SƏS

 

(Esse-kollaj) Muğam işığında təksəsli, çoxsəsli düşüncələr

 

Ruh maddi deyil, maddi olduğunu iddia edənlər olsa da, ruha toxunmaq, ölçmək, görmək, qoxlamaq imkansızdır. Ruh – idealdır. Bədənin sirri bilinir. Çağdaş elmlərdə: fizika, biologiya, fiziologiya, kimya, tibb... araşdırmaları bədəni açıqlayır. Ruhun sirri açılmayıb. Hətta peyğəmbərlər də ruhun sirrini bilməyib. Ruhun sirrini bilən tək varlıq Allah özüdür. Ruh haqqında dünyəvi elmlərin araşdırmaları ortaya ciddi heç nə qoymamışdır.

 Ruh haqqındakı filosofların, yazıçıların elmi, bədii araşdırmaları böyük zənginlik daşıyır. Onların dəyəri indiki pozitiv elmlərin metodu ilə ölçülə bilməz. Mən fəlsəfə-filan bilmirəm.

Dostoyevskini – zadı da oxumamışam. Ruh çağıranları da günahkar sayıram. Mən mistik də deyiləm. Fəqət bir insan kimi ruh haqqında ağlım kəsəndən fikirləşmişəm. Əlbəttə ki, heç bir nəticə almamışam. Fəqət mən yuxularımda öz ruhumu və əzizlərimin ruhunu hiss etmişəm. Oxuyanda, özümü unudub göylərə üz tutanda ruhumun bədəndən çoxdan ayrıldığını da bilmişəm. Mən hiss etdiklərimi isbat etmək istəmirəm və ya isbat etmək gücündə deyiləm. Mən hiss etdiklərimə inanıram. Ruhun varlığı da, bədənin onun üçün qara zindan olmağı da mənim üçün ayın, günün ağacın, daşın, çiçəyin, suyun, kəpənəyin varlığı kimi həqiqətdir. Musiqi tariximizdə “Çahargah”ı məndən çox yaxşı oxuyanlar olub. Sabir Mirzəyevin “Çahargah”ı əlçatmazdır. Qədirin “Çahargah”ını Qədirdən başqa kimsə oxuya bilməz. Mən “Çahargah”ın növbəti guşəsinə – “Səmayi-Şəms”ə keçəndə ruhum yenə ağzımdan çıxdı və gördüm ki, tanımadığım bir yerdəyəm. Mövlanə, Şəms Təbrizi dərgahında səma oynayan insanlar günəşin ətrafında dolanan səyyarələr kimi dolanır, dolandıqca onların da ruhu ağızlarından çıxır və Şəmsin ətrafında dolanırdı. Ruhumu o dolananların arasında görəndə ayağım yerdən üzüldü... Ruhumun bədəndə rahatca oturduğu anlarda oxuya bilmirəm və yaxud minlərlə adam kimi boğazımı yırtıram. Ruh ki, bədəndən uçdu, məni də çəkib o bilinməz aləmə aparır və ondan sonra oxuduğumu deyil, ağrıdığımı, yandığımı, uçduğumu, üzümdə ilahi varlığın nəfəsini hiss edirəm.

 

Titrəyiş

 

Bu dünya bir titrəyiş içindədir.

Yerin, Göyün, kainatın, Qalaktikanın titrəyişini biz hiss etmirik. Titrəyişdən min dəfələrlə güclü olan hərəkəti hiss etmiriksə, titrəyişi duymaqdan söhbət gedə bilərmi? Bu küll aləmində, zərrələr aləmində atomların, elektronların nə özünü görürük, nə də o titrəyişləri hiss edirik. Qanımıza, canımızda var olan titrəyiş içindədir. Titrəyişin durması ölümdür. Səs titrəyişi ifadə edən və bu titrəyişdə varlığını təsdiq edən fenomendir. Fiziki kateqoriyalarla səsi şərh və izah etmək fikrindən uzağam. Bir onu demək istəyirəm ki, insanın həyəcanı, təlaşı, qorxusu, sevinci, sevgisi, eşqi, taleyi... titrəyiş dili ilə vücuda gələn səsdədir.

