“Bu hadisə xalqın qəhrəmanlıq səhifəsi idi”

 

SABİQ MİLLƏT VƏKİLİ, TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR CƏMİL HƏSƏNLİ: “1918-ci İL 28 MAY HADİSƏSİNƏ YOL 1918-ci İL MART HADİSƏLƏRİNDƏN KEÇDİSƏ,1991-ci İL MÜSTƏQİLLİYİNƏ YOL 1990-cı İL 20 YANVAR HADİSƏSİNDƏN KEÇDİ”

 

– Cəmil müəllim, yaxın günlərdə 21-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız 20 Yanvar hadisələrində tarixçilər baxımından qaranlıq məqamlar qalıb, ya yox?

 – Əlbəttə, tarix üçün qaranlıq məqamlar dünən də olub, bu gün də var, sabah da olacaq. 20 Yanvar elə hadisələrdəndir ki, onu törədən səbəblər, rəsmiləşdirən sənədlər tarixçilər üçün hələ də bəlli deyil. Bundan başqa bu elə bir hadisə idi ki, təkcə ölkə içində yox, ölkə xaricində də ictimai rəyi buna hazırlamaq lazımıydı. O cümlədən, dünyanın taleyini həll və idarəçiliyində iştirak edən böyük dövlətlərin ictimai fikrini buna hazırlamaq lazım idi. Azərbaycanda islam fundamentalizminin olması, islam dəyərlərinin guya cəmiyyətdə inqilabi bir prosesə çevrildiyini dünyanı inandırmaq gərək idi. Mən əminliklə deyirəm ki, böyük dövlətlərin başçıları 20 Yanvar hadisəsinin olacağından əvvəlcədən xəbərdar idilər, yəni, sovet rəhbərliyi bu böyük hadisə ilə bağlı onları xəbərdar etmişdi. Yanvar hadisələrindən bir neçə gün sonra, səhv etmirəmsə, 26-da Siyasi Büronun iclası oldu. Mixail Qorbaçovun orada bir çıxışı var və o deyir ki, indi Azərbaycanda vəziyyətimiz Almaniyada olduğumuz kimidir. Söhbət hələ o zaman mövcud olan Almaniya Demokratik Respublikasından gedirdi. O deyirdi ki, Almaniyadakı kimi, Azərbaycanda da vəzifəyə gətirilməli adam tapa bilmirik. Bu, bütövlükdə siyasi bir böhran idi. Baxmayaraq ki, bizdən əvvəl Tbilisi və digər hadisələr olmuşdu və dinc əhalinin üzərinə lokal şəkildə ordu yeridilmişdi, amma o hadisələrin heç birinə Sovet İttifaqını çökdürən amil kimi baxmaq olmaz. SSRİ öz varlığına mənəvi cəhətdən Bakıda son qoydu. O zaman Bakı sovet şəhəri idi, küçələrə çıxanlar sovet adamlarıydı, onların üzərinə gələn də sovet ordusuydu. Bu adamlar gözləmirdilər ki, öz ordusu onların üzərinə gələr. Yəni, mənəvi-psixoloji cəhətdən insanlar buna hazır deyildilər. Sovet tankları sovet adamlarının üzərinə yeridi və sovet avtomatlarından açılan güllə, bir respublika çərçivəsində sovet adamlarının sovet quruluşuna olan inamına son qoydu. Bununla da baxmayaraq ki, şəhər sözün tam mənasında işğal edildi, ordu müvəqqəti olaraq qələbə çaldı, bu sovetlərin pir qələbəsi oldu. Bu hadisədən sonra cəmiyyət elə böyük sarsıntılar yaşadı ki, bir daha özünə gələ bilmədi. Bakı hadisələrindən sonra sovetlərin böhranı daha da dərinləşməyə başladı və quruluş dağıldı. Dağılma sürəti elə yüksək oldu ki, onu dağıtmaq istəyən xarici qüvvələr belə sürətə hazır deyildilər. ABŞ-ın yaxın planında SSRİ-nin dağılması yox idi. Onların əsas strateji məqsədi sovetləri zəiflətmək idi. Amma Sovet İttifaqı onların düşündüyündən çox zəif idi və ona görə ilk ciddi böhrandan sonra dağıldı. ABŞ bütün siyasətini SSRİ-nin varlığı üzərində qurmuşdu.

