Təhsil Nazirliyində daha bir neçə şöbənin illik hesabat iclası olub

 

Dünən Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili şöbəsi, Beynəlxalq əlaqələr şöbəsi, Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi və Elm şöbəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib.

 İclasda çıxış edən Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib ki, rəhbəri olduğu şöbə tərəfindən ötən il bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları, magistratura təhsilinin məzmunu, təşkili və “magistrdərəcələrinin verilməsi qaydaları, ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi, rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi və hazırlanmasında iştirak edib. Həmçinin təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında sənədin hazırlanmasında, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və ya səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasınin və təhsil haqqında sənədlərin nümunələri, təhsil haqqında sənədlərin nümunələri, onların verilməsi qaydalarının hazırlanmasında iştirak edib.

Eyni zamanda şöbə tərəfindən ötən il orta ixtisas təhsili pilləsinin Dövlət Standartı və Proqramı, orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı, orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında, orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması qaydası, orta ixtisas təhsili müəssisəsinin nümunəvi Nizamnaməsi hazırlanıb. Onun sözlərinə görə, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda ötən il üçün nəzərdə tutulan bir sıra tədbirlər həyata keçirilib: “Hesabat ilində ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupları öz işlərini davam etdiriblər, ali təhsil müəssisələrinin hər birinin “Strateji İnkişaf Proqramı”nın hazırlanmasına nail olunub, şöbə əməkdaşlarının iştirakı ilə ali təhsil müəssisələrində kurrikulum və qiymətləndirmə mərkəzlərinin yaradılması istiqamətində işlər görülüb. Bakı Dövlət Universitetində Tədris Elektron Mərkəzi, Dövlət İqtisad Universitetində Qeydiyyat və Qiymətləndirmə Mərkəzi, Pedaqoji Universitetində Kompüter mərkəzi, Memarlıq və İnşaat Universitetində Qiymətləndirmə Mərkəzi, Dillər Universitetində Qeydiyyat və Keyfiyyətin təminatı şöbəsi, “Qafqaz” Universitetində AKTS (Avropa Kredit Transfer Sistemi) Koordinatorluğu yaradılıb. Şöbə tərəfindən 2010-cu il üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsi hazırlanıb, İqtisadi İnkişaf Nazirliyinə ali təhsil müəssisələrinin dövlət sifarişi ilə mütəxəssis hazırlığı imkanları barədə məlumatlar təqdim edilib, ali təhsil müəssisələrindən alınmış təkliflər dövlət sifarişinə uyğunlaşdırılaraq cari ilə tələbə qəbulu planı layihəsi tərtib edilib və təsdiqə təqdim edilib, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı regionların inkişafına dair müvafiq proqrama uyğun müəyyənləşdirilib və təsdiqə təqdim olunub”. Şöbə müdiri bildirib ki, ötən il müvafiq işçi qrupu ilə birgə ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə yeni əsasnamənin layihəsi, ali təhsilin magistr səviyyəsi üzrə ixtisasların siyahısının layihəsi, “Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu”nun və buna müvafiq İxtisaslar üzrə Dövlət Təhsil Standartları və universitetlərin reytinqini müəyyənləşdirən yeniləşdirilmiş metodika və müvafiq proqram hazılanıb. Bu il görülməsi nəzərdə tutulan işlər haqda danışan şöbə müdiri vurğulayıb ki, şöbə tərəfindən “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın və “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Dünya Bankı vasitəsilə Yaponiya hökumətindən alınan qrant hesabına ali təhsilin islahatı üzrə müvafiq layihənin hazırlanması, ali məktəblər tərəfindən AKTS (Avropa Kredit Transfer Sistemi) statusunun alınmasının təşkili, ali təhsil üzrə milli ixtisas dərəcələri çərçivəsinin hazırlanması nəzərdə tutulub: “Bu il ali, orta ixtisas təhsili müəssisələrində kredit sisteminin, ali təhsildə adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı yeni normativ sənədlərin və bakalavriat, magistratura səviyyəsində tələbələrin kurs imtahan sessiyalarının təşkili keçirilməsi qaydalarının hazırlanması planlaşdırılır. Şöbə həmçinin magistirlik dissertasiyasının məzmununa, müdafiəsinə qoyulan tələbləri, magistirlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşmış şuraların yaradılması qaydalarını, tələbələrin köçürülməsi, bərpası, xaric olunması qaydalarını, ali, orta ixtisas təhsili müəssisələri tələbələrinin sərbəst işinin təşkili qaydalarını hazırlamağı nəzərdə tutub”. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov deyib ki, rəhbəri olduğu şöbə əsasən 4 istiqamət üzrə fəaliyyət göstərir. Bunlar beynəlxalq əməkdaşlıq, əcnəbi tələbələrin təhsil, təqaüdlər hesabına xaricdə təhsil və Dövlət Proqramı çərçivəsində xaricdə təhsildir.

