“Elm adamları haqqında” düşüncələr: alimin vətəndaşlıq borcu

 

Azərbaycanın ən yeni fəlsəfi dünyagörüşünün fəal nümayəndələrindən biri kimi tanınan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov özünün məhsuldar elmi və publisistik əsərləri ilə müasir elmi-ictimai fikrin diqqət mərkəzindədir. Dünya klassik fəlsəfi konsepsiyalarının müasir mahiyyətini xüsusi diqqətdə saxlayan, milli fəlsəfi fikrin inkişafı prosesinə təkan verən Səlahəddin Xəlilov bu böyük missiyanı gerçəkləşdirmək yolunda bir çox ciddi əsərlər ortaya qoymaqdadır. Xüsusi qeyd edək ki, müasir fəlsəfi fikrin, elmi fəlsəfi əsərlərin müəllifi kimi S. Xəlilov oxucuların daha çox və daha inamla müraciət etdiyi alimlərimizdəndir. Onun Azərbaycanda elmin müasir sivilizasiya kontekstində inkişafını təsdiq edən əsərələri artıq bir sıra istiqamətlərdən öz səmərəsini göstərməkdədir.

Maraqlı cəhət burasındadır ki, S. Xəlilovun bir filosof alim kimi müasir dünyaya və müasir elmə münasibətdə öz konsepsiyası vardır. Bu konsepsiyanın başlanğıcında alimin elmə son dərəcə səmərəli elmi münasibəti dayanır. Elmə münasibətini isə bir alim kimi iki mühüm istiqamətlə bildirir: 1.Yeni dünya elminin bizim cəmiyyətdə tanınması və ictimaiyyətin diqqətinin bu sahəyə yönəldilməsi üçün örnəkləri təbliğ etmək; 2. Özünün şəxsi əsərləri ilə, günün ən aktual problemlərinə fəlsəfi baxışı ilə Azərbaycanda elmi fəlsəfəni inkişaf etdirmək. Bu istiqamətlərin hər ikisi alimin uğurlu səyləri ilə gerçəkləşməkdədir.

Səlahəddin müəllimin indiyəqədərki bütün həyat yolu elmlə, təhsillə bağlı olmuşdur. Xalqın “niyyətin hara, mənzilin ora” deyimi S. Xəlilovun taleyində gerçəkləşmiş postulatdır. Elmə, təhsilə milli dəyər verən, millətin gələcək inkişafını yalnız elmə yaradıcı münasibətdə görən bu filosof orta məktəbi qızıl medalla bitirmiş, Bakı Dövlət Universitetinin fizika fakültəsində Lenin təqaüdü ilə təhsil almış, BDU-da bir zamanlar “Respublika Gənc Fiziklər məktəbi”ni yaratmış, fizika fakültəsini bitirdikdən sonra fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmuş, hələ o vaxtlardan maraq göstərdiyi “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və məqalələrində böyük alim Xudu Məmmədovla paralel surətdə Azərbaycanda elmşünaslığın əsasını qoymuşdur. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoesoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbacanda bir sıra yeni tipli tədris müəssisələrinin təməlini qoymuş, elmi uğurlarına görə Yusif Məmmədəliyev mükafatına layiq görülmüş, bir sıra beynəlxalq elmi qurumların üzvü seçilmiş dünyanın 40 “görkəmli təhsil eksperti” sırasına daxil edilmişdir. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdur. 2007-ci ildən AMEA-nın müxbir üzvüdür. 1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuşdur və bu gün də həmin mərkəzə rəhbərlik etməkdədir.

Alimin elmi və ictimai həyatının fəaliyyət faktlarından ibarət bu uzun siyahını protokolvari təqdimatını verməyə bizi iki mühüm şərt sövq etdi: 1. Oxucu bu məqalədə kimdən, hansı səviyyədə olan alimdən söhbət getdiyini bilməlidir; 2. Oxucu belə böyük elmi fəaliyyətə, habelə elmi potensiala malik insanın mətbuatda niyə zəif təbliğ olunduğu sualına cavab axtarmalıdır.

