Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin 2010-cu
illə bağlı hesabatı təqdim olunub
Dünən Təhsil Nazirliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu il ərzində görülən işlərə dair hesabat iclası keçirilib. İclasda təhsil naziri Misir Mərdanov, nazir müavinləri və Təhsil Nazirliyinin mərkəzi aparıtının struktur bölmələrinin müdir və əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, 2008-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq olunub. Dövlət Proqramı idarə etmək məqsədi ilə Təhsil Nazirliyi nəzdində təssərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi yaradılıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 3 əsas şöbədən ibarətdir, Texniki xidmət, ekspertiza və telekomunikasiya şöbəsi, Treninq və monitorinq şöbəsi, Elektron və Veb Məzmunun İnkişafı şöbəsi. Onun sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində İKT-nin səmərəli tətbiqi, istifadəsi, vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil alma imkanlarının təmin edilməsi, Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyası, Təhsil sistemində İKT infrastrukturunun inkişafıdır. Proqramın əsas vəzifələri təhsil sistemində Elektron idarəetmə, elektron təhsilin tətbiqi, müəllimlərin İKT bacarıqlarının artırılması və normativ – hüquqi bazanın təkmilləşdirilməsidir. S.Məmmədov deyib ki, ötən il şöbə tərəfindən kompüter sinifləri, müəllimlər və direktor otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb, ADSL2+ şəbəkə avadanlığı quraşdırılıb, ümumilikdə 1000 təhsil müəssisəsində İnternet və İntranet şəbəkəsi qoşulub, bunlardan 10 ali təhsil və 100 yaxin orta və texniki-peşə təhsil müəssisələridir. Təhsil şəbəkəsinin davamlı monitorinqi, təhlükələrdən qorunma sistemi (EduCERT) və zərərli məzmundan qorunması sistemi yaradılıb, Məlumat və Resurs Mərkəzində korporativ şəbəkə üçün interaktiv media məzmunun server platforması, interaktiv serveri, video portal serveri, interaktiv media sistemi quraşdırılıb, ölkənin “Elektron Məktəb” layihəsində iştirak edən 9 pilot təhsil müəssisəsində və 1 Universitetində 10 ədəd Tandberg video avadanlıqları, 6 ədəd şəbəkə interaktiv media dəsti (kamera və mikrafon), 6 ədəd proyektor, 2 ədəd tavandan proyektor asma qurğusu ilə təmin edilib. Təhsil müəssisələri 2031 ədəd kompüter, 602 ədəd noutbuk, 2077 ədəd netbuk, 603 ədəd proyektor, 30 ədəd çap qurğusu, 612 ADSL modem, 563 switch və 112 IP telefon və digər İKT avadanlıqları ilə təchiz olunub. Bütün orta məktəb kompüterləri lisenziyalı proqram təminatı ilə təchiz olunub. Kompüterlərin 30 faizinə antivirus programları yüklənib. Təhsil müəssisələrində İKT avadanlığına texniki dəstək göstərilməsi məqsədilə Məlumat və Resurs Mərkəzində bütün server, şəbəkə avadanlığı, infrastrukturun, köməkçi sistemlərin fasiləsiz işləməsinin təmin edilməsi, yedək parçaların daim saxlanması üçün 7 ay ərzində resurs mərkəzində texniki dəstək xidməti təmin olunub, Bakının orta məktəblərindən götürülmüş 97 dəst kompüter avadanlığının modernləşdirilməsi məqsədilə texniki diaqnostikası aparılmış, kompüterlərin əməliyyat sistemləri yeniləşdirilib. Çatışmayan və nasaz hissələr yenisi ilə əvəz edilərək Rayon Təhsil şöbələrinə çatdırılmış və 4 sinifdə quraşdırılıb, 500 yeni məktəblərdəki 5000 ədəd kompüterlərin Data Mərkəzdəki serverlərlə Domain sisteminə qoşulub. Ümumilikdə 15 000 ədəd kompyuter Data Mərkəzdəki serverlərlə Domain sisteminə qoşulub. