Yaza bilmədiyi yazılar
“Yaza bilmədiyim yazılar”
– yazıçı Nəriman Əbdülrəhmanlı
dilimizə çevirdiyi əsərləri belə
adlandırır.
Bu həm etiraf, həm də
yaradıcılıq taleyinin əlamətidir.
N.Əbdülrəhmanlının
da bütün qələm adamları kimi, istədiyi
yazıları yaza bilmədiyi, yaxud yazmadığı
dövrlər var. Həmin məqamlarda tərcümə ondan
ötrü sığınacaq, yazılarını yazmaq
ovqatına gələnəcən ədəbiyyatla, bədii
sözlə bağlarını itirməmək, içindəki
təlatümə dözmək məqsədilə məşğul
olduğu işdir. Bununla belə, o, tərcümə peşəsinə
heç vaxt ötəri bir şey kimi baxmayıb, sovet
dövrünün məlum prinsipi ilə yanaşmayıb. “Həmişə
demişəm, yazmaq istədiyim, amma taleyin hökmüylə
yaza bilmədiyim əsərləri dilimizə çevirirəm.
Həm də o əsərlərin altında imzamın
olmasını arzuladığımdan çevirmişəm...”
N.Əbdülrəhmanlının
bu səmimi etirafının arxasında düz iyirmi illik dəqiq
hesablanmış, səbirlə və inadla həyata
keçirilən bir xətt durur: çevirəcəyi rus,
gürcü və türk dillərinin strukturuna bələd
olmaq, həmin dillərdə yaranmış və ya çap
olunmuş əsərləri oxumaq, dünya ədəbiyyatında
gedən prosesləri izləmək və öz dilinin
imkanlarını daha mükəmməl mənimsəmək –
yəni özünü tamam hazır saymayınca tərcümə
etdiklərini ortaya çıxarmamaq. Ona görə də Nəriman
fəal tərcümə prosesinə yalnız 90-cı illərin
əvvəllərindən qoşuldu.
Tələbəlik illərində
və sonrakı dövrlərdə N.Əbdülrəhmanlı
vaxtının çoxunu dünya ədəbiyyatının
mütaliəsinə sərf edirdi. Həmin vaxtlar dostu Tofiq
Mirzə ilə çevirdikləri “Gözəl göz
yaşları”, “Səfehlər” (Revaz İnanişvili),
“Kvazimodo” (Merab Abaşidze), “Küknarlara məktub” (Qoderzi
Çoxeli), hekayə və povestləri gürcü nəsrinin
ən gözəl nümunələri kimi sonralar Azərbaycan
oxucularına təqdim ediləcəkdi. Onlar bənzərsiz
üslubu, təhkiyəsi və obrazları olan Qoderzi
Çoxelinin əsərlərini də dilimizə
çevirdilər. Beləliklə, yazıçının
20-dən artıq hekayəsi və “Qartalla uçuş”
adlı kiçikhəcmli hekayəsi Azərbaycan türkcəsində
səsləndi. 1989-cu ildə yazıçının
“Küknarlara məktub” hekayəsi Nərimanın müəllifdən
götürdüyü müsahibə ilə birgə “Xəzər”
jurnalında çap olunanda əsl ədəbi hadisə kimi
qarşılandı. 2006-cı ildə nəşr olunan kitab
Azərbaycan tərcümə mədəniyyətimizə
layiqli töhfə kimi dəyərləndirilməlidir. Bu birgə
iş N.Əbdülrəhmanlının tərcümə
yaradıcılığında faydalı rol oynadı. Sonralar
o, müstəqil olaraq Nodar Dumbadzenin (“Tamerlan”), Tamaz Ciladzenin
(“Durna”), Nuqzar Şataidzenin (“Payız”), İrina Lejavanın
(“Xoşbəxtlik”), Merab Abaşidzenin (“Manekenin təbəssümü”),
Manana Amirecibinin (“Bekarçılıq, yaxud eşikdə qar
yağıb, içəridə isti olanda”), Cemal Karçxadzenin
(“Ucaboy kişi”), Cemal Topuridzenin (“Kişi”), Georgi Bakanidzenin
(“Çörək”), Quram Petriaşvilinin (“Təbib”), Revaz
İnanişvilinin (“Əlliyaşlı kişi”,
“Qışqabağı kədər”) və s. hekayə və
povestlərini dilimizə çevirdi. Qardaş xalqın
çağdaş ədəbiyyatının tutumlu mənzərəsini
yaradan antologiya nəşr etdirməksə Nərimanın daha
bir arzusudur.
