Müasirlik işığında bədii yanaşma

 

Xalq şairi Nəriman Həsənzadənin lirikasında dramatizm elementlərini asanlıqla görmək mümkün deyil. Müasir Azərbaycan ədəbiyyatında saf, xalis lirikanın yaradıcıları sırasında Nəriman Həsənzadənin xüsusi yeri vardır. Şeirləri təpədən dırnağa qədər lirizm hadisəsidir. Hətta Nəriman Həsənzadənin danışıq tərzində də lirik bir həzinlik qabarıq müşahidə olunur. Poeziyamızın son dövründə Nəriman Həsənzadə qədər fərqli şairanə tələffüzə malik sənətkar göstərmək çətindir. Danışıq tərzindəki həzinlik, axıcılıq, kövrəklik şairin lirikasının da əsas xüsusiyyətlərini təşkil edir. Yaxud da Nəriman Həsənzadənin həyata və insanlara münasibətinin ifadə tərzi sanki lirikasındakı əsas notlar üstündə köklənmişdir. Nəriman Həsənzadənin tərcümeyi-halında da mərdanə və şairanə bir kövrəklik və müdriklik yaşayır. Bu mənada Nəriman Həsənzadənin lirikası ilə xarakteri, sənəti və ömür yolu bir-birini üzvi surətdə tamamlayır. Nəriman Həsənzadə çağdaş Azərbaycan ədəbiyyatında varlığı bütünlüklə şeirdən yoğrulmuş nadir şairlərdəndir. Şeirləri də Nəriman Həsənzadənin özü ilə birlikdədir. O, yalnız qələmə aldığı şeirlərin müəllifi olaraq bitmir, bütövlükdə tərcümeyi-halı və mənəviyyatı ilə sanki yazılmış və hələ yazılacaq tam külliyyatının daşıyıcısıdır. Xalq şairi Nəriman Həsənzadə sənəti ilə bütövləşmişdir:

 

Mənim də həyatım sözdü, şeirdi,

Bir isti nəfəsəm, bir səsəm belə.

İnsana diləyim ancaq xeyirdi,

Şər gəlməz əlimdən istəsəm belə.

 

Nəriman Həsənzadənin şeirlərində müəyyən epik cizgilər müşahidə edilməkdədir. Əvvəla, şairin təhkiyəsində epik üsulun əlamətləri vardır: “Mən səni sevəndə yaz havasıydı”; “Evimdə pianino çalınmır nə zamandı”; “Şəhərdən ayrılıb mən bağa gəldim”; “Sən baxdın həsrətlə, həsədlə mənə” və sair. Lakin Nəriman Həsənzadə ifadə etdiyi epik anı dərhal poetik cəhətdən mənalandırmaqla lirikanın içində əridir. Buna görə də epik əlamət təsvirçiliyə aparmayıb, lirikanı zənginləşdirən keyfiyyətə çevrilir. Hətta şairin bəzi şeirləri müəyyən həyat hadisəsinin, müşahidə olunmuş konkret bir vəziyyətin lirik baxımdan mənalandırılmış epik lövhəsi təsiri bağışlayır. Amma şairin təqdimatında həmin epik lövhə insanı heyran edəcək, həyəcanlandıracaq və düşündürəcək qədər lirik bir obraz səviyyəsinə yüksəlir. “Arabaçı”, “Ayaqqabılar”, “Süpürgəçi” şeirləri epik səciyyəli müşahidənin poetik baxımdan orijinal mənalandırılmasından yoğrulmuşdur. Buna görədir ki, epik tərzdə ifadə olunan “Ayaqqabılar” şeiri lirik-fəlsəfi poetik nümunə səviyyəsində ümumiləşir:

 

Qapımızın ağzında,

Əvvəl ancaq ikiydi.

Onlar da mənimkiydi.

Dörd oldu sonra bir gün.

Üç il keçdi sərasər

Gah axşam, gah da səhər

Hey açılıb örtüldü

Bizim doğma qapılar.

Bir gün də altı oldu

Həmin ayaqqabılar.

İkisi bər-bəzəkli,

Dördü bəzəksiz oldu.

Artdı ayaqqabılar

Sonra da səkkiz oldu.

Keçir günlər, həftələr,

Yaş üstünə gəlir yaş.

