İllərin ayrıcında: Yusif Günaydınla Əkbər Qoşalının dialoqu

 

Yusif GÜNAYDIN – 60

 

Əkbər Qoşalı – Xoş gördük, əziz Yusif müəllim! Sizinlə mətbuat səhifələrində düz beş il bundan öncə dialoq qurub, dərdləşmişdik – Sizin ömürdən “qoşa beş” aldığınız tarixdə... Deyirəm, zaman nə tez ötdü? O beş il 5 an kimi sanki bir göz qırpımında gəlib keçdi. Hər halda mənə belə gəlir...

Yusif Günaydın – Elə mənə də. Eşitmisən də, deyirlər, 20 yaşadək illər sürünür, 30 yaşadək qaçır, 30-dan sonra isə uçur. Zamanın çox iti axarı var.

 Ə.Q – Bəli, yaşınız 60-ı haqladı. Mübarək olsun. İlk növbədə möhkəm can sağlığı, yeni, daha böyük yaradıcılıq uğurları diləyirik. Əminəm ki, həm özümün, həm də sizin çoxsaylı pərəstişkarlarınızın arzularını dilə gətirdim.

Y.G. –Minnətdaram !

Ə.Q. – 60 yaşın zirvəsindən boylanıb geri baxsaq ömrün hansı mərhələləri daha qabarıq görünər?

Y.G – Mən bioqrafiyamı – sənin sözünlə desək “özkeçmiş”imi şərti olaraq, iki mərhələyə bölürəm: 1990–cı ilin yanvarına qədər olan mərhələ və ondan sonrakı dövr. Aldığım tərbiyə, böyüdüyüm mühit, təhsilimdən, mütaliəmdən çıxardığım nəticələr, özəlliklə sovet ordusu sıralarında xidmət etdiyim zaman apardığım müşahidələr mənə belə qərara gəlməyə əsas verirdi ki, sovet quruluşu saxta, bayağı quruluşdur. Uzun illər dostluq etdiyim, müxtəlif elmi-bədii layihələr üzərində birgə çalışdığım Xəlil Rza Ulutürk həmişə deyirdi ki, XX əsrdə imperiyalar 100 ildən artıq ayaq üstə duruş gətirə bilməz. Bolşeviklərin qan üzərində qurduğu sovet imperiyası azadlıq carçısı şairin təxminindən də tez çökdü. Amma, doğrusu, düşünmürdük ki, 200 ilə yaxın bir dövr ərzində gözümüzün yağını yedirtdiyimiz “böyük qardaş” yenə də qonşuları canımıza salacaq, yenə də bizi erməni gülləsinə düzəcək. Təəssüf ki, tarix təkrar olundu. 1905-ci il birinci rus inqilabı, 1917-20-ci illər oktyabr inqilabı, yurdumuzun bolşevik-daşnak işğalı dövründə baş verən qanlı olaylar, bədnam “yenidənqurma” dövründə də yenidən yaşandı. 1905-ci il erməni   irticasını babalarımız, 1918-20-ci illər onların törətdiyi qətliamı atalarımız, ötən əsrin 80-ci illərinin sonlarından başlayan görünməmiş haqsızlıqları, erməninin havadarlarının maddi, mənəvi yardımı ilə törətdiyi vəhşilikləri, axıtdığı qanları bizim nəsil gördü... O dövrdə xaincəsinə arxadan vurulan zərbəni heç kim, nəinki xalq kütlələri, heç hüquq – mühafizə orqanları da gözləmirdi. Xalq şok içində idi. 20 yanvar faciəsindən sonra çoxlarının taleyi sındı, gələcəyə bağlı ümidləri puç oldu, haqqa-ədalətə olan inamı sarsıldı...

90-cı il mənim ömrümün ən qaynar, ən enerjili çağı idi. Lakin o mənhus gecə gördüklərim məni sarsıtdı, necə deyərlər, əllərim yanıma düşdü.

Bir çox elmi, bədii yaradıcılıq layihələrindən imtina etməli oldum, hamı kimi mən də ağır, böhranlı günlər yaşadım. Sonralar bizi mənən dirçəldən, gələcəyə olan inamımızı özümüzə qaytaran Vətənimizin müstəqilliyinin bərpası oldu.