Ötən il şöbə tərəfindən beynəlxalq əməkdaşlığın hüquq-müqavilə bazasının gücləndirilməsi, xarici ölkələrin Azərbaycanda, Azərbaycanın xaricdə akkreditə olunmuş səfirlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların sorğuları əsasında müvafiq hesabat, sorğuların hazırlanması istıqamətində ciddi işlər görülüb. İSESKO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 8 nəfər Malayziya, Koreya, Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş seminarlarda və təlim kurslarında iştirak etmək üçün göndərilib. Ötən il DAAD (Almaniya Akademik Mübadilə Təşkilatı) təqaüdləri hesabına Almaniyaya göndərilən Azərbaycan vətəndaşlarının sayı 812 olub. MEXT təqaüd proqramı çərçivəsində isə 4 nəfər azərbaycanlı gənc yapon dili, tibb və mühəndislik ixtisasları üzrə təhsil almaq üçün Yaponiyaya göndərilib. Onun dediyinə görə, ötən il xarici ölkələrə ezam olunan nazirlik əməkdaşlarının sayı 37 nəfər təşkil edib. Ümumi ezamiyyələrin sayı 62, ölkələrin sayı isə 31-dir. Beynəlxalq təşkilatlar tərəfindən təhsil sahəsində həyata keçirilən müxtəlif layihələr, proqramlar çərçivəsində keçirilən konfrans, seminar və iclaslarda Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da yaxından iştirak ediblər. Q.Novruzov vurğulayıb ki, hal hazırda Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 6173 nəfədir. Azərbaycan ali məktəblərində təhsil alan əcnəbi tələbələrdən 159 nəfəri dövlət xətti ilə, 6014 nəfəri qeyri dövlət xətti ilə təhsil alır. Əcnəbi tələbələr Azərbaycanın ali məktəblərində öz ölkələri üçün tələb olunan ixtisas sahələri üzrə təhsil alırlar. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində bu günə qədər təqaüd alanların sayı 773 nəfər təşkil edib. Hazırda 24 ölkənin 162 universitetində 583 nəfər azərbaycanlı tələbə təhsil almaqdadı: “Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının təhsillə bağlı maliyyələşdirilmə sənədləri hazırlanıb və mütəmadi olaraq nazirliyin İqtisadiyyat şöbəsinə təqdim edilib. Proqram çərçivəsində xarici ölkələrin ali məktəblərinə qəbul olunan Azərbaycan vətəndaşları şöbə tərəfindən müvafiq qaydada qeydiyyata alınıblar. Proqramın icrası ilə bağlı şöbədə xüsusi veb səhifə yaradılıb. Bu saytda Nazirlər Kabineti tərəfindən təsdiq edilən Dövlət Proqramına aid hüquqi-normativ sənədlər, seçim qaydaları, təqaüdçülər haqqında qısa məlumat və onların şəkilləri, prioritet hesab olunan ölkələr, ali məktəblər, ixtisaslar haqqında məlumatlar, müvafiq elanlar və sair yerləşdirilib. Sözügedən sayt vasitəsi ilə bütün təqaüdçülərə lazımi məlumatlar çatdırılır”.

