Fatmayı kəndində
yeni kitabxana açılıb
Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin kitabxana sisteminin 9 nömrəli Fatmayı kənd filialının yeni binasının rəsmi açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə inşa olunan kitabxananın ümumi sahəsi 90 kvadratmetr, kitab fondu isə 10 min nüsxədən artıqdır. Bu barədə Nazirlikdən verilən məlumatda deyilir. Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov Fatmayı kənd camaatına təhvil verilən yeni mədəniyyət müəssisəsini böyük hadisə kimi qiymətləndirib. O bildirib ki, 1950-ci ildən fəaliyyət göstərən Fatmayı kitabxanası uzun müddət yararsız vəziyyətdə olub. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həmin kitabxana sökülərək kəndin başqa yerində yenisi inşa edilib. Abşeron rayon icra hakimiyyəti başçısının müavini Mirzə Aslanov Fatmayı kəndində bir çox tanınmış simaların yetişdiyini və bu kitabxananın da yenilərinin yetişməsində xidməti olacağına inandığını deyib. M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov isə filialın kitabxana-informasiya mərkəzinə çevrilməsi yolunda lazımi köməyi əsirgəməyəcəklərini söyləyib. Açılışda Fatmayı kənd məktəblərinin müəllim və tələbə heyəti, ağsaqqallar iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 8 yanvar.- S.17.