Əmin-amanlıq şəhəri Bağdad  

 

BEYNƏLXALQ İRAQ KİNO FESTİVALI İLƏ BAĞLI TƏƏSSÜRATLAR

 

Bağdad təxəyyülümə ilk əvvəl şosse yolu boyu səf-səf düzülmüş xurma ağaclarıyla sığal çəkdi. Onlar sanki ağac deyil, uzun gövdəli çiçəklər idilər; tək-tək sancılmışdılar şəhərin içinə gedən yol üzərindəki torpağa. Bəs deyirdilər şəhər yaman gündədir. Bu fikir ağlıma gələn andaca yadıma düşdü məktəb dərsliklərimizdəki bomba partlayışını anlatmaq üçün verilən şəkillər. O şəkillərlə xurma ağacının quruluşunda bənzərlik gördüm. Hə, onlar belə idilər: bir nöqtədən çıxan partlayış sonra uzun şüalar ilə ətrafa yayılır. Bağdadın gülüzlü xurma ağacları pıçıltıyla yadıma saldı partlayışlar haqqında o biliklərimi və mən onlarla pıçhapıça başladım: “Bilirsiniz”, dedim “məni evdən Bağdada gəlməyə qoymurdular. Deyirdilər ağlın çaşıb, hər gün partlayışlar olur orda,necə yəni kino festival. Onların bu parta-partda festival keçirəcəkləri mümkünmüdür”. Ancaq mən Şərqin “Min bir gecə” nağıllarından xəyallarımda yaşatdığım Bağdadı sevirdim. O nağılların yaranma səbəbi Şəhrizadla bağlı idi. O Şəhrizad ki, Vətən qızlarının həyatını xilas etmək üçün Şəhriyar şahın cəzasından qorxmayıb fədakarlıq göstərmiş və Allahın köməyi ilə məqsədinə çatmışdı. Bu gün isə mən Şəhrizadın “Min bir gecə”də əmin-amanlıq şəhəri adlandırdığı Bağdaddayam. Məqsədim yer üzündə əmin-amanlıq naminə Şərq kinosunu yaşatmaq arzusunda olan İraq kinematoqrafçılarının səsinə səs verməkdir. Axı, mən də şərqliyəm. Şəhrizadın özü olmasam belə, şərqliliyimin varlığı yolunda fədakarlıq yaxındır ruhuma.

Bağdada gələn yolda İstanbul aeroportunda Bağdad reysinə uçuşu gözlərkən, gözləmə salonunda bir amerikalı zabitlə tanış oldum. O dedi ki, Kiprdən gəlir, Delfidən. 61 yaşlı Mister Qunderson ixtisasca hüquqşünas idi. O da Bağdada gedirdi. Ehtiyatda olan bu zabit Bağdad aeroportunda işlədiyini dedi. Ən maraqlısı isə onun mənə danışdıqları oldu. Dedi ki, Delfiyə oranın məbədgahını ziyarətə getmişdi. İnsanlar hələ lap qədimdən müdriklik axtarışında olublar, məbədgah da insanlara bu yolda xidmət göstərib. Zabit dedi ki, ümumiyyətlə, müdriklik axtaran insanların tarixi ilə bağlı tədqiqat aparır. Beləliklə, o bilmədi ki, mənim Bağdad səfərimin yazıya çevriləcək səhifələrində ən vacib bir obraza çevrildi öz maraqlı söhbətiylə – müdriklik tarixini araşdıran amerikalı zabit, Bağdada uçan amerikalı zabit.

