Qara qələmin
nağılı və yaxud sonrakı
peşmançılıq
(Əvvəli ötən şənbə
sayımızda)
“Mənə ağla, mənə kim,
üstümə
gəlməz ölsəm,
Bir ovuc torpaq atan badi-səbadan
qeyri”
Mehmet Akif Ərsoy
Nənəm, atamın anası
şəkərli diabet xəstəsi olduğundan bir ayağı dizindən kəsilmişdi. Protezlə gəzərdi. Atam da bəzi yazılarını o protezin içində gizlədərdi ki, işdi-şayəd, əgər evə çağrılmamış “qonaq”lardan kimsə gələrsə, ora baxmaq ağıllarına gəlməsin. Bunu isə bir atam bilirdi, bir nənəm
bilirdi, bir də... Mən isə uşaq olmağıma
baxmayaraq tamam təsadüfən bunu başa
düşmüşdüm. Dediyim kimi bir
vaxtlar atamın yaxın dostu olmuş gözəl insan, ingilis
dilini bəlkə də hər hansı bir ingilisdən də
səlis, rəvan bilən İsmixan Rəhimov bir dəfə
bizə gəlmişdi. Deyirdi ki, Bəxtiyar
“bir az ehtiyatlı ol, universitetdə mühazirələrinə
fikir ver, artıq-əskik danışma, onsuz da sən nəzarət
altındasan. Sənin hər
addımını güdürlər. Eşitdiyimə
görə sənin mühazirələrinə başqa
fakültələrdən də, başqa ali
məktəblərdən də gəlib qulaq asırlar. Auditoriyada 25-30 tələbənin yerinə sənin
mühazirələrinə 100-120 tələbə gəlib
qulaq asır. Auditoriyada yer
olmadığından tələbələrin çoxu elə
ayaq üstə durub sənə qulaq asır. Ehtiyatlı ol. Sən nə bilirsən
o tələbələrin içində kimlər var. Biz o
zaman hamımız səni qoruduq, ələ vermədik. Çünki bilirdik ki, sən həbsxana həyatına
tab gətirə bilməzsən. Vallah ora əsl
cəhənnəmdir, dəhşətdir. Oradakı
işkəncələrə dözmək müsibətdir,
dözmək çətindir. Vallah bir
neçə dəfə özümə qəsd də etmək
istəmişəm, bacarmamışam. O günlər
indi də bəzən yuxuma girəndə dəhşətə
gəlirəm. Yox-yox-yox... Təsəvvür
olunası deyil. Sənin isə gələcəyin
var. Hiss olunur ki, çox irəli gedəcəksən. Gözəl şairsən. Bunu elə oradada,.. “dəniz
qırağında da” (Vaxtilə KQB-nin binası bulvara
yaxın olduğundan ora el arasında, gizlində dəniz
qırağı deyərdilər.) bilirlər. Gələcəkdə
bizim deyə bilmədiklərimizi, içimizdə
boğduqlarımızı sən deyəcəksən. Biz hamımız vaxtından əvvəl yandıq
kül olduq. İnan ki, vaxt gələcək
sən hər şeyi deyəcəksən. Özünü qoru”. Atam da onlara
çay gətirən nənəmin protezli ayağına
işarə edərək – Gələcək fikirlərimin, gələcək
arzularımın, deyəcəyim sözlərin hamısı
burda gizlədilib. Bərk yerdədir.
İsmixan Rəhimovda
acı-acı gülümsəyərək:
– Sən bir bizim
halımıza bax da. Millətin gənc şairi
öz arzularını gör bir harda gizlədir. Bəxtiyar, sən demə millətin bütün dərdləri
ayaq altında imiş. Ayaq protezinin
içində gizlənibmiş. Bunu mən
o zaman başa düşmüşdüm.
Hə, bu fikirlərlə
atam evə çatıb elə yavaş-yavaş pillələri
qalxırdı ki, Qasım əmi ilə üzbəüz gəlir.