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Qaynar Xətt, Şəbəkə İdarəetmə və Təhlükəsizliyi mərkəzlərinin avadanlığının işlək vəziyyətdə saxlanması üçün 8 ay ərzində texniki dəstək xidmətləri göstərilib, 146 nömrəli Qaynar Xətt xidmətində 2000-dən çox zəng qəbul edilib, müvafiq texniki xidmətlər göstərilib. Onun dediyinə görə, ötən il şöbə tərəfindən Təhsil sistemində Elektron idarəetmə sahəsində də mühüm işlər görülüb. Təhsil Portalı yeni dizayında tərtib olunub, Elektron Məktəb İdarəetmə Proqramı yenilənib, valideyn nəzarəti daha da asanlaşdırılıb, elektron məktəblər haqqında ayrılıqda məlumatlar yerləşdirilib, məlumatların onlayn rejimdə Milli Təhsil Məlumat bazasına daxil olunması təmin edilib, məktəb daxili idarəetmə sistemi yaradılıb. Məktəb rəhbərliyi bu proqram vasitəsilə hər bir şagirdin davamiyyətini, müəllimin iş yükünü, sinifin dərs cədvəlinı və jurnalını, digər mühüm məlumatları əldə edə bilər. Müəllimlərin proqram vasitəsilə Elektron jurnala qiymət yazmaq, mövzuları və ev tapşırıqlarını daxil etmək, öz dərs cədvəli ilə tanış olmaq imkanı yaradılıb. Əlavə 7 təhsil müəssisəsində “Elektron Məktəb” pilot layihəsinin tətbiqinə başlanılıb. “Elektron Məktəb” layihəsinə yeni əlavə edilib təhsil müəssisələrində İP telefoniya sistemi qurulub, İnternet və İntranet şəbəkəsi çəkilib, Elektron Dərsləri İdarəetmə proqramı və Elektron Məktəb İdarəetmə Proqramı tətbiq edilib, hər məktəb üçün – Elektron Jurnal, Elektron cədvəl, müəllimlər üçün resurs idarə etmə platforması, məktəb bazası yaradılıb: “2009-2010-cu tədris ilindən müəllimlərin işə qəbulu sahəsində elektron vasitələrdən istifadəni nəzərdə tutan yeni mexanizm tətbiq edilməyə başlanılıb, 2010-2011-ci dərs ilində ölkə üzrə müəllimlərin işə qəbulu xüsusi proqram təminatı vasitəsilə həyata keçirilmiş, 287 vakant yerə 5000 elektron ərizə qəbul olunmuş, proqram vasitəsilə ilkin qiymətləndirmə aparılıb,1800 müəllim mərkəzləşmiş şəbəkə vasitəsilə imtahana cəlb edilib. Proqram təminatı vasitəsilə imtahan nəticələri qiymətləndirilmiş və yekun nəticə üzrə yerləşdirmə aparılıb: “Ötən il Məsafədən Təhsili inkişaf etdirmək məqsədi ilə 219 nömrəli orta məktəbdə “Elektron Təlimləndirən Sistemlər” layihəsinə başlanılmışdır. Layihənin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqların distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Ötən il müəllimlərin İKT bacarığının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Motivasiyası sisteminin inkişaf etdirilməsi məqsədi ilə müəllim və şagirdlər arasında mütəmadi müsabiqələr keçirilib. “Elm, Təhsil, İnformasiya Texnologiyaları” Festivalı, “İnnovativ Müəllimlər” Müsabiqəsi, “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Elektron Təhsil” Respublika müsabiqəsi təşkil olunub. Məlumat üçün bildirim ki, “Elektron Təhsil” Respublika müsabiqəsinə ötən il təhsil nazirinin əmri əsasında başlanılıb və hər il keçirilməsi nəzərdə tutulur. Müsabiqə bu il 2 əsas istiqamət və 5 nominasiya üzrə təşkil olunub. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə, fənlərin tədrisində İKT-dən istifadə üzrə ən yaxşı metodika, ibtidai təhsil sistemində İKT-dən istifadə üzrə ən yaxşı metodika, elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli, “Təhsildə İnternet texnologiyaları” istiqaməti üzrə. Müsabiqə yekununda 810 elektron resurs bazasının arxivi formalaşıb. Həyata keçirilən müvafiq tədbirlərə baxmayaraq bu sahədə hələ də müəyyən problemlər mövcuddur. Belə ki, rayon və kənd yerlərində müəllimlərin kompüter bacarıqları olduqca aşağıdır, bəzi Rayon Təhsil Şöbələri rəhbərlərinin müəllimlərin təlimlərə cəlb edilməsinə məsuliyyətsiz yanaşır, Rayon Təhsil Şöbələri tərəfindən təlimlərin keçirilməsi üçün normal şəraitə malik olan təlim mərkəzlərinin ayrılmır, pedaqoji kollektivin sayı çox olan rayonlarda Təhsil Şöbələri tərəfindən ikinci təlim mərkəzlərinin açılmasına laqeyd münasibət göstərilir. Rayonlarda müəllimlərin təlimlərdə davamiyyəti aşağıdır. Ötən il təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və servisin təkmilləşdirilməsi qaydalarının, təhsil müəssisələrinin İnternet bağlantısının təşkili, təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi