ORALARDA KİMLƏR VAR: VƏSİLƏ
XANIM USUBOVA
Ədəbiyyatımızın
və sənətimizin böyük bir qolunu təşkil edən
Bakıdan,yəni mərkəzdən uzaqlarda yaşayan
yaradıcı qüvvələrə adətən ƏYALƏTDƏKİ
YARADICILAR adı verilmiş.Təbii ki, mərkəzdən
uzaqda olan bu yaradıcılar Yazıçılar Birliyinin
indiki məqamında böyük bir qüvvədilər və
buna görə də bu Birliyin filialları deyə bir
Termin də var və onlar bu
filiallarda birləşirlər.İndiki kommunikasiya
dövründə artıq bu termin öz əhəmiyyətini
itirmiş kimidir və internet dünyası o filialların
yaradıcılarını və günülük qəzet
yazarlarını daha yaxına çəkib gətirmişdir.İnternet-sorğu
deyilən bir termin yaranıb ki, bu uzaqlığı çox
yaxınlaşdırıb. Həmin yazarlardan biri : Sabirabadda
yaşayan və yaradan Vəsilə xanım Usubovadır. Vəsilə
xanımın yazıları dövrü mətbuatın
ikisində “525-ci qəzet”də və “Ədalət”qəzetində
daima çap olunmaqdadır.Hər iki qəzetdə həftə
sonu səhifələri olan bu xanım əfəndi ilə
söhbətimiz özü və ədəbiyyat
haqqındadır.
Vəsilə Usubova kimdir
Sabirabad rayonunun Kolanı kəndində
(indi bu kənd Hacıqabul rayonunun tərkibindədir) anadan
olub. Kəndlərindəki onillik məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil olub. 1976-cı ildə universiteti bitirib Sabirabadda
çıxan “Muğan” qəzetində işləməyə
başlayıb. Müxbir, kənd təsərrüfatı
şöbəsinin müdiri, məsul katib işləyib. “Azərbaycan
gəncləri”, “Sovet kəndi” qəzetlərində, “Azərbaycan
qadını” jurnalında yazıları dərc olunub. Sovet
dövründə SSRİ Jurnalistlər İttifaqının
üzvü olub. İndi də Azərbaycan Jurnalistlər
Birliyinin üzvüdür.
Hazırda dövlət
qulluqçusudur. Sabirabad rayon icra hakimiyyəti aparatında
işləyir.Hekayələri vaxt-aşırı
dövrü mətbutda dərc olunub. 2008-ci ildə Mahmud
Kaşğarinin anadan olmasının 1000 illiyi münasibətilə
Türk Dünyası Ədəbiyyat Dərgiləri
Konqresinin, Avrasiya Yazarlar Birliyinin və “Ulduz” jurnalının
keçirdikləri beynəlxalq hekayə müsabiqəsində
mükafata layiq yer tutub. “Polonez” adlı hekayəsi həmin il
“Ulduz” jurnalında çap olunub. Ötən ilin dekabrında
isə “Ulduz”da “Təsbeh” adlı hekayəsi verilib.
1. Oxuduğunuz ilk kitab?
Dəqiq deyə bilmərəm.
Yəqin ki, rəngli şəkilləri olan uşaq
kitabları oxumuşam. Onu bilirəm ki, sözləri
bütöv oxumağa başlayan gündən əlimə nə
keçibsə, acgözlüklə mütaliə eləmişəm.
Yaşıma uyğun olmayan kitabları da oxumuşam.
Atamın əmisi oğlunun çoxlu kitabları vardı. Qonşu
kənddə yaşayırdılar. Evə gətirməyə
kitab vermirdi. Ona görə də onlara gedəndə
bütün günü səkidə oturub oxuyurdum. Bir dəfə
valideynlərimə şikayətləndi ki, bunun gözləri
tez zəifləyəcək, yaşına uyğun olmayan
kitablar oxuyur. Sözünə əhəmiyyət verən
olmadı. O da çarəsini tapdı; mən gedəndə
kitabları gizlədirdi. Əmioğlu həm də məktəbimizdə
kitabxanaçı idi. Burada da hər istədiyim kitabı
vermirdi. Təbii ki, o, haqlıydı. Uşaqlıqda oxuduğum
əsərləri sonralar təkrar oxumalı oldum. Kolxozumuzun
da zəngin kitabxanası vardı. Sinif oğlanlarımıza
da oradan kitab gətizdirirdim. Elə bilirəm ki, oxuduğum ilk
kitabı nə vaxtsa xatırlayacağam.