– Ay Bəxtiyar, səhər
tezdən hardan belə? Yaxşı ki, səni
gördüm. Səndən soruşmaq istəyirdim ki...
Atam diqqətlə onun
üzünə baxıb:
– Məndən heç nə
soruşma...
Heç nə başa
düşməyən Qasım əmi gülümsəyərək:
– Nə olub axı?
Atam qəzəblə:
– Nə olduğunu sən məndən
də yaxşı bilirsən.
– Vallah heç nə
başa düşmürəm.
– Qasım, heç
utanmırsan?
– Nə? Nə olub axı ? Bir de görüm nə
olub?
– Qasım, bir də mənə
nə salam ver, nə də ki
salamımı al.
– Ay Bəxtiyar bir de
görüm axı nə demək istəyirsən.
Atam heç nə
deməyərək pillələri qalxır. Vəssəlam.
Və bununla da
uzun illərin dostluğu, qardaşlığı pozulur, hər
şeyə nöqtə qoyulur.
Bu hadisənin
üstündən çox-çox illər gəlib
keçir. Çox hadisələr olur. Atam
da, Qasım əmi də yaşa dolurlar. Oğul
evləndirirlər, nəvə görürlər, baba olurlar.
Qocalırlar. “Sular durulur,
dibindəki daşlar bir-bir görünür.” “Vaxtın dəyimanında bir çox daşlar əriyib
quma çevrilir”. Çox əyilməyən
dik duran başlar bir-bir əyilir.” Amma
atamla Qasım əminin aralarında olan bu
küsülülük qalır, soyumur.
Təxminən otuz-otuz beş ildən sonra bir çox məsələlər
aydınlaşır. Bir çox gizli mətləblərə
aydınlıq gətirilir. Bir çox
düyünlər açılır. Məlum olur ki,
atamı elə o gecə qoruyub, azad edən, nəinki təkcə
elə o gecə, həmişə, harada olmasından
asılı olmayaraq atamı, ona qarşı olanlardan nəinki
atamı o dövr ki, bütün Azərbaycan
ziyalılarını, düşünən beynlərini
bütün KQB bəlalarından hifz edən, o gənc zabit,
sonralar misilsiz dövlət xadimi olan ulu öndərimiz, mərhum
prezidentimiz Heydər Əliyev idi.
Sonralar o da məlum olur ki, o
müdhiş gecə Qasım əmi atamı ötürmək
üçün otaqdan çıxanda həmin bu
çağrılmamış qonaq stolun üstündəki
atamın əl yazısını görüb maraqlanıb, elə
əsərin adını oxuyan kimi də məsələnin nə
yerdə olduğunu başa düşüb cəld əsəri
götürüb pencəyinin cibinə qoyur. Qasım
əmi atamı ötürüb öz otağına
qayıdan kimi “qonaq” artıq istədiyini etmişdi.
Qasım əmi də bu çağrılmamış
qonağı öz iş otağında tək qoyduğunu və
səhv etdiyini başa düşüb cəld qonağın
gözündən yayınıb atamın ona
bağışladığı poemanı götürüb
gizlətmək istəyir. Onu stolun üstündə
görməyəndə rahat olur. Elə
başa düşür ki, atam bu
çağrılmamış qonağı görən kimi bu
yazı ilə maraqlanmasın deyə götürüb
özü ilə aparıb. Qasım əmi
rahatlıqla nəfəs alır.
Hə bu
çağrılmamış qonaq da əldə etdiyi bu qəniməti
kiçicik bir ulduza tez satsın deyə, elə on-on beş dəqiqə
oturub cəld özünü verir vaxtilə dillərdə əzbər
olan “Dəniz qırağına”.