Əlbəttə,
gürcü ədəbiyyatından tərcümədən
söhbət düşəndə N.Əbdülrəhmanlının
daha bir xidmətini qeyd etməmək olmaz. O, ümumiyyətlə,
söz sənətində böyük önəm verdiyi və
təsirləndiyi görkəmli nasir Otar Ciladzenin “Uğruma
çıxan adam” romanını da dilimiz çevirib. 1999-cu
ildə Nobel mükafatına təqdim edilən
yazıçının bu romanı yüksək bədii məziyyətlərə
malikdir. Bir neçə hissəsi “Xəzər” jurnalında
işıq üzü görsə də, əsərin
bütövlükdə nəşri hələ də arzu
olaraq qalır.
lll
N.Əbdülrəhmanlı
90-cı illərin əvvəllərində rus və dünya
ədəbiyyatından dilimizdə görmək istədiyi
hekayələri çevirərək oxuculara təqdim edirdi.
Böyük fransız şairi Şarl Bodlerin “Paris kədəri”
essesi, görkəmli alman yazıçısı, Nobel
mükafatı laureatı Henrix Böllün “Axşam”, bənzərsiz
Kolumbiya nasiri, Nobel mükafatı laureatı Qabriel Qarsia
Markesin “Məhəbbət əvəzinə ölüm
labüdlüyü” hekayələri həmin illərin məhsuludur.
Sonra o, Q.O.Markesin “Gəmidən dənizə yıxılan adamın
hekayəti” povesti və “Vəba çağının
sevgisi” romanından parçanı, Yuri Kazakovun “İki nəfər
dekabrda” hekayəsini, Herman Hessenin “Gənc şairə məktub”,
Onore de Balzanın “Gözəlik haqqında traktat” esselərini,
Ü.Folknerin “Qısqanclıq”, “Nimfolepsiya” Yukio Misimanın
“Qatilin fəlsəfi gündəliyi”, “Turşəng
çiçəkləri”, Haruki Murakaminin “Öyümə”,
Boris Pelevinin “Kafedəki Ziqmund”, H.Hessenin “Otaqda gəzinti”, Hənif
Qüreyşinin “Dörd mavi stul”, Patrik Züskindin “Dərinlik
həsrəti”, “Təkbətək”, Milorad Paviçin “Uzun gecə
səfəri”... hekayə və povestlərini çevirib
çap etdirdi. N.Əbdülrəhmanlı o illərdə
böyük rus yazıçısı Fyodor Dostoyevskinin
“Qumarbaz” romanını, Afanasi Məmmədovun “Xəzri dairəsində”,
Rasim Özdənörənin “Quyu” povestlərini, Salman
Rüşdinin “Utanc” romanını oxuculara
çatdırıb.
Həmin dövrdə N.Əbdülrəhmanlının
Bədii Tərcümə və Ədəbi əlaqələr
Mərkəzinə işə dəvət edilməsi artıq
məntiqi görünürdü. N.Əbdülrəhmanlı
o illərdə məhsuldar yaradıcılığı ilə
diqqəti çəkdi.. “O, jurnalda O.Ciladzenin “Uğruma
çıxan adam” romanından hissələrlə
yanaşı, Knut Hamsunun “Qlanın ölümü”, Boris
Vianın “Qızıl ürək”, Paulo Koelyonun
“İşıq savaşçısının kitabı”,
Kenzi Maruyamanın “Ay üçün ağı”, Antonio
Tabukkinin “Gecə, dəniz, yol”, Joze Saramaqonun “Məhdudluq”
hekayə və povestlərini, eləcə də Vidia S.Naypol,
İmre Kertes, Joze Saramaqonun Nobel nitqlərini, Vasil Belov,
Ferdinand Selin, Orxan Pamuk, Yelfrida Yelinek, Milorad Paviç, Mario
Varqas Lyosanın müsahibə və esselərini dilimizə
çevirdi. Bu illərdə o, sonuncu İran
Şahının xanımı, əslən azərbaycanlı
olan Fərəh Pəhləvinin türkcə nəşr
olunmuş “Xatirələr” kitabını dilimizə
çevirdi. Dəfələrlə ən çox satılan
kitablar siyahısında birinci olan bu əsərin uğuru əlbəttə
ki, tərcüməçinin də xidməti idi.