 Q.Novruzovun sözlərinə əsasən, bu il şöbə tərəfindən Avropa İttifaqı, Avropa Şurası, YUNESKO, İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatlar ilə birgə layihələrin, xarici ölkələr, beynəlxalq təşkilatlarla mövcud olan təhsil sahəsində sazişlərin, protokolların səmərəli şəkildə həyata keçirilməsi, digər ölkələrlə bu Sazişlərin layihələrinin hazırlanması, xarici təşkilatlarla Azərbaycanda birgə konfransların, seminarların keçirilməsi nəzərdə tutulub. Həmçinin xarici ölkələrin, beynəlxalq təşkilatların Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında məlumatlandırılması,təhsil sisteminə əlavə sərmayələrin cəlb olunması məqsədilə xarici ölkələrlə, donor təşkilatlarla işin gücləndirilməsi, ali məktəblərimizin adlarının dünya universitetlərinin siyahılarına daxil edilməsi üçün səylərin artırılması, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayının artırılması ilə bağlı ali məktəbləri bu sahədə görüləcək işlərə təşviq edilməsi, Dövlət Proqramı çərçivəsində məzunların Birliyinin yaradılması planlaşdırılır. Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov isə qeyd edib ki, rəhbəri olduğu şöbənin əsas məqsədi təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir. İnformasiya texnologiyaları əsasında təhsilin səmərəli idarəolunması sistemini formalaşdırmaq, təhsil sisteminin qısamüddətli və uzunmüddətli perspektiv üçün inkişafını proqnozlaşdırmaqdır. Onun sözlərinə görə, TİMS-in alt sistemləri məktəbəqədər, ümumtəhsil, orta-ixtisas, ali, peşə, məktəbdənkənar və təhsil şöbələridir. TİMS-in şəbəkəsinin strukturuna nazirlik, təhsil şöbələri və məktəblər daxildir: “Ümumtəhsil məktəbləri” alt sisteminə daxil olan məktəblərin sayı 4 554-dür. Onlardan ibtidailərin sayı 374, əsasların 863, ortaların 3 336, siniflər, filialların sayı isə 51-dir. Özəl məktəblər 22, ali məktəblərin nəzdində olanların sayı 5-dir. Sistemə daxil olan kadr heyyətinin sayı 217 647-dir. Onlardan 171 562 nəfəri pedaqoji heyət, 44902 nəfəri isə texniki heyətdir. Sistemdə həmçinin tədris dilləri haqqında məlumat, yaz və payızda məktəbi bitirən və ya yuxarı sinfə keçən şagirdlər haqqında, təhsil sənədi alanlar, tədrisi ilinin əvvəlinə siniflər üzrə şagirdlərin bölgüsü və yaş tərkibi, hazırlıq və I-IV sinif komplektlərinin sayı, işçilərin sayı, məktəb kitabxanaları, tədris məşğələlərinin növbəliyi, loqopediya kabinetləri və mərkəzləri, tibb işçiləri, günüuzadılmış qruplar haqqında, məktəbin maddi bazası və tədrisin texniki vasitələri, şagirdlərin hərəkəti, xarici dillərin tədrisi, beşgünlük tədris həftəsi rejimi tətbiq olunan məktəblərdə sinif və şagirdləri, ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti və IX sinfi bitirən şagirdlərin orta təhsilə cəlbi haqqında məlumat mövcuddur. Sistemdə şagird heyətinin sayı 1 259 137, fotoların sayı isə 1 538 548-dir, təhsil şöbələri əməkdaşlarının sayı 2 002-dir”. Şöbə müdiri bildirib ki, TİMS nazirliyin Monitorinq və qiymətləndirmə, Strateji təhlil (rasionallaşdırma), Kənd rayonları ... (təkrar şagirdlər), Xüsusi şöbə (attestatlar, şəhadətnamələr), Elm şöbəsi (elmlər doktorları), Dərslik və nəşriyyat (kitabxanalar) şöbəsi ilə sıx əlaqələri mövcuddur. Elm şöbəsinin müdiri Gültəkin Hüseynova vurğulayıb ki, rəhbəri olduğu şöbə ali məktəblərdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində dövlət siyasətinin və təhsil qanunvericiliyinin həyata keçirilməsini, dövlət proqramlarının icrasını təmin edir. Elm sahəsi ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasını təmin edir, elmi-tədqiqat işlərinin planlaşdırılması və əlaqələndirilməsini tənzimləyir, prioritet elmi istiqamətləri müəyyənləşdirir, elmi-tədqiqat institutları, mərkəzləri və laboratoriyalarının təşkili, yenidən təşkili və ləğv edilməsi barədə təkliflər hazırlayır, onların monitorinqini həyata keçirir, təhsil sistemində standartlaşdırma və metrologiya xidmətlərini, patent-lisenziya işini, ali məktəb, akademiya və sahə elminin inteqrasiyasını təmin edir, habelə ali məktəblərlə digər müəssisələrin yeni inteqrasiya formalarını inkişaf etdirir. Təhsil sistemində elmin idarəedilməsinin təkmilləşdirilməsinə, elektron elm idarəetmə