 

 Sənət

 

 Mikelancelo şəkillərinin çoxunu buludlarda görürdü və ağ kətana köçürürdü. Günlərlə, saatlarla daş parçasına baxırdı, sonra o daşı yona-yona, qıra-qıra o daş, mərmər parçasındakı insanı üzə çıxaran heykəli yaradırdı. L. da Vinçi yaratdığı yüzlərlə obrazda özünü çəkirdi. Minlərlə meyidi yarıb iç üzvlərin əzalarını öyrəndikdən sonra ecazkar tablolarını yaradırdı. Füzuli yana-yana eşqin lal dilini açıb danışırdı. Sənətin min bir möcüzəsi sözdən başlayır, sözdən keçir və sözə dönür. Sual Suallar yağış kimi üstümə yağıb məni sırımsılxam isladır. Soruların altında əzilirəm... Vazkeçdiyin sevgini heç dəli-divanə kimi dağa-daşa sordunmu? İtirdiyin üçün anası ölmüş quzu kimi mərmər mələdinmi? Ölmüş bildiyin duyğular qəflətən baş qaldırıb qardaşını öldürdüyün əfi ilan kimi düz gözünün içinə baxdımı? Uzun qış gecələrində gözlərini gedər-gəlməzə dikib yalquzaq kimi uladınmı? Qarımış qız kimi su kimi keçib gedən ömrün bulanıq sularından gözlərinə axan yaşı sildinmi? Yetim qız uşağı kimi köks ötürüb hamıdan xəlvət için-için ağladınmı? Ömürlük həbs almış məhbusun yuxularında başını anasının dizinə qoyub nağıl dinlədiyini gördünmü?

On dörd günlük ayın isti yay gecəsində soyunub çayda naz içində çimməyini gördünmü? ...Bu lal suallar, bu kar sorular iynə kimi gəzir damarlarımda. Nə vaxtsa beynimə çatacaq bilirəm. Həyatın uc nöqtələrindən qopub gələn bu suallar mənim varlığımın və yoxluğumun da uc nöqtələridir: sitəmləriylə, yanğılarıyla, dilsiz-ağızsız sükutlarıyla... Mən suallara cavab vermək üçün doğulmamışam. Sual vermək üçün də dünyaya gəlməmişəm. Zirvədən uçuruma düşən adam hansı suala cavab verə bilər ki? Quyunun dibindən aya, Günəşə ucalan adam hansı sualı verə bilər ki? Bu etibarsız dünyaya bir gəldim pir getdim. Hallar dəyişdikcə mən də dəyişdim, mən dəyişdikcə hallar dəyişdi. Hal dünyanın rəngidir, dünya özü rəng olsa da. Allah Səməd Mənsura rəhmət eləsin. Səməd Mənsur da dünyaya bir ah çəkmək üçün gəlibmiş. Onun bütün şeirləri hamısı bir yerdə bir “Ah...”dır. Amma bu ahı şairin özündən başqa kimsə çəkə bilməz. Məhəmməd Hadi də bir səsdir – bəlkə bir iniltidir. Mirzə Cəlil sükutdur, Sabir ağlamaqla gülməyin sərhəddinin itdiyi nidadır, Üzeyir bəy su səsi, çiçək pıçıltısıdır. Bəs Nəsimi? Füzuli?.. Bilmirəm, vallah bilmirəm... Mən o insan halını səsə çevirmək gücündə deyiləm. İçində itib batdığım ümmana ad vermək şərtidir. Bəlkə də qəbahətdir, günahdır. Füzulidən bir şey oxuyanda misra-misra ucalırsan, göyün qatları bir-bir önündə açılır və o ehtizazın içində qıvrılırsan və qulağına gələn səs göydən enən sözlərin əks-sədasını eşidirsən. Nəsiminin haray səsi, Füzulinin səslər səsi qulağımda çınlayır. Bu boşluq, insansızlıq, əşyasızlıq, rəngsizlik, çəkisizlik içində bir gerçəyi anlayıram: dünya bir səsdir. Dünya səsdən başqa bir şey deyil. Həsrətin məni yaxıb-yandırır Mən dəfələrlə Üzeyir bəyin “Leyli-Məcnun”unda Məcnunu oynamışam. Açıq deyim ki, özümü ifadə etməkdə operanın çərçivələri mənə mane olub. Mən çərçivə – sərhəd üçün doğulmamışam.