Bağımsızlıq, özgürlük diləkləri azadlıqsevər xalqımızın qəlbində yüzillər boyu bəslənən ən uca, ən qütsal bir amaldı...

Ə.Q. – Sovet dövründə mətbuatdakı ardıcıl çıxışlarınızı xatırlayıram. İncəsənətin demək olar, elə bir sahəsi yox idi ki, onun güncəl problemləri ilə bağlı həm ana dilində, həm də rus dilində araşdırmalar aparıb maraqlı nəticələrə gəlməyəsiniz – teatr, təsviri sənət, xalq yaradıcılığı, kino, televizya... Ədəbiyyatşünaslıq məsələləri də öz yerində Akademik Dram Teatrının qabaqcıl aktyorları etiraf edirlər ki, onların iştirak etdiyi yeni tamaşalar haqda sizin yazdığınız resenziyaları səbrsizliklə gözləyərdilər. Çünki bu yazılar obyektivliyi, analitik sanbalı ilə seçilirdi. 1991-ci ildən sonra siyasi publisistika sahəsində də uğurlu fəaliyyətə başladınız. Bu yazılarınızda təcrübəli bir politoloq kimi dövrün siyasi konyukturasına dəqiq qiymət verir, zamanın dəyişən geosiyasi panoramının özəlliklərini dolğunluğu ilə əks etdirirdiniz. Bu sahədəki çalışmalarınız, sizin elmi-analtik potensialınıza yaxından bələd olan, sizi yaxşı tanıyanları təəccübləndirməsə də, açığı, bir çoxları üçün gözlənilməz oldu...

Y.G. – Başa düşdüm. Ermənilər son məqsədlərinə çatmağın ilkin, vacib mərhələsi kimi öncə ümumittifaq, sonra isə uluslararsı səviyyədə kütləvi informasiya vasitələri ilə bizə qarşı həyasızcasına misli görünməmiş bir böhtan kampaniyasına başladılar, ictimai şüuru istədikləri səmtə yönəldə bildilər. Sənə bəllidir ki, mən professional çalışmalarıma 21 yaşlı gənc mütəxəssis kimi Rusiyada – uzaq Qərbi Sibir televiziyasında başlamışam.

Peşəkar fəaliyyətimlə bağlı nəhəng Rusiyanın müxtəlif bölgələrində, o cümlədən, Moskvada, Peterburqda dəfələrlə ezamiyyətdə olmuşam. Dövrün önəmli qələm sahibləri – jurnalistlər, yazıçılar, şairlərlə normal şəxsi münasibətlərim olub. Düşmənlər geniş miqyaslı antiazərbaycan kampaniyasına start verəndə bir çox həmkarlarım kimi mən də bu haqsızlığa qarşı tutarlı dəlillərlə, təkzibolunmaz tarixi faktlarla çıxış etmək istədim; fitnəkarların, təxribatçıların maskasını yırtmağı özümə borc bildim. Amma çox tez dərk etdim ki ümumittifaq mətbuatı Qarabağ mövzusunda çıxış etmək üçün biz azərbaycanlılara qapalıdır... Yadımdadır, vaxtı ilə mənimlə bir yerdə çalışan, dəfələrlə birgə yaradıcılıq səfərlərində olduğum, çörək kəsdiyim bir publisist sonralar Peterburqa köçüb, orada yaşayırdı. Ona telefon açıb, mənə yardımçı olmağını rica etdim. O məni heç axıracan dinləmədən dedi ki, siz orda ermənilərin başına nə oyunlar açırsınız, axı onların nə günahı var? Bir daha agah oldum ki, erməni fitnə-fəsadı ictimai şüurun dərin qatlarına sirayət edərək onu zəhərləyə bilib, dezinformasiya öz işini görüb. Qorbaçov demokratiyasının, bədnam “yenidənqurma”nın iyrənc siması buydu! Amma ən acınacaqlı hal o idi ki, həmin dövrlər yerli mətbuat da bizi yaxın buraxmır, haqq səsimizi qaldırmağa imkan vermirdi. Dərhal hamıya ekstremist, fitnəkar damğası vurulurdu. Bax, bu dərd çəkiləsi dərd deyildi. Beləliklə, mən yalnız müstəqilliyimiz bərpa olunandan sonra, azad milli mətbuat yaranandan sonra siyasi mövzulu analitik məqalələrlə informasiya vasitələrinə çıxa bildim. Gec də olsa, illərlə içimə yığılıb qəlbimi göynədən dərdlərimizi dilimə gətirdim.

