Xəyyam Mirzəzadənin
“Fikirlər, düşüncələr
və məqalələr”i təqdim olunub
Ötən gün Azərbaycan
musiqi mədəniyyətinin
görkəmli nümayəndəsi,
bəstəkar Xəyyam
Mirzəzadənin “Fikirlər,
düşüncələr və məqalələr”
adı kitabının
təqdimat mərasimi
gerçəkləşib. Mərasimdə giriş sözü ilə çıxış edən
xalq şairi Vaqif Səmədoğlu X.Mirzəzadə haqqında
fikirlərini bölüşüb:
“Xəyyam Mirzəzadənin
peşəkarlığı yalnız musiqi ilə çərçivələnmir.
Məsələn, ədəbiyyata baxışı elədir
ki, istənilən ədəbiyyatçı onun
danışdıqlarını müzakirə kimi dinləyə bilər.
Bundan başqa Xəyyam Mirzəzadə Bakını,
İçərişəhəri çox gözəl tanıyır. Şəxsən mən məmnuniyyətlə
Xəyyamı Bakının
meri təyin edərdim. Mən musiqi savadımın
yarısını müəllimlərimə,
yarısını da Xəyyam Mirzəzadəyə
borcluyam. O mənə
musiqiyə peşəkar
şəkildə qulaq
asmağı öyrədib”.
V.Səmədoğlu, həmçinin,
təqdim olunan kitab haqqında düşüncələrini dilə
gətirib: “Bu kitab dövri mətbuatda dərc olunan məqalə və müsahibələrini əhatə
edən ilk topludur. Kitab ali
məktəblərin müəllim
və tələbələri,
musiqişünaslıq üzrə
mütəxəssislər və
ümumilikdə bəstəkarın
yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Xəyyam Mirzəzadənin bu kitabı həm elmi populyar,
həm də monoqrafik xarakter daşıyır. Hər bir
hissənin materialları
tarixi xronoloji ardıcıllıqla təqdim
olunaraq görkəmli
sənətkarın yaradıcı
və elmi təkamül yolunu izləməyə imkan verir”. Daha sonra Xəyyam Mirzəzadə çıxış
edərək kitabın
məzmunundan danışıb:
“Bu kitabda 50-ci ildən
bu günə qədər mətbuatda çıxan məqalələr
əksini tapıb. Kitabın ikinci hissəsində isə mənim jurnalistlərə verdiyim müsahibələrim çap
olunub. Kitabın tərtibçisi sənətşünaslıq namizədi
Kəmalə Ələsgərlidir”.
Qeyd edək ki, kitab
Xəyyam Mirzəzadənin
75 illiyilə əlaqədar
nəşr olunub və 500 nüsxə tirajla çapdan çıxıb. Təqdimat mərasimində
X.Mirzəzəadə musiqilərindən
ibarət disklərin hazırlandığını da
diqqətə çatdırıb.
Onun sözlərinə görə,
disklər toplusu Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
işıq üzü
görəcək.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 13 yanvar.- S.7.