ORALARDA KİMLƏR VAR: AKİF
MUSAYEV və ASLAN QƏHRƏMANOV
VERGİ, MƏDƏNİYYƏT
VƏ VERGİ MƏDƏNİYYƏTİ
Vergi nədir?
Bu səhifədə tanış olacağınız bir maraqlı kitabın müəllifləri olan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayevin və elmlər namizədi, tanınmış yazar Aslan Qəhrəmanovun fikrincə “Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir”.
Azərbaycan Respublikasının Vergi məcəlləsində verginin tərifi bu cür yazılmışdır.
“Vergilər – dövlətin iqtisadi ifadə olunmuş varlığının təcəssümüdür.”
Bunu da görkəmli alman
alimi, bir zamanlar çox məşhur olan Karl Marks demişdir.
Bəs mədəniyyət nədir?
Mədəniyyət – insan fəaliyyətinin
müəyyən sahələrdə səviyyəsinin,
inkişaf dərəcəsinin keyfiyyət xarakterinin
ölçüsüdür. Bu ölçü ayrıca bir
şəxsin, yaxud cəmiyyətin, millətin və hətta
bütün bəşəriyyətin həyat fəaliyyətinə
aid ola bilər. Məsələn, istehsal, idarəetmə,
nitq, dövlətçilik, təfəkkür və sairə
mədəniyyətlərindən danışmaq olar. Eləcə
də mənəvi, intellektual, bədii, musiqi, iqtisadi, tibbi,
ekoloji, dini, siyasi, məişət və bu kimi bir-birindən
fərqli mədəniyyətləri fərqləndirmək
lazımdır.Mədənilik hər bir insana xas olan fərdi
xüsusiyyətdir, lakin MƏDƏNİYYƏT
bütövlükdə cəmiyyəti xarakterizə edir.
Vergi və mədəniyyət
sözlərini birləşdirsək, “Vergi mədəniyyəti”
alınar və qarşımdakı kitab da elə bu cür
adlanır: “Vergi mədəniyyəti”. Müəlliflər
Akif Musayev, Aslan Qəhrəmanov. Yuxarıda yazdığım
kimi Akif Musayev respublikamızda tanınmış bir alimdir,
Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad
elmləri doktoru, professordur. Digər müəllif Aslan Qəhrəmanov
fizika-riyaziyyat elmləri namizədi, dosentdir və həm də
yazıçıdır, çoxsaylı hekayələr,
povestlər, pyeslər müəllifidir. Kitabın məsləhətçisi
Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli
dövlət vergi xidməti müşaviri Fazil Məmmədov,
elmi redaktoru Milli Elmlər Akademiyasının həqiqi
üzvü Teymur Bünyadovdur.
“Vergi mədəniyyəti”
kitabının ilk variantı 2004-cü ildə çap
olunmuşdu və mənim çox xoşuma gəlmişdi.
Kitab haqqında ürək sözlərimi “525-ci qəzet”də
və “Ədalət” qəzetində oxuculara
çatdırmışdım.Qarşımdakı kitab əlavələr
edilmiş ikinci nəşrdir. Ön söz, giriş və son
sözdən, səkkiz fəsildən ibarətdir. Fəsillərin
adlarını sadalasaq, kitabın ümumi məzmunu barədə
müəyyən təsəvvürə malik olacayıq:
1.Cəmiyyət. Dövlət.
2.İqtisadiyyat. 3.Mədəniyyət. 4.Vergilərin təkamülü.
5.Azərbaycanın vergi tarixindən. 6.Azərbaycan
Respublikasının vergi sistemi. 7.Azərbaycanda vergi mədəniyyətinin
səviyyəsinin yüksəldilməsi tədbirləri. 8.Bəzi
ölkələrin vergi sistemləri.
Əvvəlki çapına xeyli mühüm əlavələr edildiyindən kitab daha samballı olmuşdur. Zənnimcə, bu kitab əslində çox sadə və anlaşıqlı dildə yazılmiş vergi ensiklopediyası hesab edilə bilər. Ən qədim dövrlərdən indiyə qədər vergilər və vergi mədəniyyəti sahəsində mühüm hadisələr, iqtisadi sistemlərdə və vergi toplanması qaydalarında islahatlar elə gözəl yazılmışdır ki, asanlıqla oxunur. Oxuduqca isə qısa müddət ərzində çoxlu informasiya almaq olur. Müxtəlif hökmdarların, dövlət xadimlərinin, alimlərin, sərkərdələrin və s. adlar göstəricisi, həmin şəxslər barədə məlumatın hansı səhifədə olduğunu aşkara çıxarmağa imkan verir. Bir sıra görkəmli şəxslərin qısa tərcümeyi-halı ilə də tanış olmaq mümkündür. Mənim üçün çox maraqlı idi ki, ən çox istinad edilən şəxs Nizami Gəncəvidir. Düz 23 səhifədə onun adı çəkilir, əsərlərindən nümunələr verilir. Yaxud, Seyid Əzim Şirvaninin vergi mədəniyyətinə həsr edilmiş əsərlərinin olduğunu heç təsəvvür edə bilməzdim.
Hər kitab haqqında, onun müəyyən fəsilləri barədə müxtəlif fikirlər ola bilər. Mənə elə gəlir ki, ən yaxşı fəsil vergilərin təkamülünə həsr olunmuş dördüncü fəsildir. Burada “Qurbanlar – dünyada ilk vergilərdir”, ”Talanlar”, “Təqvim və vergi”, “Vergi güzəştləri”, “Ölülərdən vergilər” hissələri maraqla oxunur və oxucu çox şey öyrənir.