Ə.Q. – Maraqlıdır, siyasi mövzulu analitik materiallarla daha çox rusdilli mətbuatda çıxış edirdiniz...

Y.G. – Rusdilli mətbuat düşmənlər tərəfindən internet vasitəsi ilə daha çox izlənilir. Bu mənim vaxtilə Rusiya informasiya vasitələrini bizi hər vəchlə gözdən salmaq üçün rahat tribunaya çevirən təxribatçılara cavabım, bəlkə cavab cəhdim idi...

Ə.Q.- Yusif müəllim, mətbu çıxışlarınız öz yerində, başqa bir məsələyə toxunmaq istərdim. Uzun fasilədən sonra televiziyaya qayıtmağınızı şəxsən mən çox düzgün qərar hesab edirəm, sizi çoxdan tanıyan və sevən tamaşaçılar yeni dövrdə Yusif Günaydın istedadının yeni çalarlarını kəşf etmiş oldular.

Y.G. – Açığı, mən sənədlərimlə yanaşı müəllifi olduğum bir xeyli yeni televiziya layihəsini İctimai Televiziyaya təqdim edərkən bu layihələrdə aparıcı kimi ekranda görünmək fikrindən çox uzaqdım.Uzun fasilədən sonra efirə qayıtmaq asan məsələ deyil. Diktor, aparıcı tamaşaçı ilə birgə yaşa dolmalıdır. Həm də mən əminəm ki, maraqlı televiziya proqramını aparıcının siması, xarici görünüşü deyil, onun məfkurəsi, konsepsiyası yönəltməlidir...

Ə.Q. – Amma elə televiziya janrları var ki, orada aparıcısız keçinmək mümkün deyil. Örnəyi, mükalimə janrında olan verilişləri göstərə bilərik. Bu baxımdan sizin “Həmsöhbət” proqramınız özəlliklə maraq kəsb edir. Tahir Salahov, Bəxtiyar Vahabzadə, Çingiz Aytmatov, Elçin, Ömər Eldarov, Amaliya Pənahova, Murad Adji, Afaq Məlikova, Nailə Vəlixanlı, bir çox digər görkəmli elm, sənət xadimləri, ziyalılar Sizinlə çox səmimi həmsöhbət olmuş, tamaşaçılar bu ünlü şəxsiyyətlərin zəngin könül dünyası ilə yaxından tanış olmaq imkanı qazanmışlar.

Y.G. – “Həmsöhbət” proqramı İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərovun təşəbbüsü ilə yarandı. Elə efirə çıxmağım da İsmayıl müəllimin göstərişi ilə oldu. Həm televiziya, həm də radio efirini nəzərdə tuturam. Radioda qısa müddət ərzində belə böyük auditoriya toplaya bildiyim üçün çox məmnunam. Bu günə qədər bayram günlərində məni səmimi təbrik edən, məktublar yazan, habelə öz fikir və düşüncələrini paylaşan çoxsaylı dinləyicilərimizə, tamaşaçılarımıza minnətdaram!

Ə.Q. – Uşaq yaşlarından canlı efirin, mikrofonun, kameranın nə olduğunu yaxşı bilən, hazırladığı müxtəlif formatlı, müxtəlif janrlı proqramların əksəriyyəti fonda düşən Yusif Günaydının, yəqin ki, gənc jurnalistlərə, gənc rejissorlara tövsiyələri var...

Y.G. – 15 illik pedaqoji təcrübənin sahibiyəm. Bu illər ərzində bir çox qabiliyyətli tələbələr yetişdirmişəm. Bu gün onlar müxtəlif mədəniyyət ocaqlarında o cümlədən, televiziya kanallarında uğurla çalışırlar. Bildiklərimi onlara öyrətmişəm. Televiziyaya yenicə qədəm basmış gənclərə sadəcə bir faktı xatırlamaq istərdim – teleekranda həyatda olduğundan daha gözəl, daha məlahətli, əslində olduğundan daha savadlı, daha müdrik görünmək mümkün deyil. Televiziya ekranı hər bir kəsin əqli-intellektual səviyyəsini, daxili-mənəvi-psixoloji mahiyyətini bir neçə dəqiqə ərzində rentgen kimi bütün çılpaqlığı ilə aşkarlamaq keyfiyyətinə malikdir. Bunu bilməyənlər, yaxud unudanlar gülünc vəziyyətə düşürlər.