Daha sonralar,
çox-çox illər sonra hər bir qaranlıq məsələ
kiçicik bir təsadüf nəticəsində aydın
oldu. Bütün sirli məqamlar, müəmmalı məsələlər,
sıxılmış düyünlər bir-bir
açılır. Açıldıqca da
hər şey üzə çıxır. Üzə
çıxdıqca da... Daha sonra atamla Qasım əmi
barışırlar. Amma artıq hər
şey gec idi. Çox gec idi. O da məlum
olur ki, həmin günün, yəni atamın KQB-dən azad
olunub evə qayıtdığı günün səhəri
heç nədən xəbəri olmayan Qasım əmi
atamı pilləkənlərdə görəndə
soruşmaq istəyirmiş ki, Bəxtiyar axşam nə zaman
görüşürük və dünən mənə
bağışladığın poemanı nə zaman
özümə qaytarırsan. Atam isə dünən
gecə KQB-nin dindirmə otağında hansı qorxunu
keçirdiyindən, nələr eşitdiyindən, onu gələcəkdə
nələr gözlədiyini bildiyindən, ölümü
belə göz önünə gətirdiyindən əsəbləri
tamam korlanmışdı. Özündə
deyildi. Sonralar özünün dediyi kimi
orada o dünyanı gözü ilə görüb yenidən
qayıtmışdı. Hətta səhər
evə gəlib içəri girəndə nənəm də
yaman qorxmuşdu. Çünki dünən gecədən
səhərə kimi evdə heç kim
yatmamışdı. Hamı həyəcan
içində idi. Bir günün
içində atamın sifəti uzanmış, bir gecənin
içində saçlarına dən
düşmüşdü.
Ona görə
də Qasım əmini pilləkənlərdə görəndə
ona sözünü deməyə belə imkan verməmişdi. İndi isə
bu hadisənin üstündən çox-çox illər
ötmüşdü. Bu köhnə
dostlar indi unudulmuş dostluqlarını, bir daha geri
qayıtmayacaq cavanlıqlarını yada salıb
qucaqlaşırlar, öpüşürlər, o ötən və
yaşanılması bir daha mümkün olmayan günlərini
yada salıb ağlayırlar. Artıq nə
atam əvvəlki ötkəm cavan Bəxtiyar idi, nə də
ki Qasım əmi.
İndi isə
kənardan baxan elə başa düşərdi ki, bu iki qoca
elə ömrü boyu belə mehriban, belə ayrılmaz
dostlar olublar.
Amma başa düşməzdilər ki, bu iki qoca niyə
ağlayır, nəyi yada salıb belə qucaqlaşırlar,. Bu isə sonrakı
peşmançılığın göz
yaşlarıydı. Həm də bu daha əvvəlki
öpüşmək, əvvəlki qucaqlaşmaq deyildi.
Heç əvvəlki dostluq da deyildi və
heç bir vaxt da olmayacaqdı. Hər
ikisi də bunu çox gözəl başa
düşürdü. Başa
düşürdülər ki, bu onların
ölümqabağı axırıncı görüşləridir.
Bir daha heç vaxt görüşməyəcəklər.
Onun üçün də sanki
halallaşırdılar. Çünki hər
şey bitmişdi, qurtarmışdı artıq. Bir nəfər xainin, əclafın, bir nakişi hərəkəti
bu dostluğu, bu qardaşlığı əbədi olaraq
pozmuşdu. Və o xainin qorxusundan hər
ikisinin evində yüzlərlə şeirlər, onlarla
poemalar yandırılıb məhv edilmişdi.
Qasım əmi
dünyasını dəyişəndə atam özünə
yer tapa bilmirdi.
Gözünün yaşı qurumurdu.
Tez-tez deyirdi: – Axı niyə hər şey belə oldu? Bu belə olmamalıydı axı.
Günlərin
bir günü boz payız axşamlarından birində
atamgilin qapısı döyülür. Gələn qonaq beli
bükülmüş, əyninə nimdaş köhnə bir
palto geymiş, üz-gözünü tük basmış,
başı ağarmış qoca bir kişi
idi. İçəri girər-girməz elə dəhlizdəcə
atamı qucaqladı, gözləri doldu, çənəsi əsdi.
