Təhsil Nazirliyində
İctimaiyyətlə əlaqələr şöbəsinin və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
hesabatı dinlənilib
Dünən Təhsil
Nazirliyində nazirliyin İctimaiyyətlə əlaqələr
şöbəsinin və Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin 2010-cu il ərzində görülən
işlərə dair hesabat iclası keçirilib.
İclasda çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, 1999-cu ildə Təhsil Nazirliyində Mətbuat və informasiya xidməti yaradılıb. 2000-ci ildən Aparatın nəzdində İctimaiyyətlə əlaqə şöbəsi, 2003-cü ildən İctimaiyyətlə əlaqə sektoru kimi fəaliyyət göstərib. 2004-cü ildən müstəqil şöbədir. Şöbənin əsas vəzifələri nazirliyin fəaliyyətinə dair məlumatların ictimaiyyətə çatdırılması, nazirliyin tabeliyində olan qəzet və jurnalların, elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi, nazirliyin rəsmi internet saytının idarə olunmasıdır. Fəaliyyət istiqamətləri isə Mətbuat konfransları, brifinqlər, ictimaiyyəti daha çox maraqlandıran mövzular üzrə dəyirmi masalar və diskussiyaların, Təhsil Nazirliyi rəhbərliyinin və digər məsul əməkdaşların kütləvi informasiya vasitələrində çıxışlarının təşkili, nazirliyin keçirdiyi tədbirlərdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakının təmin edilməsi, şöbəyə daxil olan müraciətlərə baxılması, nazirliyə daxil olan informasiya sorğularının qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılmasının təmin olunmasıdır. Nazirliyin müvafiq sərəncam və əmrlərinin, normativ-hüquqi aktların şərh edilməsi, aktual məsələlərlə bağlı nazirliyin məsul əməkdaşlarının rəsmi mövqeyinin ictimaiyyətə çatdırılmasının təşkili, nazirliyin xətti ilə keçirilən mühüm tədbirlərin foto və video çəkilişlərinin aparılmasının təmin olunmasıdır: “Şöbə müdirinin əsas vəzifəsi şöbənin fəaliyyətinə ümumi rəhbərlik və nəzarətin həyata keçirilməsi,
“Azərbaycan
müəllimi” qəzetinin idarə olunması, Təhsil
Nazirliyinin rəsmi internet saytına ümumi rəhbərlik və
koordinasiyadır. Şöbənin aparıcı məsləhətçisi
Billurə Hacızadənin əsas vəzifəsi kütləvi
informasiya vasitələri ilə işin təşkili,
nazirliyin keçirdiyi tədbirlərdə kütləvi
informasiya vasitələri nümayəndələrinin
iştirakının təmin olunması, tədbirlərdə
iştirak və məlumatların hazırlanması,
şöbəyə daxil olan sənədlərin
icrasıdır. Şöbənin məsləhətçisi
Ceyran Eyvazzadənin əsas fəzifəsi isə nazirliyə
ünvanlanan informasiya sorğularının
cavablandırılması, press-relizlərin hazırlanması,
nazirliyə tabe olan pedaqoji mətbuat orqanları ilə iş,
dünya təhsilində baş verən yeniliklər barədə
məlumatların hazırlanmasıdır”. Şöbə
müdiri qeyd edib ki, təhsillə bağlı keçirilən
200-ə yaxın tədbirdə media nümayəndələrinin
iştirakı təmin olunub, təhsillə bağlı
mühüm yeniliklərin ölkə ictimaiyyətinə
çatdırılması məqsədi ilə mətbuat
konfransları keçirilib, ictimaiyyətin məlumatlandırılması
məqsədilə nazirliyin 30-dan çox əməkdaşının,
tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq
məsləhətçilərin müxtəlif televiziya və
radio verilişlərində iştirakı, 450-yə yaxın
müsahibəsinin təşkili təmin olunub, 2010-cu il ərzində
təhsil sahəsində həyata keçirilmiş
