklə, bir qismi isə silah gücünə doğma ocağından didərgin salınmaqla, 575 min azərbaycanlı əhali ziyan çəkdi.
Cəmisi 30 ay hakimiyyətdə qalan daşnak şovinistləri Azərbaycanın əzəli torpaqlarında-İrəvan quberniyasında, paytaxtı İrəvan şəhəri (indiki Yerevan) olmaqla Ermənistan dövləti yaratdılar. Təəssüf! Təəssüf və çox təəssüf!
Həmin müddət ərzində, Teatrının kollektivi, Xoy şəhərində, Yunis Nurinin rəhbərliyi altında teatrın fəaliyyətini fasilə vermədən davam etdirdilər.
Sonra, 1920-ci ilin 29 noyabrı gəldi. Qızıl
ordu erməni daşnaklarının hakimiyyətini süquta
yetirdi, əvəzində Azərbaycanın qədim
torpağında Ermənistan Sosialist Respublikasını elan
etdi. Daşnaklar tərəfindən didərgin
salınan azərbaycanlıların geri qayıtması məsələsi
ilə bağlı İnqilab Komitəsi xüsusi komissiya
yaratdı.
1920-ci il, 6 dekabr. S. Kasyanın imzası ilə
mühüm əhəmiyyətə malik, 4 nömrəli bir əmr
də imzalandı. Əmrdə, Ermənistan
Respublikasının müsəlmanlar yaşayan yerlərində
erməni dili ilə yanaşı azərbaycan dilinin də
dövlət dili elan edilməsi göstərilirdi. (5,s.1). 1921-ci ildən etibarən isə
Sovet Ermənistanında Azərbaycan dilində “Kommunist” “və
“Rəncbər” qəzetlərinin dərc olunmasına da
başlandı. Şübhəsiz ki,
İrəvan Azərbaycan Teatrı da kollektiv şəkildə
vətənə döndü. Bu
dönüşlə İrəvan Teatrının
yaradıcılığının yeni mərhələsi
başlandı.
1921-ci ildən, 1928-ci ilə qədər böyük
vüsətlə çalışan teatr, sovet
ideologiyasının təbliğ olunması prosesində əsas
qüvvələrdən birinə çevrildi. O illərdə İrəvanda
yaradılmış “Türk klubu”, “Müsəlman qadınlar klubu”
teatrın formalaşması və intibah etməsi
üçün böyük meydan oldu. Yunis Nuri, Bala Əfəndiyev
və xanımı Fatma xanım, Əkbər Rzayev və
xanımı Firəngiz xanım, həvəskar artistlər
Yusif Ziya, Abbasəli Axundov, Məşədi Rzayev, Əşrəf
Yusifzadə, Həbib Məmmədzadə, Cəfər Əhmədov,
Gövhər xanım və daha başqaları ilə
yanaşı, Pənah xanın evində təşkil
olunmuş “Müsəlman qadınlar klubunun” (sonralar o klub Klara
Setkinin adını daşıyırdı) fəal üzvləri
olan F.Rzayeva, F.Qədimova, F.Əfəndiyeva, L.Qazıyeva,
M.Axundova və başqaları sözün əsl mənasında
teatrın inkişafı üçün yorulmadan, vicdanla
çalışırdılar. Bu illərdə “Hacı Qara”
(M.F.Axundov), “İblis”, “Şeyda” (H.Cavid), “Dağılan Tifaq”
(Ə.Haqverdiyev), “Yağışdan çıxdıq,
yağmura düşdük” (N.Vəzirov), “Nadir şah” (Nəriman
Nərimanov), ”Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər
və arvad” (Ü.Hacıbəyov), “Aydın”, “Sevil”
(C.Cabbarlı), “Zorən təbib” (J.B.Molyer) və sair kimi nəhəng
əsərlərə səhnə həyatı verildi. Kollektiv, respublikanın Pəmbək, Şirak,
Ağbaba, Göyçə, Zəngibasar, Vedibasar, Dilican,
Qafan, Gümrü İrəvan və başqa bölgələrində
böyük maraq və həvəslə tamaşalar
oynayırdı. Belə məhsuldar və
uğurlu fəaliyyət, teatrın, dövlət statusuna gedən
yoluna parlaq bir çıraq tutdu. 1928-ci il, mart
ayının 15-də Ermənistan Sosialist Respublikası tərəfindən
bu əzmkar teatra İrəvanda səyyar tipli Türk Dövlət
