Akademik Zahid Xəlilovun 100 illiyinə həsr olunan elmi konfrans təşkil edilib

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində riyaziyyat sahəsində məşhur alim, əməkdar elm xadimi, akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov səbəbkarın həyat yaradıcılığı haqqında danışıb. O bildirib ki, Azərbaycan elminin görkəmli simalarından biri olan Z.Xəlilov 1911-ci ilin yanvarın 14 Tiblisi şəhərində anadan olub. Onun sözlərinə görə, akademik Pedoqoji texnikomu bitirdikdən sonra 1929-cu ildə Bakıya gələrək Pedoqoji Universitetin riyaziyyat fakültəsinə daxil olub. M.Kərimov söyləyib ki, əməkdar elm xadimi 1932-ci ildə Tiflisə qayıtdıqdan sonra orada dosent vəzifəsində çalışıb: “Akademik 1937-ci ildə Tiblisidə aspiranturaya qəbul olub. Öz namizədliyini müdafiə edib. 1940-cı ildə yenidən Bakıya qayıdan Z.Xəlilov Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb, AMEA-da ilk azərbaycanlı riyaziyyatçı kimi fəaliyyətə başlayıb. Onun təşəbbüsü ilə tezliklə fizika bölməsində riyaziyyat seksiyası, daha sonra isə riyaziyyat bölməsi yaradılıb. İki bölmə əsasında fizika-riyaziyyat institutu yaradılıb akademik fəaliyyətini orada davam etdirib. 1946-cı ildə Tiblisidə doktorantura dissertasiyasını müdafiə edib. 1955-ci ildə AMEA-nın həqiqi üzvü seçilib, 1950-1957-ci illərdə fizika-riyaziyyat institutunun direktoru, 1957-59-cu illərdə akademiyanın prezidenti, 1959-cu ildə akademiyanın fizika bölməsinin rəhbəri, 1962-65-ci illərdə yenidən akademiyanın prezidenti vəzifələrində çalışıb”. Z.Xəlilovun akademiyanın fəaliyyətinin güclənidirilməsi sahəsində böyük əməyə malik olduğunu deyən AMEA prezidenti onun 30-dan çox namizəd hazırladığını da dilə gətirib. Konfransın davamında bir sıra ölkələrdən, o cümlədən dünyanın qabaqcıl elmi mərkəzlərində riyaziyyat sahəsində çalışan əslən azərbaycanlı olan alimlər məruzələrlə çıxış ediblər.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 13 yanvar.- S.2.