Aşıq Ədalət: “Mən
bu sazla 70 il yoldaş olmuşam, indi gedib bir nadanın əlinə
düşsün?...”
– Aşıq Ədalət
necə yaşayır?
–Dolanışıqdan
narazılığım yoxdur. Çünki elim-obam,
xalqım sənətimə hörmət qoyur, məni
dolandırır. Yeganə problem Bakıda evlə
bağlıdır. Dövlət nə zaman hansı xarici
ölkəyə istəyib, ora getmişəm. Azərbaycanı
layiqincə təmsil etmişəm. Mənim ev almağa
haqqım varmı? Bu qədər sənət
yoldaşlarım ev-eşik sahibi olur, mən ağsaqqal sənətkar
12 ildir kirayədə yaşayıram. Bir az bundan narazıyam.
Yoxsa dolanmağım da, camaatın mənə münasibəti
də yaxşıdır.
– Saza münasibətiniz necədir,
dəyişib, yoxsa elə əvvəlki kimidir?
– Mənim saza münasibətim
dəyişməyib. Onu heç kəs görməyəcək.
Mən bu qara sazı özümlə birgə dəfn etdirəcəm.
Fikrim qətidir.
– Səbəb nədir?
– Qalmasın sazım. Elə
sənətkar yoxdur ki, bu sazla mənim adımı
doğrultsun. Mən bu sazla 70 il yoldaş olmuşam, indi gedib
bir nadanın əlinə düşsün?... Buna qətiyyən
yol vermərəm, qəbirdə od tutub yanaram.
– Bu qədər
bağlandığınız sənətə gəlişiniz
necə alındı?
– İlk dəfə sazı
5 yaşımda əlimdə götürmüşəm. 10-12
yaşımda artıq mən məclislərə, toylara,
mağarlara, xalqımın şad günündə tədbirlərə
dəvət olunmuşam.
– Sizi ilk dəfə sazla
tanış edən, bu sənətin incəliklərini
öyrədən kim olub?
– Mən anadan olandan bu
sazı, sənəti öyrənmişəm. Amma atam, pinəçi
Məhəmmədəli bir az, 20 faiz saz çalmaq bilirdi. O,
müəyyən qədər bildiyini öyrətməyə
çalışıb.
– Evinizdə saz olub?
– Evimizdə çox saz olub.
Bir çox ustadlar sazlarını bizim evə gətirib,
divardan asıblar. Mən də ayağımın altına
stul qoyub, o sazları düşürməyə
çalışanda bir neçə dəfə
qırmışam. Rəhmətlik Aşıq Müsəllimin,
Aşıq Söyün Sarıyevin, Aşıq Məmmədyarın
sazını qırmışam.
– O ustadlar sazlarını niyə
sizin evinizə gətirirdilər?
– Atam aşıqpərəst
adam idi. Sazlarını bizə qoyub, atamla 1-2 saatlığa
şəhərə gedirdilər.
– Bu sənətin zirvəsinə
nə zaman yüksəlməyə başladınız?
– Məni Azərbaycan
xalqı 1950-ci ildən görür. 10 yaşımdan
başlayaraq xalq məni bağrına basırdı.
Bakıdan vəzifəli insanlar, mədəniyyət xadimləri
gəlirdilər. Məni birinci dəfə Bakıya gətirən
rəhmətlik akademik Aslan Aslanov olub. O məni evində 1 ay
saxlayıb. Məni birinci dəfə radioya da o
çıxarıb. Səməd Vurğun, İsmayıl
Şıxlı, Hüseyn Arif, Osman Sarıvəlli kimi Azərbaycanın
böyük ağsaqqalları aşıq sənətini,
sazı öz canları qədər istəmiş
insanlardı, mənə həmişə xüsusi diqqət
yetirirdilər.
– Səməd Vurğun ilk dəfə
sizinlə nə vaxt maraqlanıb?
–12 yaşım vardı. Səməd
Vurğun bir qocaman aşığa deyib ki, bir körpə
aşıq var, onu da gətir, qulaq asaq. Gəlib mənə
dedi, “baş üstə” dedim. Getdik, çalıb-oxuduq. Məni
ifamı çox bəyəndi. İkinci dəfə Şinkar
bulağının başında görüşdük. Orada
Səməd Vurğun mənə “Beçə” ləqəbi
qoydu. Dedi ki, sağ ol, a Beçə, anan ölməsin, a
Beçə! Elə o vaxtdan sonra böyük, mötəbər
adamların çoxu mənə Beçə deyirdilər. O
vaxt da yaxşı oxuyurdum, səsim parovoz kimiydi. Səsimə
görə də mənə Beçə demişdi. Bir
müddət o ləqəblə gəzdim.