Dram Teatrı statusu, 1935-ci ildə isə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Azərbaycan teatr və
kino sənətinin müqtədir sənətkarlarından
olan Cəfər Cabbarlının adı verildi. Kollektivdə
böyük ruh yüksəkliyinə səbəb olan bu hadisədən
sonra teatr, Tiflis və Azərbaycan teatrları ilə
yaxından əlaqələr yaratdı. Kollektivin
üzvləri olan Y.Nuri, M.Qaraxanov, Ə.Yusifzadə,
H.İbrahimov, A.Dərzadova, A.Həsənov, H.İbrahimov,
A.Şirinova, Z.Teryan, M.Əsgərov kimi püxtələşmiş
istedadlı sənətkarlarla birgə fəaliyyət göstərmək
üçün, Q.Həqqi, X.İsmayılova, Q.Məlikov,
İsmət Əliyeva və az sonra İsmayıl
Dağıstanlı, Ətayə Əliyeva, Həsən Mirzəyev,
Kamil Qubuşov, Adil Əsgərov Kazım Ziya, Əli Zeynalov və
başqa aktyorlar da bu teatrla əməkdaşlığa səy
göstərdi. İrəvan Teatrının məktəbində
püxtələşən və formalaşan həmin
aktyorların bir hissəsi bir müddətdən sonra
Bakıya gəldilər. Onlar Bakı
teatrlarında fəaliyyətlərini davam etdirərək, Azərbaycan
Teatr sənətinin korifeylərinə çevrildilər.
Beləcə, İrəvan Teatrı, Azərbaycan teatr sənətini
İrəvanda inkişaf etdirməklə yanaşı, həm
də digər Azərbaycan teatrları üçün
böyük bir sənət bazasına çevrilmişdi.
1978-ci il. Bu tarix İrəvan
Teatrının həyatında mühüm əhəmiyyət
kəsb edən bir tarixdir. Teatr dövlət statusu
almasının 50-ci il
dönümünü dövlət səviyyəsində qeyd
edirdi. O vaxtlar Azərbaycan Respublikasına rəhbərlik edən
Heydər Əliyevin xüsusi diqqət və
qayğısı ilə teatr Bakı şəhərinə
geniş qastrol səfərinə dəvət olundu. Bakı qastrolu zamanı teatrın bir qrup aktyoru Azərbaycan
Respublikasının fəxri adları və diplomları ilə
təltif olundu. Bu hadisə mənim
yaddaşımda həmişə öz ecazkarlığı
ilə yaşayır. Bakıda əsl teatr bayramı hiss
olunurdu. İrəvan Teatrı öz yüksək
bədii keyfiyyətlə hazırlanmış
tamaşaları ilə Bakı teatr ictimaiyyətini
sözün əsl mənasında heyrətləndirə
bilmişdi. Fikrimcə bu dövr İrəvan
Teatrı üçün intibah dövrü hesab oluna bilər.
50 illik yubiley tarixindən on il ötdü.
1988-ci il. Bu tarix... bir topa qara buluda bənzəyən
bu faciəvi tarix, artıq 23 ildir ki, İrəvan Teatrı
üçün də, Qərbi Azərbaycanlılar
üçün də, Qarabağlılar üçün də
və ümumən dünya azərbaycanlıları
üçün də həqiqi tufana, borana. fırtınaya
çevrilmişdir.
Erməni
milliyyətçiləri tərəfindən Azərbaycana
növbəti torpaq iddiası ilə Qarabağda törədilən
iğtişaş və ətraf bölgələrdə
geniş etnik təmizləmə prosesi, ilk növbədə Qərbi
Azərbaycanda, o cümlədən də İrəvanda
yaşayan azərbaycanlıların zorla yurd-yuvalarından didərgin
salınması ilə başlandı. 1989-cu ildə
İrəvan Teatrı, Ermənistan Sovet Sosialist Respublikası
Mədəniyyət Nazirliyinin təkidli tələbi ilə,
kollektiv şəkildə Azərbaycanın cənub bölgəsinə
qastrol səfərinə göndərildi. Qastrol
bitdikdən sonra İrəvana qayıtmaq üçün
kollektiv nə qədər səy göstərsə də, bu
səfər, qocaman İrəvan Teatrının, bütün əmlakı
əlindən alınmaqla, Azərbaycan Sovet Sosialist
Respublikasına deportasiya olunması ilə nəticələndi.