– 20 Yanvar hadisəsindən sonra ilk illərdə tarixçilər deyirdilər ki, bir çox məqamların aydınlaşması üçün zaman lazımdır. Artıq 21 il keçib. Həmin zaman gəlib çatıb, yoxsa, yenə də zaman lazımdır?

 – 21 il keçməsinə baxmayaraq, tarixçilərin həmin hadisəni lazımi dərəcədə qiymətləndirməsi üçün vacib sənədlər açılmayıb. Bu, bəlkə də çox nadir hadisələrdəndir ki, tarixçilər ilk zamanlar bu hadisəyə daha yaxın idilər, nəinki sonra. Ölkə daxilində bu, yeganə hadisə idi ki, əməliyyata birbaşa müdafiə naziri özü rəhbərlik edirdi və Yazov özü Bakıya gəlmişdi. SSRİ daxilində hələ belə bir hadisə olmamışdı ki, müdafiə naziri birbaşa özü hərbi əməliyyat keçirilən əraziyə gəlsin. Normalda hamı bu hadisədən sonra öz evinə girməli idi və şəhidlərin meyitləri ortalıqda qalmalıydı. Bütün proses buna hesablanmışdı. Amma səhəri gün nə oldu? Dəstə-dəstə insanlar partiya-sovet orqanlarının qarşısına axışır və sovetlərin başlıca mənəvi siyasi simvolu olan partiya biletlərini cırıb atırdılar. Əməliyyatın keçirilməsinə sərəncam verən insan haqqında, yəni, Qorbaçov haqqında şəhərin müxtəlif yerlərində “cəllad” deyə yazırdılar, “rədd olsun sovet hökuməti”. Bu, böyük bir tarixi hadisə idi. Xatırlayıram ki, çox adam o zaman çox iş gördü. Şəhidlərin torpağa tapşırılması prosesi isə, şəhərdə o zamana qədər görünməmiş bir izdiham ilə müşayiət olundu. Milyondan artıq insan bu prosesdə iştirak etdi. Deməli, atılan güllələr sovet ideologiyası baxımından hədər getmişdi. Cəmiyyət qorxmadı və diz çökmədi. İnqilabi ideya kütlələrə hakim kəsilmişdi. O zaman biz universitetin bir neçə müəllimi Şüvəlandan tutmuş Yasamala qədər bütün xəstəxanaları gəzdik və yaralıların çoxu ilə görüşüb, hansı şəraitdə yaralandıqları barədə ifadələrini aldıq. Bütün bunları ya diktofona, ya dəftərə qeyd etdik. İnsanlar böyük vətənpərvərlik nümunələri göstərdilər – rejissorlar, operatorlar, kino işçiləri. Onları nəyi bacarırdılarsa, onu da lentə alırdılar. Yadımdadır ki, 1990-cı ilin mart ayında SSRİ xalqlarının qurultayı keçiriləcəkdi və biz də həmin topladığımız materialı, o cümlədən, yaxşı çəkilib, montaj edilmiş kasseti Moskvaya apardıq. O zaman SSRİ xalqlarının Ali Sovetinin qurultayının deputatları Moskva mehmanxanasında yaşayırdılar. Lenti göstərmək çox çətin idi və bizə bu məsələdə Oljas Süleymenov kömək etdi. O həmin mehmanxanada zalın alınması, kinonun nümayiş etdirilməsi məsələsində böyük yardım etdi. O zaman ictimai istintaq komitəsi də var idi və hesab edirəm ki, onlar da çox zəngin materiallar toplamışdılar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, öz materiallarımızın surətini çıxarmamışdıq və onları qurultaya elə də təqdim etdik. Amma bilavasitə Yanvar hadisələrini özündə əks etdirən rəsmi sənədlər hələ də bəlli deyil.