Səlahəddin Xəlilovun qısa bioqrafiyası onun dünyagörüşü, elmə, elmşünaslığa fəlsəfi münasibəti barədə çox şey deyir. Amma belə məhsuldar və milli təəssübkeşliyə malik bir alimin haqqında populyar mətbuatda az söhbət açılmasının səbəbi xeyli dərəcədə örtülü qalır. Biz bu sahədə günahı elmşünaslığa, elmə və alimə müasir mətbutın biganəliyində axtarmalıyıq. Bu gün başı siyasətə və siyasətçilərə qarışmış jurnalistikamız xalqın və millətin sabahını şərtləndirən alimə, elmi düşüncə sahiblərinə qəribə bir etinasızlıq dövrü yaşayır. Bu səbəbdəndir ki, nəinki Səlahəddin Xəlilov, habelə Azərbaycanın elmi vicdanı kimi yaşamış Xudu Məmmədovlar, Yusif Məmmədəliyevlər, Heydər Hüseynovlar, ... olsa-olsa, ancaq yubileylərdən yubileylərə “yad edilir”.

Yuxarıda qeyd etdik ki, Səlahəddin müəllim elmi ictimaiyyət kifayət qədər tanıyır. Bizim gileyimiz populyar mətbuatadır.

Başı qarışıq mətbuatın az diqqət yetirdiyi S. Xəlilov özü belə alimlərin təbliği, yeni nəslə çatdırılması yolunda çox mühüm addımlar atır. Alimin “Elm adamları haqqında” adlı bir kitabı barədə söz açmaq istərdik. Göründüyü kimi, bu kitabın ilk baxışda çox sadə səslənən adı var: “Elm adamları haqqında”. Amma bu elm adamları həyatı keşməkeşlərlə dolu, nəinki öz sahələri, habelə elmi-ictimai həyatın digər sosial-fəlsəfi aspektlərini işləyib hazırlamış böyük nüfuz sahibləridir. 2010-cu ildə nəşr olunmuş bu kitabda üç böyük alim: Əbdüs-Səlam, Xudu Məmmədov və Oqtay Sinanoğlundan söhbət gedir. Kitabın müəllifi onların hər birini yığcam məqalələrlə təqdim edir və fəlsəfi məzmun kəsb edən əsərlərini oxucuya çatdırır. Dünyanın bu böyük alimlərini oxucuya təqdim etməklə S. Xəlilov alimin hansı mühitdə yetişdiyini, onun elmi kredosunu, hər kəsin dünyaya və habelə öz millətinə verdiyini bir örnək olaraq ortaya qoyur. Və örnəklərin timsalında sanki müasirlərinə üz tutur: Yaşa və xatırla, bax və dərs götür, sənin millətinin gləcək inkişafı bu tip alimlərin yetişməsinə bağlıdır... Üç alimi təqdim edək kitabdan çıxarılan nəticə budursa, həmin kitab haqqında danışmağa dəyməzmi?

S.Xəlilovun “Elm adamları haqqında” kitabı onun Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş onlarca kitablarından biridir. Alimin onlarca kitabının hamısı millətə, xalqa yönələn ictimai, fəlsəfi məzmunu ilə maraq doğurur. Lakin haqqında söhbət açdığımız kitabın iki mühüm cəhəti onu bizim bu günümüz üçün, müasirlərimz üçün daha aktual edir. Bu cəhətlərdən birincisi Səlahəddin Xəlilovun azərbaycançılıq amalından doğur. Kitabın bizə təqdim etdiyi üç böyük alimin üçü də harada olmasından, harada təhsil alıb işləməsindən asılı olmayaraq ilk növbədə millətinə qayğısı ilə, doğma Vətəninə göstərdiyi əbədi məhəbbəti ilə fərqlənir. Dünya fəlsəfi cərəyanlarının hər birinə hörmətlə yanaşan, dünya elminin inkişaf perpektivini görməyi bacaran S. Xəlilov bu kitabla “elmin vətəni yoxdur, amma alimin vətəni var” postulatını ortaya qoyur. Kitabın ikinci mühüm cəhətini müəllifin Azərbaycanda elmşünaslığı inkişaf etdirmək idealının gerçəkləşməsi yolunda atdığı daha bir addımla bağlamaq olar. Kitabın elmşünaslığa xidmət idealı ilə daha çox bağlılığını onun lap titul vərəqi hesab olunan səhifəsindən hiss etmək mümkündür.