Tarix boyu belə sarsıdıcı hadisələrə
dəfələrlə sinə gərən və vəziyyətdən
əzmlə çıxan bu qəhrəman sənət
ocağı, bu dəfəki sarsıdıcı hadisələrin
ağır zərbəsinə də sinə gərə bildi. Kollektivin bir qrup əməkdaşlarının
səyi və Qərbi Azərbaycanın Azərbaycanda
yaşayan təəssübkeş ziyalılarının
böyük köməkliyi nəticəsində, 1989-cu ildən,
teatra, Abşeron Rayon Mədəniyyət Sarayında yerləşməklə,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində
Teatr-Studiya kimi fəaliyyət göstərmək imkanı
yaradıldı. Teatr ilk illərdə köhnə
tamaşaların bərpası ilə məşğul oldu.
1994-cü ilə qədər bu cür,
özünümaliyyələşdirmə prinsipi ilə
yaşaya bildi. 1994-cü il 31 avqust
tarixində ulu öndər Heydər Əliyevin
qayğısı sayəsində teatr dövlət statusu
qazandı və H.Sarabski adına Mədəniyyət Evinin bir
hissəsində yerləşdirildi. Həmin
dövrdən etibarən teatr, bərpa olunan tamaşalarla yanaşı
bir sıra yeni tamaşalar da hazırlaya bildi. Azərbaycanın rayonlarına və bir dəfə
İrana qastrol səfərləri həyata keçirdi.
1997-ci ildə Tiflisdən sevindirici xəbər aldıq. Ulu öndər Heydər Əliyevin
növbəti qayğısı ilə, bu dəfə,
keçən əsrin ortalarında fəaliyyəti
dayandırılmış Tiflis Dövlət Azərbaycan Dram
Teatrının bərpa olunması üçün
Gürcüstan Respublikasının prezidenti Eduard
Şevardnadzenin imzaladığı sərəncam xəbəri,
İrəvan Teatrının ikinci dəfə dövlət
statusu alması xəbərinin sevincinə qarışdı.
O zamanlar mən, Akademik Milli Dram Teatrının səhnəsində
və televiziya tamaşalarında, teleseriallarda aparıcı
rollar oynayan aktyor kimi çalışırdım. Eyni zamanda 1991-ci ildə sazın operası kantekstində
təsis etdiyim Azərbaycan Milli Dastan Teatrının
qurulması prosesi ilə məşğul idim.
Bu sərəncamdan irəli gələn bir sıra məsələlərin
həyata keçirilməsi üçün, Azərbaycan tərəfinin
üzərinə düşən işləri həyata
keçirmək məqsədi ilə mən, 1998-2000-ci illər
ərzində Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin sərəncamı ilə Tiflisə uzunmüddətli
ezamiyyətə göndərildim. Orada, Tiflis
Teatrının bərpası üçün bizim üzərimizə
düşən dövlət tapşırıqları
uğurla yerinə yetirildi. Fərəhlə
demək olar ki, bu gün həmin teatr fəaliyyətini davam
etdirir və teatr ulu öndər Heydər Əliyevin
adını daşıyır.
1999-2000-ci illərdə İrəvan Teatrının
daxilində yaradılan münaqişələrin
sorağı miqyasını aşmaq dərəcəsinə
qədər gəlib çıxmışdı. Mədəniyyət
Nazirliyinin rəhbərliyi tərəfindən bu teatra yeni rəhbər
axtarışı, mənim Tiflis Teatrındakı missiyamın
yekunlaşaraq Bakıya qayıtmağım ərəfəsinə
təsadüf etdi. Tiflisdən
döndükdən sonra mən, öz aktyorluq peşəmlə
məşğul olmaq niyyətimi cənab nazirə bildirməyimə
baxmayaraq, bir neçə gündən sonra bu qocaman və fədakar
teatra rəhbər vəzifəyə təyin olundum. Biz, kollektivin üzvləri ilə birgə,
teatrın qədim ənənələri üzərində,
yeni quruculuq işlərinə başladıq.