– Yəqin ki, Rusiya arxivlərində bu hadisə ilə bağlı çoxlu sənəd qalar. Necə düşünürsünüz, onların açılması tam mənzərəni aydınlaşdırar?

– Təəssüf ki, Rusiya arxivlərində bu tip sənədlər hələ də açılmayıb və hazırda bu sənədlər Federal Təhlükəsizlik Xidmətinin arxivində yerləşirlər. Böyük mənada SSRİ DTK-nın hazırladığı bir əməliyyat idi. Necə ki, 1988-ci ildə Sumqayıt hadisələrini SSRİ DTK-nın əməkdaşları bilavasitə hazırlamışdılar, 20 yanvar hadisələrini də onlar hazırlamışdılar. Bu hadisə ərəfəsində DTK demək olar ki, bütün şəbəkəsini hərəkətə gətirmişdi. Meydanda dar ağacları qurmaq, islam qaydası ilə edam etmək həmin şəbəkənin hazırladığı bir qurma idi. Və ya yanvarın 19-da Azərbaycan televiziyasının enerju blokunun partladılması hərbi kəşfiyyatın işiydi. O zaman Azərbaycan televiziyası ərazimizdə yeganə telekanal idi və onun vasitəsi ilə əhalini məlumatlandırmaq olardı. Beynəlxalq konvensiyanın tələbinə əsasən hərbi vəziyyət elan edilərkən əhali əvvəlcədən xəbərdarlıq edilməlidir. Bəlkə də hərbi vəziyyət elan olunsaydı və bu barədə məlumat televiziya ilə əhaliyə çatdırılsaydı 20 Yanvar hadisəsi bu qədər dağıdıcı nəticələnməzdi. Bütün bunların hamısı onu sübut edir ki, məhz dağıdıcılığa hesablanmışdı. Amma sovetlər üçün əgər bu dağıdıcılıq Bakı miqyasında nəzərdə tutulmuşdusa, onlar özləri bilmədən də bütün ittifaqın dağılmasının bünövrəsini qoydular.

 – 20 Yanvar hadisələrindən hansı tarixi dərslər götürüldü?

– Birincisi, silahla qələbə qazanmaq olar, amma daimi olaraq silaha güvənmək olmaz. Cəmiyyətin içində sabit, oturuşmuş münasibətlər olmasa, silah da kömək etməz. Sovet İttifaqı dünyanın ən nəhəng silah cəbhəxanası idi, amma o da işğal etməyinə baxmayaraq, otura bilmədi. İkincisi, cəmiyyətdə hər hansı dəyişikliyin mənbəyi daxili qüvvədir. O dövr Azərbaycan inqilabının böyük sosial bazası onun içində idi. Meydanları lərzəyə gətirən, Sovet İttifaqının sarsıdan proseslərdə iştirak edən xalq idi və o tarixin səhnəsindəydi. Bu anonim yox, real bir xalq idi. Xalqa onun içindən çıxan Xalq Cəbhəsi və unudulmaz lider Əbülfəz Elçibəy rəhbərlik edirdi. Hər hansı bir qürur mənbəyini xalqın içərisində axtarmaq lazımdır. Tarixdən xəbərsiz insanlar deyirlər ki, heç bir meydana çıxmağa ehtiyac yox idi və Azərbaycan da Asiya respublikaları kimi müstəqil olacaqdı. Deyirlər ki, heç bir qurban verməyə ehtiyac yox idi. Amma bu hadisə Azərbaycan xalqının potensialını göstərdi və dünyanın strateji mərkəzləri belə bir potensiala heyran olmuşdular. Bu hadisə xalqın qəhrəmanlıq səhifəsi idi. 1918-ci il 28 may hadisəsinə yol 1918-ci il mart hadisələrindən keçdisə, 1991-ci il müstəqilliyinə yol 1990-cı il 20 Yanvar hadisəsindən keçdi.

 

 

Kamil HƏMZƏOĞLU 

 

525-ci qəzet.- 2011.- 18 yanvar.- S.5.