Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov, bir də mehriban “düşmənlərin” barışığı

 

(Əvvəli ötən saylarımızda)

 

Rəsmi yubiley tədbirinin sonunda Əziz Əliyevin oğlu Cəmil Əliyevin çıxışı hərarətlə qarşılandı.

Yubiley tədbirindən sonra hökumət ziyafətində Dağıstan Respublikası Xalq Məclisinin (Parlamentinin) sədri Muxu Əliyevin dediklərini də xoş təəssüratla xatırlayıram. 1997-ci ildə yazdığım “Odlar Yurdunun və Dağlar Diyarının iftixarı” portretindən sətirlər düşür yada: “Muxu Qimbatoğlu kommunist rejimi dövründə Dağıstan Vilayət Partiya Komitəsinə rəhbərliyə gələndə işə ona qədər Dağıstana başçılıq etmiş şəxslərin fəaliyyətini öyrənməkdən başlayır. Əsas məsələ: “Kim Dağıstan üçün nə iş görüb?” marağıymış. Əziz Əliyevin qeyri-adi fəaliyyəti, dağlar diyarı üçün gördüyü qlobal işlər indiyəcən də onu heyrətləndirir. Deyir ki, müharibə vaxtı rəhbərdən yalnız cəbhəyə kömək etmək, iqtisadiyyatı yaşatmaq və əhalinin minimum ehtiyaclarını ödəmək tələb olunur. Əziz Məmmədkərimoğlu bütün bu vəzifələri ləyaqətlə yerinə yetirməklə yanaşı, milli kadrların hazırlanmasından başlamış elmin, mədəniyyətin dirçəlişi, insanların sosial-rifah halının yaxşılaşmasınacan bütün sahələrlə məşğul olmağa imkan tapıb. O çox da böyük olmayan zaman kəsiyində Dağıstanın o günləri və gələcəyi ilə bağlı taleyüklü problemləri həll edib.

Məhz onun səyləri sayəsində SSRİ Elmlər Akademiyasının Dağıstan filialı-Akademik Mərkəz yaradıldı, elmin müxtəlif sahələrinə, xüsusən Dağıstan tarixinə, dillərinə, etnoqrafiyasına dair ciddi elmi tədqiqatlar başladı, ali, orta ixtisas məktəbləri açıldı, təhsilin, səhiyyənin tərəqqisinin səviyyəsi yüksəldi. Dağıstan oxucusu ilk dəfə olaraq bir topluda öz diyarında müxtəlif dillərdə yaranmış ədəbi nümunələrlə tanış olmaq imkanı qazandı. ...Mahmudun, Yetim Eminin, Süleyman Stallının, Abutalıbın, başqa yazıçıların əsərlərini və folklor topluları nəşr etdirdi. O illərdə çox gənc olan Rəsul Həmzətovun ilk kitabını dünya işığına çıxartdı. Rəsulun şöhrət yolu buradan başladı, sonra o, Dağıstanı dünyaya tanıtdı və Əziz Məmmədkərimoğlunun xidmətlərini unutmadı, onu “həyatımda böyük rol oynamış qeyri-adi insan” adlandırdı”.

Əlbəttə, Patimat xanımın yaratdığı və rəhbərlik etdiyi Dağıstan İncəsənət Muzeyində də olduq. Yalnız Rəsulu deyil, bütün Dağıstanı böyük məhəbbətlə sevən, milliyyətcə qumık qızı, avarcanı da, ruscanı da ana dili kimi mükəmməl bilən yüksək mədəniyyət, saf mənəviyyat, intellektual düşüncə sahibi bu gözəl xanım dağlar diyarının yaratdığı sənət nümunələri haqda bizə müfəssəl məlumatlar verdi.

...O adi yubiley tədbirləri deyildi. İki qardaş ölkənin, tarix boyu bir-birinin içində yaşamış insanların özlərinə qayıdışının təntənəsiydi.