2. Oxuduğunuz son kitab?
Axırıncı dəfə
İbn Sina haqqında kitab oxumuşam. Bu “son kitab” ifadəsi
bir qədər qüssələndirdi məni. Elə bilirdim
ki, oxuduğum kitabların sonu olmayacaq. Anamın oxuduğu
sonuncu kitab R.Covanyolinin “Spartak” romanı olub. Xəstəlik onu
əldən salanadək oxuyurdu. Kitabı onun paltarlarına
büküb torpağa basdırdıq. Bu, çox ağır
idi. Elə bil ki, onu ikinci dəfə dəfn edirdik. Əvvəl
cismini, sonra da ruhunu, mənəvi aləmini, kitab
dünyasını...Kim bilir, mənim oxuduğum sonuncu kitab
hansı olacaq?!... Uzun illər bundan öncə heyranlıqla
oxuduğum “Dəli Kür” romanını sonuncu kitab
sanıram. Fikrimcə, Azərbaycan ədəbiyyatında ondan
bəri elə güclü əsər yazılmayıb.
Çox heyf ki, dünyadakı bütün kitabları
oxumağa bir insan ömrü yetmir. Düşünəndə
ki, hələ mənim oxumadığım nə qədər
kitablar qalır, həm təəssüflənir, həm də
sevinirsən. Elə bilirsən ki, hələ
oxumadığın kitablar ömrünü uzada bilər, səni
bu dünyaya daha möhkəm bağlayar. Ürəyimdə
heç zaman mümkün olmayacaq dəli bir istək gəzdirirəm:
keşkə, bütün kitabları oxuya bilsəydim. Bilirəm
ki, ağıla batan deyil. Heç olmasa, Misirdəki İsgəndəriyyə
kitabxanasını görə biləydim. Bu ki,
mümkündür...
3. Sizə ən çox təsir
eləyən kitab?
Səkkizinci sinifdə
oxuyanda məktəb kitabxanasından Çingiz Aytmatovun
“Köşək gözü” adlı povestlər
kitabını götürüb oxudum. Həmin gündən mənimçün
oxuduğum müəlliflər bir yana oldu, Aytmatov bir yana. Bu
gün də belədi. Sonralar da təsirləndiyim kitablar
olub: “Dəli Kür”, “Ovod”, “Cen Eyr”, “Qətl günü”,
“Ağ bayraqlar” və s.
4. Təkrar-təkrar
oxuduğunuz bir kitab varmı?
Təkrar-təkrar yox, ikinci
dəfə oxuduğum kitablar olub. İlk oxunuşdan
aldığın zövqü çətin ki, bir də
yaşayasan. Kitab həmin kitabdı, amma sən həmin adam
deyilsən. Daha bir məsələ. Elə kitab var ki, təkrar
oxuduqca hər dəfə yeni nəsə tapa bilirsən. Eləsi
də var ki, oxuduqca bəsitləşdiyini hiss edirsən.
Qısası, yaşanmış zövqün təkrarı
qeyri-mümkündü...
5. Başucu kitabınız?
Başucu kitabım
“Az-Ya”dı. İşdə də yanımda olur. Bizlər
Oljas Süleymenovun nəhəng əməyini hələ
lazımınca dərk eləməmişik...
6. Hər ortamda kitab oxuya
bilirsinizmi? Yoxsa xüsusi yerlər var ki, siz orda kitab oxuyursunuz?
Uşaqlıqda süfrə
başında da kitab oxuyurdum. Dərsdən sonra
işim-gücüm kitab götürüb küncə-bucağa
çəkilməkdi. Arada anam dözməyib deyinirdi:
xalqın qızları əlli iş görürlər,
analarına kömək eliyirlər. Bununsa
işi-gücü... Əslində, özü də xalqın
arvadlarının hamısı qədər kitab oxuyurdu. Daha
demirdi ki, kitab oxumaqda heç kəsə yox, elə ona çəkmişəm.