Ə.Q. – Ümidvaram, televiziya aləminə yeni qədəm basan yaradıcı gənclərimiz bu xüsusları nəzərdən qaçırmazlar. Mən söhbətin bu yerində istərdim kifayət qədər yüksək mütaliə mədəniyyətinə malik olan ziyalı kimi son vaxtlar hansı əsərləri mütailə etməyiniz barədə danışasınız. Maraqlıdır, daha çox hansı janra üstünlük verirsiniz?

Y.G. – Son vaxtlar işimlə əlaqədar Milli Kitabxanaya tez- tez üz tuturam, amma etiraf edim ki, bu mütailə etməkdən daha çox informasiya toplamaq üçün olur. İnternet bazası məni tam qane etməyəndə kitabxanaya gedirəm. Kitabxanın direktoru Kərim Tahirov başda olmaqla buranın bir çox əməkdaşları böyük məmnuniyyətlə mənə yardım edirlər. Buna görə, fürsətdən istifadə edib, bütün kitabxana işçilərinə minnətdarlığımı bildirirəm.

Milli Kitabxanamızın çox gözəl, çox faydalı bir layihəsi var. – Burada hər il “Əlamətdar günlər təqvimi” adlı bir sorğu almanaxı nəşr edirlər. Bu topludan öz gündəlik çalışmalarımda bəhrələnirəm.

Şahmatda seytnot – vaxt darlığı anlayışı var. Çağdaş televiziya işçisi daima seytnotdadır. Buna baxmayaraq, dövri mətbuatı vərəqləməyə səy göstərirəm. Bu gün bədii ədəbiyyat sahəsində klassiklərə yenidən müraciət etmək, onları yenidən oxumağa güclü bir ehtiyac duyuram. Füzuli “Divan”ını, Sabir “Hophopnamə”sini, Şəhriyarın “Heydər babaya salam”nı vaxtaşırı təkrar oxumaq tələbatı oyanır məndə son vaxtlar. Lev Tolstoyun “Baldan sonra”, “Xolstomer”, Buninin “Qafqaz”, “Aşırımlar”, Çexovun “Qüssə” əsərlərini, Argentina yazıçısı Kortasarın “Zəbt olunmuş ev”, “Oyunun sonu” novellalarını, Güney Afrika dramaturqu və rejissoru Fuqartın “Qan qardaşları” pyesini təkrar mütaliə edib bu parlaq ədəbi örnəklərdə yeni fəlsəfi qatlar, daha dərin sözaltı anlamlar kəşf etməkdən zövq almışam. Xalq yazıçısı Elçin seçilmiş əsərlərinin 10 cildliyini bu yaxınlarda mənə hədiyyə edib. Burada bütün janrlar var – hekayə, roman, pyes, esse, publisistika. Bu kitablar iş otağımdakı kitab dolabındadır. Vaxt tapan kimi mütaliə edib, qeydlər aparıram. Onu da deyim ki, adını çəkdiyim Fuqartın “Qan qardaşları” pyesini dilimizə çevirmişəm. Bir neçə rejissor bu əsəri bəyənib. Ola bilər ki, “Qan qardaşları” yaxın gələcəkdə ekran təcəssümünü, yaxud səhnə həllini tapsın.