... İrəli gedib deyim ki, on il sonra – 7 iyun 2007-ci ildə yenə Artur Rasizadənin başçılığı ilə böyük nümayəndə heyəti Mahaçqalaya – Milli Məclisin sədr müavini Bahar Muradova, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, akademik Cəmil Əliyev, Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr və bu sətirlərin müəllifi Əziz Əliyevin 110 illiyi yubiley tədbirinə getdik. Artıq dünyada nə Rəsul Həmzətov vardı, nə Patimat xanım. Onlar da əbədiyyətə-Əziz Əliyevə, Səməd Vurğuna qovuşmuşdular.

Yubiley tədbirləri yüksək səviyyədə keçirildi. Dağıstanın Baş nazirinin birinci müavini, mənim əziz dostum Nizami Qazıyevin rəhbərlik etdiyi yubiley Təşkilat komitəsi hər tədbiri incəliklərinə kimi hazırlamışdı. Lap başlıcası, çöhrələrdə xoş əhval-ruhiyyə, dodaqlarda təbəssüm vardı.

Gecə Bakıya dönəndə, təyyarədə Artur müəllimlə əvvəlki, indiki yubileylərdən danışdıq, müqayisə etdik. Birdən mən özümü saxlaya bilməyib dedim:

– Bu yubiley yüz illikdən də səmimi və təbii idi.

Artur müəllim təbəssümlə:

– Mən də bayaqdan fikirləşirdim onu deyim, həqiqətənmi belədir? – söylədi.

 

lll

 

Yox, 1997-ci ildən aralı düşməmişəm, yenə ora qayıdıram, elə həmin ilin oktyabrında Şeyx Şamilin anadan olmasının 200 illiyi münasibətilə Mahaçqalada keçirilən Zirvə tədbirində Prezident Heydər Əliyevin adından iştirakımı, Ulu Öndərimizin təbrik məktubunu tədbir iştirakçılarına təqdim etməyimi və Rəsul Həmzətovla görüşümü xoş təəssüratla xatırlayıram.

Ulu Öndərimizin məktubu iştirakçılara çox təsir etdi. Hərarətlə alqışlandı. Hiss edilirdi ki, soyuqlaşmış münasibətlər, qədim qardaşlıq körpülərinin çökdürülməsi fəlakəti arxada qalır, ənənəvi isti münasibətlər öz məcrasına qayıdır.

Ulu Öndərimizin yubiley iştirakçılarına göndərdiyi dərin məzmunlu məktubu bütövlüklə xatırlamamaq olmur:

Şeyx Şamilin anadan olmasının 200 illiyi yubileyinə həsr olunmuş toplantı iştirakçılarına

Əziz dağıstanlı qardaş və bacılar!

Hörmətli toplantı iştirakçıları!

Adı milli azadlıq mübarizəsinin simvoluna çevrilmiş görkəmli sərkərdə, qüdrətli şəxsiyyət Şeyx Şamilin anadan olmasının 200 illiyi yubileyi münasibətilə sizi salamlayır, hamınıza xoş arzularımı çatdırıram.

Ulu Qafqaz əsrlər boyu müxtəlif dövlətlərin təcavüzünə məruz qalsa da, bu diyarın mərd insanları əsarətə qarşı mübarizə qətiyyətini daim qoruyub saxlamışlar. Azadlıq uğrunda 25 ildən çox vuruşan Şeyx Şamil bir daha sübut etdi ki, xalqın istiqlal amalını, iradəsini və əzmini sındırmaq, məhv etmək mümkün deyil.

Şeyx Şamilin hürriyyət mücadiləsi Azərbaycan xalqının da yaddaşına əbədi həkk olunubdur. Qədirbilən xalqımız onu özünün milli qəhrəmanı sayır. Azərbaycanda Şeyx Şamil hərəkatı həmişə sevilə-sevilə dərindən öyrənilmiş, azadlıq mübarizi xalq düşməni elan edilən vaxtlarda da görkəmli alimlərimiz, yazıçılarımız həyatlarını təhlükə altında qoyaraq, onun haqqında dəyərli əsərlər yaratmışlar. Azərbaycan mədəniyyəti və elmi indinin özündə də bu ənənələri yaşatmaqdadır. Bütün bunlar tarixi haqqına qovuşaraq müstəqillik qazanmış Azərbaycan xalqının Şeyx Şamilin şəxsiyyətinə, azadlıq uğrunda fədakar mübarizəsinə hörmət və ehtiramının ifadəsidir. Hər bir azərbaycanlının qəlbində bu əfsanəvi qəhrəmana nəsildən-nəsilə ərməğan kimi çatdırılan məhəbbət yaşayır və bu məhəbbət respublikamızda keçirilən yubiley mərasimlərində Şeyx Şamilə tükənməz xalq ehtiramının növbəti təsdiqinə çevrilir.