Kiçik ayaqqabılar

Böyüyür yavaş-yavaş.

 

Fikrimcə, Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyaya gələn yol lirikasındakı epik əlamətlərdən başlanır. Kiçik həcmə malik olmasına baxmayaraq, “Ayaqqabılar” şeiri bir ailənin dramı təsiri bağışlayır. Bu, Nəriman Həsənzadənin şeir yaradıcılığındakı dramatizmin, hərəkətin poetik cəhətdən mənalandırılmış, obraza çevrilmiş “ayaqqabılarıdır”. Doğrudur, bu qəbildən olan şeirlərində dramaturgiya üçün zəruri olan konflikt görünmür. Lakin bir ailənin tərcümeyi-halında bəzəkli kiçik ayaqqabılardan böyük ayaqqabılara qədər keçilən yolun poeziyasını təqdim edən şairin çox asanlıqla həmin prosesdəki çətin, gərgin məqamları da göstərmək imkanlarını təsəvvür etmək olar. Bu mənada epik mahiyyətli poetik nümunələr Nəriman Həsənzadənin lirikadan dramaturgiyaya keçidinin başlanğıcıdır. Bu qəbildən olan şeirlər Nəriman Həsənzadənin lirikasındakı dramatizmin tumurcuqlarıdır. Ümumiyyətlə, şair Nəriman Həsənzadə dramaturgiyaya epik düşüncədən keçərək gəlmişdir. Epik-dramatik poemaları lirikasındakı dramatik məşqlərin qanunauyğun məntiqi davamı kimi meydana çıxmışdır. Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında “epik-dramatik” formatda poemanın əsas yaradıcılarından biridir. “Nəriman” (1968), “Zümrüd quşu” (1976), “Kimin sualı var” (1984) epik-dramatik poemaları “Arabaçı” və “Ayaqqabılar” şeirlərindən süzülüb gələn epik-dramatik əlamətlərin qanunauyğun məntiqi yekunudur. Bu poemalar ümumilikdə Azərbaycan ədəbiyyatında epik-dramatik poema janrının uğurlu nümunələridir. “Epik-dramatik” janrda yazıldığı bəyan edilsə də, həqiqətən də epik və dramatik xüsusiyyətlər üstünlük qazansa da bu əsərlərdə lirikanın da kifayət qədər payı vardır. Epik-dramatik poemalarındakı bəzi parçalar ayrıca müstəqil bir şeir kimi səslənir. “Nəriman” poemasında görkəmli dövlət xadimi Nəriman Nərimanovun məşhur Genuya konfransında çıxışı ərəfəsindəki düşüncələrinin ifadəsi olan aşağıdakı parça ictimai lirikanın qiymətli nümunəsi sayıla bilər:

 

Alındı, satıldı bəlkə yüz kərə,

Bakının varını dünya bölüşdü.

İşıqlı gecələr yad şəhərlərə

Qaranlıq döngələr Bakıya düşdü.

 

Boğuldu məmləkət alovda, qanda

Yadlar elə bildi öz evindədir.

Babəkin məzarı Azəristanda

Qılıncı Drezden muzeyindədir.

 

Əzilən bir elin, ya yurdun bilin,

Nəğməsi çox qəlbə, ürəyə yatdı.

Adı çəkiləndə Şərqdə Vazehin,

Qərbdə Bodenştet şöhrətə çatdı.

 

Susdu ozanların telli sazları

Od oldu kəndinin alın tərində.

Babam Nizaminin əlyazmaları

Uyuyur Londonun muzeylərində.

...Solmadı eşqimiz, məhəbbətimiz,

Sevdiksə o qəlbi oxşaya bildik.

Ölkədən ölkəyə danışdıqca biz,

Əsrdən-əsrə yaşaya bildik.