islahatların, reallaşdırılmış mühüm
layihələrin ictimaiyyətə çatdırılması
və normativ-hüquqi aktların şərh edilməsi istiqamətində
iş aparılıb. Nazirliyin rəsmi məlumatları,
press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə
çatdırılıb, nazirliyin fəaliyyəti ilə
bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə
“525-ci qəzet”lə əməkdaşlıq haqqında
müqavilə imzalanıb, müqaviləyə əsasən
bu mətbu orqanda təhsil sahəsində
görülmüş işlərə, müxtəlif problemlərə
dair yazıların dərc olunması təmin edilib. Təhsil
Nazirliyi və Mətbuat Şurası KİV-lə əməkdaşlığın
daha da təkmilləşdirilməsi məqsədi ilə
2010-cu ilə dair Fəaliyyət Planı təsdiq edib. Bu sənədə
uyğun olaraq, şöbə nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsini təmin edib. Fəaliyyət
Planına əsasən Bakıdakı 60 nömrəli məktəbdə
Mətbuat Şurası, Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Bakı Şəhəri üzrə
Təhsil İdarəsi ilə birgə “Təhsil müəssisəsi
və media: qarşılıqlı münasibətlər”
mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə təhsil
müəssisələri ilə media nümayəndələri
arasında münasibətlərin tənzimlənməsi
istiqamətində məsələlər müzakirə
olunub. Füzuli rayonunun Horadiz şəhərində Təhsil
Nazirliyi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat
Şurasının birgə təşkilatçılığı
ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans təşkil
olunub. Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar
Təhsil Nazirliyi, Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Mətbuat Şurası jurnalistlər
arasında “Təhsil və media: peşəkarlığın
artırılmasına dəstək” mövzusunda yazı
müsabiqəsi keçirib. Müsabiqənin nəticələrinə
əsasən 1 nəfər I, 2 nəfər II, 3 nəfər
III yerin qalibi olub, 10 nəfər isə həvəsləndirici
mükafata layiq görülüb: “Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin ictimaiyyətin
məlumatlandırılması alt komponenti çərçivəsində
Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio
Yayımları Şirkəti arasında müqavilə imzalanıb.
Nazirliyin müvafiq şöbələri ilə birgə
müəyyənləşdirilmiş mövzular əsasında
çəkilmiş 8 reklam çarxı İctimai və “Azad
Azərbaycan” televiziya kanallarında yayımlanıb. Kurikulum əsasında
tədris olunan dərsin üstün cəhətləri və
əhəmiyyəti, uşaqların məktəbəqədər
təhsilə cəlb edilməsinin zəruriliyi, ümumtəhsil
məktəblərində vakant müəllim yerlərinə
işə qəbul olunmaq üçün tətbiq edilən
yeni qaydaların ictimaiyyətə çatdırılması
və sair mövzular üzrə reklam çarxları
hazırlanıb. Təhsil Nazirliyinin rəsmi internet saytı
“Elektron hökumət haqqında” Qanunun tələblərinə
uyğun yenidən təkmilləşdirilərək istifadəyə
verilib. Sayt məzmun, dizayn və funksionallıq
baxımından müvafiq tələblərə cavab verir.
Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil
sahəsinin müxtəlif istiqamətləri üzrə
görülən işləri əks etdirən məlumatlar
yerləşdirilir. Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul
günləri, nazirliyin struktur rəhbərlərinin əlaqə
telefonları və elektron poçt ünvanları qeyd olunub.
Saytda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
“Qaynar xətt” xidmətləri barədə məlumat verilir.