Əziz dostlar!

Sizi və sizin şəxsinizdə bütün Qafqaz xalqlarını bu qəhrəmanlıq bayramı münasibətilə ürəkdən təbrik edirəm. Azadlığı, sülhü, əmin-amanlığı qorumaq yolunda hər bir qafqazlıya Şeyx Şamil müdrikliyi, qətiyyəti və fədakarlığı arzulayıram. Əminəm ki, Şeyx Şamil ruhu bizi bir-birimizə daha da doğmalaşdıracaq, Rusiya Federasiyasında yaşayan xalqlarla Azərbaycan xalqı arasındakı dostluq və qardaşlığı daha da möhkəmləndirəcəkdir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

  

Bakı şəhəri,

21 oktyabr 1977-ci il.

  

 Həmin mərasimdəki çıxışımdan da bəzi fraqmentləri bu yazıya daxil edirəm:

“Bu dərin məzmunlu sənədin şərhə və əlavəyə ehtiyacı yoxdur. Ancaq mən qeyd etmək istəyirəm ki, təbrikdən də göründüyü kimi, Prezident Heydər Əliyev Şeyx Şamilin şəxsiyyətinə böyük əhəmiyyət verir. Bunu belə bir fakt da parlaq şəkildə təsdiq edir ki, azadlıq və müstəqillik uğrunda mübarizə simvolu kimi Şeyx Şamilin mühüm tarixi rolunu, Vətənə sədaqət hissinin formalaşdırılmasında xüsusi əhəmiyyətini layiqincə qiymətləndirən Azərbaycan Prezidenti imamın yubileyinə həsr olunmuş tədbirlər kompleksinin həyata keçirilməsi haqqında sərəncam imzalamışdır.

... Şeyx Şamil əsasən yubiley təntənələrində xatırlanan tarixi şəxsiyyətlərdən deyil. Azərbaycanda Şamilə ümumxalq məhəbbəti, həyat və fəaliyyətinin öyrənilməsi hələ imamın sağlığından başlayıbdır. Şamil yalnız avar deyil, Şamil – qumıkdı, Şamil – dargindi, çeçendi, ləzgidi, noqaydı... Zəmanəmizin görkəmli şairi Rəsul Həmzətovun haqlı qeyd etdiyi kimi, Şamil Qafqaz xalqlarının qəhrəman oğludur. Cənubi Qafqazda isə Şamil Azərbaycan xalqının böyük oğludur.

Totalitar sovet rejiminin ən ağır vaxtlarında, 40-cı illərdə görkəmli mütəfəkkir, filosof, akademik Heydər Hüseynov əslində şəxsi həyatını təhlükə altına qoyaraq, Şeyx Şamil haqqında ilk monumental elmi əsər yaratdı. Sovet imperiyasında ilk dəfə Şeyx Şamil şəxsiyyəti və hərəkatının əsl mahiyyəti haqqında obyektiv həqiqət deyildi. O dəhşətli vaxtlarda cəzalandırmağı hər işdən yaxşı bacarırdılar. Görkəmli Azərbaycan alimi, yeri gəlmişkən, iki dəfə Stalin Mükafatı laureatı repressiyalara məruz qaldı və Şamil haqqında həqiqəti dediyinə görə intihara vadar edildi.

Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyn də həmin illərdə Şamilin həyatından bəhs edən pyes yazmışdı. Tamaşa ictimai baxışdan sonra qadağan edildi. Aradan 50 il keçəndən sonra müstəqil Azərbaycanda həmin əsər yenidən tamaşaya qoyuldu və bizim günlərdə sənətsevərlərə göstərilir. Belə nümunələr çoxdur. Bu gün Azərbaycanan bir sıra müəssisələri və idarələri Şeyx Şamilin adını daşıyır. Bakı şəhərinin mərkəzi gözəl küçələrindən biri onun adınadır. Dünyada Şamilə yeganə abidə məhz Azərbaycan torpağında, Zaqatala şəhərində ucaldılıb. Şamilə ən böyük abidə, ən səmimi məhəbbət isə Azərbaycan xalqının qəlbindədir.