Beləliklə, 2000-ci ildən İrəvan
Teatrının fəaliyyətində yaradılan uğurlu
inkişaf nəticəsində teatr bu günə qədər
60-a yaxın premyera ilə tamaşaçı qarşısına
çıxa bildi. Bir-birinin ardınca hazırlanan, biletləri
əllərdə satılan yeni, yüksək zövqlü,
maraqlı tamaşalar teatrın şöhrətini öndə
gedən teatrlar sırasına qaldırdı.
Dövrü mətbuat, radio və televiziya kanalları
İrəvan Teatrının maraq doğuran fəaliyyəti
barədə tez-tez yazılar yazdı, süjetlər təqdim
etdi. Teatrın bir çox tamaşaları
telekanalların qızıl fondu üçün çəkildi.
Hazırlanan
tamaşalar sırasında olan S.Rəhmanın “Yalan” (30
noyabr, 2000), Hidayətin “Məhəbbət yaşayır hələ”
(29 oktyabr, 2000), “Durnalar qayıdanda” (1 may, 2001), “Bu
dünyanın adamları” (21 fevral, 2006), A.Rəhimovun “Əsgər
anası” (28 dekabr, 2000), “Məhəbbət və cinayət”
(22 fevral, 2003), “Pul hərisləri” (10 aprel. 2004), R.İbrahimbəyovun,
“Qum üstündə ev” (14 noyabr, 2001), Anarın “Telefon gecələri”
(8 iyun, 2001), “Təhminə və Zaur” (2007), K.Abdullanın, “Elə
bil qorxa-qorxa” (22 iyun, 2002), Ə.Əmirlinin “Müqəddəs
Valentin günü” (15 noyabr, 2003), İ.Əfəndiyevin “Məhv
olmuş gündəliklər” (20 iyun, 2003), “Unuda bilmirəm”
(22 dekabr, 2004), “Boy çiçəyi” (2007), M.B.Marinyenin,
“Oğru” (23 mart, 2003), Ə.Nesinin, “Toros canavarı” (16 noyabr,
2004), C.Okarnaççinin və R.Farabuzinin “Sənətim cəmiyyət
sinyorudur. (11 aprel, 2004), A.Çexovun “Elçilik (Təklif)”
(22 noyabr 2004), İftixarın “Gülün, gülsün
dünyamız” (20 dekabr, 2004), “Dan yeri söküləndə”
(26 aprel, 2006), “Körpü” (2008), A.Makoyonokun “Tribunal” (3 iyun
2005), Elçinin “Poçt şöbəsində xəyal”
(10 dekabr, 2005), “Qatil” (1 mart, 2010), Ü.Hacıbəyovun “O
olmasın, bu olsun” (14 mart, 2006), E.Hüseynbəylinin
“Hamının günahı” (2007), “Adəm və Həvva”
(2009), İ.Məlikzadə və S.Ələsgərovun,
“Subaylarınızdan görəsiniz” (2007), A.Babayevin “Xilaskar”
(3 may, 2009), M.F.Axundzadənin “Əhvalati-Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”,(2009),
J.B.Molyerin “Məcburın doktor” (2011) və bir çox
başqa müəlliflərin əsərləri ilə 50-dən
çox, bir-birindən maraqlı premyeralar oynanıldı.
Bu
uğurlu fəaliyyət Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyevin ali diqqət və
qayğısı ilə 30 avqust, 2006-cı il tarixdə
imzaladığı sərəncama əsasən, 2007-ci il
oktyabr ayının 16-da, Bakıda təntənəli şəkildə
125 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi ilə dəyərləndirildi. Elə həmin
gündə ölkə başçısının
imzaladığı növbəti ali sərəncam
ilə teatrın bir qrup sənətkarları fəxri adlarla təltif
olundu. Yubileydən bir neçə gün sonra, 18-25 noyabr
tarixlərində, Mədəniyyət və Turizm Nazirliyinin xətti
ilə, yubiley tədbirləri planı çərçivəsində
teatrın kollektivi Türkiyə Cümhuriyyətinin İzmir,
Manisa, Niğdə şəhərlərinə 10
günlük səfər etdi. Səfərdə
Ü.Hacıbəyovun “O olmasın, bu olsun” tamaşası əsasında
hazırlanmış “Məşədi İbadın toy mərasimi”
musiqili məzhəkə-komediyası və İftixarın ulu
öndər Heydər Əliyevə həsr etdiyi “Müstəqil
Vətənin Memarı” ədəbi-bədii kompozisiyası
türk tamaşaçılarına təqdim olundu. Hər iki tamaşa haqqında yerli media orqanları
geniş məqalələr dərc etdilər, rəngarəng
süjetlər göstərdilər.
