2010-un sonuncu “Azərbaycan”ı
“Azərbaycan” ədəbi-bədii jurnalın ötən il üçün son sayı çapdan çıxıb. Jurnalın ilk səhifələri xalq yazıçısı Yusif Səmədoğlunun 75 illik yubileyinə həsr edilib. Vilayət Quliyevin “Yuxunuz şirin olsun, dirilər”, Rüstəm Kamalın “Yusif Səmədoğlu: Qeyb aləmindən gələn səs” və Qorxmaz Quliyevin “Yanıram, a dağlar” məqalələri xalq yazıçısının əziz xatirəsinə ithaf olunub. Toplunun “Poeziya” bölməsində Anar Nəbioğlunun, Sona Vəliyevanın, Əbülfət Mədətoğlunun, Vahid Əzizin və Hikmət Məlikzadənin şeirləri öz əksini tapıb. “Nəsr” guşəsində Hüseynbala Mirələmovun “Taledən qaçmaq olmur” povesti və Mübariz Cəfərlinin “Bərpaçı” romanına yer verilib. “Dahilərin dünyası” başlıqlı səhifəyə Etibar Babayevin rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Maksim Qorkinin həyat və yaradıcılığını əks etdirən “Maksim Qorki və həyatın dibindən zirvəyə” başlıqlı məqaləsi daxil edilib. “Yeni tərcümələr” bölməsində bu dəfə türk yazıçısı Nəcib Fazil Qısakürəkin “Xəyal” və “Məktub” hekayələri Eşqanə Babayevanın tərcüməsində təqdim olunub. “Kamal Abdullanın 60 yaşı” guşəsində Aydın Talıbzadənin “Sehirbazlar dərəsinin ağ dərvişi və ya qutlu olsun, Kamal Abdulla”, Arif Əmrahoğlunun “Həmişə Kamal Abdulla kimi”, Zeynal Məmmədlinin “Lap əvvəldən varmış Kamal”, Niyazi Mehdinin “Kitabdan açılan yollar”, Salam Sarvanın və Etimad Başkeçidin “Kamal Abdulla haqqında söz” başlıqlı məqalələri yer alıb. Toplunun “Nasir şair haqqında” başlıqlı guşəsində Aslan Quliyevin “Yovşan ətirli çöl” yazısı çap olunub. “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Aynur Sabitovanın “Xəyal içində bəşər daim səadət axtarır” başlıqlı yazısı verilib, “Müzakirə” guşəsində isə Şumer qəhrəmanlıq dastanları müzakirəyə çıxarılıb. Nəşrin “Kitab rəfi” rubrikasında İsa Həbibəylinin “Cəlil Məmmədquluzadə”, Yaqub İsmayılovun “Mir Cəlalın yaradıcılığı”, Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, Mübariz Məsimoğlunun “Nizami Cəfərov” və başqa kitabların xülasəsi təqdim edilib.
GÜNEL
525-ci qəzet.-
2011.- 11 yanvar.- S.7.