Kino ideologiyadır, sehrdir, yoxsa nədir? Əslində o hər şey ola bilər. Bakıda ərəb şeyxlərinin birinə ölkələrinin kinosu haqqında sual edəndə əvvəl o “bizdə kino yoxdur”, sonra da “zarafat edirəm” demişdi. Bu gün dünyaya öz möcüzələri ilə səs salan müsəlman dünyası haqqında, xüsusi ilə Dubayda ucaldılan dünyanın ən heyrətamiz mehmanxanası, ən gözəl fəvvarəsilə bağlı xəbərləri eşidəndə “bəs nə vaxt ən bahalı film çəkiləcək” deyə fikirləşirəm. Bəli, məhz ən bahalı film.Çünkü kino həm də sənayedir. Vaxtilə ölkəmizdə kinematoqrafçılarımızdan biri şeyxlərlə əl-ələ kino sənayesi qurmaq arzusu ilə çıxış edəndə onun bu ideyası yad qarşılandı. Axı, niyə də yox. Varlı şeyxlər dünyanın ən güclü silahını yaratmaq niyyətindən kənardırlarsa, bu ideyalogiya kinoda ən ali mərtəbədən dünyaya çatdırıla bilər. Müdrik Şərq bunu bilmirmi?...

Budur, İraq dövləti ölkəsində nisbi əmin-amanlıq yaranmasını keçirtdiyi kinofestivalla qeyd edir. Dəvət olunmuş qonşu ölkələrdən yalnız İran və Türkiyə festivala qatılıb. Görünür, digər qonşu ölkələr hələ də İraqdakı əmin-amanlıqdan şübhəlidir. İran festivala tək kinosu ilə deyil, həm də özünün rəsmilərilə təşrif buyurub – İranın mədəniyyət nazirinin müavini Ağayi Cavad Şəməqhdari və məşhur Fəcr Kino Festivalının direktoru Ağayi Əhməd Miralayi. Mədəniyyət nazirinin müavini həm də kinorejissordur. Öyrəndim ki, prezident Əhmədinejatın fəaliyyətilə bağlı dəyərli sənədli film çəkən sənətkar kimi tanınır ölkəsində. İran kinematoqrafçıları özlərinin həm ən bahalı film olan “Təxti Süleyman”, həm də tamaşaçısı ilə yeni kino dilində danışmaq istəyən gənc kinorejissor Nader Mehdinin “Əlvida Bağdad” və İran-İraq müharibəsi mövzusunda “Onuncu günün İraq axşamı” filmlərilə qatılmışdılar festivala. Ən bahalı film, eksperimental kino, kütlələri sadə bir dillə ideoloji cəhətdən səfərbər edən şüar-film. Bu 3 şərtlə festivala qatılan İran kinematoqrafçıları layiqli qiymətləndirildilər. Ən bahalı film deyəndə bunu festivalda eşitdiyim pıçıltılara əsasən qeyd edirəm. Çünkü islam ölkələri kinematoqrafçıları filmlərinə külli miqdarda sərmayə qoyulması faktıyla tez-tez üzləşmirlər. Özləri də tez-tez “Çox əfsus ki, müsəlmanlar kinolarına sərmayə qoymaq həvəsində olmurlar” deyə şikayətlənirlər. İran kinematoqrafçılarına isə bu müyəssər olur. Təbii ki, səmərəsini də görürlər. Dünya kinosunda dəsti-xəttləri var? Var. Elə İraq kino festivalının da ən yüksək (19 min dollar) mükafatı “Təxti Süleyman”a verildi. Filmin rejissoru Şəhriyar Bəhrami 1951-ci ildə Tehranda doğulub, kino təhsilini isə Londonda alıb. Onun “Müqəddəs Mariya” serialı bizim televiziya ilə göstərilib.Özünün ilk bədii filmi “Mehab”ı o 1989-cu ildə çəkib. Öyrəndim ki, “Təxti Süleyman” filmi Bakıda keçiriləcək Şərq-Qərb Kino Festivalına da dəvətlidir. Film adından göründüyü kimi, Süleyman peyğəmbərin Quranımızdakı obrazından qaynaqlanıb. Bu gün qorxulu, dəhşət filmlərilə bağlı biliklərimiz daha çox Qərbin qaniçən vampirlərindən bəhs edən filmlərindən gəlir. “Təxti Süleyman”da da bir-birilərinin qanını içən, ətini yeyən adamları görəndə Qərb kinosunun vampirləri canlandı gözüm önündə. “Min bir gecə” nağıllarının tədqiqatçıları onu Bağdad, Misir, İran və Hind hekayələri adı altında qruplaşdırarkən div, pəri iştirak edən nağılların İran xalqlarına aid olduğunu göstərirlər. Dediyim odur ki, Şərqdə dəhşət, qorxu obrazları daha qədimdir. Qeyd edim ki, İran kinematoqrafçıları Süleyman peyğəmbərin divlərlə bağlı əfsanəsini Azərbaycan kinematoqrafçıları ilə müşrərək olaraq müstəqillik qazandığımız ilk illərdə “Divlər zindanı” filmi ilə ekranlaşdırsalar da, bugünə kimi filmi görə bilməmişik. Bu versiyada isə Ərdəbildə bir dağ olduğu bildirilir, Süleyman peyğəmbər şər, xəta yayan divləri dustaq edib orada saxlayır. Dünya ayıq olmalıdır ki, divlər o zindandan çıxıb qaçmasın. Filmdə baş rolda xalq artistlərindən Həmidə xanım Ömərova, Rasim Balayev çəkilsə də, bugünə kimi filmin səsləndirilməsi problemi həllini tapmadığına görə, film ekranlara çıxmayıb. Bu xüsusda mən Fəcr festivalınnın direktoru ilə söhbət etdim, o məndən Həmidə xanıma salamlarını çatdırmağımı xahiş etdi.