 

Əslində mükəmməl ictimai lirikası olan nümunəsi parçada daxili bir gənclik, vətəndaş narahatlığı, dramatizm mövcuddur. Bütün bunlara görə epik səciyyəli, ictimai məzmunlu lirik şeirdən epik-dramatik poemaya keçid Nəriman-Həsənzadənin yaradıcılığında dramaturgiyanın yetkinləşməsi mərhələsi hesab oluna bilər. Hətta müşahidələr göstərir ki, “Nəriman” və “Zümrüd quşu” poemalarında dramatik xüsusiyyətlər epik xüsusiyyətləri üstələmişdir. Bu poemalarda dialoq və monoloq epik təsvirlərdən qat-qat çoxdur. Həm də epiklik zatən poemaya xas keyfiyyətdir. Liro-epik, epik-dramatik poemaların olmasına baxmayaraq, ümumiyyətlə poema bir janr kimi əsasən epik növə daxildir. Nəriman Həsənzadənin “Nəriman” və “Zümrüd quşu” poemalarında epik məqamlar olsa da bu əsərlər əsasən dramatik poemalardır. Əgər bu poemalardakı bəzi lirik ricətlər, haşiyələr, əlaqələndiricilik funksiyasını yerinə yetirən epik təsvirlər olmasaydı, həmin əsərləri dram növünə aid nümunələr də hesab etmək mümkün olardı. Azərbaycan ədəbiyyatında dramatik poemalar o qədər də çox deyildir. Hüseyn cavidin “Azər”i və Səməd Vurğunun “Komsomol poeması”, “Hürmüz və Əhriman” və “Aygün” poemaları dramatik poema janrının ən kamil nümunələridir. Nəriman Həsənzadənin “Nəriman” və “Zümrüd quşu” poemaları ən yeni dövr Azərbaycan ədəbiyyatında dramatik poema janrının mükəmməl hadisəsidir. Bu əsərlər, eyni zamanda, Nəriman Həsənzadə üçün həm də dramaturgiyanın ərəfəsi və astanasıdır. Şairin “Nəriman” epik-dramatik poemasının dram formatında hazırlanıb Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulması üçün əsər üzərində ciddi, əsaslı bir dəyişiklik etməyə ehtiyac qalmamışdı. “Bütün Şərq bilsin” tamaşası sadəcə olaraq “Nəriman” dramatik poemasının səhnənin şərtlərinə və imkanlarına uyğunlaşdırılmış variantıdır. Bu tamaşa ilk növbədə Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun tale dramıdır. Bundun başqa, “Bütün Şərq bilsin” tamaşası hələ XX əsrin səksəninci illərində dövlət müstəqilliyi ideyasını və milli mənafeyi özünəməxsus şəkildə səhnədən səsləndirən əsər kimi də mühüm əhəmiyyətə malikdir. Fikrimizcə, “Bütün Şərq bilsin” tamaşasının uğurlu səhnə təcəssümü Nəriman Həsənzadənin dramaturq kimi də özünəinamının ifadəsidir. Məhz bu tamaşadan sonra ədəbi ictimaiyyət və oxucular görkəmli şair Nəriman Həsənzadəni həm də istedadlı dramaturq kimi qəbul etmişdir.