Artıq iki əsrdir Şamil dünyanı heyrətləndirir. O, indinin özündə də yaşayır və bizim müasirimizdir. Vətənə məhəbbət, bütün Qafqazda sülhə və barışa nail olunması, layiqli xoşbəxt həyat – Şeyx Şamilin bizə əsas vəsiyyəti bunlardır.

Qafqazın böyük oğlu Şamil, sənin qarşında ehtiramla baş əyirəm.

23 oktyabr 1997-ci il.

Mahaçqala şəhəri”.

  

Rəsul Həmzətov o gecədə çıxış etmədi, rəsmi hissədən sonra məni səmimiyyətlə təbrik etdi.

Sonra ... Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şeyx Şamilin yubileyi Bakıda, M.F.Axundov adına Akademik Opera və Balet Teatrında yüksək səviyyədə keçirildi. Dağıstan nümayəndə heyətinin başçısı Muxu Əliyev mənim Mahaçqaladakı çıxışım barədə Ulu Öndərə danışdı.

... Mahaçqalaya sonrakı səfər isə Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə oldu. Artıq biz Mahaçqalada olanda dedim ki, səfər proqramına Rəsul Həmzətovla görüş salınsın və Dövlət Şurasının yüksək çinli səlahiyyətlisinin “Qonaqlar var, sizlə görüşmək istəyirlər” xahişi başa çatmamış Rəsul onun sözünü kəsmişdi:

– Vaxtım yoxdur, NTV-yə (Moskvanın “Nezavisimoe televidenie” kanalına) intervü verməliyəm, iki gündür gözləyirlər.

– Rəsul Həmzətoviç, axı...

– Hardandır qonaqlar? – elə-belə soruşmuşdu.

– Hidayət Orucovdur.

– Hidayət Orucov? O, hardadır, mən gedim.

Həmin günü saat 15:00-a görüş təyin edildi. O bizi evində gözləyirdi. Getdik. Payızın barlı-bəhrəli vaxtıydı. Həyətboyu uzanan üzüm talvarı, iri salxımlar Zəngəzuru, Mığrını, Maralzəmidəki evimizi xatırlatdı, ayaq saxlayıb baxdım, baxdım ... və indiyəcən gözlərimin qabağındadır.

Elə bil öz evimizə girdik. Rəsul da, Patimat xanım da, qızları, nəvələri də sevinc içindəydilər. Üstünə meyvə, şirniyyat düzülmüş mizin arxasında əyləşdik.

– Patimat, Hidayəti konyaka qonaq et, – söylədi.

– Mən moratorium elan etmişəm, Rəsul Həmzətoğlu, içmirəm.

– ... Deməli sən antihəmzətovçuluqla məşğulsan, – dedi Rəsul.

Sonra çox şeylərdən danışdıq. Proqramımızda daha nələr olacağı ilə maraqlandı, dedim – çox sıxdır və sadaladım, ertəsi günü Mahaçqaladan ayrılanda Mətbuat konfransı keçirəcəyimizi söylədim və sözarası soruşdum: “Gələrsiniz?”.

– Əlbəttə, – dedi.

Düşündüm ki, nəzakət xatirinə “əlbəttə” deyir, ona görə də dərhal əlavə etdim:

– Mətbuat konfransı tez başlayır, səhər saat 9:30-da, baxın, bəlkə narahat olmayasınız.

Səhər tezdən hökumət hotelindən çıxıb, tədbir yerinə gedəndə əmin oldum ki, Rəsul Həmzətoğlu konfransa gəlməyəcək, çünki Mahaçqalanın Mərkəzi Mətbuat Evi şəhərin, demək olar, kənarındadır.