qaydaları, “Elektron məktəb” Layihəsinin tətbiq olunması, təhsil müəssisələrində İnternetdən və trafik kvotalarından istifadə, təhsil müəssisəsi rəhbərlərinin və fənn müəllimlərinin İKT sahəsində bilik, bacarıqlarının artırılması, elektron tədris resurslarının qiymətləndirilməsi şurasının yaradılması, təhsil müəssisələrində İnternetdən istifadənin təşkili, məzmunun süzgəclənməsi, təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət, servisin təkmilləşdirilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Bu il təhsil üzrə İnternet resurslar Kataloqunun, elektron tədris vəsaitlərinin sınaqdan keçirilməsi qaydalarının, elektron resursların qəbulu, təhvil-təslim Aktının (Lisenziyanın), elektron təhsil məzmununun formatları üzrə (şəkil, mətn, audio, video, təqdimat, digər) standartların və normativlərin hazırlanması nəzərdə tutulub”. S.Məmmədov qeyd edib ki, ötən il Türkiyənin İstanbul şəhərində “CeBIT Bilişim Eurasia” beynəlxalq informasiya texnologiyaları sərgisində Təhsil nazirliyini Təhsil Sisteminin İnfomasiyalaşdırılması İdarəsi təmsil edilib. Sərgidə Azərbaycanın Milli Stendində Bakının “Elektron məktəb” layihəsinin iştirakçıları olan 8,7,23 nömrəli orta məktəbləri ilə video-konfrans təşkil olunub. Yaxın gələcəkdə video-mubadilənin Azərbaycan və Türkiyə məktəbləri arasında keçirilməsi üçün ilkin razılıq əldə edilib, “Elektron təhsil” jurnalının xüsusi ingilis versiyası, Dövlət Proqramını fəaliyyətlərini əks etdirən mini disk sərgi iştirakçılarına təqdim olunub. Təhsil Nazirliyi tərəfindən ötən il Bakıda “Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” Beynəlxalq Təhsil Konfransı keçirilib, Konfransın keçirilməsində Təhsil Nazirliyi Heydər Əliyev Fondu, YUNESKO təşkilatı, Microsoft Azərbaycan şirkəti və İntel korporasiyası ilə yaxından əməkdaşlıq edilib. Konfransda 9 ölkədən 22 nəfər xarici qonaq iştirak edib. Konfrans online olaraq www.azedunet.az <http://www.azedunet.az/> satında yayımlanıb. “Bakı Ekspo” sərgi mərkəzində İKT sektorunun ən iri ixtisaslaşdırılmış tədbiri olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı keçirilib. “BakuTel” sərgisinin ekspozisiyası Azərbaycan, İsrail, Çin, Litva, Malayziya, ABŞ, Türkiyə, Qazaxıstan və digər ölkələri də daxil olmaqla ümumilikdə dünyanın 16 ölkəsindən 115 şirkəti bir araya gətirib. Sərgidə Təhsil nazirliyininin Təhsil şəbəkəsi təqdim olunub.
Rəhbəri olduğu idarə tərəfindən görülməsi nəzərdə tutulan işlər haqqında danışan S.Məmmədov qeyd edib ki, idarə bu il Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 500 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli internetə çıxışla təmin edilməsini, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər “Elektron Məktəb” və 23000 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunmasını, Bakı və Sumqayıt şəhərlərinə 2005-ci ildə verilən kompüterlərin 1500 ədədinin modernizasiyası, onların regionlara göndərilməsi, bu təhsil müəssisələrinə götürülmüş kompüterlərin əvəzinə yeni 1500 ədəd kompüterlərin verilməsini, “Elektron Məktəb” Layihəsinə daha 10 məktəbin əlavə olunmasını nəzərdə tutub. Həmçinin müvafiq mikro-maliyyə qurumların cəlb edərək “Bir şagird bir kompüter” layihəsinin əhatə dairəsinin genişləndirilməsini, şəhər, rayonlar üzrə İKT avadanlıq çatışmayan məktəblərin sayını müəyyənləşdirmək üçün monitorinq təşkil etməyi, II “Elektron Təhsil” Respublika Müsabiqəsinin başlanmasını, məsafədən təhsilin inkişaf etdirilməsini, ali təhsil müəsisələri ilə işlərin genişləndirilməsini, Təhsil Nazirliyi nəzdində fəaliyyət gösətərən Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası tərəfindən yeni resursların qiymətləndirilməsi və Təhsil Portalında yerləşdirilməsini planlaşdırır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 15 yanvar.- S.15.