Hüdudlar mənim yoxluğumdur. Mənim təsdiqimin adı azadlıqdır. Səs azadlığı, özünüifadə azadlığı, uçma, haldan-hala düşmə özgürlüyü”. Dostumun yazdığı kimi mən Füzulinin “leyli-Məcnun”unu özüm bildiyim kimi oxumalıyam. Bir aya, bir ilə, on ilə... bilmirəm. Mən həm Leyli olmalıyam, həm Məcnun, həm Zeyd, həm Nofəl, həm İbn Səlam, həm atalar, həm analar... Mən qəlpə-qəlpə bölünməliyəm və Füzuli yanğınını səs dilində ustadın ruhuna qaytarmalıyam. Ömür vəfa edərsə... ...Bir dəfə mərhum pakistanlı dahi müğənni Fətəli xanı dinləyirdim. İri cüssəli adam nə isə bir dastan danışırdı. Bir adamın oxuduğu “Manas”ı, “Alpamış”ı, “Koroğlu”nu, “Mahabherata”nı, “Ramayana”nı dinləmişəm. Vurulmuşam, heyran olmuşam. Ancaq Fətəli xan oxuyanda bir də gördüm ki, bilmədiyim dildə mən də bülbül kimi oxuyuram. Sonra o ağırlıqda adamla qol-qola verib səmaya yüksəldik, uçduqca uçurduq və dünya bizim üçün çoxdan yox olub getmişdi. Alqış səsinə diksinib ayılanda ustadla ata-oğul kimi bir-birimizə sarıldıq. İkimiz də tir-tir əsirdik. Ovçu gülləsinə tuş gəlmiş bir cüt quş kimi alov içində donurduq. Azadlıq uçub getmiş dünya ağrı-acısı, tozu-torpağı ilə ovcumuzun içində qalmışdı. lll Dünyada hər xalqın, hətta ayrı-ayrılıqda hər bir insanın səsi eşitmə, duyma diapazonu, səs, qulaq zövqü var. XIX əsrdə Qafqazda, o cümlədən Azərbaycanda – Dərbənddə, Şəkidə, Təbrizdə, Şuşada, Şamaxıda... olmuş görkəmli fransız yazarı Aleksandr Düma Şərq musiqisini dinlədikdən, Şərq rəqqasələrini seyr etdikdən sonra yazdığı xatirədə qeyd edir: “Səslər çox yüksək və qarışıq olsa da, olduqca orijinal idi”. Bu qeyd bəhs etdiyimiz səs, qulaq zövqü ilə bərabər, səsin milli kimliyinin olduğunu göstərir.

 

 Ulu Füzuli səni gözləyir, alim qardaş!

 

(Görkəmli sənətkarımız, dostum Alim Qasımova açıq məktub) Əziz dost! Bu yaxınlarda səninlə İstanbulda – hava alanında görüşdük. Üç saatlıq yol boyu söhbət etdik. Ürəyimdə qubar-qubar dolanan arzularımı sənə danışdım və səndən də gözəl sözlər, gözəl fikirlər eşitdim. Sən Fransadan, növbəti qastrol səfərindən gəlirdin. Həmişəki kimi hamıdan fərqlənən sadə və səmimi mənliyin məni yenə heyran etdi. Düz İstanbulun Taksim meydanının yanındakı mehmanxanadan Atatürk Hava limanına qədər 30-40 km. yolu 5-6 saata piyada gəlmişdin. Aeroport məscidində yatsı namazını qılıb çay içəndə mən bunu eşidəndə heyrətləndim. O isə heç nə olmamış kimi “Bir az ürəyim sıxıldı.