N.Əbdülrəhmanlının
bir müddət “525-ci qəzet”lə sıx əməkdaşlığı
digər əsərlərin Azərbaycan oxucularına
çatdırılmasına da şərait yaratdı. Onun tərcüməsində
böyük ingilis tədqiqatçısı Lourens
Lokkartın “Nadir şah” monoqrafiyası, Aleksandr Korjakovun “Boris
Yeltsin: dan yerindən qürubadək” memuarı, rejissor və
yazıçı Georgi Daneliyanın “Sağlığına
badə qaldırılan adam son damlasınacan içir”
miniatürlər toplusu işıq üzü gördü. O,
eyni zamanda Emilian Stanevin “Ağır çağlar”, Vasil
Bıkovun “Estafet”, Uilyam Tekkereyin “London tamaşası”, Jorj
Simenonun “Yata bilməyən sərnişin” hekayələrini, ərəb
novellaları və nağıllarını çap etdirməklə
tərcümə sənətimizdə öz yeri, üslubu və
nəfəsi olduğunu sübuta yetirdi.
Nəriman Əbdülrəhmanlının
tərcümə fəaliyyətində ilk baxışdan pərakəndə
görünən sistemlilik var. O, çevirəcəyi bədii
mətnləri özünün də aydın baş
açmadığı intuisiya ilə seçir. “Bir kədərli
qadın” adlandırdığı, 2007-ci ildə oxuculara təqdim
olan dünya nəsrindən seçmələr toplusu bu
fikrimizə sübutdur. Dünya ədəbiyyatının 46
nümayəndəsinin 59 hekayə, novella və povesti
toplanmış sanballı topludakı əsərlərdə
N.Əbdülrəhmanlının bəzi hekayə, povest və
romanlarındakı kimi xüsusi şəxs adları yoxdur.
Plansız, şüuraltı münasibətin nəticəsi
kimi ortaya çıxan toplu son yüz il ərzində
yaranmış əsərləri əhatə edir.
lll
2008-ci il N.Əbdülrəhmanlının
tərcümə yaradıcılığında uğurlu mərhələ
sayıla bilər. O, öz planında olan əsərlərlə
yanaşı, bir sıra müxtəlif səpkili kitabları
dilimizə çevirdi. Bu cəhətdən onun tərcüməsində
böyük fransız psixoloqu Qustav Oe Bonun “Sosializm
psixologiyası” tədqiqatı, eləcə də, Bakı
Slavyan Universitetinin 100 cildlik “Filoloqun kitabxanası” layihəsinə
daxil olan “XIX əsrin sonu – XX əsrin əvvəlləri rus fəlsəfi
fikri” (V.Solovyev, N.Berdyayev, V.Rozanov, A.Florenski) antologiyası diqqəti
çəkir. Hələ çapını gözləyən
həmin kitabları oxuyanlar yəqin ki, ortada nə qədər
böyük tərcüməçi əməyinin
olduğunu hiss edəcəklər.
N.Əbdülrəhmanlının
həmin il gerçəkləşdirdiyi daha bir layihə isə
“Şərq-Qərb” nəşriyyatı ilə birgə əməkdaşlıq
nəticəsində novellalar və hekayələrdən ibarət
sanballı antologiyanın oxuculara təqdim olunması idi.