Nəriman Həsənzadə “Atabəylər” (1984), “Pompeyin Qafqaza yürüşü” (1997), “Midiya sarayı” dram əsərlərini tarixi mövzuda yazmışdır. Azərbaycanda özünəməxsus inkişaf yoluna malik olan tarixi dram ənənəsi Nəriman Həsənzadənin tarixi dramları ilə daha da zənginləşmişdir. Bu əsərlər mənzum tarixi dramlar kimi də ciddi əhəmiyyətə malikdirlər. Ədəbiyyatımızda mənzum tarixi dramların (mənzum tarixi faciə də daxil olmaqla) ən yüksək zirvəsini Azərbaycan romantizminin banilərindən olan Hüseyn cavid və xalq şairi Səməd Vurğun fəth etmişlər. Təəssüf ki, Səməd Vurğunun “Vaqif” mənzum tarixi dramının yarandığı vaxtdan (1938) keçən təxminən qırx ildən artıq zaman ərzində bu janrda ədəbi-mədəni mühitin fövqünə qalxa bilən sanballı bir əsər meydana çıxmamışdır. Xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” mənzum tarixi dramı (1984) ilə mövcud boşluq aradan qalxmışdır. “Atabəylər” Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi dramların da inkişafında mühüm sənət hadisəsi sayılmağa layiqdir. XX əsrin səksəninci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas kimi qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi idi. “Atabəylər” geniş mənada Azərbaycan milli dövlətçilik ideyasının dramıdır. Nəriman Həsənzadə hələ müstəqillikdən qabaq yazdığı bu əsərlə Atabəylər dövlətinin simasında Azərbaycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət mərkəzinə çəkmişdir. Bakıda Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulan, qastrol səfərləri vasitəsilə ölkəmizin demək olar ki, əksər regionlarında müvəffəqiyyətlə nümayiş etdirilən “Atabəylər” mənzum tarixi dramı xalqımızın milli dövlətçilik düşüncəsinin formalaşmasına ciddi təsir göstərən əhəmiyyətli əsərdir. Əsərdəki Atabəy Qızıl Arslan Azərbaycan dövlətçiliyinin əzəməti ilə yanaşı, daxili ziddiyyətlərini, saray mühitinin faciəvi məqamlarını da açmağa imkan verən möhtəşəm obrazdır. Müəllif Qızıl Arslanın ətrafında cərəyan edən hadisələri, tarixi prosesləri dərindən öyrənmiş və bədii ədəbiyyatın, dram sənətinin yüksək imkanları səviyyəsində təqdim edə bilmişdir. Bu mənzum tarixi dram Azərbaycan tarix elminin Atabəylərini təkrar etmədən, amma tarixdən qidalanaraq milli ədəbiyyatımızın Atabəylərini yaratmaq sahəsində əldə edilmiş böyük və yekun nəticədir. Əsərdə Azərbaycanın “qızıl dövrü” kimi qiymət verilən Atabəylər dövlətinin yüksək səviyyəsi, həm də Qızıl Arslan kimi müdrik, vətənpərvər, ölkə mənafeyini hər şeydən üstün tutan hökmdarların bütöv və parlaq siması ilə müəyyən olunur. Aşağıdakı parça geniş və böyük mənada Azərbaycan hökmdarları obrazı haqqında ümumiləşmiş siyasi düşüncəni meydana qoyur:

 

Danışıq aparın qonşularla siz,

Gərək tapdanmasın heysiyyətimiz.

Hörmət, mədəniyyət xətrinə gərək,

Kiməsə baş əyib, təzim etməyək.

Yaşayır dünyada xeyir də, şər də,

Hikmətlə uyuşmur

heç vaxt ədavət.

Tarixə hörmət var həyatda, bir də

Hörmətə tarixi bir münasibət.

Amma qonşularla gərək

dil tapaq.

Nifaq yox, ittifaq,

hər şeydən qabaq.

 

Nəriman Həsənzadə Atabəylər dövlətinin qüdrətini həm də sənətkar Əcəmi dühasının vüsəti ilə təqdim edir. “Atabəylər” dramında tarixilik Qızıl Arslanla yanaşı, Əcəmi ilə bağlı hadisələrlə də canlandırılır. Böyük memarın Atabəy hökmdarı Məhəmməd cahan Pəhləvanın xanımı Möminəxatunun şərəfinə ucaltdığı möhtəşəm məqbərə dövrün əhəmiyyətli mədəniyyət hadisəsi səviyyəsində təqdim olunur. Bununla, belə, türk-müsəlman dünyasında qadına ucaldılmış bu birinci nəhəng abidənin müəllifi Əcəmi Naxçıvani əsərdə həm də mütəfəkkir şəxsiyyət kimi nəzərə çarpdırılır. Nəriman Həsənzadənin təqdimatında “şeirdə, sənətdə duyduğu ovsunu hördüyü daşlarda” ifadə etmək istedadına malik olan, kaşı naxışlarla yazdığı kərpic hərfləri “divara hörülmüş sədaqəti” kimi qəbul edən Əcəmi milli təfəkkürə malik, geniş dünyagörüşlü sənət və fikir bahadırıdır. Böyük sənət ustadının dilindən səsləndirilən aşağıdakı misralar Əcəmi fenomeninin fəlsəfəsini dolğun şəkildə ifadə edir:

 

Doğma ananı da

duymaq üçün sən,

Gərək süd əməsən

onun döşündən.

Ana laylasına yatasan gərək

Ata nəfəsinə oyandığın tək,

Dilimiz yaranır süddən,

sümükdən,

Bunsuz öz-özünə möhtacdır Vətən.