Saytda ölkənin bütün ali, orta ixtisas və texniki
peşə təhsili müəssisələrinin
siyahısı, ünvanı, əlaqə telefonu, rəsmi
saytı, elektron poçt ünvanları və digər məlumatlar
yerləşdirilib. 2010-cu ildə saytın rus və ingilis
versiyaları hazırlanıb. Daxil olan məlumatlar qısa
müddət ərzində tərcümə olunaraq müvafiq
səhifələrdə yerləşdirilir”. B.Hüseynzadənin
dediyinə görə, ötən il nazirliyin internet
saytına ümumilikdə 3000-dən çox məlumat və
informasiya daxil edilib, son bir il ərzində sayta 2 500 000-ə
yaxın istifadəçi daxil olub. İstifadəçilərin
sayına görə nazirliyin saytı ölkənin ən
aparıcı saytları arasında yüksək mövqeyini
qoruyub saxlamaqdadır, ölkənin aparıcı reytinq
saytlarının göstəricilərinə görə
nazirliyin saytı təhsil saytları içərisində
daim birinciliyi qorumaqdadır. Təhsil Nazirliyinin rəsmi
internet saytına son bir ay ərzində (15.12.2010-15.01.2011)
daxil olan istifadəçilər Böyük Britaniyadan 433 nəfər,
Türkiyədən 232, ABŞ-dan 176, Küveytdən 174,
Polşadan 131, Koreyadan 112, Rusiyadan 102, Almaniyadan 42, Kanadadan 41,
Fransadan 31 nəfər: “Təhsil Nazirliyinin rəsmi internet
saytı “Milli Net-2010” müsabiqəsinin qalibi olub. Nazirliyin rəsmi
internet saytı ölkənin İKT sahəsi üzrə ixtisaslaşmış
23 ən nüfuzlu təşkilatının rəhbərliyi
ilə keçirilmiş “Milli Net-2010” Milli İnternet
müsabiqəsində 309 sayt arasında “Dövlət və bələdiyyə
saytları” nominasiyası üzrə ən yüksək
mükafata layiq görülərək I yeri tutub. Ötən
il “Azərbaycan müəllimi” qəzetinin tərtibatında,
forma və məzmununda əhəmiyyətli dəyişikliklər
edilib. Ötən ildən “Azərbaycan müəllimi” qəzeti
A3 formatında, rəngli, 16, 24 və 32 səhifə həcmində
nəşr edilir. 2010-cu
ildə “Azərbaycan müəllimi” qəzetinin yeni internet
saytı da istifadəyə verilib. Misir Mərdanovun rəhbəri
olduğu layihələr əsasında son illərdə
ümumilikdə 6 kitabın hazırlanması və arxiv
materiallarının toplanması işinə köməklik
göstərilib. Nazirin rəhbəri olduğu layihə əsasında
“Azərbaycanın təhsil nazirləri” kitabının
hazırlanması və arxiv materiallarının toplanması
işinə köməklik göstərilib. Bu sahədə
ilk təşəbbüs olan kitabda XX əsrin əvvəllərindən
indiyədək Azərbaycanın təhsil sisteminə rəhbərlik
etmiş şəxslər və onların fəaliyyəti
haqqında məlumatlar əksini tapıb, ötən il
nazirlikdə və nazirlikdən kənarda keçirilən
bütün tədbirlərin foto, bir sıra tədbir-lərin
isə video çəkilişi aparılıb”. Qarşıda
duran vəzifələrdən söz açan B. Hüseynzadə
vurğulayıb ki, şöbə ötən il başa
çatdırılmamış layihələrin davam etdirilməsi,
Mətbuat Şurası ilə birgə 2011-ci il üzrə Fəaliyyət
Planının hazırlanması, şöbənin və “Azərbaycan
müəllimi” qəzeti əməkdaşlarının bilik və
bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlıq
səviyyələrinin yüksəldilməsi məqsədilə
onların müvafiq seminarlarda iştirakının təmin
edilməsi, qəzetdə “Dünya universitetləri” layihəsi
çərçivəsində dərc olunan materiallar əsasında
kitabın hazırlanması, təhsildən yazan jurnalistlərin
peşəkarlıq səviyyəsinin artırılması məqsədilə
seminar və treninqlərin keçirilməsini nəzərdə
tutub.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri
Nailə Rzaquliyeva bildirib ki, BŞTİ hazırda 13 sektor,
Metodik Mərkəz və onun beş bölgə üzrə
metodik bölmələri, həmçinin Mərkəzləşmiş
mühasibat sektorunun 5 Xidmət bölməsi ilə fəaliyyət
göstərir. İdarənin fəaliyyətə
başlamasından dörd ildən çox vaxt ötür. Bu
müddətdə qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi sahəsində Təhsil İdarəsi
müəyyən nəticələrə nail ola bilib.
