Görkəmli alim, bacarıqlı elm adamı

 

 Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, bacarıqlı elm və təhsil təşkilatçısı, AMEA Naxçıvan Bölməsinin sədri, Azərbaycan MEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor İsmayıl Muxtar oğlu Hacıyevin 60 yaşı tamam olur. Görkəmli alim, nəcib insan İsmayıl Hacıyev gərgin əməyi və zəhməti hesabına sıravi kənd müəllimindən professorluğa, akademikliyə, AMEA Naxçıvan Bölməsinin sədrliyinə, Milli Məclisin deputatlığına qədər yüksəlmiş, şərəfli bir yol keçmişdir. Düz 60 il bundan əvvəl, 21 yanvar 1951-ci ildə Culfa bölgəsinin Xanağa (indiki Xanəgah) kəndində Muxtar müəllimin ailəsində dünyaya göz açan körpə nəinki Naxçıvanda, geniş miqyasda Azərbaycanda, hətta dünyada tanınmış görkəmli bir alimə, Azərbaycan tarix elminin sütunlarından və ağsaqqallarından birinə, ictimai xadimə çevrilmişdir. Mən həyat və fəaliyyətinin böyük bir hissəsi təhsillə, xüsusilə Naxçıvan Dövlət Universiteti ilə bağlı olan akademik İsmayıl Hacıyevi bir müəllim, ziyalı kimi çoxdan tanısam da, 1995-ci ildən, yəni Naxçıvan Dövlət Universitetində eyni kafedrada işləməyə başladığım zamandan onun fəaliyyətini daha yaxından izləmişəm. Özünə və qarşısındakına qarşı tələbkar, elmi səriştəsi, yoldaşlarına qarşı diqqəti, tələbələrə yüksək qayğısı ilə diqqəti cəlb edən İsmayıl müəllim öz fəaliyyəti ilə hər şeydən əvvəl gözəl bir müəllim olduğunu sübut etmişdir. Yüksək pedaqoji bacarığı, insanlarla ünsiyyətə girmək qabiliyyəti, diqqət və qayğısı onu müəllim və tələbələrin sevimlisinə çevirmişdir. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra orta məktəb müəllimi kimi fəaliyyətə başlayan İsmayıl müəllim 1978-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Professor-müəllim və tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanan İsmayıl Hacıyev Naxçıvan Dövlət Universitetinin inkişafı, formalaşması, Azərbaycan ali məktəbləri ailəsində öncül yerə çıxması, beynəlxalq aləmdə tanınması və qəbul edilməsi, klassik universitetə çevrilməsi yolunda yorulmaz fəaliyyət göstərən rektor, akademik İsa Həbibbəylinin ən yaxın köməkçisi olmuşdur.