Atam əvvəlcə onu tanımadı.
Sonra bir diqqətlə üzünə baxıb:
– Aaay filankəs, bu sənsən
nə yaman dəyişmisən! Dəhlizdə niyə durmusan,
keç, keç içəri, xoş gəlmisən, səndən
nə əcəb!
Bu
çağrılmamış qonaq vaxtilə həmənki o
çağrılmamış qonaq idi. Əvvəlki
alaq otu idi. Elə indinin özündə də
keçmiş xasiyyətinə tam uyğun olaraq
çağrılmamış gəlmişdi. İllər öz işini görmüşdü.
Qonaq rabitəsiz halda danışırdı.
Deyirdi ki, zəmanə dəyişib.
İndi heç kim onu saymır, heç
kim onu tanımır, tanıyanlar da ona hörmət eləmirlər,
hörmətdən düşüb. (Heç sənin
hörmətin olub ki?)
Deyirdi ki,
arvadı xəstədir. Onu xəstəxanaya düzəldə
bilmir, götürmürlər, dərman ala bilmir, pulu
çatmır. Təqaüdlə
dolanır, təqaüd ona çatmır. Elə hey deyirdi ki, zəmanə korlanıb hamı
xarablaşıb. Deyirdi ki, mən elə
onda da kiçik dar bir mənzildə yaşamışam elə
indi də. Amma bu saat hamı özünə
bağlar tikdirir, villalar alır, cah-cəlallı evlər
tikdirir. Atam gülə-gülə onun sözünü
kəsərək:
– Ay filankəs, axı sənin
ev yıxmaqdan başın
ayılmırdı ki, ev də tikdirəsən?
O atamın sözündəki
kinayəni başa düşməyərək:
– Yox, ay Bəxtiyar, axı mən
belə olmamışam.
Nə isə.... Atam elə bir nəfərə zəng eləməklə
onun həyat yoldaşını ən yaxşı xəstəxanaya
yerləşdirir və tapşırır ki, onun pulunu da
almasınlar.
Çağırılmamış
qonaq getməyə hazırlaşanda atam onun cibinə pul qoydu. Dedi, fikir eləmə indi həyatdır
da, hər şey olur. Bu pula dərman alarsan.
Atam hətta
sürücüsünə tapşırdı ki, onu evlərinə
aparsın. Çağırılmamış qonağı atamla
bərabər liftə qədər ötürdük. Heç liftin qapısı örtülməmiş
hövsələsi çatmayan bu
çağrılmamış qonaq əlini cibinə salaraq
atamın onun cibinə qoyduğu pulu çıxararaq
saymağa başladı. Liftin
qapısı örtüldü, qoca getdi. Və
biz bir də onun üzünü görmədik. Sonralar heç ölümündən də xəbər
tutmadıq.
lll
...Hə, Qasım əminin
atama bağışladığı o qara qələm itir. Atam deyirdi ki, başqa qələmlə yaza bilmirəm.
Başqa qələmə əlim yatmır.
Fikirlərimi toplaya bilmirəm. Mənim öz qələmimi tapın. O itən
qələm mənim bütün sirlərimi bilirdi. Ürəyimdəkiləri bilirdi, məni duyurdu.
Yox... bu adi bir kapriz deyildi. “Başqa
bir qələmlə yaza bilmirəm” – deməsi də
özünə təlğin deyildi. Əlbəttə
yox. Bu illər boyu alışdığı, öyrəşdiyi,
gecələr stol arxasında bir yerdə
olduğu, bir yerdə zəhmət çəkdiyi,
özünün dediyi kimi “ən sadiq, ən etibarlı”
dostundan ayrılmamaq istəyi idi.
Bu isə həmin
o vaxtlar idi ki, atam sifarişlə “Leninlə söhbət”
poemasını yazmaq ərəfəsindəydi. Amma heç
cürə başlaya bilmirdi. Bəzən yorulduğunu bəhanə
edirdi, bəzən tənbəllik edir, bəzən də,..
