Kitablar arasında yaşanan ömrün
işığı
Bu gün kitabxana bir sosial institut
olaraq cəmiyyətin həyatında hansı müsbət
rolu oynayırsa, bu prosesdə kitabxana əməkdaşlarının,
xüsusən də kitabxanaçı peşəsinin mahiyyətini,
cəmiyyətin müsbət istiqamətdə inkişafına
təsirini anlayan əsl kitabxanaçı kadrların
xüsusi əməyi var. Ziyalılarımızın elm məbədi
adlandırdıqları M.F.Axundov adına Milli Kitabxananın
Sorğu-informasiya xidməti şöbəsinin müdiri
Zemfira Əliyeva da bu vəzifəni ləyaqətlə yerinə
yetirmək üçün öz üzərində yorulmadan
çalışır. O, kollektivin sevilən, hörmət
edilən üzvlərindəndir.
O, 1959-cu il yanvarın 18-də
Odlar Yurdunun sirli-sehrli, nağılabənzər, əslində
isə “həqiqi nağıl” dünyasından, “Şahlar
sarayı”nın, Qız qalasının bina olduğu, Mir
Möhsün Ağa ruhunun dolaşdığı, Tanrı
sevgisi ilə bu günümüzə qədər qorunub
saxlanan Qala şəhərdən – İçərişəhərdən
boylandı dünyaya. Üç bacının
ortancılı olan Zemfira xanım telinə sığal
çəkilə-çəkilə böyüdü,
çox uşaqların əlçatmaz arzusu olan bu “həqiqi
nağıl” dünyasında. Bu gün 50 yaşın pillələrini
xanım-xatın yerişi ilə qalxan Zemfira xanım indi
qayğısız gəncliyini, ərköyün
uşaqlığını da elə o dar dalanlarda, sehrli aləmdə
axtarır.
O, 1979-cu ildə Azərbaycan
Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə
daxil olub, 1984-cü ildə isə həmin ixtisası
kitabxanaşünas-biblioqraf ixtisası üzrə bitirib.
Zemfira xanım 1982-ci ildən M.F.Axundov adına Dövlət
kitabxanasının Komplektləşdirmə şöbəsində
adi kitabxanaçı kimi fəaliyyətə başlasa da,
şöbədə baş kitabxanaçı vəzifəsinə
kimi yüksələ bilib. Hazırda Sorğu-informasiya xidməti
şöbəsinin müdiri vəzifəsində
çalışır. Bu vəzifədə də, gülərüz,
xoşrəftar Zemfira xanım işçilərin rəğbət
və məhəbbətini tezliklə qazanıb. Böyüklərə
övlad, kiçiklərə ana qayğısı ilə
yanaşan Z.Əliyeva uzun illər ərzində
qazandığı bilik və təcrübəni
tabeçiliyində olan hər bir işçi ilə bərabər
bölüşür. Uzun illər boyu kitabxanaya daxil olan
dövri mətbuatın, elmi əsərlərin komplektləşdirilməsi,
abunəsi, qeydiyyatı, uçotu, kartoçkaların baş
və oxucu kataloqunda düzülüşü işi ilə
bilavasitə məşğul olan Zemfira xanım bu gün həmin
nəşrlər üzrə oxucu sorğularını tam,
dolğun şəkildə cavablandırmaqda,
axtarışı vaxt itirmədən tez və dəqiq yerinə
yetirmək işində gənc işçilərə öz
əməyini əsirgəmir. Zemfira xanım son illər
şöbə əməkdaşlarının müxtəlif
istiqamətlərdə tərtib etdikləri biblioqrafik göstəricilərin
tərtibində onlara rəhbərlik etməklə
yanaşı özü də bu işdə fəal
çalışır. Bunlardan kollektivin tərtib etdiyi, ulu
öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir”
çoxcildliyinin ilk 9 cildinə tərtib edilən köməkçi
aparatın ərsəyə gəlməsində yaxından
iştirak edib. Azərbaycan muğamlarına həsr olunmuş
annotasiyalı biblioqrafik göstəricinin muğamla
bağlı rusdilli ədəbiyatın toplanmas və
biblioqrafik qaydada işlənməsinin yekun mərhələsində
olduğunu söyləyən Zemfira xanım qarşıda
oxucu maraqlarına uyğun bir çox işlərində
onları gözlədiyini bildirib. O, kitabxananın təşkil
etdiyi bir çox kursların iştirakçısı olmaqla
bərabər Tədris Mərkəzində də müəllim-trener
kimi fəaliyyət göstərib. Zemfira xanıma
cansağlığı, peşəsinə olan məhəbbətinin
azalmasını arzulayır, eyni zamanda ad günü münasbətilə
kollektivin, xüsusən də şöbənin əməkdaşları
adından təbrik edir, şəxsi həyatda və işində
uğurun onu izləməsini diləyirik. Zemfira xanım, Tanrı
sizin simanızda bütün xeyirxah və əməlisaleh
insanları dünyamız üçün qorusun!
Azadə NOVRUZOVA
525-ci qəzet.- 2011.- 18 yanvar.- S.7.