İyirmi qəpiklik mühazirə
Yağışlı Bakı gecəsində qarşıma çıxan dilənçi qarının qaməti, alınmayan bir ömrə verilmiş, yorğun “niyə?“ sualına bənzəyirdi. Yağmurun səsi çətirli, papaqlı adamların addım səsinə qarışmışdı; ayaqqabıların taqqıltısı yağışın ritmindən gah geri qalırdı, gah da irəli qaçırdı. Qarı dayanmadan eyni cümləni təkrarlayırdı: “Allah yolunda...” Nədənsə, mənə elə gəlirdi ki, onun cümləsi yağışın ritmindən nə geri qalır, nə də irəli qaçır, əksinə, peşəkar, virtuoz musiqiçilər kimi, yarım not belə, yanlışı yoxdur. Cibimdəki bütün qəpikləri çıxardıb qarıya verdim... Çünki yadıma bir tələbəm düşmüşdü...
Mən universitetdə müəllim işləyirəm. Qəribə peşədir. Lövhənin önündə dayanıb, hərəsi ölkənin bir yerindən gələn tələbələrə mühazirə oxumağı, həm də bir yandan əsəblərimi qorumağı, deyəsən, get-gedə öyrənirəm. Səhər metrodan çıxıb universitetə gedəndə, yolumun üstündəki parkda əyləşib, məcnun-məcnun siqaret çəkən tələbəmin asfalta zillənmiş gözlərinin kədərini, universitetə çatıb onun sevdiyi qızı sinifdə rəfiqəsiylə pıçıldaşan görəndə anlayıram. Öz tələbəliyim yadıma düşür, əhvalım dəyişir. Jurnalı yazıb dərsə başlayıram. Bir azdan “məcnun” da təşrif buyurur. İcazə istəyir: “Müəllim, bağışlayın gecikdim. Olar keçim?“ Qaşlarımı çatıram, üzümü turşuduram, oğlanı danlamağa başlayıram. Ürəyimdə ayrı cür düşünüb, dildə ayrı şey deyirəm. Məsələn, dildə deyirəm: “Sən həmişə gecikirsən, nə vaxt məsuliyətli olacaqsan?“, ürəyimdə isə fikirləşirəm : “Zalım oğlu, vaxt gedir, gecikirsən. Yaxınlaş qıza, denən ki, səni sevirəm! Burda çətin nə var axı...“ Ürəyimdəki gileyi, dilimdəki tənqidi bitirən kimi oğlan dillənir: “Müəllim, siz tələbə olmamısınız heç...” Bütün tələbələrin ən sevimli müdafiə sözünü eşidən kimi, mən də öz növbəmdə bütün müəllimlərin klassik cavab atəşini açıram: “Olmuşam, amma sizin kimi yox!” Sonrasa “axırıncı dəfə olsun, keç əyləş” – deyirəm. İçimdən isə kədərli bir səs dillənir: tələbə olmağına olmuşam, amma sən o qıza yaxınlaşıb “sevirəm səni” deyə bilməsən, deyəsən, heç vaxt müəllim ola bilməyəcəm.
Mənim vərəqdən mühazirə oxumaqla qəti aram yoxdur, daha çox praktiki məşğələləri sevirəm. Əksər dərslərdə ya öncədən müəyyən etdiyim mövzuda, ya da sərbəst mövzuda uşaqlardan nəsə yazmağını istəyirəm, sonra isə hərə öz yazdığını oxuyur və biz başlayırıq yazını müzakirə etməyə. Vaxt az olduğundan hamının yazısını dinləmək imkanı olmur. Buna görə də mən həmin dərsdə oxunmayan yazıları evdə oxumaq üçün götürürəm.
Evdə yazı masam üstündəki bu səlisəqiz, tələsik xəttlə qaralanmış bəyaz vərəqlərə alışmışam. Yazıların üstündə qrup nömrələri, adlar, soyadlar. Hər nömrənin arxasında bir ab-hava, hər adın içində bir gələcək, hər soyadda bir tale...