XX əsrin önəmli nəzəriyyəçi fiziklərindən biri, böyük elm təşkilatçısı, vətənpərvər alim, ilk müsəlman Nobel mükafatı laureatı Əbdüs-Səlamın, görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elm və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı Xudu Məmmədov, məşhur türk alimi və mütəfəkkiri, kvant kimyasının və riyazi kimyanın təməlini qoyan, habelə malekulyar biologiyanın yaradıcılarından biri olan Oqtay Sinanoğlunu elm haqqında fikirləri burada yer almışdır. Beləliklə:

Əbdüs-Səlim: “Orta əsrlərdə elmin ağırlıq mərkəzi islam dünyasında idi... Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə liderliyə nail ola bilərikmi?.. Gənclərimiz bunu özlərinə məqsəd kimi qarşıya qomalıdırlar”. Müsəlman dünyasının ilk Nobel mükafatı laureatının orta əsrlərdə elmin ağırlıq mərkəzinin islam aləmində olduğunu və bu gün həmin mərkəzin Avropaya keçdiyini dilə gətirməsi onun acı təəssüf hissi yaşadığını göstərir. Bir vaxtlar böyük tənqidçi-filosof V.Q.Belinski də deyirdi: “Doğrudur ki, bəşər mədəniyyətinin, bəşər elminin beşiyi Şərqdə olmuşur, lakin bəşər mədəniyyəti, bəşər elmi Şərqdə beşikdən düşə bilmədi”. S.Xəlilov Əbdüs-Səlamın təəssüfünü və bu günkü müsəlman gəncliyinə ismarıcını kitabın ilk səhifələrinə heç də təsadüfən gətirməmişdir.

Xudu Məmmmədov: “Hər bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə, ancaq o qədər də götürə bilər”. Bu da elmi postulatdır və bu fikri “Elm adamları haqqında” kitabın titul vərəqinə köçürməklə filosof S.Xəlilov Azərbaycanın dünya sivilizasiyasına transfer idealını yenidən gündəmə gətirir.

Oqtay Sinanoğlu: “Şərqin mənəvi zənginliyi Qərbin maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür”. Böyük türk aliminin bu sözləri türk dünyasının bugünkü beynəlxalq aləmdə yerini dəqiqləşdirməyə imkan verir.