Naxçıvan ziyalıları təsdiq edirlər ki, Naxçıvan Dövlət Universitetinin mövcud olduğu illər ərzində orada çalışan tədris işləri üzrə prorektorların sırasında İsmayıl Hacıyevin özünəməxsus, yaddaqalan dəst-xətti olmuşdur. Müəllimliyə ürəkdən bağlı olan İsmayıl müəllim bu gün də pedaqoji fəaliyyətini davam etdirir, “Azərbaycan tarixi” kafedrasının professoru kimi tarix ixtisasında Vətən tarixinin müxtəlif problemlərindən mühazirələr aparır. İsmayıl müəllim həm də tariximizin müxtəlif problemləri ilə əlaqədar uğurlu və ciddi tədqiqatlar aparan gözəl alimdir. Onun 1992-ci ildə müdafiə etdiyi tarix elmləri üzrə fəlsəfə doktoru dissertasiyası Böyük Vətən müharibəsi illərində Azərbaycan qadınlarının arxa cəbhədəki fəaliyyətinə həsr olunsa da, sonrakı tədqiqatlarında Azərbaycan, o cümlədən Naxçıvan tarixinin, xüsusilə müstəqillik dövrü tarixinin müxtəlif problemlərinin tədqiqi xüsusi yer tutur. Bu cəhətdən onun Naxçıvan Muxtar Respublikasının təşkili, fəaliyyəti, qorunub saxlanması, bölgənin ərazi taleyi, Naxçıvanın muxtariyyət statusunun qarantı olan Moskva və Qars müqavilələri və s. haqqında yazdığı kitab və məqalələr mühüm siyasi, elmi-tarixi əsərlər kimi diqqəti cəlb edir. Akademikin elmi fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin, Ulu Öndərin nəzəri irsinin tədqiqi mühüm mərhələ təşkil edir. Onun müxtəlif vaxtlarda nəşr etdirdiyi “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası” monoqrafiyası, “Heydər Əliyev və Azərbaycan tarixi məsələləri”, “Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, “Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər”, “Heydər Əliyevin milli tarix konsepsiyası”, “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrləri”, “Heydər Əliyev və Naxçıvanın görkəmli tarixi şəxsiyyətləri” və s. çoxsaylı məqalələri Əliyevşünaslıq elmi xəzinəsinə sanballı töhfələrdir. Alimin elmlə məşğul olduğu vaxtdan, yəni keçən əsrin 70-ci illərinin sonlarından indiyədək nəşr etdirdiyi 30-a yaxın monoqrafiya və kitabı, 230-a yaxın məqaləni nəzərdən keçirərkən görünür ki, o Azərbaycan tarixinin ən müxtəlif problemləri ilə məşğul olmuş, bir sıra məsələlərin ilk tədqiqatçısı kimi tariximizə elmi yeniliklər gətirmiş, mübahisəli və qaranlıq məsələləri aydınlaşdırmışdır. Onun 1999-cu ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın Milli dövlətçilik tarixində yeri məsələsinə həsr olunmuşdur. İsmayıl Hacıyevin bu dissertasiyası Azərbaycanın dövlətçilik ənənələrinə malik olmaması barədə erməni sayıqlamalarına qarşı tutarlı cavab verən çox sanballı bir əsərdir. Alim bu əsəri ilə sübut etdi ki, nəinki Azərbaycan, hətta onun ayrılmaz bir hissəsi olan Naxçıvan diyarı qədim dövlətçilik ənənələrinə malik olmuşdur. Tutarlı tarixi faktlara əsaslanaraq tədqiqatçı bu əsəri ilə sübut etmişdir ki, əlverişli təbii-coğrafi mövqedə, mühüm ticarət yollarının keçdiyi bir ərazidə yerləşən Naxçıvan diyarında X-XI əsrlərdə “Naxçıvanşahlıq” kimi feodal dövlət qurumu yaranmış və fəaliyyət göstərmiş, Hülakülərin zamanında “Naxçıvan tüməni” adlı inzibati-ərazi bölgüsü olmuş, XVIII əsrin 20-ci illərində Osmanlılar tərəfindən “Naxçıvan sancağı” yaradılmış, Nadir Şah Əfşarın öldürülməsindən sonra, 1747-ci ildə burada tariximizdə şərəfli iz buraxan Naxçıvan xanlığı kimi möhtəşəm bir dövlət qurumu yaradılmışdır. İsmayıl müəllim 1924-cü ildə yaradılan və tarixi inkişafın sonrakı dövrlərində, xüsusilə müstəqillik dövründə özünü tamamilə doğruldan Naxçıvan Muxtar Respublikasını Azərbaycanda, Naxçıvanda tarixən yaranmış dövlətçilik ənənələrinin qanunauyğun davamı, məntiqi nəticəsi kimi dəyərləndirmişdir. 2003-cü ilin yanvarından AMEA Naxçıvan Bölməsinin sədri vəzifəsinə təyin edilən İsmayıl Hacıyevin keçən 8 il ərzində fəaliyyətinin yeni çalarları üzə çıxmış, o özünü bacarıqlı elm təşkilatçısı kimi göstərmişdir. Keçən müddət ərzində AMEA Naxçıvan Bölməsi akademik İsmayıl Hacıyevin rəhbərliyilə böyük inkişaf yolu keçmiş, Naxçıvanda elmi mühitin tərəqqisində mühüm rol oynamışdır. 2003-cü ildə 135 əməkdaşla (onlardan biri elmlər doktoru, on ikisi fəlsəfə doktoru olmaqla cəmi 50 elmi işçi) fəaliyyətə başlayan Naxçıvan Bölməsi, yüksək dövlət qayğısı, bölmə sədrinin məqsədyönlü fəaliyyəti və ardıcıl səyləri nəticəsində hazırda 2 akademikin, 4 müxbir üzvün, 7 elmlər doktorunun, 45 nəfər fəlsəfə doktorunun, cəmi 100 elmi işçinin, ümumiyyətlə 278 nəfərin çalışdığı, doktorantura şöbəsi, nəşriyyatı və s. olan bir elm ocağına çevrilmişdir.