Müzakirələr zamanı uşaqları idarə etmək çətinləşir. Enerjiləri aşıb-daşan tələbələr hərəsi yerdən bir fikir deyir. Bu zaman mən sakitliyə nail omaq üçün əlimdəki qəpiyi masaya vururam. Müvəqqəti atəşkəs əldə olunan kimi sözü bir-bir fikir demək istəyən tələbələrə verirəm. Bir dəfə qəribə bir əhvalat baş verdi.
Sakitlik üçün əlimdəki qəpiyi yenə masaya vururdum və birdən ön sırada əyləşən tələbə qızlardan biri ağlamağa başladı. Bütün sinif susdu. Yaxınlışıb soruşdum ki, nə olub, nə problemin var? “Heç, – dedi, – müəllim, qəpiyi masaya vurmayın da, nolar...” Onun nə demək istədiyini anlamadım, sual verib aydınlaşdırmaq istəmədim. Çünki elə məhrəm səbəb ola bilərdi ki, sinifdə deyilməsi naqolay vəziyyət yaradardı. Aradakı gərgin atmosferi dağıtmaq üçün uğursuz bir zarafata əl atdım: “Mən də elə bildim, tapmısan ki, Fatmagülün suçu nə imiş...” Bütün sinif gülüşdü, o qız da.
Həmin gün uşaqlara “Qorxu” mövzusunda nəsə yazmağı tapşırmışdım. Vaxt çatmadı deyə, qəpik səsindən ağlayan qızın yazısına qulaq asa bilmədim.Onun yazdığını və digər oxunmayan yazıları evdə oxumaq üçün götürdüm. Axşam yazıları oxumağa, əlbəttə ki, birinci onun yazısından başladım:
“Mövzuya necə başlayacağımı bilmirəm. Atamla anam ayrılıblar. Çoxdan olub, lap çoxdan. Məni anam böyüdüb, indi də onunla qalıram. İndi yazmaq istədiyim əhvalat çoxdan olub, lap çoxdan. Atam hər gün içib evə gəlirdi. Hər dəfə balaca bir səhv tapıb anamı döyürdü. Mən qışqırırdım, ağlayırdım, amma atam dayanmırdı. O vaxt mənə elə gəlirdi ki, yəqin atamın yumruqlarının, təpiklərinin səsində mənim hıçqırığım eşidilmir, ona görə daha bərk çığırırdım. Nəticə dəyişmirdi. Anamın üzü-gözü, bədəni çox vaxt gömgöy olurdu. Bir dəfə qonşularımızdan biri anam xəstə yatanda bizə gəlmişdi. Anama iynə vurdu, dərmanları verdi. Gedəndə qapımızın ağzındakı divardan asımış güzgünü yerindən çıxartdı. Köhnə, lazımsız əşyaları hara qoyduğumuzu soruşdu. Yerini göstərdim. Güzgünü ora qoydu.Ağlamsındı , çıxdı getdi. Müəllim, bu çoxdan olub, lap çoxdan. Onda bilmədim ki, niyə güzgümüzü qonşu qadın çıxardı. İndi bilirəm. Qonşumuz anamın bədənindəki yaraları, gömgöy yerləri gördüyü üçün belə etmişdi. Axı mənim anam da qadındı, adamdı və o da güzgüyə baxanda özünü yaxşı görmək istəyir. Amma dediyim kimi bunlar çoxdan olub, lap çoxdan.
Atamın anamı döyməyindən çox qorxurdum. Məndə o illərdən səslərə qarşı qəribə bir qorxu qalıb. Uzaqdan atamın ayaqqabısının səsi gələndə bütün bədənim əsirdi. İstəyirdim ki, anamı aparıb qonşumuzun güzgümüzü gizlətdiyi yerdə gizlədim.
Müəllim, indi dəhlizdən dekanın ayaq səsləri gələndə, yağışlı günlərdə pəncərəmizi yağış damcıları döyəcləyəndə elə bilirəm ki, atam gələcək və yenə anamı döyəcək. Amma bunlar çoxdan olub, müəllim, lap çoxdan. ”
Yaxşı ki, çoxdan olub, lap çoxdan...