N.Rzaquliyevanın söylədiyinə görə, Bakıda
pedaqoji kadrların işə qəbulunun vahid mexanizminin tətbiq
edilməsi və bu mexanizmin daim təkmilləşdirilməsi,
nəhayət, vakant yerlərə müsabiqə yolu ilə
müəllim qəbulu məktəblərin keyfiyyətli kadr
təminatında mühüm rol oynayıb: “Yeni müəllim
işə götürülərkən məktəbdə həmin
ixtisas üzrə müəllimlərin orta dərs
yükünün ən azı 18 saat olması ciddi tələb
kimi həyata keçirilib. Yığma saatlar hesabına
işləyən müəllimlərin sayı 2006-cı ildə
1400 nəfər olduğu halda, 2010-cu ildə bu say 770 nəfərə
qədər azalıb. Müəllimlərin işə qəbulunun
Təhsil Nazirliyi tərəfindən elektron vasitələr əsasında
iki mərhələli müsabiqə yolu ilə həyata
keçirilməsi təhsildə müəllim
sıxlığının qarşısını almaqla
yanaşı, işə qəbul prosesinin daha obyektiv şəkildə
hayata keçirilməsini də təmin etdi. Beləliklə,
2009 – 2010 – cu tədris ilində paytaxtın ümumtəhsil məktəblərində
360 müəllim yeri vakant olaraq müsabiqəyə
çıxarıldı və onlardan 284 yer tutulub. Boş
qalan və digər vakant yerlərə qəbul
üçün ikinci dəfə elan verildi. Müsabiqəyə
çıxarılan 226 vakant yerdən 159 – na müəllim
işə qəbul edildi. 2010 – 2011 – ci dərs ilində 198
müəllim yeri müsabiqəyə
çıxarıldı, həmin yerlərdən 165 – i
müsabiqə yolu ilə tutuldu.
Məlum olub ki, 30 – a
yaxın vakant yer dəfələrlə müsabiqəyə
çıxarılsa da, həmin yerlərə ya
iddiaçı olmamış, ya da müsabiqədən
keçənlər yolun uzaqlığını əsas gətirərək
işləməkdən imtina etmişlər. Bunun bir səbəbi
həmin məktəblərin şəhərin ucqar kəndlərində
yerləşməsidirsə, digər səbəb yerli
kadrların peşəkarlıq səviyyəsinin
aşağı olmasına görə müsabiqədən
keçə bilməməsidir”. N.Rzaquliyevanın dediyinə
görə, hazırda BŞTİ-nin tabeliyində olan 307 məktəbəqədər
təhsil müəssisəsindən 7 müəssisə
istisna olmaqla 300 məktəbəqədər təhsil müəssisəsi
1387 qrupla fəaliyyət göstərir. Bu qrupların 1204 – də
təlim- tərbiyə Azərbaycan dilində 183 – də isə
rus dilində aparılır.
Hazırda fəaliyyət
göstərən 300 müəssisədən 186 – sı
birtipli layihə əsasında tikilib. 114 müəssisə
uyğunlaşdırılmış binalarda fəaliyyət
göstərir. İdarənin fəaliyyəti dövründə
29 bağçada əsaslı, 55 müəssisədə isə
cari təmir işləri aparılıb, bir sıra müəssisələrin
istilik sistemləri, dam örtükləri, hasarı, mətbəxləri,
sanitar qovşaqları təmir edilib. Məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsi
istiqamətində Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən
2008-ci ildə eksperiment olaraq Xətai rayonunda 8 məktəbəqədər
müəssisədə qısamüddətli və çevik
vaxt cədvəli ilə işləyən qruplar
yaradılıb. Çevik qruplarda işləyən tərbiyəçilərlə
müntəzəm treninqlər və seminarlar keçirilməsi
həmin qruplarda işin müsbət nəticə verməsinə
səbəb olub: “Hesabat ilində “Təhsil haqqında” Qanununa
müvafiq olaraq 5 yaşlı uşaqların məktəbəqədər
təhsilə cəlb olunması işi də
yaxşılaşıb. 2010-11-ci dərs ilində isə 9646
uşaq cəlb olunub. Bu göstəricilərə əsaslanıb
demək olar ki, müsbət dinamika var.