Ancaq ... Mətbuat Evinin böyük salonu səhər-səhər ağzınacan dolmuşdu. Bizim səfərimizə böyük maraq vardı, Şeyxülislam da, mən də səfər haqda məlumat verəndən sonra sual-suala ara vermirdi, keçirdiyimiz görüşlər, Azərbaycan-Dağıstan əlaqələrinin perspektivləri, mili-dini separatizmə qarşı mübarizə və sair məsələlər jurnalistləri çox maraqlandırırdı. Mətbuat konfransının qızğın yerində Rəsul Həmzətovun salona daxil olması yalnız bizi deyil, çoxsaylı jurnalistləri də heyrətləndirdi.

Onu səhnəyə dəvət etdik. Heydər Əliyevin əvəzsiz xidmətləri, dostluğumuzun, qardaşlığımızın qorunub-saxlanılması perspektivləri barədə dərin məzmunlu nitq söylədi.

Cümlələri vardı – indiyəcən olduğu kimi yadımdadır:

– “Din dövlətdən ayrıdır? Ədəbiyyat da dövlətdən ayrıdır? Ancaq xalqa və xalqın dövlətinə gərəkli olmalıdır”.

– “Xalq şairi? Məgər anti-xalq şairi də var?”.

– “Hidayətlə hər görüş mənim qəlbimin milli bayramıdır”.

... Sonra Elistada görüşdük, böyük kalmık şairi David Kuqultinovun yubileyində. Patimat xanımla gəlmişdi. Şairi Dağıstan Hökuməti sədrinin birinci müavini Baqauddin Əhmədov müşayiət edirdi.

Rəsul Həmzətoğlu yubiley toplantısına təxminən yarım saat ləngimişdi və o vaxtacan Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi ölkə başçılarının məktubunu oxuyandan sonra söz Azərbaycana verilmişdi. Mən Ulu Öndərin dərin məzmunlu təbrik məktubunu oxudum, hədiyyəsini – Azərbaycan xalçasını yubilyara təqdim etdim, çıxışım oldu, keçib yerimdə təzəcə əyləşmişdim ki, Rəsul Həmzətov salona daxil oldu. Və hər yerdə olduğu kimi, alqışla qarşılandı. Tənəffüsdə – naharda da, sonra da hiss edirdim ki, o qədər adamın, xüsusilə yaşıdlarının – görkəmli yazıçıların içində də daha çox mənlə bir yerdə olmaq, söhbət etmək istəyir.

Dağıstanda və Şimali Qafqazda ictimai-siyasi gərginlik, saysız-hesabsız teraktlar onu çox narahat edirdi. Bəzən bu vəziyyətlə bağlı görüşlər, Yazıçılar İttifaqının sədri kimi müxtəlif tədbirlər keçirirdi. Mənlə hər dəfə görüşəndə milli siyasət məsələləri ilə məşğul olan və bölgədəki mövcud durumu az-çox bilən şəxs kimi fikrimi soruşar, suallar verərdi. Mən də bildiklərimi gizlətməzdim, hər şeyi açıq danışardım, Moskvada da, Dağıstanda da bu işlərin başında duranların adlarını çəkməkdən çəkinməzdim, onların yalnız anti-Azərbaycan deyil, ilk növbədə anti-Dağıstan fəaliyyətlərini olduğu kimi açıqlayardım.

(Yeri gəlmişkən, yubileyə Moskvadan çoxlu qonaq gəlmişdi və həmin gün özlərinin biznes işləri ilə bağlı paytaxtdan ora uçan bir qrup erməni əsilli iş adamı da açıq tədbirlərdə mərkəzin nümayəndə heyətinə qarışmışdı. Bu dəvət olunmamış qonaqlar özlərini çox sərbəst aparır, qazanclı adamlar olduqlarını nümayiş etdirməkdən xəcalət çəkmirdilər. Qonaqlar təəccüblə onlara baxır, təəssüflənirdilər. Belə yüksək yubileydə bu cür tərbiyəsizlik? Bu, açıq hiss edildi və hiss edilmədən onlar tədbirlərdən kənarlaşdırıldılar.)