“Yapon novellası, alman hekayələri, Latın Amerikası
novellası” adlanan antologiyada ədəbi fenomen kimi tanınan
üç ölkənin bənzərsiz nasirlərinin əsərləri
yer alıb.
Azərbaycan Respublikası
prezidentinin 2007-ci ildə verdiyi sərəncama əsasən
dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərindən ibarət 150 kitabın tərcümə
və nəşr edilməsi əlbəttə, N.Əbdülrəhmanlının
tərcümə yaradıcılığında daha bir səhifədir.
O, layihənin xüsusi peşəkarlıq tələb edən
bir sıra kitablarının tərcüməsini də öz
üzərinə götürdü. O. Pamukla yanaşı,
Andrey Platonov, Jan-Pol Sartr, Xorxe Luis Borxes, Nəcib Fazil
Qısakürək, Migel Anxel Asturias kimi öz üslubu,
düşüncə tərzi, təhkiyəsi olan qələm
sahiblərinin əsərlərini çevirmək tərcüməçidən
istedad, həvəs və zəhmətdən başqa hər
müəllifə fərdi yanaşma tələb edir.
90-cı illərin
axırı – 2000-ci illərin əvvəllərində N.Əbdülrəhmanlı
O.Pamukun “Mənim adım Qırmızı” romanını,
ortaçağ Osmanlı nəqqaşlıq sənətindən
bəhs edən bu bənzərsiz əsəri Azərbaycan
oxucusuna təqdim etmişdi. Amma əsər yalnız müəllifi
mükafatına layiq görüləndən sonra – 2007-ci ildə
çapdan çıxdı. 2009-cu ildə isə
yazıçının “Mənim adım Qırmızı”
romanı ilə yanaşı hekayə, esse və müsahibələrini
daxil etdiyi “Seçilmiş əsərlər”i Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə nəşr
edilən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”
seriyasından oxuculara çatdırıldı.
Böyük rus
yazıçısı Andrey Platonovun
yaradıcılığına bələd olanlar onu rus və
dünya nəsrinin fenomenlərindən sayırlar. N.Əbdülrəhmanlı
dünya nəsrinin şedevrlərindən sayılan “Can”
povestini 2005-ci ildə dilimizə çevirmiş, amma çap
etdirməyə tələsməmiş, üzərində
dönə-dönə işləmişdi. Sonra o,
yazıçının 20-yə yaxın hekayəsini,
pritçasını və nağıl-rəvayətini,
ssenarisini eləcə də gündəliklərindən və
məktublarından seçmələri çevirib həmin
kitaba daxil etdi.
Böyük fransız
filosofu və yazıçısı, Nobel mükafatından
imtina etmiş qələm adamı Jan-Pol Sartr
yaradıcılığının nə qədər
böyük fəlsəfi yükə malik olduğunu sübut
etməyə ehtiyac yoxdur. Uzun illər
yazıçının “Sözlər” əsərini dilimizə
çevirməyi arzulayan N.Əbdülrəhmanlı “Sahibin
uşaqlığı” povesti, “Divar”, “Herostrat”, “Otaq”,
“İntim” hekayələri, “İblis və Allah”, “Bağlı
qapı arxasında” pyeslərinin daxil olduğu kitabda Sartr
yaradıcılığının tutumlu mənzərəsini
oxucuya çatdırmağa nail olur. Əlbəttə, burada
peşəkarlıq və zəhmətlə yanaşı,
onun bədii mətnə münasibəti də diqqəti
çəkir.
Tərcümə zamanı
xüsusi yanaşma tələb edən qələm sahiblərindən
biri də böyük Argentina yazıçısı Xorxe
Luis Borxesdir. O, əsərlərindəki dolanbaclar, çoxməlumatlılıq
və riyazi priyomlar vasitəsilə oxucunu heyrətləndirməyi,
çaşdırmağı sevir. X.L.Borxesin real faktlara əsaslanan,
buna görə də oxucudan xüsusi hazırlıq, tərcüməçidənsə
geniş savad tələb edən əsərləri indiyədək
Azərbaycan oxucularına çatdırılmayıb. N.Əbdülrəhmanlı
Borxesin avtobioqrafik qeydləri, hekayələri,
pritçaları, esselərini əhatə edən
kitabını dilimizə çevirən zaman bu keyfiyyətə
malik olduğunu sübuta yetirə bilib.