Hələ o
qara qələm itməmişdi. Atam deyirdi ki, ay balam
bilmirəm bu nə illətdir. Ha əlimə qələm
alıb “Lenin”i başlamaq istəyirəmsə, qələm
sözümə baxmır, gah mürəkkəbi qurtarır,
gah quruyur, gah qələm vərəqi cızır, pis
yazır, gah da nə bilim nələr olur... Vallah
atam elə belə də deyirdi.
Atam bu qəribə
və möcüzəli hadisəni ən yaxın dostu, ailəmizin
sirdaşı, həmişə qardaşı bildiyi dünya
şöhrətli alim Xudu əmiyə, Xudu Məmmədova
danışdı. Və deyəndə ki:
– Ay Xudu, bilmirəm bu nə
məsələdir. Əlim heç nəyə
yatmır. Sən bilirsən də, sənə
demişəm axı, çoxdandır ki, Lenin haqqında bir
poema yazmalıyam (yazmaq istəyirəm yox, məhz
yazmalıyam, məcburam). Amma heç cürə
başlaya bilmirəm ki, tez də yazım qurtarım əlimdən
çıxsın,mənim də canım
qurtarsın. Vallah bu poemanı başlayana kimi
yeddi-səkkiz şeir yazıb qurtarmışam. Özü də mən biləni pis də
alınmayıb. Amma buna isə heç
cürə əlim getmir. İndi nə
bilim sənə dediyim kimi qələm sözümə
baxmır. Elə ki, qələm pis
yazmağa başladı, vərəqi cızdı
öldür məni heç nə yaza bilmirəm. Xudu müəllim bir xeyli güldü. Sonra da
özünəməxsus sakit yatımlı, həlim bir səslə :
– Bəxtiyar, bu
dilsiz-ağızsız qələm bəs öz
etirazını sənə necə bildirsin. Qələm deyir
ki, ay balam, “Gülüstan”ı da mənə yazdırasan, rus
imperiyasının iyrəncliklərini də mənə
yazdırasan, sovet quruluşunu da bir yerdə söyək,
müstəqillik deyib bar-bar bağıraraq azadlıq deyib dad
döyək, daha sonra isə Leninlə bağlı əsər
yazaq. Mən yazmıram, get özünə
başqa bir qələm al. Bəs bu qələm yazıq neyləsin?
Atam birdən
sanki ayıldı, ciddiləşdi.
– Sən bir işə bax e,
ay Xudu, heç ağlıma da gəlməmişdi. Görürsən bir.
Vallah doğru
deyirsən. Bu qara qələm məndən dəyanətliymiş.
Hə, atam bu
Leninlə bağlı poemasını başlayıb yazana qədər
“Muğam” poemasını başladı və bitirdi. Daha sonra
“Lenin”ə başlayanda... qələm birdən-birə itdi yox
oldu. Vəssəlam. İndi bəlkə
də bu bir təsadüfdür!.. Yuxarıda dediklərimi indi bir tərəfə
qoyaq. Əlbəttə bu bir təsadüfdür.
Möcüzəli bir təsadüf. Amma axı hər təsadüfdə bir zərurət
də var.
lll
Ailəmizin yaxın dostu, nəinki
ailəmizin bütün Azərbaycan xalqının, türk
dünyasının təbliğatçısı, ədəbiyyatşünas,
milliyyətcə alman olub, hələ gənc
yaşlarından sidq ürəklə islam dinini qəbul
etmiş, Hans Peter adını dəyişib Əhməd
Şmide olmuş həmin bu adam günlərin bir günü
Almaniyadan evimizə zəng etdi. Atamla adətən
məktublaşardılar. Amma indi birdən-birə telefon
zəngi!