 

Azərbaycan elmi-ədəbi fikrində ilk dəfə olaraq XII əsrin iki qüdrətli sənətkarı – Nizami Gəncəvi və memar Əcəminin Naxçıvanda görüşməsi hadisəsi “Atabəylər” dramında təsvir edilmişdir. Müəyyən dərəcədə yazıldığı illərin romantik pafos meylini ifadə etsə də Nəriman Həsənzadə “dövrün məşəli” kimi mənalandırdığı sənət nəhənglərinin layiqli ədəbi-tarixi qiymətini oxucuya-tamaşaçıya çatdıra bilmişdir:

 

Əcəmi, ... Nizami, ...

Dövrün məşəli!

Sən quran əlisən, o yazan əli.

Bu iki sənətkar burda doğuldu,

Daşımız, sözümüz qiymətli oldu.

 

Nəriman Həsənzadənin şair fəhmi ilə hiss edərək səhnədə canlandırdığı Nizami-Əcəmi görüşünün tarixi həqiqət olduğunu bir qədər sonra Azərbaycan elmi fikri ciddi axtarışlar sayəsində təsdiq etdi. Görkəmli şərqşünas professor Rüstəm Əliyevin Nizami Gəncəvinin Naxçıvana səfəri haqqındakı elmi açıqlamaları bədii təxəyyüldə ehtimal olunan görüşün tarixi gerçəklik olduğunu yəqinləşdirdi. Bu fakt Nəriman Həsənzadənin tarixə bədii yanaşmasının elmi məntiqə əsaslandığını nümayiş etdirir.

Əsərdə vahid dövlət içərisində dramatik konflikt saraydaxili qütbləşmə və çəkişmələr əsasında qurulmuşdur. Qızıl Arslan, Nizami, Əcəmi, Cahan Pəhləvanın oğlu Əbubəkr, Bağban, Ozan Azərbaycan dövlətçiliyinin bütövlüyünü təmsil edən ümummilli idealı bütün enerjisi ilə ifadə edirlər. Cahan Pəhləvanın arvadı, saray çəkişmələrini ölkə miqyasında ziddiyyətlər və fəlakətlər səviyyəsinə çatdıran İnanc xatun Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” tarixi romanındakı Qətibə obrazından sonra Azərbaycan dramaturgiyasında yaradılmış mürəkkəb qadın obrazıdır. “Bəzəkli ilana” bənzədilən bu fəndgir qadının dərinliklərini incəliklərinə qədər açması Nəriman Həsənzadənin özünəməxsus dramatik xarakterlər yaratmaq ustalığının göstəricisi sayıla bilər. Oğlu Mahmud, Cahan Pəhləvanın əmirləri Ayəba, Ruz, Qızıl Arslanın ögey qardaşı, Səlcuqilərin sonuncu nümayəndəsi Toğrul bəy və başqaları milli dövlətçilik ideallarının deyil, hakimiyyət hərisliyinin, şəxsi maraqların, mənsəbpərəstliyin daşıyıcıları kimi təqdim olunurlar. Bədii təxəyyülün məhsulu olan Gülaçar obrazı ilə müəllif gərgin və mürəkkəb saray mühiti əhatəsində yüksək mənəviyyatı yaşatmağın mümkünlüyünü, yaxud zəruriliyini göstərmək niyyətini meydana qoymuşdur. Nəticə etibarilə Nəriman Həsənzadə eyni qütbü təmsil edən bu obrazların fərqli mövqelərini, fərdi cizgilərini bacarıqla rəsm etmişdir. Nəticədə “Atabəylər” mənzum tarixi dramı həm də xarakterlər dramı kimi yadda qalır.