Böyük türk
yazıçısı Nəcib Fazil Qısakürəyin
yaradıcılığına məhz peşəkar
nöqteyi-nəzərdən yanaşan N.Əbdülrəhmanlı
onun 50-yə yaxın hekayəsini, esselərini və “Pul”, “Bir
adam yaratmaq” pyeslərini Azərbaycan türkcəsinə
çevirən zaman saxta ekvivalentlərin toruna düşməməyi
başlıca məqsəd olaraq qarşısına qoyub.
İndiyədək Azərbaycan oxucularına yalnız
şeirlərilə tanış olan N.F.Qısakürəyin həm
də gözəl nasir və böyük dramaturq kimi
tanıdılması Nərimanın ədəbiyyatımıza
və mədəniyyətimizə növbəti xidmətlərindən
biri olacaq.
Bununla yanaşı o,
antologiya tərtibi sahəsində də böyük zəhmət
sərf etməkdən də çəkinmir. N.Əbdülrəhmanlı
araya-ərsəyə gətirib ön söz
yazdığı italyan, yapon, Skandinav ölkələri,
Latın Amerikası, ABŞ, Ərəb ədəbiyyatı
antologiyalarına özünün dilimizə çevirdiyi
onlarla hekayə, novella, povest və pyeslərlə
yanaşı, başqa istedadlı qələm sahiblərinin tərcümələrini
daxil edib. Eyni zamanda onun tərtibində üçcildlik “XX əsr
dünya ədəbiyyatı antologiyası” çapını
gözləyir. N.Əbdülrəhmanlının ədəbiyyat
naminə tərtib etdiyi “Avstriya ədəbiyyatı
antologiyası”, “Polyak ədəbiyyat antologiyası” və
“Meşə talasındakı ağac” (təbiət və
ekologiya mövzusunda əsərlərdən ibarət)
antologiyasını da bu siyahıya əlavə etsək, onun nə
qədər böyük zəhmətə
qatlaşdığını təsəvvür etmək olar. Hələ
üzərində işlədiyi Norveç, İsveç və
Danimarka ədəbiyyatı antologiyaları da var...
lll
Nəriman Əbdülrəhmanlının
yaradıcılığa, tərcümə sənətinə
ədəbi mətnə və müəlliflərə
münasibəti də maraqlıdır. Bu qədər məhsuldarlığın
müqabilində onun hər bir əsəri tərcüməyə
hazır olduğunu düşünmək olar. Amma bu
yanlış təsəvvürdür, mətnə azad
münasibətdə onun öz seçimi var.
N.Əbdülrəhmanlının
80-ci illərdə çap olunmuş “Ay üçün
ağı” povesti ilə tanıdığı bənzərsiz
yapon nasiri Kenzi Maruyamanın yaradıcılığına marağı
da məhz bu sevginin nəticəsidir. Povesti böyük
zövqlə çevirəndən sonra K.Maruyamanı dilimizdə
bütöv görmək arzusu onu neçə illər rahat
buraxmadı və nəticədə o,
yazıçının dörd hekayəsini və “Ürək
döyüntüsü” romanını tərcümə etməklə
məntiqi sonluğa yetişə bildi...
Eləcə də,
T.Bernhardın beş hekayəsi və “Ağackəsmə”
romanı Nərimanın tərcüməsində oxucularla
görüşünü gözləyir... Üstəlik
“kökdən düşməmək” üçün tərcümə
etdiyi Verkorun, Robert Muzilin, Sol Bellounun, Milan Kunderanın, Emilian
Stanevin... hekayə, novella, povest və esseləri nə vaxt
işığa çıxacağının
intizarındadır.
Planında bir neçə
hekayəsini çevirdiyi Kobo Abenin, İtalo Kalvinonun, Antonio
Tabukkinin, Yuri Kazakovun kitabları da var...
Sabir BƏŞİROV,
fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 8 yanvar.- S.21.