Bir xatirə yadıma
düşür. Rəhmətlik Səməd əmi bir gün
Qazaxda “Pobeda” maşını ilə yoldan keçirdi.
Yoldaşlardan kimsə deyir ki, bu, Beçə dediyinin
atasıdır. Düşdü maşından. Mən bunu
arxadan gözümlə gördüm. Orda atama deyir ki, saz
çalan o uşağı mənə ver. Atam da müharibədən
gəlmişdi, bir qolu yox idi. Bir əli ilə pinəçilik
edirdi. Başını qaldırır, deyir ki, ay qardaş, o,
mənim gözümün ilk ovudur, verə bilmərəm. Mən
atama ayaqqabı tikməkdə də kömək edirdim. Bir əli
ilə sapı salırdı, o biri əli olmadığı
üçün çəkə bilmirdi, dişi ilə
çəkirdi. Mən atamın yanında oturub ona kömək
edirdim. Səməd Vurğuna deyir ki, mənə həm də
işimdə kömək edir. Səməd Vurğun cibindən
böyük bir dəstə pul çıxarıb qoyur, deyir
ki, bu uşaqdan muğayat ol.
Bir neçə dəfə
Osman Sarıvəllinin də evində olmuşam.
İsmayıl Şıxlını, Hüseyn Arifi də mən
onlardan seçmərəm, hamısına Allah rəhmət
eləsin. Hüseyn Arif bir aləm idi. Onlar hamısı məni
əzizləyib, hörmət ediblər. Biri mənə pencək
alıb, biri başqa nəsə alıb. Qəbirləri nurla
dolsun.
– O səs necə oldu?
– İndi məndə
aşıq səsi var. Aşıq sevən insanlar,
bütün aşıq yoldaşlarım mənim
havacatımı bilirlər. Mən indi pəsdən oxuyuram,
oxuduqlarım xoşagələndir, səsimdə şirinlik
var. Amma daha o səs qalmadı. Ola bilsin, cavan idik, həddi-buluğa
çatmamışdıq, o səs qalmadı, batdı. Sonra mənə
zəhər verdilər, boğazım, səs tellərim
deşildi.
– Bu hadisə nə vaxt olub?
– Lap çoxdan, 50-55 il qabaq.
– Zəhəri sizə necə
vermişdilər?
– Bilmədim. Atam yazıq məni
yük maşını ilə Gəncəyə gətirdi. Həkimlər
bir az müalicə yazdılar. Sonra atama dedilər ki, əziyyətdən
keçib, uşağı Bakıya apar. Mənə Bakıda
Topçubaşov baxdı. Atama deyib ki, bu uşaq nə
yaxşı ölməyib! Boğazım xəlbir kimi
deşik-deşik olubmuş. Professor mənə dedi ki, 1 il sənə
danışmaq qadağandır. Bir adamdan çay istəyirsənsə,
yaz, versin. Mən də 5-6 ay dözdüm, sonra
özümü saxlaya bilmədim, danışmağa
başladım. Bəlkə elə ondan oldu belə.
– Ancaq yadınıza
düşmədi ki, zəhəri sizə kim və necə,
harda verib?
– Nə bilim... Gündə
50-100 adamla oturursan. Bir-iki adamdan şübhələndim, amma
göydən Allah baxır, Allah adamın günahını
bağışlamaz. Durub deyim ki, filankəs zəhər verib,
o da olmaz.
– Qazaxdan Bakıya gəlmisiniz.
Ab-havanın dəyişdiyini nə cür hiss edirsiniz?
– Bakı bizim anamız,
döyünən ürəyimizdir. Bu şəhərə
qanan da, qanmayan da, ağıllı da, dəli də, qoçu
da, qorxaq da, möhtərəm adam da, yaltaq da gəlir.
Onların hamısına Bakı qucaq açır. Ancaq mənə
Bakının havası düşmür, 12 ildir, bu havaya
uyuşa bilmirəm. Dağ yerləri, çayın,
bulağın, Kürün qırağı tamam
başqadır.
– Belə başa
düşdüm ki, Bakıda uşaqlara görə
qalırsınız?
– Səbəbsiz aşıq
ağlamaz. Bir az rayonda çətinlik oldu, mən də bir az
xəstə oldum. Rayonda qaz, işıq olmadı, canım da
naxoş olduğu üçün əziyyət çəkdim.