sisteminin yaradılmasına köməklik göstərir, təhsil sistemində nəşr olunan elmi jurnalların və məcmuələrin keyfiyyətinin yaxşılaşdırılması barədə təkliflər verir, Azərbaycan elminin dünya elminə inteqrasiya siyasətini aparır, ali məktəblərdə elmlə tədris prosesinin qarşılıqlı əlaqələrinin yaradılması istiqamətində təkliflər, ali məktəblərin elmi fəaliyyəti ilə bağlı hesabatları təhlil edir, ümumiləşdirir, müvafiq məlumatlar və arayışlar hazırlayır. Onun sözlərinə görə, ötən il dövlətlərarası elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihə və proqramların həyata keçirilməsi və elmi tədqiqatların maliyyələşdirilməsi üçün beynəlxalq fondlardan vəsaitlərin cəlb olunması istiqamətində aparılmış işlər nəticəsində, qrant layihələrinin sayı artıb. Bu sahədə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutu xüsusi fərqlənib. “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə alimlik dərəcələri verilməsi üzrə ixtisasların nomenklaturası”nın YUNESKO-nun və digər beynəlxalq təşkilatların qəbul etdiyi elmi ixtisas siyahılarına uyğunlaşdırılması məqsədilə yeni nomenklaturanın hazırlanması üzərində Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən aparılan işdə və müzakirələrdə Təhsil Nazirliyi yaxından iştirak edib, elmi tədqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün elmi müəssisələrin maddi-texniki bazasının müasirləşdirilməsi və yeni avadanlıqlarla təmin edilməsi məqsədilə ali məktəblərin ehtiyacları öyrənilib, 2011-ci ildə alınması vacib olan yeni avadanlıqların siyahısı şöbəmiz tərəfindən tərtib edilmiş və İqtisadiyyat şöbəsinə təqdim edilib. Elmi tədqiqat işlərinin istehsalata tətbiqini sürətləndirmək üçün texnoparklar haqqında əsasnamənin layihəsi hazırlanıb. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” prezidentin fərmanının müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın layihəsi hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib, il ərzində bu layihə Nazirlər Kabinetinin və AMEA-nın əməkdaşları ilə bir neçə dəfə müzakirə edilib və müvafiq rəylər hazırlanıb. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, təhsil nazirinin əmrilə elan olunub və yerlərə çatdırılıb. Doktoranturaların yaradılması haqqında Təhsil Nazirliyinə daxil olan vəsatətlər araşdırılmış və müvafiq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı təhsil nazirinin əmrilə elan olunub. Şöbə müdiri bildirib ki, şöbə tərəfindən elmi kitabxanaların işinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar Fəaliyyət Planı hazırlanıb və yerlərə çatdırılıb, ali təhsil müəssisələrində elektron kitabxanaların yaradılması istiqamətində aparılan işlər haqqında məlumatlar toplanıb, müəyyən edilib ki, əksər elmi kitabxanalar kompyuter texnikası ilə təchiz olunub, internetə qoşulub, hazırda müvafiq kompyuter proqramının, elektron kataloqların, kitabxanaların veb-saytlarının yaradılması istiqamətində iş aparılır. Elektron kitabxanalarla bağlı arayış hazırlanıb və Mədəniyyət və Turizm Nazirliyinə tədqim edilib, ali təhsil müəssisələrinin kitabxana fondlarında saxlanılan nadir kitablara dair məlumatlar toplanıb, Məktəb kitabxanalarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və digər sənədlərin hazırlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən işçi qrupu yaradılıb, bu iş Respublika Elmi Pedaqoji Kitabxanasına tapşırılıb, il ərzində həmin işçi qrupu tərəfindən kitabxanaların fəaliyyətini tənzimləyən 12 adda normativ sənədlər işlənib hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub. Görüləcək işlər haqqında danışan şöbə müdiri deyib ki, şöbə tərəfindən elmi-Metodik Şuranın yeni strukturunun və tərkibinin təsdiqə təqdim edilməsi, “İlin gənc alimi” müsabiqəsinin keçirilməsi, tələbələrin XXII Respublika elmi konfransının və konfrans çərşivəsində “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin təşkili, ali məktəblərdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində aparılan elmi problemlərin və mövzuların, habelə idarəetmə sisteminin monitorinqinin aparılması və sair işlərin həyata keçirilməsi nəzərdə tutulub. 

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 11 yanvar.- S.4.