Kitaba “Ön söz”ün lap ilk sətirlərindən müəllif bu gün Azərbaycanda tez-tez səslənən belə bir fikri təhlil edir: “Biz öz mənəviyyatımızı, mədəni-mənəvi dəyərlərimizi qorumalıyıq. Qərbdən ancaq elmi-texniki dəyərləri, müasir texnologiyanı götürmək lazımdır”. Müəllif bu gün dəbdə olan həmin fikrə tamamilə yeni rakursdan, tamamilə yeni elmi bucaqdan yanaşır: “Əslində bunu o zaman etmək olar ki, söz sahibi sən olasan. Yəni nəyi vermək və nəyi almaq məsələsini də özün müəyyənləşdirəsən. Halbuki baxılan halda qüvvələr nisbəti Qərbin xeyrinə olduğuna görə verən də, alan da Qərb özüdür. Yəni o bizə nəyi vermək istəyirsə onu da verir və bizdən nəyi almaq istəyirsə onu da alır... Qərb bizə sadəcə olaraq kompüteri, yaxud televizoru transfer etmir. O həm də televiziya verilişlərinin məzmununu, İnternet vasitəsilə ötürülən informasiyanın çeşidini müəyyən edir”. Müəllif belə bir acı həqiqəti dərk etməyə çağırır: elmi-texniki sahədə aldıqlarımızın əvəzini mənəviyyatımızla ödəyirik. Və müəllif çıxış yolunu bir zamanlar elmdə liderlik etmiş islam dünyasının və sonralar onun geri qalmasının səbəbələrini öyrənib dərs götürməkdə, müasir cəmiyyətin elmi cəhətdən təşkilatlanmasında və onun strukturunda elm üçün normal şəraitin, mühitin yaradılmasında görür. Və bunun səmərəlilik koofisiyentini sübut üçün “Elm adamları haqqında” kitabında təqdim olunanların təcrübəsini belə ümmiləşdirir: “İngiltərədə təhsil alan və İtaliyada özünün yaratdığı nəzəri fizika mərkəzində çalışan Əbdüs-Səlamın, ABŞ-ın ən məşhur universitetlərindən olan Yel universitetində çalışan Oqtay Sinanoğlunun, habelə cəmi bir neçə il Moskvada və bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən Xudu Məmmədovun timsalında bir daha bunun şahidi oluruq”. Müəllif gənclərdə olan genetik intellektual keyfiyyətlərin gerçəkləşməsi üçün müvafiq yaradıcılıq mühitinin vacibliyini problem kimi qarşıya qoyur. Kitabın müəllifi məhz bu yerdə təqdim etdiyi üç böyük adamın yetişdiyi mühitə toxunur: “Haqqında söhbət açdığımız üç böyük alim: Əbdüs-Səlam, Xudu Məmmədov və Oqtay Sinanoğlu da məhz xarici elmi mühitdə özlərini təsdiqləyə bildilər. Lakin onların fərqləndirici cəhəti budur ki, yüksək milli ruh onları həmişə vətənlə bağlamış, bütün nüfuzlarını və elmi potensiallarını öz xalqlarının elmi intibahına sərf etmişlər”. Daha sonra S.Xəlilov vətəndə elmin inkişafı idealını bu üç alimin timsalında təqdimatda belə bir maraqlı üslubi məqama müraciət edir: həmin alimlərin elm və dil, elm və din, elm və sənət mövzusunda əsərlərini oxucuya təqdim edir. Elm və din Əbdüs-Səlamın əsərlrinin timsalında, elm və sənət Xudu Məmmədovun, elmə və dil Oqtay Sinanoğlunun əsərləri timsalında təhlil edilir.

Qeyd etdiyimiz kimi, hər üç böyük alimin hər üç əsəri bütün parametrləri ilə   cəmiyyətin elmə münasibətinə bağlıdır. Kitabın müəllifi təkcə əsərləri fonunda deyil, həm də həyat kredoları fonunda bu alimlərin ideya və ideallarını açır. Məsələn, məlum olur ki, “Əbdüs-Səlam dünyanın ən məşhur elmi mərkəzlərində tədqiqat aparmaq imkanları olduğu halda, dönə-dönə vətənə qayıdaraq burada da müəyyən bir elmi mühit yaratmaq cəhdləri və nəhayət, bu da baş tutmadıqda Avropanın ən gözəl guşələrindən birində (Triyest, İtaliya) inkişaf etməkdə olan ölkələrin gənc fizikləri üçün tədqiqat mərkəzi açdırmağa nail olması və hər il öz ölkəsindən və digər müsəlman ölkələrindən bura onlarca istedadlı gənc alim cəlb edərək bütövlükdə islam dünyasında elmin gələcək inkişafı üçün potensial hazırlaması – bütün bunlar alimin böyük vətəndaşlıq mövqeyinin təcəssümüdür”.