Əhməd bəy
soruşurdu ki, ay Bəxtiyar, düzünü de görüm sənə
nə olub? Mən sənin bütün məktublarını
arxivimə yığıram – nədənsə sonuncu bir-iki məktubun
xoşuma gəlmir. Elə bil ki, sənin xəttinlə
yazılmayıb. Həm də elə bilki
məktublarında o əvvəlki hərarət, o əvvəlki
istilik, əvvəlki o emosiya yoxdur. Deyirəm,
bəlkə sənə nəsə olub mənə demirsən.
Bəlkə sən diktə edirsən yerinə
başqa birisi yazır. Əhməd
Şmide düz deyirdi. Atamın xətti
tamam dəyişmişdi. Xasiyyətinə
tam uyğun olaraq xəttində də bir hövsələsizlik,
bir əsəbilik əmələ gəlmişdi. Həm
də Əhməd bəy həmişə xariclə olan
telefon danışıqlarına dörd qulaqla qulaq asan KQB əməkdaşlarının
fikrini çox böyük bir məharətlə azdıraraq
dəqiqləşdirmək istəyirdi ki, görəsən
başqa xətlə yazılan bu məktublar həqiqətən
atamın öz əli ilə yazılır, yoxsa burda da hər
şeyə müdaxilə edən o idarə əməkdaşlarının
barmağı var. Belə məsələlərdə Əhməd
bəy olduqca arif adam idi. Atam da, tükü
tükdən, sözü sözdən seçərdi, amma
heç nəyə əhəmiyyət verməz, heç nədən
ehtiyat etməzdi. Elə sözü bir
başa deyərdi.
Atam Əhməd
bəyin nəyə işarə etdiyini dərhal başa
düşdü. Güldü. Və bu
qələm məsələsini ona danışdı. Hətta Bakıda olarkən Əhməd bəy bir dəfə
atama gülə-gülə demişdi ki, bu sovet hökuməti
sizi bütün yazarları, şair və
yazıçıları əməlli-başlı
diplomatlaşdırıb. Hamınız
diplomatik dillə yazırsınız. İstədiyiniz
qədər hökumətinizi söyürsünüz, onun
eyblərini açıb yazırsınız, amma elə bir
dildə yazırsınız ki, heç nəyi də sizə
sübut etmək olmur. Ona görə ki,
diplomatik dillə yazırsınız. Buna
görə hələ bir orden, medal da alırsınız.
Çox qəribədir. Elə
məsələ də bundadır ki, sizin bütün
yazdıqlarınızı KQB də çox gözəl
başa düşür, anlayır, hə, amma sizi
mükafatlandırır.
Əhməd bəy də
söz verdi ki, bəs bu yaxın günlərdə
sənə əla bir qələm göndərəcəyəm.
Bəli... Əhməd bəy
avtoqələm göndərənə qədər atam bəlkə
də ən azı on-on beş qələm
dəyişdi. Heç biri də karına
gəlmədi. Atam deyirdi ki, indiki avtomat qələmlərin
içi boş olur, ürəkləri olmur. Onlar
yazıları hiss etmirlər, duymurlar, onlardan istifadə edənləri
başa düşmürlər. Yazırsan-yazırsan
bir iki ay istifadə edirsən, içinin mürəkkəbi
qurtaran kimi də qələmi tullayırsan. Qələmlə dostluq etmək olmur. Ona mürəkkəb doldurub yenidən yazmaq da olmur.
Mən o köhnə itən qələmimlə
uzun illər dostluq etmişəm. Hər dəfə
içinin mürəkkəbi qurtaranda, əslində onun
içinin mürəkkəbi qurtarmırdı, mənim
ürəyim boşalırdı. Hə,
sanki mən ona öz yeni fikirlərimi doldururdum. O da yenidən
yazırdı. Amma indikilər, eh...