Axırda dostlar, yoldaşlar dedilər ki, gəl Bakıya,
özünü müalicə etdir. Elə də gəldim,
Bakıda qaldım.
Yoxsa
Mən ellər
bağında ötən bir quşam,
Mənsəbə-şöhrətə
satılmamışam...
Başqa səbəbdən
şəhərə niyə gəlirdim? Özümə
görə daxmam, qapım-bacam, dostum var. Səhər
çıx, Kürün qırağında hava gül kimi,
qarmağı at, otur orada, günün gəlib keçsin,
özün üçün şeir yaz. Bir də var ki,
Bakıda gəlib oturasan, getməyə yer yox, əksər
yeri tanımıram. Elə çıxdığım Nərimanov
metrosunun yaxınlığındakı parkdır. Bayaq yolda gələndə
2 saatdan çox gözlədim. Dözə bilmirəm, amma
bundan sonra geri qayıtmaq da gecdir. Ona görə də ərizə
yazıb, ev problemi barədə ölkənin rəhbərliyinə
məlumat vermişəm. Ümidvaram ki, arzumu gözümdə
qoymazlar.
– Övladlarınız nə
edir, aşıq sənəti ilə maraqlananı varmı?
– Ortancıl oğlum, 7-ci
sinfi qurtaran nəvəm yaxşı saz çalır. Ancaq istəmirəm
ki, aşıqlıq etsin. Ondan Ədalət olmayacaq. İstəmirəm
ki, uşaq gününü belə keçirsin. Beş
övladım var, hamısı ali təhsillidir, hərəsinin
öz işi-gücü, evi-eşiyi var. Qızımın
biri Bakıda yaşayır, ailəsi, evi var. Oğlum da 30
ildir ki, Bakıda yaşayır, hər bir şəraiti var. Mənə
dedi ki, gəl bizimlə qal. Ancaq mən ağsaqqal adamam,
yoldaşımı, nəvəmi də gətirmişəm,
kirayədə oluruq. Dedim ki, əziyyət vermək istəmirəm.
Biri var ki, öz evin ola, istəyəndə soyunasan, istəyəndə
geyinəsən. Bəzən bir acıqlanmağın olur. Ona
görə də oğlumun evinə getmədim.
– Çılğın
xarakteriniz sizə həyatda mane olmayıb ki?
– O qədər! O qədər
insanlar məndən inciyib ki! Bu iş belədir, mən həmişə
düz danışmışam. Həyatımda yalan
danışmamışam. Yalan söz eşidəndə sakitcə
o stoldan durub gedirəm. 75 yaşıma çatıram, sənətkaram,
prezident təqaüdçüsüyəm, əməkdar incəsənət
xadimiyəm. Dünya festivallarında iştirak edib,
qızıl medallara layiq görülmüşəm. Dəfələrlə
Moskvada çıxışım olub. Üzeyir Hacıbəyovun,
Müslüm Maqomayevin, Mirzə Ələkbər Sabirin
yubileyində iştirak etmişəm.
– Mənə elə gəlir
ki, çılğın xarakterinizi qəbul etməsəydilər,
ailə həyatı sizin üçün çətin
olardı...
– Bunları deməyəndə
olmur, deyəndə də mənə ziyan edir. Sən mənim
bədənimdə olan axırıncı qanı çəkmək
istəyirsən. Bu, ailədir, mənimlə yola getmir, xoş
getdin, mən buyam! Səninki səndə, mənimki məndə.
Xoşun gəlir, otur, dolanaq, Allah verən bir parça
çörək, paltar tapaq, dolanaq. Ailə ilə
bağlı mənim problemim olub. Məni başa düşməyib,
onunla qurtarmışam. Demişəm ki, sazımı hansı
xalçam qiymətlidirsə, onun üstünə qoy. O
sazı evin küncünə, qapının yanına qoyub. Ora
saz qoyular? Saz Türk dünyasının, Azərbaycan
xalqının simvoludur! Bu, mənim varlığım, namusum,
qeyrətimdir! Mən deyirdim ki, sazın altına balış
qoy ki, yeri yumşaq olsun. O da aparıb başqa yerə qoyanda
alınmadı. Mən də hər şeyi buraxdım,
çıxıb gəldim. İndi ikinci
yoldaşımdır, 25 ildir yaşayıram, savadlı
insandır. O məni, mən də onu başa düşürəm.