Kəndin yaşı çatan adamları indi də onun necə
qeyri-adi şagird olmasından danışırlar. Həyətdə
üstü talvarlı ayrıca evimiz vardı. Yay gecələrində
gözümə yuxu gedənəcən Ay
işığında roman oxuyurdum. İndi ancaq tənhalıq,
sakitlik olan yerlərdə kitab oxuyuram. İş yerimdə də
yazıb-oxumağa imkanım var. Daha məni yerdən
ayırıb başqa aləmlərə aparacaq kitablarla az
rastlaşıram. Bəlkə mən özüm
ayaqlarımı yerə bərk basmışam. Kim bilir...
7. Müəlliflərin
imzası olan kitablar yığırsınızmı?
Kənddəki evimizdə əməlli-başlı
kitabxanamız vardı. Özü də onu mən
yaratmışdım. Hara gedirdimsə, kitab alırdım.
Hacıqabula, Əli Bayramlıya (Şirvana) həkimə, dərziyə,
şəkil çəkdirməyə gedəndə
gücüm çatdığı qədər kitab
yüküynən qayıdırdım. Arabir Bakıya yolum
düşəndə də kitabsız dönmürdüm.
Qardaşlarımın biri çox kitab oxuyandı. Sonralar o da
xeyli kitab almışdı. Mən tələbə olanda
kitablarımın səfini pozdular. Qardaşlarım 8 Martda
aparıb sinif qızlarına, müəllimələrə hədiyyə
elədilər. Söz düşəndə həmişə
deyirəm ki, nəsillərin kitaba münasibətini bilməkdən
ötrü bizim ailəyə baxmaq kifayətdi. Anam səkkiz
uşaq böyüdürdü, mal-qaraya, toyuq-cücəyə
baxırdı, lazım gələndə paltar tikir, köynək,
corab, xalça-palaz toxuyurdu, bununla belə, həmişə
döşəkçəsinin, balışının
altında kitab olurdu. Həmişə də deyirdi ki, kitab
oxuyan qız ağıllı olar. Bu gün onun “müasir” gəlinləri
əllərinə kitab almırlar. İndi o evlərdə
çətin ki, kitab taparsan. Arada bunu ata evimizdə oturan gəlinə
irad tuturam. Bizdən əvvəlki və bizim nəsil kitaba
çox bağlıydı. İndikilər belə deyil.
Öz evim olandan sonra o kitabların bəzisini gətirdim. Suala
cavab yazanda kitablarımı saydım... Saydım və
düzü...utandım. İndi heç 200 kitabım yoxdu.
Bunun da əsas səbəbi uzun illər kirayələrdə,
darısqal mənzildə yaşamağımdır.
8. Müəlliflərin
imzası olan kitablar yığırsınızmı?
Əyalətdə
yaşadığıma görə, müəlliflərlə
demək olar ki, əlaqəm yoxdu. Əvəzsiz müəllimim
Şirməmməd Hüseynov, Əjdər Ol, İradə
Tuncay, Əbülfət Mədətoğlu kitablarını mənə
göndəriblər. Bir də “Yeni Azərbaycan” qəzetinin
redaksiyasında olanda Azər Turan kitabını
bağışladı. Üç-dörd il bundan qabaq Yusif
Rzayev Ramiz Rövşənin “Nəfəs-kitablar
kitabı”nı göndərəndə elə bil mənə
dünyanı bağışlamışdı. Yerli müəlliflərdən
də üç-dördü şeir kitablarını veriblər
mənə. Vəssəlam. Gözdən uzaq olan,
könüldən də uzaqdı...
9. Daha çox hardan kitab
alırsınız?
Vaxtilə rayonumuzda
üç-dörd yerdə kitab mağazası vardı.
İndi kitab satılan heç bir nöqtə yoxdu. Bədbəxtliyə
baxın ki, bu boyda rayonda cəmi bir qəzet köşkü
var. Paytaxta yolum düşəndə metro keçidlərinə
göz gəzdirirəm. Oralarda da əsasən dini, kulinariya,
xalq təbabətinə aid kitablar satılır. Əksəriyyəti
də səriştəsiz müəlliflər tərəfindən
yazılıb. Dilimizi, qrammatikamızı bir az da
korlayırlar. Azı ayda bir dəfə rayon mərkəzi
kitabxanasına gedib təzə kitablar
alıb-almadıqlarını soruşuram. Prezidentimizin fərmanına
əsasən latın əlifbası ilə buraxılan
kitablardan başqa bir dənə də olsun kitab almayıblar.