Lakin məktəbəhazırlıq
qruplarının şəbəkəsinin daha da genişləndirmək
imkanı olsa da, indi Bakı şəhərində birinci sinfə
uşaqların heç də hamısı məktəbəhazırlıq
qruplarından getmir. Bu problemin həlli istiqamətində
görülən işlər və aparılan təhlillər
göstərir ki, Bakı şəhərindəki uşaq
bağçalarının mövcud bazası bu işin
öhdəsindən gələcək səviyyədə
deyil. Belə ki, 300 uşaq bağçasında mövcud olan
qrup otaqlarından 1009-dan təyinatı üzrə istifadə
olunmur. Həmin otaqlardan istifadə olunmamasının səbəbi
onlardan 38-nin təmirsiz
olması, 700-də qaçqınlar və məcburi
köçkünlərin yaşaması, 271 otaqda isə
müxtəlif məktəbdənkənar təhsil müəssisələrinin,
bəzi halda isə təhsilə aidiyyəti olmayan təşkilatların
yerləşməsidir”. İdarə müdiri vurğulayıb
ki, hazırda İdarənin tabeliyində 3 ümumi orta, 108 tam
orta, 3 yardımçı, 1 evdə təhsil, 7 xüsusi
axşam məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə
322731 nəfər şagird təhsil alır, 32 min 270 nəfər
müəllim işləyir. 2006-08-ci illərdə Bakı
şəhərində 22 yeni məktəbin, 28 tədris korpusunun
istifadəyə verilməsi dövlətin təhsilə, onun
inkişafına qayğısının bariz nümunəsidir.
Dövlət Proqramı əsasında Bakının məktəblərinə
9550 ədəd kompyuter verildi və V-XI siniflərdə 22
şagirdə bir kompyuter nisbəti təmin edilib.
Hal-hazırda Təhsil İdarəsinin tabeliyində olan məktəblərin
264-ü bu şəbəkəyə, bütün məktəblər
isə lokal şəbəkəyə qoşulub: “Ötən
dərs ilində Bakı məktəblərinin həm 9, həm
də 11-ci siniflərdə aparılan buraxılış
imtahanları şagird nailiyyətlərinin qiymətləndirilməsində
obyektivliyin təmin olunması zərurətindən irəli gəlmişdir.
İmtahanlara buraxılan 22 min 353 nəfərdən 142 nəfər
imtahanlarda iştirak etməmiş, 1534 nəfər isə
“qeyri-kafi” qiymət almışdır. İmtahanların
yekunlarına əsasən 20 min 677 nəfər həmin ilin məzununa
və əvvəlki illərdə attestat ala bilməyən 709
nəfərə orta təhsil haqqında attestat verilib. Ötən
illərlə müqayisədə 2010-2011-ci dərs ili
üçün ali məktəblərə tələbə
qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi
artmış, abituriyentlərin 44,83 faizi tələbə
adını qazanıb. Xarici ölkələrin ali məktəblərinə
və ölkənin xüsusi təyinatlı ali məktəblərinə
qəbul olanları da buraya əlavə etsək bu rəqəm
48 faizə çatır. Son bir ildə abituriyentlərin orta
balı 241-dən 264-ə qalxmış, başqa sözlə
9 faiz artıb.Təhsilin keyfiyyət göstəricisi kimi 500 və
600-dən çox bal toplayanların sayını göstərən
rəqəmlər də ürəkaçandır. Belə
ki, 2010-cu ildə 2009-cu ilə nisbətən 500 baldan
yuxarı nəticə göstərənlərin
sayının 1727-dən 2062-yə yüksəlməsi, 600 –dən
yuxarı bal toplayanların sayının 159 nəfər, yaxud
40 faiz artması bizi sevindirir. 2010 – cu ildə qəbul
olunanlardan 2 nəfər maksimum 700, hər 15 əfərdən
biri 600-dən yuxarı bal toplayıb.