Şeirdə əsasən kövrək, həzin, incə, lirik duyğuları tərənnüm edən Nəriman Həsənzadə dramaturgiyada sərt, mürəkkəb, ciddi mətləbləri və xarakterləri ifadə edərək həyatın, ictimai-siyasi mühitin görünən və görünməyən qatlarını açan sənətkar kimi diqqəti cəlb edir. Doğrudur, belə məqamlarda şairin vətəndaşlıq lirikasındakı ciddi fikir və ideyalarla səsləşən tezislərin, cizgilərin dram əsərlərində daha da inkişaf etdirilməsini, şeirdən drama qədərki təkamül proseslərini izləmək mümkündür. Bununla belə, Nəriman Həsənzadənin dramaturgiyasında, xüsusən, “Bütün Şərq bilsin” və “Atabəylər” dramlarında əksini tapan vətəndaşlıq motivləri şeirlərindəki oxşar məqamlarla müqayisədə necə deyərlər, bir neçə oktava yuxarıdır. Təzadlı hadisələrdən, saray intriqalarından, “İsfahan qütbü” və Atabəylər xanədanı çəkişmələrindən yaranan faciələr yekun qənaətlər kimi müəllifə “Vətəni birliyə çağırmaq”, ölkə üçün qılıncın və sənətin birliyinin hikmətini açmaq, milli şüurun oyanışının zəruriliyini diqtə etmək mənasında tutarlı vasitəyə çevrilmişdir. Təxminən otuz il əvvəl, fərqli ictimai quruluş zamanı yazılmış və “Atabəylər” tamaşasının yekun müddəası kimi düşünülmüş aşağıdakı misralar indiki dövrümüz üçün də (sabah üçün də) aktualdır:

 

Millətin şüuru oyansın gərək,

Qorusun vətəni göz bəbəyi tək.

 

“Atabəylər” mənzum tarixi dramı cəmiyyətin əsas təbəqələrini əhatə edən milli birlik ideyasının uğurlu tamaşasıdır. Bu əsər Azərbaycan ədəbiyyatının və milli teatrın böyük nailiyyətidir.

Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” mənzum dramı (1997) da tarixə müasirlik işığında bədii yanaşma əsasında meydana çıxmışdır. Əsərdə bizim eradan əvvəlki birinci əsrdə Roma sərkərdəsi Pompeyin Qafqaza yürüşü əsasında Qafqazda, o cümlədən Azərbaycan Albaniyasında gedən ictimai-tarixi proseslər öz əksini tapmışdır. Ümumiyyətlə, Nəriman Həsənzadə mövzu etibarilə Azərbaycan poeziyasının və dramaturgiyasının üfüqlərini geniş mənada Qafqaza qədər yüksəltmişdir. Şair “Zümrüd quşu” poemasında görkəmli rus şairi Aleksandr Puşkinin Qafqaz-Ərzurum səfərinin fonunda Qafqazın azadlıq ruhunu böyük ilhamla təsvir etmişdir. O, 1995-ci ildə yazdığı “Qafqaz” adlı lirik poeması ilə Azərbaycan poeziyasının bənzərsiz Qafqaznaməsini yaratmışdır. Haqqında çox yazılmasına baxmayaraq, Nəriman Həsənzadənin “Qafqaz” poeması Qafqazın yeni və təkrarsız bədii obrazı kimi yadda qalır:

 

Qafqaz mənim əcdadımın vətənidi,

Əzabımın, fəryadımın vətənidi,

Ölənimin, itənimin vətənidi.

Qafqaz mənim vətənimin vətənidi.

Tarixini xışla yazdı torpaq üstə,

Ağ çalmalı bir əsgərdi

ulu Qafqaz,

Dayanıbdı ayaq üstə.

Sancılıbdı bayraq kimi

Dağ-dağ üstə.

...İskəndərdən üzü bəri,

Pompeylərin, sezarların

ayağının izü bəri.

Neçə dilin bir əzbəri.

...Qafqaz boyda

daşıdılar Qafqaz, səni,

Xəzər səni, Kürüm səni, Araz səni.

Sonra sərhəd,

sonra sərhəd dirəkləri

Bu da Qafqaz hakiminin

Qafqazdakı şah əsəri.

 

“Qafqaz” poeması “Pompeyin Qafqaza yürüşü” mənzum tarixi dramının proloqu təsiri bağışlayır. Nəriman Nəsənzadənin şeirində də, dramaturgiyasında da Qafqazın mənəvi zənginliyi və ucalığı yaşayır. “Pompeyin Qafqaza yürüşü” əsəri həmin mənəvi zənginliyin və ucalığın dramatik cəhətdən bədii təsdiqindən ibarətdir. Əsərdə əsas hadisələr canlandırılmazdan əvvəl Qafqaza ümumi poetik nəzər salınır, buranın əzəməti və mahiyyəti diqqət mərkəzinə çəkilir:

 

Qaf dağı... Esxilin yazdığı əsər,

Burda Prometeyi zəncirləyiblər.

Mələklər, iblislər burda görünür,

Burda qar ərimir,

qara qurd düşür.