Axşam David Kuqultinovun təzə evinin – villasının açılışı ziyafətində isə... dinib-danışmaq yox, bir az istirahət etmək istəyirdim. Bir gün öncə günortadan sonra Mineralnıye-Vodıya uçuş, sonra Kalmıkiya Respublikasının Baş nazirinin birinci müavininin müşayiəti ilə Elistaya avtomobillə gediş və vitse-premyerin həm yolda, həm də villasında axşam qonaqlığı. Təntənəli iclasda çıxış, sıx proqramdakı tədbirlərdə iştirak, çoxsaylı görüşlərdən sonra mənimçün bir az sakitlik şansı yarandığını düşünürdüm. Gündüz rəsmi təntənədə Prezident Heydər Əliyevin təbrik məktubunu oxumuşdum, hədiyyəsiniAzərbaycan xalçasını təqdim etmişdim. Beş-altı dəqiqəlik öz çıxışım olmuşdu. Təvazökarlıqdan uzaq olmasın, yaxşı qarşılanmışdım. Kalmıkiya Prezidenti Kirsan İlimcinov, görkəmli adamlar Prezidentimizin təbrikindən və mənim çıxışımdan məmnun olduqlarını bildirmiş, təşəkkür etmişdilər. Ziyafətdə isə elə qonaqlar vardı – rəsmi tədbirdə onlara söz çatmamışdı. Yaxşıydı, – ziyafətdə çeçenlər də iştirak etdiyindən tamadanın başı Moskvanın şəninə təriflər yağdırmağa qarışmışdı...

Ona görə də məclisdə söz söyləmək, tost demək barədə düşünmürdüm.

Lakin birdən Davud kişinin öz səsi gəldi:

– Mən əziz Hidayəti dinləmək istəyirəm.

Bu, əlbəttə, öncə, Azərbaycana, Prezidentimizə olan ehtiramının ifadəsi idi. Heydər Əlirzaoğlu haqqında mənə xoş xatirələr danışmışdı, onun ziyalılara xoş münasibəti barədə dəyərli epizodlar söyləmişdi.

Könülsüz, ağır-ağır ayağa qalxdım. Əlbəttə, “hazır” fikirlərdən, cümlələrdən bir neçəsini söyləyib əyləşmək olardı. Ancaq yüksək çinli rəsmilərin iştirak etdiyi yazıçı məclisində belə standart fikirlər, deyilmiş cümlələr dinlənilmir. Ona görə də ayağa qalxa-qalxa fikirləşdim, ayaqüstə durub məclis sakitləşənəcən tam beş-on saniyədə:

– “Azərbaycanda, bütün Qafqazda uca dağlar da çoxdur, zirvələr də, – dedim, – sözgəlişi demirlər ki, bölgəmiz dağlar diyarıdır. Lakin, məncə, Qafqazda dağlardan, ən uca zirvələrdən də uca varlıq mövcuddur – o, İnsandır!

Əvvəla, insan zirvəyə qalxandan sonra, lap Elbrusun başı olsun – dayanıb Günəşə, Aya, ulduzlara boylanır və zirvənin başında zirvədən ucada durur.

Sonra – elə şəxsiyyətlər var – həmişə zirvələrdədir – qoca Nizami, Rustavelli, Füzuli kimi... Puşkin, Lermontov, Bestucev Marlinski... kimi Qafqaza gəldilər ki, zirvəyə dönsünlər. Yermolov, Sisianov ... gəldilər ki, zirvələri düzlərə endirsinlər. Elə özləri düzlərdə qaldılar.

Puşkin, Lermontov, Bestucev Marlinski Qafqazda ürəklərin zirvələrini fəth etdilər. Ürəklərin zirvələrini fəth etməkdən yüksək ucalıq yoxdur dünyada.

Elə bizim günlərin də ən uca zirvələrindən uca Zirvə İnsanları var: Heydər Əliyev, Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov. Kalmıkiya düzlərininin də Qafqaz zirvələri ucalığında Zirvə İnsanı var – David Kuqultinov...

Zirvələri xatırlayaq, ancaq içək Zirvədəki İnsanların sağlığına!”

Sağlıq çox alqışlandı.

Tamada qıpqırmızı olmuşdu.

Moskvadan gələnlər pərtliklərini üzə vurmamaq üçün əl çaldılar.

David Nikitiç yaxınlaşıb məni qucaqladı.

