“Bu sevgidir, mənim balam...”
“Eşq imiş, hər nə var aləmdə,
Elm bir qilü-qal imiş ancaq”.
Füzuli
Gənclik illərimin
məsləkdaşı Cavid Zeynallının roman
yazdığını eşidəndə sevindim desəm,
yalançılıq etmiş olaram. Həyat və yazı təcrübəsi
az olan dostumun oxuculara tutarlı əsər təqdim edəcəyinə
beynimdə ciddi şübhələr var idi. Bu dəfə də
yanıldım. Bütün proqnozlarımda olduğu kimi.
Cavidin “Günəşi gözləyənlər” romanı həm
təəccübləndirdi, həm də sevindirdi.
Bakının xəritəyə
düşməyən küçəsində birotaqlı ev
kiraləyən əyalət gənci Üzeyir maddi problemlər
məngənəsində sıxıla-sıxıla yaşamaq
uğrunda mübarizə apararkən, qəribə, qorxulu bir
oyunun içinə düşür. Onun sevdiyi qadının
(bürclərə inandığına görə Üzeyir Nərmin
adlı sevdiciyini Əqrəb deyə çağırır)
günahkar ruh daşıyıcısı olduğu ortaya
çıxır. Üzeyir geriyə yol
olmadığını anlayır və axıracan oynamağa
başlayır.
Əsərin sonunda
Üzeyirin içindəki eşq ona Əqrəbi xilas etməkdə
kömək olur. Şaman qarının da köməkliyi ilə,
günahkar ruh Əqrəbi rahat buraxır. Süjet barədə
çox danışmayaq. Onsuz da Cavidin kitabının az bir
vaxtda bu qədər çox satılması əsərin
oxunmasından xəbər verir. “Günəşi gözləyənlər”
mənim yazılarım deyil ki, özümdən başqa
heç kim oxumasın. Avtoironiyam necədir, əziz oxucu?
Caviddən öyrənmişəm. Əsər boyu Cavid
Zeynallı bir neçə yerdə birinci şəxsin dilindən
özünə ironiya edib və bu avtoironiyalar çox
uğurlu alınıb. Bizim qələm adamları bəzən
yalançı dahi pozası alır, oxucuya ağıl verməyə
çalışırlar. Bu tip manevrlər Cavidin romanına
yaddır. Onun yazdığı əsərdə böyük
səmimiyyət var. Səmimiyyət demişkən, “Günəşi
gözləyənlər” romanında Cavidin səmimiyyətindən
doğan bəzi məqamlar var ki, o məqamları bir sıra ədəbiyyatçılar
tənqid ediblər.
Nəymiş Cavidin səhvi?
O, romanda açıq-saçıq sevişmə səhnələrinə,
Üzeyirin yaşayış tərzi ilə bağlı
bütün iyrəncliklərə səxavətlə yer
ayırıbmış.
Dostlar, qardaşlar, “Ədəbiyyat
nəzəriyyəsi”ni oxumamısınızmı? Ədəbiyyat
“Həyatı obrazlarla əks etdirən sənət” deyilmi? Və
nəhayət, çağdaş Azərbaycanda belə həyat
tərzi keçirən gənclər yoxdurmu? Niyə ədəbiyyatı
həyatdan ayrı götürürsünüz? Usta ədəbiyyatçı-esseist
Həmid Herisçi uzaq 2002-ci ildə bədii mətn yazarkən
etik yox, estetik dəyərləri əsas götürmək
lazım olduğunu yazmışdı. Biz də nəticəmizi
çıxarmışdıq, amma görünür, ədəbiyyatda
hələ də “namus bəkçiləri” var. Mən onlara əsəri
bir daha oxumağı məsləhət görərdim.
Birincisi ona görə ki, Cavid romanının qəhrəmanı
Üzeyirin həyatı ilə bağlı ən iyrənc,
ürəkbulandıran məqamları belə, çox
inandırıcı bir qələmlə yazıb. Əgər
biz əsərin hansısa yerində eyməniriksə, deməli,
yazıçı “Günəşi gözləyənlər”
əsərində bizə əsər edə bilib. O, nasirliyin
birinci şərtinə – inandırmaq bacarığına
malikdir. İkincisi, Cavid Zeynallı romanın sonunda Üzeyiri
yüksək insani mərtəbəyə qaldırır, demək
istəyir ki, Sevgi, Eşq ən avara adamı belə xilas edə
bilər və həmin eks-avara, eşqin təsiri ilə
sevgilisini kinli əqrəblikdən qoparıb suda balığa
çevirə bilər. Əsərin sonunda hər iki qəhrəman
mənən təmizlənir. Roman işıqlı bir mesaj
ötürür: İnsanın yeganə xilası sevgidədir.
Son illərin pessimist romanları ilə yanaşı belə
nikbin bir əsərin ortaya çıxması qəlbimizi fərəhləndirir.
Cavidi uğurlu debütü münasibəti ilə təbrik
edir, Qazaxdan göndərilmiş meyvə arağının
ilk qədəhini onun sağlığına içirəm. Yaşa Cavid! Çox yaşa! Sənin və romanının sağlığına!
Mövlud MÖVLUD
525-ci qəzet.- 2011.- 15 yanvar.- S.25.