Deyirlər qədimdən burda yer yanır,

Torpaq buxarlanır, su alovlanır.

 

Ölkəsindən qaçaraq Kolxida knyazlığında sığınacaq tapmış hökmdar Murdatı ələ keçirmək üçün Roma sərkərdəsi Pompeyin Azərbaycan Albaniyası ərazisindən keçərək hərbi yürüş etmək niyyətinin axarında yadelli işğalçı və vətənpərvər xalq motivi əsərin ana xəttini təşkil edir. Alban çarı Uruzun müdrikliyi hökmdar və xalq probleminin səhnə təcəssümü üçün geniş meydan açmışdır. Nəriman Həsənzadə Çar Uruzun simasında utopik ideal hökmdarı deyil, real, gerçək, xalqa və torpağa bağlı vətənsevər ölkə başçısı obrazını yaratmışdır. “Qafqazın qartalı” adlandırılan İberiya knyazı Çar Aştakla Alban hökmdarının möhkəm və etibarlı ittifaqının Azərbaycan və Gürcüstan xalqlarının birliyi və müttəfiqliyinin möhkəm bünövrəsini təşkil etməsi ideyası Nəriman Həsənzadənin ümumi Qafqaz evi baxışlarının əsasında dayanır. Hələ eradan əvvəl Ermənistan çarı ikinci Tiqranın Qafqazın birliyi düşüncəsindən çox uzaq olub, saxta “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək yolunda ikiüzlü və məkrli siyasət yeritməsinin ön mövqeyə çəkilməsi erməni xislətinin tarixi genezisini aydın təsəvvür etməyə şərait yaradır. Oğul şahzadə Tiqranın hakimiyyətə yiyələnmək baxımından öz atasına xəyanətkar mövqedə dayanması ilə bağlı məqamların səhnəyə çıxarılması uydurma “Böyük Ermənistan” ideyasının da mahiyyətində hakimiyyət maraqlarının üstünlük təşkil etdiyini tamaşaçıya çatdırmaq üçün tarixdən alınaraq ədəbiyyata gətirilmiş real hadisələrdir.

“Pompeyin Qafqaza yürüşü” tarixi dramındakı Məlikə Aydan ana obrazı müdrik, mütəfəkkir Azərbaycan qadınlarının mənəvi simasını dolğun şəkildə ümumiləşdirir. Alban çarının anası olan Məlikə Aydan geniş mənada dövlət başçısı səviyyəsində düşünməyi bacaran, ölkə üçün ağıllı və qəhrəman hökmdarlar tərbiyə edib yetişdirə bilən vətənpərvər Ana kimi mənsub olduğu xalqın da ucalığını və uzaqgörənliyini ifadə edir:

 

İçindən yeməsə qurd bir ağacı,

Min il ömr eləyər dəmir ağacı.

Keçib ehtiyatla dağdan, qayadan,

Düz yola çıxanda yıxılır insan.

...Düşmən yarasının

bir qəmi yoxdu,

Vətən yaralansa,

məlhəmi yoxdu.

 

“Atabəylər” dramındakı mürəkkəb, məkrli İnanc xatun obrazı və “Pompeyin Qafqaza yürüşü” əsərindəki ağıllı, müdrik Məlikə Aydan surəti Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi hərtərəfli şəkildə işlənmiş, bütün qütbləri ilə təqdim edilmiş orijinal qadın obrazlarıdır. Eyni zamanda, “Atabəylər”dəki Gülaçar və “Pompeyin Qafqaza yürüşü”ndəki İlkcan dramatik obrazlar olmaqla yanaşı, taleyi və xarakteri etibarilə lirizmi ilə yadda qalan qadın obrazları kimi də diqqəti cəlb edirlər.

Bütövlükdə “Pompeyin Qafqaza yürüşü” mənzum tarixi dramı Şərq müdrikliyinin işığında xeyirin qələbə çalacağına inam hissi ilə tamamlanır. Həmçinin Nəriman Həsənzadə əsər boyu işğalçılığın, namərdliyin heç vaxt qələbə çala bilməyəcəyini də bədii cəhətdən əsaslandırır. Müəllif Qafqazın mənəvi zənginliyini və ucalığının Qərbin qılıncından daha kəskin və uzunömürlü olduğunu da göstərə bilir.

