İki rəng

 

Yeni hekayələr    

 

Birinci rəng

 

Qoşa qala qapısı ağzında oturmuş dilənçinin gözlərindəki ifadə gödəkçəsinin qolu kimi yamaqlıdır. Şəhər damları İmamalı kişiyə oxşayır. Uzun donqar, üzündə məəttəllik. Səhər yenicə açılıb: iki qız gecə barından evlərinə qayıdır. Sevgisiz, çarpayı ağına oxşayırlar. Götür, eyvandan as! Çöl göyərçinləri qorxaq kənd uşaqları təki gözü qıpıqdı. Usta Mahmud ağ rənglə dünyanın qapısını rəngləyirdi. Necə oldusa ayağı rəng dolu satıla toxundu. Ağ rəng vaxta, saata, talelərə, baxta dağıldı.

 

İkinci rəng

 

Payız vaxtı qızın üzü çillənirdi. Mən onu əvvəl çilsiz görmüşdüm, elə-belə adi qız idi. Saçı sarı sünbül, baxışı isti, sonra payız gəldi. Qadın yalana, kişidən yaxındı. O ki, qala üzü çilli ola. O yalan, bu yalan. Getdik üzü soyuğa tərəf. Mən yalanı doğrudan seçən adamam. Onu çəkdim qırağa, aldatdım. Sonra yenə payız gəldi. Ayrıldıq. O, ora getdi, mən də bura.

Nə rəngdir bu?

Sarıdı.

 

Anla da...

 

Sözün paltarını çıxarıb, kənara atdım. Cümləni soyundurdum. Fikrimi sadə dillə demək üçün dilimi dəyişdim.

– Dal-qabaq danışırsan a, sənin dilini anlamaq olmur!

İnsanlar tənha idi, mən onları belə görmüşdüm. İndi onlar təklikdən yorulub, bir-birinə qayıtmaq istəsələr də alınmır. Onlar biri-birini daha anlamır, hərəsi bir dildə danışır. Bir vaxt tənhalığa gedəndə rahat idilər. İndi qorxurlar. İçlərində qınından çıxan tısbağa kimi, ürkək-ürkək çıxıb ətrafa boylanırlar. Tənhalıqlarından qorxurlar. Hərə öz içində oturduğu qədər yaddı. Dənizi, küləyi hərə bir cür anlayır. Bir dildə yaşamadıqlarından, bir dildə susa da bilmirlər.

– Dalqabaq danışırsan a, sənin dilini anlamaq olmur!

Ağır adam idi, hər sözü danışmazdı. Yanında çox söz danışılmazdı. Atasından nə götürmüşdü, balasına gətirmişdi, atasından balasına qədər olan yoldan kənar nə vardısa onun üçün maraqsızdı.

Bir gün dedilər ki, oğlun da sənin kimidir. Eynən özün kimi düşünür, sənin kimi geyinir, danışır. Oğlunu yanına çağırdı.

– Mənim kimi olma! – dedi. Mən bir dəfə olmuşam.

 

Oğlu:

 

Dal-qabaq danışırsan a dedi. Sənin dilini anlamaq olmur. Qəzəbləndi. Saqqalı bir çimdik, əqidəsi yayqın, hər şeyi bilən kimi görünür. Amma heç nə bilmir. Ona qədər olanları ağılsızlıq sayır. Dostu “notbukdur”. Bütün günü kövrək budaq kimi üstünə əyilir. Virtual dünyasında arvadı da var. Gündə yeddi saat onunla sevişir. Doqquz aydan bir arvadı ona bir uşaq doğur, sayta çıxarır. Bütün dünya bu uşağı müzakirə edir. Beləcə beş-altı müzakirə olunmuş uşaq atasıdır. Sirri-filanı yoxdur. Aşqabadın, Parisin bütün “deşiklərini” kompyuterdə sənə göstərir. Dünyada nə qədər it var, hamısının adını bilir. Rusiya Skinhedlərinin lirik şeirlərindən kövrəlir. Almaniyada qiyabi olaraq kontrobas kurslarına yazılıb. Pulu qrantdan, suyu krantdan gəlir. Cəmiyyətdə təzə nə varsa, onunla cütdür. Dindir, millətdir, ailədir onun üçün hələ cırdır. Atası şimal bölgəsindəki ucqar kəndlərin birində acından ölür. Dəbdən kənarda qalmasın deyə, ac atasına qəddar şeirlər həsr edir. Dünən qardaşı evinə qonaq gəlmişdi. Notbuku dizində oturdub qardaşına axırıncı uşağını göstərirdi. Qəfil qardaşı onun üzünə tüpürüb:

– Dalqabaq – danışırsan a – dedi. Sənin dilini anlamaq olmur!

Qız oğlanın enli sinəsinə qısılıb bir də səni istəyirəm – pıçıldadı.

Oğlan çarpayıdan qalxıb açıq pəncərəyə yaxınlaşdı və özünü doqquzuncu mərtəbədən aşağı atdı. Qız əvvəlcə qorxdu, sonra barmaqları ucunda dikəlib, pəncərədən aşağı boylandı. Oğlan qan gölməçəsi içində üzü göyə uzanmışdı, gözləri açıq idi. Bir qarı nədənsə onun gözlərini qapamaq istəyirdi. Qız pəncərəni örtüb çarpayıya uzandı. Sonra nə düşündüsə, döşəmədən oğlanın paltarlarını yığıb, nəfəslikdən eşiyə atdı...

Oğlanın köynəyi ağ örpək kimi süzə-süzə aşağı enirdi. Sonda arxası üstə düşmüş sahibinin üzünü örtdü. Şalvarı sağ, ayaqqabıları oğlanın sol tərəfinə düşdü... oğlan əlini qaldırıb köynəyi üzündən götürdü. Üzünün qanını silib, ayağa qalxdı, ətrafa yığılmış ağzı-ayrıqların heyrətlərini soyuda-soyuda geyinib, qaranlığa səmt yol aldı.

Bayaqdan bəri oğlanın ölümünə hamıdan çox heyfsilənən qarı oğlanın arxasınca: dalqabaq danışırsan ha... qışqırdı, sənin dilini anlamaq olmur.

 

 

Orxan FİKRƏTOĞLU

 

 525-ci qəzet.- 2011.- 15 yanvar.- S.27.