Mütaliə insanın obrazlı təfəkkürünü, assosiativ düşüncə qabiliyyətini inkişaf etdirir, nəhayət zövqünü cilalayır, söz baqajını artırır. Bütün bunlar efirdə işləyərkən tamaşaçı və dinləyicilərlə ünsiyyət qurmaqda mənə yardımçı olur. Dinləyicilərdən söz düşmüşkən, bir dəfə radionun gecə efirində çox sevdiyim türk yazıçısı Ömər Seyfəddinin “Miras” novellasının qısa məzmununu danışıb, əsərin fəlsəfi-əxlaqi mahiyyətindən doğan bir sualı dinləyicilərin müzakirəsinə verdim. Bu əsər auditoriyanın çox xoşuna gəldi, telefon zənglərinin ardı-arası kəsilmədi. Ertəsi gün hamı yazıçının yenı əsərlərini təqdim etməyimi məndən israrla xahiş, deyərdim, hətta tələb edirdi. Aldığım məktublarda da bu hal təkrar olunurdu. Ona görə də mən bir bazar günü Ömər Seyfəddinin kitabını təkrarən açıb, yenidən oxuyaraq, qeydlər apardım, bu görkəmli qələm sahibinin bədii dünyasının yeni rənglərini kəşf etdim. Öz təəssüratlarımı bir neçə radio verilişi ilə dinləyicilərə çatdırdım. Gördüyünüz kimi son vaxtlar məni mütaliəyə sövq edən, bəzən, daha doğrusu, əsasən dinləyicilər, tamaşaçılar olur və bu prosesdə hər iki tərəf mənən zənginləşir – mən də, dinləyicilərim də...

Ə.Q. – Yusif müəllim, öz aramızdı, çoxdandır dövri mətbuatda imzanıza rast gəlmirik, nə məsələdi? Yəqin dediyiniz vaxt darlığı sorunu qələmə sarılmağa macal vermir?..

Y.G.- Elədir. Daimi seytnot! Televiziya işçisinin ömrü günlərlə, aylarla deyil, dəqiqələrlə hətta saniyələrlə ölçülür. Bəzən uğurlu, ifadəli saniyələr üçün saatlarla çalışmalı olursan. Yəqin həmkarlarım sözün nədən getdiyini anlayır. Qardaş, vaxt yoxdur! Ötən ilin əvvəllərində “Qorqud ata” layihəsi çərçivəsində bir ay Ankarada, “Türkiyənin səsi” radiosunda çalışdım. Orada günün ikinci yarısı asudə vaxtım çox olurdu. Fürsətdən istifadə edib, həcmi əlyazması ilə 100 səhifədən yuxarı olan “Ankara dəftəri” adlı təəssüratlar gündəliyi yazdım. Üstündən bir il keçsə də, bu yazını mətbuat üçün işləməyə vaxt tapa bilmirəm...

Ə.Q. – Aydındır. Yaxşı, deyirəm, görəsən Yusif müəllim kimi ziyalı bir insanın düşmənləri varmı?

Y.G. – Ömrüm boyu cılız, xəbis, paxıl, mənəviyyatsız, amma özündən çox razı, iddiası insanlığından, mənəvi-intellektual səviyyəsindən qat-qat artıq olanlara çox rast gəlmişəm. Yəqin sən də belələri ilə hər ğün rastlaşırsan. Rəhmətlik Xəlil Rza onları “şəngülüm” adlandırardı. Bəzən əlimdə yeni bir alışqan, yaxud əynimdə tutaq ki, yeni qalstuk görən bir sıra “dostlar”ın qanı əməli-başlı qaralıb. Gənc, gözəl xanımlarla dəhlizdə adicə söhbət etməyim bəzi “kişilər”in əhvalını əməlli-başlı korlayıb. Yaxud mətbuatda yeni bir yazımın çıxdığı günün səhəri bəzi həmkarlarım qəm dəryasına qərq olar, bəziləri isə məni görəndə qaş-qabağını salladar, düşmənini görürmüş kimi üzünü yana çevirərdilər. Anlamazdılar ki, onaların bu rəftarı məni əyləndirir. Məni həmişə, hər yerdə, elə bu günün özündə də müşayiət edən belələrini lakmus kağızına bənzədirəm. Əgər mətbuatdakı, teleradiodakı çıxışlarımdan sonra onları kefi pozulan, arxamca donquldanan görürdümsə, əmin olurdum ki, doğru yoldayam, hədəflər də düzgün seçilib. Bəli, böyük şair onlara yaxşı ad verib– “şəngülüm”..! “Şəngülümlər” düşmən adlanmağa belə layiq deyillər! Amma düşmənlərim var – xalqımın düşmənləri, mənim düşmənlərimdi!

Ə.Q. – Təbiri-caizsə, qəzanız mübarək. Başqa bir sual vermək istərdim. İstərdim, deyəsiz, çağdaş gəncliyimizdən razısınızmı?