Akademik İsmayıl Hacıyev bölmədə 3 ixtisas (Vətən tarixi, Arxeologiya, İqtisadiyyat) üzrə fəaliyyət göstərən Dissertasiya Şurasının sədri kimi yüksək dərəcəli elmi kadrların hazırlanması sahəsində uğurlu fəaliyyət göstərir. Onun rəhbərliyi ilə 2006-cı ildən bəri Şurada 40-a yaxın alim (3 nəfəri elmlər doktoru) hazırlanmışdır. Elmdə çox tələbkar olan və güzəştə getməyən alim gənc tarixçi kadrların hazırlanması sahəsində çox səmərəli iş aparır, xeyirxah əməlləri ilə onlara yardımçı olur. Çoxlu doktorant və dissertanta uğurla elmi rəhbərlik edən və etməkdə olan alimin rəhbərliyi ilə 20-ə yaxın elmlər doktoru və tarix elmləri üzrə fəlsəfə doktorları hazırlanmışdır. Bu mənada demək olar ki, akademik İsmayıl Hacıyev Naxçvanda yaşayıb yaradan alimlər içərisində akademik İsa Həbibbəylidən sonra öz elmi məktəbini yaradan ikinci alimdir. İsmayıl Hacıyev Naxçıvandan kənarda, Azərbaycanın müxtəlif şəhərlərində elmi kadrların hazırlanmasında da öz köməyini əsirgəmir. O Moskvada, Qarsda, Bakıda, Gəncədə və digər şəhərlərdə çalışan gənc doktorant və dissertantlara rəhbərliklə yanaşı, bir sıra doktorluq və fəlsəfə doktoru dissertasiyalarına opponent təyin olunur, avtoreferat, monoqrafiya və kitablara rəy yazır, redaktorluq edir və s.. O, 15 kitab və monoqrafiyaya ön söz yazmış, 50-yə yaxın kitaba elmi redaktorluq etmiş, 2 tarixi romanın və 27 kitabın rəyçisi olmuşdur. Akademik İsmayıl Hacıyev bölmədə hazırlanan iki cildlik “Naxçıvan Ensiklopediyası”nın əsas müəlliflərindən biridir. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 06 dekabr 2005-ci il tarixli Sərəncamına uyğun olaraq bölgədəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması sahəsində müstəsna xidmətləri olmuşdur. Akademikin rəhbərliyi ilə bu abidələr əsasında Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Naxçıvan abidələri ensiklopediyası” Azərbaycan tarix elminə böyük töhfə olmaqla, bu qədim diyara olan erməni iddialarını ifşa edən çox sanballı nəşr kimi ən tutarlı cavabdır. İsmayıl müəllim bu dəyərli vəsaitə daxil edilən məqalələri dəfələrlə oxumuş, redaktə etmiş, işçi qrupun üzvləri ilə müzakirə etmişdir. Nəticədə çox dəyərli bir vəsait hazırlanmışdır. İsmayıl Hacıyev Azərbaycan tarix elmini xarici ölkələrdə layiqincə təmsil edir. Dünyanın bir sıra ölkələrində keçirilən (Rusiya, Türkiyə, İran, Misir, Tunis, Qazaxıstan, Türkmənistan və s.) 35-ə yaxın simpozium və konfransların iştirakçısı olan alim həm də bir sıra elmi qurumların və nüfuzlu xarici jurnalların redaksiya heyətinin üzvüdür. 2001-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına layiq görülən, 2002-ci ildə Nyu-York Elmlər Akademiyasına, 2006-cı ildə “Dialoq Avrasiya Platforması”na üzv seçilən akademik İsmayıl Hacıyev 2010-cu ildə ABŞ-ın Bioqrafiya İnstitutunun Qızıl medalı ilə təltif olunmuşdur. Akademik İsmayıl Hacıyev özünün insani keyfiyyətləri ilə də çox yüksəkdə dayanan bir şəxsiyyətdir. İnsanlara qarşı son dərəcə həssas, diqqətli, hörmətcil olan İsmayıl müəllim özündə yüksək insani keyfiyyətləri (vətənpərvərlik, xalqını sevmək, əqidəsinə sadiqlik, ədalətlilik, prinsipiallıq, sözünün üstündə durmaq, etibarlılıq, bütövlük və s.) müsbət cəhətləri birləşdirir. Məşhur sufi şeyxi Bəyazid Bistaminin “ya olduğun kimi görün, ya da göründüyün kimi ol!” sözlərinin birinci hissəsini (olduğun kimi görün) tam mənası ilə necə vardısa elə də görünən İsmayıl müəllimə aid etmək olar. İsmayıl müəllim gözəl ailə başçısıdır. O, sədaqətli həyat yoldaşı, mehriban ata, nəvazişkar baba və qayğıkeş ailə başçısı kimi nümunəvi bir insandır. İctimai-siyasi, elmi və pedaqoji fəaliyyəti ilə Naxçıvan Muxtar Respublikasında və bütün Azərbaycanda böyük nüfuz və hörmət qazanan, məhz bütün bunlara görə xalqın etimadı ilə II çağırış Naxçıvan MR Ali Məclisinin, III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən akademik İsmayıl Hacıyevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Elm sahəsində qazandığı uğurlara görə o 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan elmi qarşısında xidmətlərinə görə 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafatla və medalla təltif olunmuşdur.

 Sonda yaşının kamillik dövrünü yaşayan İsmayıl müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona ən şirin nemət olan can sağlığı, uzun ömür, şəxsi həyatında, bundan sonrakı elmi fəaliyyətində və bütün işlərində uğurlar arzulayıram.

 

 

Hacı Fəxrəddin SƏFƏRLİ,

AMEA Naxçıvan Bölməsi Tarix,

Etnoqrafiya və Arxeologiya İnstitutunun

direktoru, tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2011.- 19 yanvar.- S.7.