Kitabla tanış olduqca məndə müəyyən suallar yarandı və bu suallara cavab almaq üçün müəlliflərə müraciət etdim. Onlar verdiyim sualları aşağıdakı kimi cavablandırdılar:
Sual. ”Vergi mədəniyyəti” kitabının yazılmasının səbəbləri barədə nə deyə bilərsiniz?
Akif Musayev. Əsas səbəb, əlbəttə, vergilər sahəsində zəruri informasiyanın oxuculara, yəni əslində bütün vergi ödəyicilərinə çatdırılmasının vacibliyidir. İctimai-siyasi quruluşlarından asılı olmayaraq, bütün cəmiyyətlərdə, hər bir şəxsin vergi mədəniyyətinin səviyyəsi ilk növbədə onun bu sahədə biliyi ilə müəyyən edilir. Vergilər barədə məlumatları, vergi qanunlarını, vergi güzəştlərini, qanunvericiliyin pozulmasına görə hansı məsuliyyəti daşıdığını bilməyən vətəndaşın vergi mədəniyyətinin səviyyəsi yüksək ola bilməz.Kitabın nə üçün bu şəkildə, yəni digər elmi, kütləvi və s.ədəbiyyatdan fərqli şəkildə yazılması məsələsinə gəldikdə isə səbəb göstərmək çətindir. Fikirləşdiklərimizi, axtarıb tapdıqlarımızı yazdıq və belə bir kitab alındı.
Sual. Kitabın ikinci nəşrində edilən ən mühüm dəyişikliklər hansılardır?
Akif Musayev. Mən bilmirəm, ilk baxışda bu hiss olunur, yoxsa yox, amma dəyişikliklər, əlavələr çoxdur. Dördüncü fəsilə yeni “Təqvim və vergi” bölməsi, səkkizinci fəsilə Avstraliyanın və Cənubi Afrika Respublikasının vergi sistemlərinə aid hissələr daxil edilmişdir. Bu əlavələr çox mühüm əlavələrdir. Məsələn, keçmişdə də, indi də vergilər həmişə təqvimdən asılı olmuşdur və bu asılılığın müxtəlif dövrlərdə xüsusiyyətləri çox maraqlıdır. Həm Avstraliyanın, həm də Cənubi Afrika Respublikasının vergi sistemlərinin isə özünəməxsus cəhətləri var və kitabda verilmiş digər ölkələrin sistemlərindən əsaslı surətdə fərqlənir. Bunlardan əlavə, Homer, Ömər Xəyyam, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Çarlz Dikkens və sair yazıçıların əsərlərindən misallar əvvəlki nəşrdə yox idi.
Aslan Qəhrəmanov. Bunu da qeyd etmək lazımdır ki, əvvəlki nəşrdə olan bəzi nöqsanlar bu nəşrdə düzəldilmişdir. Məsələn, Lidiya adlı ölkənin hökmdarı Kriozun adı rusdilli ədəbiyyatda Krez kimi gedir və biz də bu cür yazmışdıq. Təzə nəşrdə bu səhv düzəldildi. Yaxud, Seyid Əzim Şirvaninin “Nuşirəvanın ova getməsi” hekayətinin süjetinin Sədi Şirazinin “Gülüstan” kitabından götürüldüyü ilk çapda göstərilməmişdi. Onu əlavə etdik.
Məlumdur ki, Sovet dövründə vergilər büdcə gəlirlərinin cüzi hissəsini təşkil edirdi. Ona görə də həmin dövrdə vergilər barədə kitab yazmağın mənası yox idi. Hazırda bu sahədə vəziyyət necədir? Vergilər barədə çoxmu kitablar yazılır?
Akif Musayev. Doğrudan da dünyada yaradılan ilk dövlətlərlə həmyaşıd olan vergi barədə ədəbiyyatın çatışmaması təəccüblü görünə bilər. Lakin elə sualın qoyuluşunda da bunun obyektiv səbəblərinin olduğunu göstərdiniz. Respublikamız müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatına və bununla əlaqədar yeni istehsal-mülkiyyət münasibətlərinə keçdi. Həmin dövrdən və xüsusilə də 2000-ci ilin fevralında Vergilər Nazirliyinin yaranmasından sonra vergilər sahəsində elmi tədqiqatların aparılması, orta və ali məktəblər üçün dərsliklərin yazılması zərurəti meydana çıxdı. Hazırda alimlər, mütəxəssislər bu sahədə səmərəli işlər görürlər. Mən də bu sahədə əlimdən gələni edirəm. “Vergi siyasətinin iqtisadi problemləri” adlı iri həcmli monoqrafiyam çap olunmuşdur. Bir-neçə ali məktəb dərsliyinin, orta məktəb üçün yazılmış üç dərs vəsaitinin həmmüəllifiyəm. Onu da deyim ki, orta məktəb dərsliklərinin həmmüəlliflərindən biri də Aslan müəllimdir.
Sual. Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
Akif Musayev. Bizim yaradıcılıq planlarımız, əlbəttə, müxtəlifdir və yalnız, riyaziyyatçıların dediyi kimi müəyyən zaman intervalında kəsişir. Siz çox güman ki, həmin zaman intervalını nəzərdə tutursunuz. Biz birlikdə ali məktəb tələbələri üçün Ekonometrikaya aid dərs vəsaiti yazmışıq və hazırda bu barədə son müzakirələri aparırıq. Vergilər və vergi mədəniyyəti barədə isə axtarışlar davam edir. Ola bilsin ki, nə vaxtsa başqa bir kitab yazıldı.
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 15 yanvar.- S.23.