Nəriman Həsənzadənin “Midiya sarayı” dramı geniş yayılmış Astiaq əsatirinin dram formasına salınmış, səhnələşdirilmiş şəklidir. Əsərdə hakimiyyət çəkişmələri, xəyanətin acı aqibəti, mənəvi iflasa məhkumluğu ideyası təlqin olunur. Saray həyatından bəhs etməsi, qarşı tərəflərin gərgin dramatik çəkişmələrinin göstərilməsi, şər notlarının qabarıqlığı “Midiya sarayı” əsərinin Nəriman Həsənzadəni digər dramlarına yaxınlaşdırır. Lakin yaxın, oxşar mövzuda qələmə alınmasına baxmayaraq, Nəriman Həsənzadə məsələyə fərqli bucaqdan baxmağı bacarmışdır. Bu əsərdə xəyanət kimi təqdim olunan hədisənin mahiyyətində əslində saraylarda anlaşılması çətin olan insani bir münasibət də vardır... Bununla belə, fikrimizcə, “Midiya sarayı” əsəri natamamdır, bitməmişdir.

Göründüyü kimi, xalq şairi Nəriman Həsənzadə Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə zənginləşdirmişdir. XX əsrin axırlarında Azərbaycan ədəbiyyatında mənzum dramaturgiya ənənəsinin yaşadılması və inkişaf etdirilməsi Nəriman Həsənzadənin mühüm ədəbi xidmətidir. Onun dramatik xüsusiyyətləri ilə seçilən mənzum dramları şeiriyyət baxımından da kamil əsərlərdir. Bu əsərlərdə mənzum dram olmaq naminə şeirin formal tələblərinə əməl etmək meyli görünmür. Əksinə, Nəriman Həsənzadənin mənzum dramları Azərbaycan poeziyasının da nailiyyəti sayıla bilər. Bu əsərlər mənzum dram canrının yüksək tələblərinə tam cavab verir.

Tarixi mövzuları əhatə etməsi Nəriman Həsənzadənin mənzum dramlarının özünəməxsusluğunu, fərqli səciyyəvi xüsusiyyətlərini müəyyən edir. Dramlarından görünür ki, Nəriman Həsənzadə tarixi mövzuda əsərlər yazmaq üçün doktorluq dissertasiyası, yaxud ciddi bir monoqrafiya hazırlayan tədqiqatçılar qədər, hətta bəlkə bir qədər də artıq mənbələrlə tanış olmuş, araşdırmalar aparmışdır. Lakin o, tarixi proseslərə və şəxsiyyətlərə münasibətdə baş vermiş hadisələri vəznə və qafiyəyə salmaqla işi bitmiş hesab etməmişdir. Bu əsərlərdə tarixin axarını qorumaq şərti ilə bədii təxəyyülün geniş imkanları aydın şəkildə diqqəti cəlb edir. Tarixilik və elmilik bədii məqsədin, sənətkar ideyasının ərsəyə gətirilməsi və inkişaf etdirilməsi üçün istinad edilən mənbə funksiyasını həyata keçirir. Tarixə bədii yanaşma hətta seçilmiş mövzuya bəlli bir səviyyədə bələd olan oxucunun və ya tamaşaçının da həmin dövrün hadisələrinə və şəxsiyyətlərinə dair təsəvvürlərini dərinləşdirməyə, genişləndirməyə xidmət edə bilir. Bundan başqa, tarixi mövzuya bədii yanaşma xalq şairi Nəriman Həsənzadə üçün sadəcə və qətiyyən ədəbi yaradıcılığın qayda-qanunları çərçivəsində olub keçənləri yada salmaq, bərpa etmək, çatdırmaq mənalarını daşımaqla bitmir. Bədii yanaşma geniş mənada Nəriman Həsənzadənin tarixlə müasir dövr arasında körpü yaratmaq, müasirlərinə yeni və ibrətamiz söz demək məqsədinin həllinə meydan açır. Və xalq şairi Nəriman Həsənzadə tarixdən bu günə çatdırılması zəruri və əhəmiyyətli olan sözü ən yüksək bədii səviyyədə və müasirlik işığında ifadə etməyin böyük ustasıdır.

 

 

İSA HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.18-19.