2008-ci il fevral ayının 8-də Azərbaycan
Respublikası Nazirlər Kabinetinin növbəti, 47 “S”
saylı sərəncamı ilə M.Rəsulzadə qəsəbəsində
yerləşən M.Rəsulzadə adına Mədəniyyət
Sarayı hüquqi ünvan olaraq C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrının balansına
verildi. Əslində bu teatrın İrəvandakı
fəaliyyəti dövründə heç vaxt öz
binası olmamışdır. Baxmayaraq ki,
o torpaqlarda azərbaycanlıların özü kimi
teatrlarının tarixi də ermənilərin oraya gəlişindən
və teatrlarının tarixindən daha qədimdir, Ermənistan
dövləti heç vaxt bu kollektivin rahat, arxayın fəaliyyət
göstərməsinə heç bir şərait
yaratmamışdı. Həmişə iynə
üstündə saxlamışdı. İndi
isə Azərbaycan dövlətinin qayğısı ilə əzm
və fədakarlıqla sənət nümunələri
yaradan, bu gün də bənzərsiz fəaliyyəti ilə
öndə gedən teatrlar sırasında uğurla
çalışan bu sənət məbədi yaşayır
və intibah edir. Teatr paraleldə bir
neçə əsərin məşqlərini aparır, eyni
zamanda qastrol səfərləri həyata keçirir və
beynəlxalq layihələrdə iştirak edir.
Çətin şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq teatr, genişmiqyaslı beynəlxalq layihələr həyata
keçirməyə başladı. 22-24 fevral 2009-cu il tarixdə,
İftixarın “Körpü” əsəri ilə, 29 nəfərlik
bir heyətlə, 3 gün müddətinə Tiflis şəhərinə
ezam olunaraq Qafqaz miqyaslı bir layihə həyata keçirdi. Tamaşa, sülh və barış kontekstində
olan bir mövzuya həsr olunmuşdu.
15-28 mart
2010-cu il tarixdə Türkiyə Cümhuriyyətinin
İstanbul və Manisa şəhərlərində Türk
Teatrları ilə birgə hazırlanan “Çanaqqalaya can verənlər”
beynəlxalq layihədə iki nəfər aktyorla təmsil
olundu.
Yenə də
nazirliyin layihəsi ilə, 14-27 mart 2010-cu il tarixdə 19 nəfərdən
ibarət bir heyətlə A.Babayevin “Xilaskar”, xalq
yazıçısı Elçinin “Qatil”, şair-dramaturq
Hidayətin “Bu dünyanın adamları” və İsi Məlikzadənin
“Subaylarınızdan görəsiniz” əsərləri ilə
Dağıstan Respublikalarında, geniş tərkibli heyətlə,
iki həftə davam edən qastrol səfərini uğurla həyata
keçirdi. İrəvan Teatrının
kollektivi hər bir səfərində İRƏVAN və
QARABAĞ HƏQİQƏTLƏRİnin carçısına
çevrildi.
Hal-hazırda
130-cu mövsümünə qədəm qoyan, İrəvana
dönmək eşqini hər zaman özündə yaşadan
İrəvan Teatrı, heç vaxt təkcə sənət məkanı
kimi fəaliyyətini məhdudlaşdırmadı, həm
varlığı ilə, həm də yaratdığı vətənpərvər
ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt
etmiş və onu isti yurd-yuvasından didərgin salmış
düşməninə qarşı qəhrəmancasına
mübarizə mövqeyində dayandı. İnanıram ki, bu
mövqe İrəvan Teatrı üçün hər zaman
prioritet məsələ kimi aktiv qalacaqdır və 130-cu
yubiley tarixinin ali sərəncamla yüksək
səviyyədə keçirilməsinə ümid hissi ilə
kollektivimiz öz işini, ölkə
başçısının apardığı uğurlu siyasət
sayəsində, respublikamızda gedən bu günkü parlaq
inkişafın sabahımıza apardığı
işıqlı yolda üzərinə düşən sahədə
hər zaman, aktiv fəaliyyət prinsipləri üzərində
davam etdirəcəkdir.
İftixar Piriyev
Əməkdar mədəniyyət
işçisi,
AzMEA-nın dissertantı
525-ci qəzet.- 2011.-
30 sentyabr.- S.6.