 Darıxdım. Dedim yavaş-yavaş Hava limanına gedəcəyəm” – dedi. Mən Alimin arabir ata-anasının yaşadığı Güzdək kəndinə payi-piyada getdiyini bilirdim. Kiprdə yüksək dövlət məmurlarının iştirak etdiyi seçkin məclisdə oxumaqdan imtina edib, otelin qabağında gecə saat 2:00-da “Cahargah” oxuduğunun şahidiyəm. Alimin nə üçün toylara getmədiyini, balalarına təkrarsız sadə və gözəl toy etdiyini və daha nələri-nələri bilirəm. Ona görə də Alim qardaşımın bu piyada səyahətinə də təəccüblənmədim. Səninlə yolboyu söhbətimiz Azərbaycan musiqisindən, sənətimizin yaşadığı problemdən oldu. Sonra bizə qoşulan böyük sənətkar və sadə insan pianoçu –professor Zöhrab Adıgözəlzadə də musiqi ağrımızdan, dünyada musiqimizin layiq olduğu yerdən və mədəniyyətimizin problemlərindən uzun-uzun danışdıq, dərdləşdik. Mən səndən nə üzərində işlədiyini sordum. Sən bir proyekt üzərində işlədiyini dedin. Bu sənin proyektin olduğu üçün mən onun adını çəkmirəm. Ancaq orda dediyimi sənə yazmağa məcburam. Çünki bu tarixi iş məhz sənin boynuna düşür. Bu missiyanı səndən başqa ikinci adam yerinə yetirə bilməz. Alim qardaş! Əslində sənətin bütün növləri içərisində müasir dövrdə – təxminən son yüz ildə bizim üzümüzü məmləkətimizdən kənarda, bütün dünyada ağ edən musiqimizdir. Allah Üzeyir bəyə rəhmət eləsin. “Leyli-Məcnun”dan başlayıb, “Koroğlu”ya, “Arşın mal alan”a, “Sənsiz”ə, “Sevgili canan”a qədər bu heyrətamiz gözəl və təkrarsız yolu sonsuz zənginliyi olan məktəbdir – çağdaş Azərbaycan musiqi məktəbi. Bu bünövrənin üzərində ucalan Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Cövdət Hacıyev, Arif Məlikov, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Xuraman-Fidan Qasımova bacıları, Əzizə Mustafazdə... bizim musiqimizin meridianlarını genişlətməklə Üzeyir bəy məktəbini yaşatmış və yenidən yaratmışlardır. O sırada sənin adın da şərəfli yer tutur – bunu hər kəs bilir. “Tarix təkərrürdən ibarətdir” deyiblər. Ancaq Əzizə Mustafazadə də, Qara Qarayev də... başqa bir təkrar, başqa bir keyfiyyətdir. Qan və Ruh eyni olsa da, böyük sənətkarlarda yaradıcılıq fərqlidir, təkrarsızdır. Təkrarda təkrarsızlıq yaradıcılığın təbii fəlsəfəsidir. Hər sənətkar özünün yarada biləcəyini yarada bilməsə, bu zənginlik yaşaya bilməz. Bu mənada mən sənin bir missiyanı da muğamın bir hüdudunu tapmaq, onu dünyaca tanıtmaq olduğunu sanıram. 25-30 il bundan öncə Bakıya dostu mərhum ustad tarzən Bəhram Mənsurovun yanına gəlib muğam fəlsəfəsini araşdıran Alan Daniyelu “Rəqs, musiqi, ekstaz” yazısında Afrikadan Asiyaya, Amerikaya və Avropaya qədər insan özünüifadə işinin orijinal və təkrarsız örnəyi olan musiqidən danışarkən muğamlara ayrı bir önəm verir. Bu elmi baxış böyük şairimiz Bəxtiyar Vahabzadənin “Muğam” poemasındakı poetik baxışla səsləşir. Bu səsləşmə muğamın mahiyyətindən doğur. Sən Alim Qasımov Azərbaycan musiqisini iki dəfə iki üslubda oxumusan. Kimin necə başa düşməyindən asılı olmayaraq, bu iki ifa tərzi, iki üslub və bu iki dünyaya fərqli baxış təbiidir. Birinci ifa sistemi mütləq səviyyə daşıyır. Muğam – klassiklərimizin ifasındakı kimi, çox az improvizə ünsürləri ilə. Sən bütün müğamlarımızı bu mütləq səviyyədə ifa etməklə muğam ifaçılığında tarixi yerini almısan, ən yüksək adları da haqlı olaraq qazanmısan. İkinci ifa 35-40 yaşda formalaşan “Alim muğam məktəbi”nin yaranması yoludur. Bu yol Azərbaycan coğrafiyasını çoxdan aşmış, çağdaş caz, muğam cazı improvizə sənətinin ən parlaq örnəyi kimi YUNESKO-nun böyük ödülünü, başlıcası dünyada milyonlarla tamaşaçının məhəbbətini qazanmışdır. (Ardı gələn şənbə sayımızda)

 

 

KAMİL VƏLİ

 

525-ci qəzet.- 2011.- 8 yanvar.- S.22.