Hələ elə olur ki, deyirəm, sazı bura qoyum, deyir yox,
ver qucağımda tutum. Ona görə də dolanırıq.
– Bu yaxınlarda
yaradıcılıq gecəniz keçirildi. Təşəbbüskar
kim oldu?
– Allah canına dəyməsin,
təşəbbüskar gözəl insan, təmiz qəlb
sahibi Zəlimxan Yaqub oldu. Dedi ki, gəl, belə bir şey edək.
Dedim, vallah, lazım deyil. Dedi, sənin nə işin var,
Aşıqlar Birliyinin sədri kimi bu işi edirəm. Razılaşdım.
Mənim yoldaşlarım, tay-tuşum yoxdur, mən tək
qanadam. Yoldaşlarım, tay-tuşlarım rəhmətə
getdilər. Təki onlarla dünyamı dəyişəydim,
qalmayaydım. İndi nadan-madan, uşaq-muşaq, hər ərinə
acıq edən arvad xeylağı bir saz götürüb, hər
arvadından küsən, evsiz-eşiksiz qalan bir saz
götürüb, Bakının canına düşüb. Çayxana
qalmır, bar qalmır, park qalmır, dənizin
qırağı qalmır, harada olur, gedib 10-20 manat
qazanır... Mənim yoldaşlarım onlar deyil.
Yoldaşlarım Aşıq İmran, Aşıq Əkbər,
Aşıq Mikayıl Azaflı, Aşıq Zeynal, Aşıq
Hüseyn Cavan idi, Allah onlara rəhmət etsin. İndi görək
hansı aşıq var?! Zəlimxan Yaqub məni yanından
buraxmır, deyir ki, mən deyəni sən, sən deyəni mən
başa düşürəm. Hər saz götürüb
ortaya çıxana aşıq demək olmaz. Olmaz axı! Ustada
qulluq etmək, ustaddan dərs almaq lazımdır. Aşıq Ədalətin
kasetini ortaya qoyur, gecə-gündüz qulaq asır. 50-60 dəfə
oxşadır. İndi görürəm ki, istifadə edirlər.
Qarmon, tar çalanlar da onu kimi. Nə deyəsən! Öyrənin!
8-10 tonluq filə top oynadırlar, indi nə var Ədaləti
öyrənməyə. O vaxt radio, televizor yox idi. 1 sənətkar
axtarırdılar ki, bir hava çala. 3-cü sinfi qurtaranda məni
rayondan Bakıya, Bakıdan da Moskvaya olimpiadaya yazdılar.
Dövlət Filarmoniyasında da qızıl medala layiq
görüldüm. Tarçalan Fikrət vardı, atasının
adı Alı idi, anasının da adı Xanım idi. Bayraməli
İsgəndərov vardı, ikinci katib idi. Ali Sovetə
seçilmişdi. Həmin Fikrəti çağırdı,
dedi ki, Ədalətdən muğayat ol. Elə günlər
görmüşəm. İndi məhərrəmlikdir, 1 xanəndə
tapa bilmirsən. Hamısı bu saat Rusiyadadır. Bir də məhərrəmlik
qurtarandan sonra görəcəksən ki, gəldilər, dənizin
qırağı doldu. Bu, mənə yaraşmaz. Səhhətim
də yaxşı deyil. Bir də görürsən, 5 gün
yaxşı oluram, 7 gün nasazlayıram.
Bayaq da dedim, mən Üzeyir
Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin,
Ələsgərin, Səməd Vurğunun və
başqalarının yubileyində olmuşam, Moskvada dəfələrlə
Böyük Teatrın səhnəsində, Çaykovski
zalında çıxış etmişəm. Mən bundan
artıq nə etməliyəm ki! Bunlar da gəlib
çayxanalarda çıxış edirlər.
– Arzunuzu bilmək istərdik.
– Əgər mənzil şəraitim
düzəlsə, özümü 20-25 yaşlı bir
oğlan kimi hiss edərəm. İnşallah, ev şəraitimin
düzələcəyinə də ümidvaram. Hüseyn Arif
deyir ki:
Dəyişməyib təbiətim,
Hələ kefim
çağdı mənim.
Ürəyimdən şikayətim
yoxdur. Məndə olan ürək ki var... Elə bir aparat ola,
ürəyimin nə istədiyini bilə. Bu saat mənim
ürəyim 20 yaşlı oğlanın ürəyindən
ötkəmdir...
525-ci qəzet.- 2011.- 7 yanvar.- S.7.