İran kinematoqrafçılarının digər bir filmi də yüksək mükafat aldı. “Əlvida Bağdad” adlanan bu film özünə məxsus kino dili ilə diqqəti cəlb etdi. Filmdə görünən hər şeyin – havanın, torpağın, əqrəbin tamaşaçısı ilə dialoq qura bilmək bacarığı kino dili semantikasının sonsuz olduğunu nümayiş etdirirdi. Ən əsası isə müharibəyə nifrət İraqdakı Amerika əsgərinin taleyi fonunda verilmişdi. “Mənə toxunma” deyən İraq gəncinin bağırtısı isə filmdə çoxmənalı bir “sos” kimi səslənirdi. Kinorejiessor, prodüsser, redaktor, ssenarist – filmin gənc rejissoru Mehdi Naderi bütün bu istedadları özündə cəmləşdirən İran kinematoqrafçısı idi. Əslində, o özü də mənim nəzərimə bir kino obrazı olaraq həkk olundu. Səhnədə verilən mükafatı o, əziz bir övladı kimi dodaqlarına yapışdırıb bərk-bərk öpərkən onun İraq xalqına uğurlu gələcək arzularının alovundan qığılcım yayıldı ətrafa.

İran-İraq müharibəsi. İran kinematoqrafçılarının bu faciə ilə bağlı onlarla filminə baxmışam. Kinorejissor Moştaba Raeinin “Onuncu günün İraq axşamı” filmi bu silsilədən xoşbəxt sonluğu ilə diqqəti cəlb etdi. Filmin qəhrəmanı, müharibə zamanı itkin düşən iranlı qıza bu müharibə iki ana bəxş edir. Ananın biri onu dünyaya gətirən iranlı ana, digəri isə itkin düşən gündən ona elə beşikdəcə yiyə duran iraqlı ana. Əslində İran-İraq müharibəsinin ağrı-acısını dadan bu iki qonşu xalq üçün belə bir sonluq tək bədii təxəyyülün kəşf etdiyi sonluq deyil, həm də reallığın məntiqi nəticəsidir. Elə festivalda da bu, aydın görünürdü.

Yenə də “Min bir gecə”yə qayıtmaq istərdim. 413-cü gecədə Şəhrizad Şəhriyara “Müsəlman qızla xaçpərəst qızın nağılı”nı danışır. Bu mövzuda bir nağılı da festivala türk kinematoqrafçıları gətirmişdilər. “Min bir gecə”dən bu yana bədii təfəkkür sahiblərinin qəlb parçalayan belə nağılları bəzi siyasətçilərə gələcək dünyanı xaçpərəst və müsəlmanlar arasında hərb meydanına çevirə bilməyəcəklərinə bir messaj idi məncə; qəlbin duyduqlarını ağıl sonra dərk edir.