O tost sonralar çox yerdə xatırlandı. Kalmıkiyaya səfərim boyu məni müşayiət edən Baş nazirin birinci müavini dedi ki, icazənizlə, bu tostu mən də deyəcəyəm və ...   qonorarınızı ödəyəcəyəm.

Rəsul Həmzətovun səsi də, sözləri də qulağımdadır: “Onu yazarsan: “Mənim Dağıstanım” da belə yaranıb”.

İndi ağlıma gəldi, deyəsən, yerinə düşdü – yazdım.

Amma hiss edirəm bu yazı o tostdan zəifdir.

Bəlkə ömrümdə ilk dəfədir tost “janrında” sətirlər yazıram, ona görə?

Bir də... tostu gərək süfrə ətrafında deyəsən. Və sözüm başa çatanda Rəsul Həmzətoğlunun replikasını bütün məclis əhli alqışladı:

– Heyif, çıxışına çatmadım, ancaq tostun mənalıdır.

Rəsul Həmzətoğlu ertəsi günü Mahaçqalaya qayıdacaqdı.

Mənsə Kalmıkiya Prezidenti Kirsan İlimcinovun xahişi ilə onunla birlikdə səhrada keçirilən Lalə bayramında iştirak etməliydim. Mən onu Prezidentin Qonaq evindən yola saldım və sən demə, bu vida dəmi onu əbədiyyətə tərəf aparırmış.

Əlbəttə, ardıcıl telefon əlaqələrimiz olurdu, hal-əhval tuturduq. Mənim “Da zavtra ehe daleko” (“Sabaha çox var”) adlı şeirlər kitabım bir topluda, Dağıstan Respublikasının 13 dövlət dilində (avar, dargin, qumık, Azərbaycan, ləzgi, lak, rus, tabasaran, noqay, tat, saxur, rutul, aqul) nəşr olunanda telefon açdı, təbrik etdi, “mənim belə strukturda kitabım çıxmayıb, yaxşı tapıntıdır” – dedi, şeirlərimin ruscaya və avarcaya yaxşı tərcümə edildiyini söylədi.

2000-ci ilin qışıydı. O telefon zəngi də heç yadımdan çıxmır:

– Hidayət, Patimat xəstədir. Deyirlər, ona şabalıd lazımdır. Xahiş edirəm...

– Nə xahiş? Əlbəttə, – dəqiqləşdirmək istəyirəm, – şabalıd?

– Bəli, şabalıd...

Düşünürəm: məgər Dağıstanda şabalıd yoxdur? Bu yazının əvvəlində dediyim kimi, o vaxtlar Rəsulun bəzi sözləri telefonda aydın anlaşılmırdı, ona görə həm Patimat xanımın vəziyyətindən öz dilindən məlumat almaq, həm də şabalıd məsələsini dəqiqləşdirmək üçün soruşuram:

– Vəziyyətini bəlkə özüm soruşum?

– Yanında həkimlər var, – deyir, – telefonu nəvəmə verirəm, – bəlkə özü də hiss edir ki, deyilənləri dəqiqləşdirmək istəyirəm.

Nəvə mənlə danışır, o da aydınca rus dilində “kaştan” deyir.

Telefon söhbətləri başa çatır, düşünürəm: Bəlkə “kaştan” sözünün ayrı mənası var? Lüğətlərə baxıram: şabalıddır ki, var.

İki nəfər rusdilli filoloqdan soruşuram: bəlkə “kaştan”ın omoniumu ola bilər? Yox, elə şabalıddır.

Artıq günün ikinci yarısıydı. Sabah tezdən Mahaçqalaya şabalıd sovqatını necə yollayacağımı götür-qoy edirdim, düşünürdüm başqa variant olmasa, kimisə göndərim. Və məlum olur ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev tezdən Mahaçqalaya yola düşür. Ondan xahiş edirəm...

Hacı Salman Mahaçqalaya bir kisə şabalıd aparır...

Ertəsi günü Rəsul Həmzətoğlu mənə telefon açıb, təşəkkür edir və deyir: “Patimat çox sevindi”.

