Mirvarid xanımın
bir məktubu
İstanbulda Azərbaycanın Baş Konsulu işləyəndə hörmətli şairimiz Mirvarid Dilbazidən bir məktub aldım. Məktubda bacısının vəfatı ilə əlaqədar qəzetdə verdiyim başsağlığına görə mənə təşəkkür edir və Füzuli günlərində iştirak edə bilmədiyindən təəssüflənir, Füzuliyə həsr etdiyi şeiri də diqqətə çatdırır.
Məktubun oxucular üçün maraqlı olacağını düşünürəm:
“Əziz, hörmətli vətən oğlu, sizinlə böyük Füzuli günlərində görüşə bilmədiyim üçün çox kədərləndim. Heyif ki, xəstəliyim buna imkan vermədi.
Əzizim! Anam əvəzi bacımın vəfatı günlərində göndərdiyiniz başsağlığı üçün sizə dərəcəsiz minnətdaram. O qəzeti əziz bir xatirə kimi öpə-öpə saxlayıram.
Şair oğlumuz! Böyük bir nəslin yetirməsi! Yəqin ki, orada çox şeir yazıbsınız, ola bilməz ki, o şeirlərdə Azərbaycan həsrəti tərənnüm olunmasın.
Sizdən xahiş edirəm, Bakıya gəlsəniz, mənimlə görüşün, evimin əziz qonağı olun. Böyük Füzuli günlərində iştirak etməyə zalım azar qoymadısa da, sizə böyük Füzuliyə həsr etdiyim şeirlərdən birini göndərməklə mənəvi bir rahatlıq tapıram.
Ey Füzuli!
Eşq dolu bir badəyəm,
Mən sənin
söz mülkünə
səccadəyəm.
Varmasam dərgahına,
od almasam,
Kim bilər,
kim dərk
edər ki,
mən nəyəm.
Ey məhəbbət
mülkünün
bir danəsi,
Sultanı,
Şahı,
Dürü, dürdanəsi!
Olmuşam, mən
eşqinin divanəsi,
Yanmağa od axtaran pərvanəyəm.
Dərin hörmət,
məhəbbətlə
Sizin Mirvarid Dilbazi
Mərdəkan, xəstəxana
Abbas ABDULLA
525-ci qəzet.-
2011.- 13 yanvar.- S.7.