Bəstəkar Azər DadaşovKlassik Musiqini Sevənlər Klubunun qonağı olub

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə növbəti tədbir Maestro Niyazinin ev-muzeyində gerçəkləşib. Muzeydə əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, “Humay” milli mükafatının laureatı bəstəkar Azər Dadaşovla görüş olub. Bəstəkar Azər Dadaşovun yaradıcılığı haqqında musiqişünas, sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova ətraflı danışıb: “Bəstəkar Azər Dadaşov maestro Qara Qarayevin istedadlı şagirdlərindən biridir və bu gün Azərbaycan musiqisi tarixində öz dəsti-xətti və yeri var. O, 10 simfoniya, 18 kantata, fortepiano, həmçinin fleyta, skripka, alt, kamera və instrumental orkestrlər üçün üç konsert müəllifi, “Balaca Mukun sərgüzəştləri” uşaq operasının yaradıcısıdır. Azər Dadaşov 20-dən bir çox filmə musiqi yazıb, onlardan – “Anın quruluşu” (1980), “Şahid qız” (1990), “Özgə vaxt” (1996), “Yuxu” (2001), “Şəhərli biçinçilər” (1986), “Məkanın melodiyası” (2004) və başqalarını sadalamaq olar”. Yubilyarın özü gecədə Qara Qarayevin “Lya major prelüdiyası”nı, A.Dadaşovun BMA-nın nəzdində məktəb-studiyadan olan tələbəsi Zöhrə Abdullayeva “Kiçik rondo”nu ifa edib. Beynəlxalq müsabiqələrin diplomatı Nərgiz Kəngərli bəstəkarın əsərlərini səsləndirib, həmçinin BMA-nın tələbələri, Bülbül adına orta musiqi məktəbinin, M.Ə.Sabir adına pedaqoji kollecin, 6 saylı musiqi məktəbinin şagirdləri çıxış ediblər. Bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib, əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Bəstəkar onun yaradıcılığı ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb. Tədbirdə “Klassik Musiqini Sevənlər Klubu”nun üzvləri, Bakı şəhərinin muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri və başqaları iştirak edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.27.