Təəssüf ki, Azərbaycan şabalıdı da, başqa dava-dərmanlar da Patimat xanımı xilas edə bilmədi və o ilin yayında Mahaçqalaya çox kədərli teleqram göndərməli oldum:

“Əziz böyük qardaşım Rəsul Həmzətoğlu,

Patimat xanımın ölüm xəbəri məni dünya və insanlar haqqında bir daha dərindən düşünməyə vadar etdi. Fikirləşdim ki, Patimat xanım kimi gözəl, hünərli, kişi qeyrətli qadınlar ölmürlər, əbədiyyətin mələklər yaşayan diyarına köçürlər.

Rəsul Həmzətov poeziyası durduqca, Patimat xanım da yaşayacaq – deməli, əbədi yaşayacaq, övladlarının, nəvələrinin, nəticələrinin ... ömürlərində bu dünyadakı həyatını da davam edəcək.

Ciddi üzürlü səbəblər üzündən bu günlərdə Sizlə ola bilmədiyimə çox mütəəssir oldum. Sizi qucaqlayıram və öpürəm.

Yaxın vaxtlarda görüşənədək,

Hidayət

28 iyun 2000-ci il,

Bakı”.

Patimat xanımdan sonra Rəsul üç ildən bir az artıq yaşadı. Moskvada müalicə olunurdu.

İstedadı, əzmi, iradəsi, qətiyyəti mənəvi imkanları tükənən orqanizminə sığmırdı.

Amma ölüm də gözlənilmirdi. Qəflətən gəldi.

Qəm yazımı Dağıstan Yazıçılar İttifaqına, Rəsul Həmzətovun ailəsinə, bir də qardaşı Hacı Həmzətova göndərdim:

“Dağıstan Respublikası, Mahaçqala şəhəri, Buynaksk küçəsi, 4.

Dağıstan Yazıçılar İttifaqına,

Rəsul Həmzətovun ailəsinə və Hacı Həmzətova

Mənim ən böyük dostumun, söz səltənətinin ustadı Rəsul Həmzətovun ölüm xəbərindən sarsıldım.

Rəsul Həmzətoğlu kimi müdrik və görkəmli şəxsiyyətin, vətənpərvər şairin vəfatı ancaq avar xalqı və Dağıstan xalqları üçün deyil, həm də bütün Azərbaycan üçün böyük itkidir. Ancaq belə bir kədərli gündə bizim hamımız üçün təskinli olan odur ki, əsl şairlər ölmürlər, onlar gələcək nəsillərin yaddaşında əbədi yurd salıb, əbədi şair talelərini şərəflə yaşayırlar.

Rəsul Həmzətoğlu öz əsərlərində ömrünü davam etdirəcək, onu sevə-sevə mütaliə edənlərin qəlbində əbədi sakin olacaqdır.

Onun qardaşı Hacı Həmzətoğluna, qızlarına, nəvələrinə, doğmalarına və yaxınlarına bu ağır matəm günündə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Hidayət.

Bakı şəhəri,

5 noyabr 2003-cü il”.

  

Hacı Rəsul Həmzətovun qardaşıdır, Rusiya Elmlər Akademiyasının Dağıstan bölməsinin rəhbəridir. Səviyyəli ziyalıdır. Məhəmməd Füzulinin anadan olmasının 450 illiyi Dərbənddə keçiriləndə tanış olduq. Mən Azərbaycan nümayəndə heyətinin başçısı kimi getmişdim. Yubiley toplantısını o aparırdı... Sözümüz tutmuşdu.

Bu yazının sonunda yeddi il bundan öncə göndərdiyim teleqramda yazdıqlarıma nə isə əlavə etmək fikrim yoxdur.

Rəsul qocalıq, ahıllıq haqqında şeir yazmadı.

O şair yaşında, şair ehtiyacı ilə əbədiyyətə qovuşdu.

Dünyasını dəyişəndən altı il öncə Azərbaycana gəlməsi, Ulu Öndəri ziyarət etməsi, Əziz Əliyevin, Səməd Vurğunun, Zərifə xanım Əliyevanın məzarları önündə ehtiramla baş əyməsi onun ömrünü uzatmışdı, daha da paklaşdırmışdı, iyirmi il öncəki dünyasına qaytarmışdı.

 

  2010.

 

 

Hİdayət

 

525-ci qəzet.- 2011.- 8 yanvar.- S.14-15