Deyirdim ki, ay ata, indi heç
kim qələmdən istifadə etmir. Qələm dövrü qurtardı. Hamı indi kompüterdən istifadə edir,
kompüterlə yazır. Sən də özünə
bir kompüter al, ondan istifadə et. Bu daha rahatdır, əlverişlidir. Bir şeyi yazıb səhv etdiyin vaxt, daha onu pozmaq,
üstündən xətt çəkmək lazım gəlmir.
Elə sətirləri geri qaytarıb o əvvəlki
fikirlərini, əvvəlki yazılarını yaddaşdan
tamam silib yenidən yazırsan. Vəssəlam.
Atam əlini yellədib:
– Tüfəng
çıxdı, qılınc getdi, ay haray,
Mənmi
qocalmışam, ya zəmanəmi?
Hə, demək
sənin sözündən belə çıxır ki, qələmlə
bir şey yazıb sonra əgər o yazıdan qorxub ehtiyat edib
onu silmək istəsən, üstündən xətt çəkib
onu tamam pozmaq olmur. Xəttin altındakı o yazı
qalır, oxunur. Və kiminsə əlinə
düşə bilər. Amma kompüter elə
bir şeydir ki, yazdığından xoflanıb eləsən,
heç kimin əlinə düşməsin deyə onu rahatca
silmək olar, fikirlərini istənilən cür dəyişmək
olar. Yox, ay oğul, yox. Bizim dövrdə deyərdilər, yazılana pozu
yoxdur. Söz bir dəfə deyilir. Sizin dövrdə isə başqadır. Mən də bir sözü, bir fikri bir dəfə
deyirəm. Sonra da onu dəyişmirəm.
“Min-min illər bu dünya
beləcə fırlansa da,
Dəyişməzdir əqidəm,
çox da dünya fırlanır”
Mən
üstündən xətt çəkdiyin o vərəqlərimi
də, o üzə çıxmayan fikirlərimi də arxivimə
yığıram. Qoy qalsın, bəlkə bir zamanlar üzə
çıxdı. Həm də ay oğul,
sənin dediyin o kompüter elə bir cihazdır ki, virus deyilən
xırda bir şeylə ona həmlə edən kimi dərhal təntiyəcək,
özünü itirəcək. Əqidəsini
dəyişəcək, düşündüklərinin
hamısını beynindən siləcək. İndi sən, ay oğul, xasiyyətcə, təbiətcə
mənə oxşayırsan, eynən mənsən. Oğul, öl, amma əqidəni dəyişmə.
Albert Eynşteyn deyərdi ki, “Texniki tərəqqinin
müqabilində insanlıq çox ləng inkişaf edir.
Faciə onda olacaqdır ki, texniki tərəqqi
insanlığı məhv etsin”.
Əlqərəz,
Əhməd bəy dediyi kimi həqiqətən atama Almaniyadan
əla, olduqca yaraşıqlı bir avtoqələm göndərdi. Yaraşığına
söz ola bilməzdi, yazmağı da
gözəl idi. Əla yazırdı. Atam elə bu qələmdən də bir iki gün
istifadə edib atdı bir tərəfə. Dedi, əşşi,
bu da ürəyimə yatmır, görmürsüz o qədər
yaraşıqlı o qədər gözəl düzəldiblər
ki, lap belə əxlaqsız qadına oxşayır.
Başa
düşmürdüm öz-özümə fikirləşirdim
ki, axı qələm hara, özü də elə
yaraşıqlı qələm hara, əxlaqsız, o pis arvad
hara? Atama deyirdim ki, ay ata, o itən qara qələmin də
yaraşıqlı idi də, bəs ona niyə heç belə
söz demirdin.
Atam da gülə-gülə
deyərdi:
– Ay oğul, səhv salma, o
itən qara qələmdə kişi
gözəlliyi, kişi yaraşığı var idi, bunda isə.....
Əşi, özün görmürsən...