O qızın yazısını oxuyandan sonra mənim üçün mətnin səliqəsizliyi başqa məna qazandı. Titrək əllər, həyəcan, qorxu...
İlahi, bu qız, semestrin əvvəlindən, mənim masaya vurduğum qəpiyin səsinə necə dözürmüş?
Demək, mən qəpiyi masaya aramsızca vurduqca, sinifdə sakitlik yaransa da, bir qızın içində sərxoş bir kişi bir qadını döyürmüş, bir qız uşağı başı əllərinin arasında ağlayırmış.
Həmin gün, həmin yazının oxuyandan sonra ağlıma axmaq bir fikir gəldi. Təhsil Nazirliyindən icazə alıb, rektorluğu razı salıb bütün auditoriyalara böyük-böyük güzgülər asmaq. Biz – kişiləri içib qadınlarını döyən, övladları qorxaq, başıaşağı, utancaq böyüyən ölkənin adamları bir-birimizin üzünə ancaq Facebook profilində baxa bilirik, elə deyəsən, öz üzümüzə də.
Uzaqda, çox uzaqda bəlkə də bax elə indicə, hansısa qadın güzgüsüz bir divara baxıb saçlarını darayır, balaca bir qız qulaqlarını tutub ki, heç nəyi eşitməsin, çünki uzaqdan, lap uzaqdan sərxoş bir kişinin, qəpiksəsli addımları yaxınlaşır...
Yox, bunlar çoxdan olub, lap
çoxdan...
Yağışlı
Bakı gecəsində qarşıma çıxan dilənçi
qarının qaməti, alınmayan bir ömrə verilmiş,
yorğun “niyə?“ sualına bənzəyirdi. İslanan
adamlar qarının yanından tələsik, əsəbi
addımlarla uzaqlaşırdılar. Yağışın
parkda yaratdığı gölməçə-güzgülərdə
özümə baxmaq istədim, alınmadı. Çünki
yağış sakit-sakit parkın döşəməsindəki
“güzgülər”i güllələyib çilik-çilik
edirdi. İpək tükləri tamam islanmış qonur bir
pişik əsə-əsə parkın döşəməsindəki
“güzgü”yə baxır, o “güzgü”dəki titrəyən
əksini yalayırdı. Mən bunları
düşünürkən dilənçi qarının
düz yanımda bitdiyini gördüm. Dilindən o
yarımçıq cümlə qopdu: “Allah yolunda...”. Əlim
cibimdəki qəpiklərə dəyəndə onlar cingildədilər
və mən diksindim. Tələsik, cibimdə nə qədər
qəpik vardısa, hamısını dilənçi
qarının ovcuna qoydum. Düşündüm ki, ay qarı
nənə, ay “niyə ?” sualına dönmüş dilənçi
nənə, bəlkə də bizim həqiqətlərimiz sənin
yarımçıq cümləndəki həqiqətin
yanında 5-10 qəpiklikdi.
Şəhərdə, yağışda, siqaretimi sümürə-sümürə bir saat gəzdikdən sonra, metroya üz tutdum. “Sahil” metrosunun çıxışında o qarını yenə gördüm. Mən girişə doğru addımlayanda gördüm ki, o qarı çıxışdan içəri girmək istəyir. Çıxışda qəzet-jurnal satan kişinin səsini qulaqlarım aldı. “Ay xala, ay Ayna xala, yenə səhv salmısan, bura çıxışdı!..” Qarı astaca çevrilib, geri qayıtdı. Qəzet almaq adıyla satıcı kişiyə yaxınlaşdım. Soruşdum: “Bu çıxışdan girmək istəyən xalanın adını necə dediz?” Satıcı kişi məni başından edərcəsinə: “Aynadı, Ayna... Ayna xala!“ – dedi.
II Qismət
525-ci qəzet.- 2011.- 8 yanvar.- S.24.