Bir sözlə, təzə kitablar sarıdan çox korluq
çəkirəm. Markesin, Orxan Pamukun kitablarını əldə
edə bilmirəm. Bu imkansızlıq mütaliə
dünyamda çox boşluqlar yaradır.
10. Qabağınıza nə
çıxırsa oxuyursunuz, yoxsa seçib oxuyursunuz?
Əvvəllər əlimə
nə keçirdisə, oxuyurdum. İndi buna heç təəssüflənmirəm
də. Çünki ən zəif əsərdən də nəsə
öyrənmək mümkündü. Təkcə bir kitabdan
başqa. Adını çəkməyəcəyəm.
Onuncu sinifdə ədəbiyyat müəllimimiz bizi məcbur
elədi Azərbaycan yazıçılarından birinin təzə
çapdan çıxmış çox qalın
romanını oxumağa. Nə bir obrazı, nə də bir
cümləsi yadımda qalmayıb. Uşaqların çoxu
oxumadı. Sonda müəllim özü də etiraf elədi
ki, o kitabı oxumağa dəyməzmiş. Yalan yerə sizi dərslərinizdən
ayırdım, dedi. Məni də ən çox
darıxdıran vaxt itkisiydi. İndi də ən çox
qorxduğum şey səmərəsiz saatlar keçirməkdi.
Ən çox rəhm eləmədiyim, qədrini bilmədiyim
isə gözlərimdi. Yəqin ki, nə vaxtsa altını
çəkəcəyəm. Amma bunsuz da yaşaya bilmirəm.
Bir-iki gün qəzet-jurnal, kitab üzü açmayanda
içimdə qəribə bir boşluq, puçluq hiss edirəm.
Təbii ki, indii seçib oxuyuram. Kitabı əlimə
götürəndə bilirəm ki, bu mənlikdi, ya yox. Düzdü,
oxuduğum kitablar ayaqlarımı yerdən üzdü, həyat
adamı olmağa qoymadı. Əvəzində güclü elədi,
itkilərə, ağrı-acılara dözməyin
yollarını göstərdi, sınmağa, əyilməyə
qoymadı. Ümumiyyətlə, nə qədər ki, insanlar
kitablardan gözəl həyat qurmağı öyrənməyiblər,
oxumaq yer üstündə yaşamağı bacarmayanların
yeganə təsəllisi və dayağı olacaq. Bir də,
yer üzündə hamı bir nəfər kimi kitabsız
yaşaya bilmədiyini anlamayınca, sülh və əmin-amanlıqdan,
dostluq və qardaşlıqdan danışmaq
artıqdı...Onu da bilirəm ki, bu heç zaman olmayacaq. Belə
olsa, faciələr və komediyalar, həcvlər və mədhiyyələr
yazılmayacaq. Axı, xoşbəxtlik və firavanlıq ədəbiyyat
mövzusu deyil. Deməli, nə kitab yazan olacaq, nə kitab
oxuyan. Və həyat da maraqsız və sönük olacaq. Bu
üzdən də sualların əsasən kitablarla
bağlı olması ürəyimcədi. Aylarla, illərlə
kitab üzü açmayanlara gəlincə isə...Bilmirsən,
belələrinə acıyasan, yoxsa, qibtə eləyəsən...
11. Ən bəyəndiyiniz 3
yazar?
Bu rəqəm 3 yox, 30 da ola bilərdi. Amma suala uyğun olaraq üçünü yazıram. Çingiz Aytmatov, İsa Hüseynov, Nodar Dumbadze... Vaxtilə sovet senzurasının icazə verdiyi xarici ölkə yazarlarının da çox kitablarını oxumuşam. Bu əsərlərdə həyat həqiqətləri nə qədər sərt bir reallıqla təsvir olunsa da, ruhumu, könül dünyamı fəth edə bilməyiblər. Axı, biz tamam fərqli mühitdə böyümüşük.
Tofiq
ABDİN
525-ci qəzet.-
2011.- 8 yanvar.- S.23.