Yox, məni
düzgün başa düşün, atam nə yeniliyin, nə
də gözəlliyin əleyhinə deyildi. Qətiyyən
yox. Atam gözəllik dəlisi idi. Təbiət gözəlliyinə, qadın gözəlliyinə
biganə qala bilmirdi. Amma qondarma gözəlliyə,
qondarma yeniliyə, xüsusilə də insanlığa zidd
olan yeniliyin əleyhinə idi. Barışmaz
idi.
Axır vaxtlar
bilmirəm nədənsə, o itmiş qara qələm
haqqında tez-tez fikirləşirəm.
Doğrudanmı o qara qələm
küsüb getdi, yoxsa onu kimsə götürdü... Amma günlərin bir günü o qara qələm mənim
yuxuma girdi.
Gördüm
ki, atamın mənə vaxtilə
bağışladığı “İslam ensiklopediyası”
kitabını vərəqləyirəm. Birdən... nəsə
yerə düşdü. Əyilib baxanda
gördüm ki, o itmiş qara qələmdir. Ay aman! Atam bunu gör bir neçə ildir ki, axtarır, bu
isə burda gizlənib. Dərhal
götürüb sevinə-sevinə atama zəng edirəm.
Sevinə-sevinə deyirəm ki, ay ata, qələmin
tapılıb. Vallah heç
inanılası da deyil. Bu illər uzunu
yazılmamağına, istifadə olunmamağına baxmayaraq,
heç mürəkkəbi də qurumayıb, həmişəki
kimi elə yağlı yazır ki... Həyətə
düş, mən də gəlirəm. Gəlim onu sənə
verim...
Təəccüblüdür,
atam heç sevinmədi də. Səsi də nədənsə
elə bil boğuq çıxırdı. Dedi ki, ay
oğul, indi qələm mənim nəyimə lazımdır
ki, götür, qoy sənin olsun, sənə
bağışlayıram.
– Ay ata, çox sağ ol. Mənim qələmlərim çoxdur. Axı sən bunsuz qala bilmirdin. İtmişdi
deyə özünə yer tapmırdın.
Atam kədərli bir səslə:
– Eh ay oğul, əgər hər
itən şey tapılsa idi onda, yaşamağım mənası
olmazdı ki... Yaşamaq maraqsız olardı.
Dünyaya gələn gündən nəsə
itirə-itirə gəlirik. Təki
insanlıq itməsin. Onu sənə verirəm.
Qoy həmişə yanında qalsın. Bu qələm heç bir vaxt öz əqidəsinə
zidd getməyib, sən də öz əqidənə zidd getmə.
Onu heç nəyə məcbur etmə.
– Ay ata, axı,..
Birdən
öz səsimə yuxudan ayıldım. Hava hələ
açılmamışdı, otaq yarıqaranlıq idi.
Bu nə qəribə yuxu idi ki, mən
gördüm. Ay aman! Otaqdan iki ildir ki, həsrətində
olduğum atamın ətri gəlirdi. Bir dəfə
yazılarımın birində dediyim kimi, armud ətri gəlirdi.
Sözsüz
ki, o qələm bir də tapılmayacaq və mən bir də
o qələmi görməyəcəyəm. O qara qələm də
atamla bağlı bir çox xatirələr kimi xəyalımda
yaşayacaq. Şirinli-acılı xatirələr
kimi. Vəssəlam.
Bağışla
məni, ay Ata.
İki ildir ki, üstünə gəlmirəm.
Çünki sənin yoxluğunla
barışmaq istəmirəm. İtkinlə
barışmaq istəmirəm. Sənin
daşa çevrilməyini görmək istəmirəm.
Amma bilirəm ki, ən çox mənim gəlməyimi
gözləyirsən. Yuxularımda da bunu
görürəm. Amma... İndi bunu kim
necə başa düşürsə, qoy elə də
düşünsün. Və bir də...
Nə yanar kimsə mənə
atəşi-dildən özgə,
Nə açar kimsə qapım
badi-səbadan qeyri.
(Füzuli)
Kişinev, 2010
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2011.- 8 yanvar.-
S.26-27.