İraq festivalının ən mötəbər qonağı İraqın məşhur aktyoru əslən kürd olan Ömər Çauşin idi. O, İspaniyadan yenicə qayıtmışdı, festivalın “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafatlanmışdı.71 yaşlı bu aktyor mənə gənclik şəkillərini göstərdi. Şəkillərdən gözəl zərif bir qız baxırdı. Çauşun dedi ki, o, gənclikdə qadın rollarını ifa edib.

Ümumiyyətlə müharibə festivalda prioritet təşkil edən mövzu idi. “Babilistan oğlu” filmi ilə açılan İraq Film Festivalı bu xüsusda öz məramını açıq elan etdi. Bəli, övladlarını müharibə alovlarında itirən anaların dərdi bitməyəcək. Səddam Hüseyn müsibətində bala dərdli başı çadralı qadınların axıtdığı göz yaşları gözümdə gilələləndə, festival bitər-bitməz Bağdadın 3 saatlığında yerləşən müqəddəs Kərbalaya ziyarət etməmiş Vətənə qayıtmayacağımı qət etdim. Kərbalaya Məhərrəm ayının ikinci günü ziyarət etdiyim üçün Kərbala müsibətinə yas tutan cəmi qadınların səslərinə səs verib ağladım mən də. Bağdada qədəm qoyanda bu ağlar gözlü ana-bacılarla mənim ilk tanışlığım “Babilistan oğlu” filmindən başlamışdı.

“Təpik vur” filminin qəhrəmanları isə futbol oynamaq arzusunda olan uşaqlar və qəlblərində uşaq saflığı yaşadan gənclər idi. Ancaq nə əfsus ki, onların həyatı zindan həyatıdır. Ən adi sevincləri belə əllərindən alınan bu insanların dərdi yenə də başları üzərindəki varlıqdan gizli deyil. Filmin rejissoru bu xüsusda, məhz yerlə göy arasında ucsuz-bucaqsız görünən bir məkanda, stadionda yerləşdirmişdi öz qəhrəmanlarını. Şövkət Əmin Korkinin bu filmi onun bədii kinoda ikinci işi idi.

Beynəlxalq İraq Kino Festivalı 3 qonşu ölkə kinematoqrafçılarının iştirakı ilə məhdudlaşsa da, şəxsən mən bu festivala dünyanın ən məşhur beynəlxalq kinofestivallarından daha çox önəm verirəm. Çünkü burda qəlb yaralarını kinonun sehrilə sağaltmaq istəyən kinematoqrafçılar gördüm. İraqlı kino cəngavərlərini. Özü də onların bunu təklikdə deyil, xalqı, qonşuları ətraflarında cəm edib hamılıqla etmək istədiklərinin şahidi oldum. Festival təşkilatçılarından birinə mənə göstərilən hörmət və izzətə görə necə təşəkkür edəcəyimi bilmədiyimi söyləyəndə o, “Sadəcə, Kərbalada olanda bizim üçün dua edin” dedi. Bəli, İraq kinematoqrafçılarının səksəkəli qəlblərinə Allaha dualar şəfadır bu gün.

Bu il dünya kinosunda İraq faciəsini əks etdirən “Tufanlar hökmdarı” adlı Hollivud filmi “Oskar”larla mükafatlanaraq ilin “Ən yaxşı film”i seçildi. Arzu edərdim ki, İraq öz dərdindən öz kinosunun diliylə söz aça bilsin dünyaya. Çünkü “Min bir gecə” nağıllarının qədim Bağdadı min bir zülm görən müasir dünyanın Bağdadıdır. O, İraq kinematoqrafçıların gözlərindən uzaq, könüllərindən iraq ola bilməz heç vaxt.

 

 

Sədaqət KAMAL

 

525-ci qəzet.- 2011.- 15 yanvar.- S.16.