Kinorejissor Cahangir Mehdiyevin
60 yaşı tamam olur
Tanınmış kino xadimi, rejissor Cahangir Mehdiyevin bu gün
60 yaşı tamamlanır.
Ömrünün çox hissəsini kinoya həsr
etmiş istedadlı sənətkar öz
yaradıcılığı dövründə kinoda müxtəlif
səpkili, parlaq və tamaşaçı tərəfindən
sevilən filmlərə quruluş verib. Yubileyilə əlaqədar
Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun
rejissora ünvanladığı təbrik məktubunda sənətkarın
həyat və yaradıcılıq yoluna nəzər
salınıb, ona ünvanlanan xoş arzular öz əksini
tapıb: “Cahangir Mehdiyev 1951-ci ildə Bakı şəhərində
anadan olub. 1968-1973-cü illərdə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun rejissorluq
fakültəsində, 1974-1979-cu illərdə Moskvanın
Kinematoqrafiya İnstitutunda G.Daneliyanın kursunda təhsil
alıb. “Diplom işi” adlı
qısametrajlı filmlə əla qiymətlə diplom
müdafiəsini edən Cahangir Mehdiyev həmin filmlə beynəlxalq
festivalda “Ən yaxşı tələbə işi” kimi ilk
mükafatını alıb. Təhsilini
bitirdikdən sonra 1979-cu ildən “Azərbaycanfilm”
kinostudiyasında işləyib. Onun komediya janrında
çəkdiyi “Vah!”, “Evlənmək istəyirəm”,
“Kişi sözü”, “Gənc qadının kişisi”,
“Girişmə öldürər” və digər filmləri
öz dəsti-xətti ilə seçilərək
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb və indi də sevilə-sevilə
baxılır. Onun filmləri tamaşaçını
cəmiyyətin mürəkkəb və ağır durumundan
bir anlığa da olsa uzaqlaşdıraraq, filmin arzularla dolu qəhrəmanlarının
aləminə qovuşdurur və ürəklərdə
ümid qığılcımı və hərarət
yaradır. Onun filmləri bir çox beynəlxalq
festivallarda Azərbaycanı layiqincə təmsil etmiş və
mükafatlara layiq görülüb. 1998-ci
ildən Cahangir Mehdiyev “Mozalan” Studiyasının rəhbəri
təyin olunur və vaxtı ilə planlı, iqtisadiyyatlı
cəmiyyətin nöqsanlarının açılmasında
çox böyük rol oynamış “Mozalan” satirik
kinojurnalının müasir bazar iqtisadiyyatına
uyğunlaşdırılması yolunda səylərini əsirgəmir.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri
adına layiq görülmüş Cahangir Mehdiyev
Kinematoqrafçılar İttifaqının və Professional
Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın
ictimai həyatında fəal iştirak edən, gənc
kadrların hazırlanmasına və formalaşmasına
öz töhfəsini verən, öz həmkarları və
dostları arasında nüfuza və hörmətə malik
olan bir sənətçidir. Hörmətli və
əziz həmkarımızı 60 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona həyatda və sənətdə
yeni-yeni uğurlar arzulayırıq”.
525-ci qəzet.-
2011.- 13 yanvar.- S.7.