S.Xəlilov Oqtay Sinanoğlunu isə belə qiymətləndirir: “Oqtay Sinanoğluda türkçülük daha qüvvətlidir. O, dindən də əvvəl dil, millət haqqında düşünür. Türk dünyasında müqtədir bir elm dilinin formalaşması uğrunda mübarizə aparır. Qazandığı bütün nailiyyətlər, mükafatlar, titullar onun üçün ancaq millətə xidmət müstəvisində dəyər kəsb edir”. Və müəllif bu üç böyük alim sırasında Xudu Məmmədovun qiymətini belə təyin edir: “Xudu Məmmədov isə gənc yaşlarında böyük şöhrət qazansa da, öz ölkəsinə erkən qayıtdığı üçün dünya elm mərkəzlərindən bir növ aralı düşmüş və nə yaxşı ki, böyük elmi potensialını fəlsəfi yaradıcılığa və elm maarifçiliyinə yönəltməklə millətə, heç olmasa, bu istiqamətdə fayda verə bilmişdir”. Xudu Məmmədovun elmi mərkəzlərdən aralı düşməsi Səlahəddin müəllimi necə kədərləndirdiyi bu sətirlərdən aydın duyulur. Onun fikrincə, Xudu Məmmədov da Əbdüs-Səlam və ya Oqtay Sinanoğlunun düşdüyü elmi mühitə malik olsaydı, bu alimin Azərbaycan və dünya elminə verdiyi indikindən qat-qat artıq olardı.

Zamanın üç böyük aliminin dünya sivilizasiyasına, millətə, vətənə verdiyi elmi töhfələri onların hər birinə ayırdığı giriş sözlərində oxunaqlı bir dildə oxucuya çatdıran S.Xəlilov yeri gəlmiş bir məqamda fikrini belə yekunlaşdırır: “Biz indi Əbdüs-Səlamın nəzəri fizika, Xudu Məmmədovun kristalların quruluşu və Oqtay Sinanoğlunun Kvant kimyası sahəsindəki nailiyyətlərindən bəhs etməyərək, onların hər üçünün ümumiyətlə elm haqqında, elm və din, elm və dil, elm və sənət haqqında yazdıqları əsərləri bir kitabda toplayıb oxuculara təqdim edirik”. S.Xəlilov bu məqamda da böyük vətəndaşlıq işi görür: Bu böyük alimlərin əsərləri azərbaycanlı gəncə elmin qüdrətini təlqin edəcək. Filosofun gəldiyi qənaətə görə isə “elmin məqsədi insanın intellektual dünyasını zənginləşdirmək, onu daha məlumatlı, daha bilikli etmək və bu biliyin qüvvəyə çevrilməsi sayəsində onun maddi təsir imknlarını artırmaqdır”.

Bu kitabın meydana gəlmə ideyasının haradan qaynaqlandığını müəllif daha bir ümumiləşdirmə ilə qeyd edir: “Qərb dünyasında elm haqqında yazılan, onun mahiyyət və funksiyaları ilə bağlı olan əsərlər çoxdur. Şərq ölkələrində isə poeziya haqqında, musiqi haqqında yüzlərlə əsər yazılsa da, elm haqqında əsərlərə çox nadir hallarda rast gəlmək mümkündür. Biz məhz bu nadir əsərlərdən bir qismini bir kitab halında çap etdirmək qərarına gəldik”. S.Xəlilov bir vətəndaş alim kimi inanmaq istəyir ki, “milli mentaliteti bizə uyğun olan adamların elm haqqında fikirləri yerli şəraitdə elmə münasibətin formalaşması və elmin optimal təşkilatlanması işində daha çox yardımçı ola bilər”.

“Elm adamları haqqında” kitab bu məqsədə xidmət edir. Biz də bu məqsədlə kitaba daxil edilən üç alimin – Əbdüs-Səlam, Xudu Məmmədov, Oqtay Sinanoğlunun və habelə AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun özünün fundamental məzmun kəsb edən əsərlərini təhlil etmək niyyətini qarşıya məqsəd qoymadıq. Bizim bu məqalədə əsas məqsədimiz müasir fəlsəfi cərəyanların Azərbaycan təmsilçisi Səlahəddin Xəlilovun vətəndaşlıq fəaliyətinin adi bir məqamını diqqətə yetirmək oldu.

 

 

Könül NİFTƏLİYEVA,

fəlsəfə doktoru  

 

525-ci qəzet.- 2011.- 14 yanvar.- S.6.