Y.G. – Milli Kitabxananın direktoru Kərim müəllimlə söhbət zamanı öyrəndim ki, hər gün kitabxanaya 800-dən çox oxucu gəlir. Onların əksəriyyəti gənclərdi. Demək gənclərimizin kitaba, biləyə olan meylinin azalması barədə dolaşan fikirlər ən azı obyektiv deyil. Çağdaş gənclərin idmana böyük axını var. Yeniyetmələrin ilk Olimpiya oyunlarında Azərbaycan övladlarının uğurlu çıxışı hamımızı sevindirdi. Bir daha əmin olduq ki, Azərbaycan idmanının böyük gələcəyi var, vətənimizdə həm fiziki həm də mənəvi cəhətdən sağlam bir nəsil yetişir. Gəncliyimizin avanqardı passiv, indeferent gənclər dəstəsini də öz sıralarına cəlb edəcək. Yeni nəslə vətənpərvərlik, Azərbaycançılıq, türkçülük mətkurəsini aşılamaq isə bizim öhdəmizə düşür. Bu mənada, Əkbər bəy, mən sənin rəhbərlik etdiyin Dünya Gənc Türk Yazarlar Birliyinin amalını və gördüyü əməli işləri çox bəyənirəm. Siz öz çalışmalarınızla ötən əsrin əvvəllərində yaşayıb yaradan saf qəlbli ziyalılarımızın qütsal ideallarının gerçəkləşdirmiş olursunuz. Bu uca ideallara sadiq qaldıqları üçün o böyük, pak şəxsiyyətlər ömürlərini Sibirin, Kalımanın buzlu cəhənnəmində başa vurmalı oldular.

Ə.Q. – Yüksək qiymətə görə təşəkkür edirəm. Yusif müəllim, Sizin də bu prosesdə müəyyən zəhmətiniz var. DGTYB-nin almanaxlarının redaktoru, ön söz müəllifi olmusunuz, tədbirlərimizdə iştirak etmisiz.

Y.G. – Bu xırda bir işdir, təşəkkürə dəyməz. Sizin gördüyünüz işin isə böyük tarixi, hətta siyasi əhəmiyyəti var. Öz çalışmalarınızla siz ulularımızın bizə vəsiyyət etdiyi DİLDƏ, KÖNÜLDƏ, İŞDƏ BİRLİK şüarını həyata keçirirsiniz. Mənə elə gəlir ki, DGTYB-nin təşkilatçılığı ilə Bakıda Türk Dünyası yeni nəsil yazarlarının böyük Qurultayının keçirilməsi vaxtı çatıb.

Ə.Q.- Təşəkkür edirəm. Qurultay barədə biz də düşünürük, görək necə olacaq? Hələliksə qarşıdan sizin 60 ilik yubileyiniz gəlir. Özünüz bir plan-proqram tutmusuz, yoxsa epos təfəkkürünüz güc gəlib, nə iş çıxsa, onunla məşğul olmağı, daha doğrusu, təbii axarı ilə necə alınacaqsa, o varianta da üstünlük verməyi düşünürsüz?

Y.G.- Sizə deyim, elə bir xüsusi proqramım yoxdu. İlk növbədə ailəmlə qeyd edəcəyik, sonra qəlbimə məhrəm olan yaxın dostlarla toplaşmaq fikrim var. Sağlıq olsun. Təmtəraqlı, hay- küylü tədbirlərə gənc yaşlarımdan da meylim olmayıb, indi isə heç yoxdur. Axı, indi Məmməd İsmayıl demişkən, “payız qışa, yol yoxuşa dayandı, yaş altmışa dayandı...”

Ə .Q.- Hüseyn Arif də deyib ki, “yüyəndən bərk yapış, yaş altmışdır! “

Y.G.- Yaxşı tövsiyədir! Mən sevdiklərimin hamısına 60 illik yubileyini can sağlığı, ruh yüksəkliyi ilə qarşılamağı arzulayıram! İnsanı yaşadan, onu bədbinləşməyə, ruhdan düşməyə qoymayan ömrün qarşıdan gələn günlərində onu gözləyən sevincdir. İnsan öz-özünə sevinc bəxş edə bilməz, bunu onun qədrini bilənlər etməlidir. İnsanlar gərək bir-birinə sevinc bəxş etməkdə xəsis olmasınlar!

 

 

525-ci qəzet.- 2011.- 8 yanvar.- S.18-19.