Hər 4 nəfərdən
biri 500-dən yuxarı balla tələbə adını
qazanıb”. N.Rzaquliyeva qeyd edib ki, BŞTİ müəllimlərin
metodik hazırlığının səviyyəsini yüksəltmək
sahəsində də müəyyən işlər
görüb. Təhsil İdarəsinin “Metodik işin təşkili
haqqında” əmrinin icrası ilə əlaqədar olaraq
dayaq məntəqələri üçün nümunəvi
fəaliyyət planı hazırlanıb, onun icrasi təmin
edilir. Ötən dərs ili ərzində 5867 nəfər
müəllim ixtisasartırma kurslarını, 2014 müəllim
müxtəlif tematik kursları, 1681 nəfər I-III siniflərdə
dərs deyəcək müəllim isə kurikulum
kurslarını bitirib. Təhsil Nazirliyinin “Rus dilinin intensiv tədrisi
üzrə layihənin tətbiqi barədə” əmrinin
icrası ilə əlaqədar I və V siniflərdə Rus
dili intensiv tədris edilən 35 ümumtəhsil məktəbin
metodbirləşmə sədri və təcrübəli
müəllimləri ilə keçirilən
seminar-müşavirədə Rus dili proqramı, dərslik, dərs
vəsaitlərinin tətbiqi mexanizmi ilə əlaqədar
mövcud problemlər, onların aradan qaldırılması
barədə fikir mübadiləsi aparılıb. İl ərzində
232 təhsil müəssisəsində, o cümlədən
182 məktəbdə metodiki işlərin təşkili, fənlərin
tədrisi və sair məsəllər üzrə vəziyyət
öyrənilib, müzakirə edilərək nəticələrə
əsasən müvafiq metodik köməklik göstərilib.
Məktəblərin dərsliklərlə təminatı sahəsində
də Təhsil İdarəsi öz üzərinə
düşən vəzifələri yerinə yetirib.
2010-2011-ci dərs ilində 91 adda 1 milyon 109 min 522 ədəd
dərslik məktəblərə çatdırılması
və şagirdlərə paylanması təmin olunub: “Məlum
olduğu kimi vahid məktəbli formasına keçilməsi
barədə 2007-ci ildə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin təşəbbüsü Təhsil
Nazirliyi tərəfindən dəstəkləndi və dərs
ili ərzində şagirdlərin 80 faizi məktəbli
formasına keçdi. Növbəti illərdə bu proses
davam etdirildi. Lakin hər məktəbin öz formasının
olması bir sıra problemlər yaratdığından
bütün məktəblərin eyni formadan istifadə etməsi
gündəmə gəlib. Növbəti dərs ilində isə
V-XI siniflərin də vahid formaya keçməsi təmin ediləcəkdir.
Son zamanlar ictimaiyyətin diqqətində olan hicab məsələsi
də özünü qabarıq şəkildə göstərməyə
başladı. Qeyd edim ki, bunu dini inancla bağlamaq, həddi-buluğa
çatmış qızların öz iradə və istəkləri
ilə hicab geyinməsi fikri bizim araşdırmalarımız zamanı özünü
doğrultmadı. Bunu Nardaran kəndində yerləşən
iki məktəbin nümunəsində görmək olar. Belə
ki, burada yerləşən 130 və 295 nömrəli məktəblərdə
IX-XI siniflərdə cəmi 5 hicablı qız olduğu halda,
I-IV siniflərdə onların sayı 55 nəfərdir. Bu vəziyyət
göstərir ki, burada dini inancla bağlılıq yoxdur və
çox uzaq məqsədə hesablanmış bir məsələdir.
Lakin bizim də mövqeyimiz qətidir. Hesabat ili ərzində
məktəbdənkənar təhsil müəssisələrinin
fəaliyyətinə də diqqət və qayğı
göstərilib. Məktəbdənkənar təhsil müəssisələrinin
tərbiyə sahəsində mühüm rolunu nəzərə
alan Təhsil İdarəsi bu sahənin inkişafına
yönələn tədbirlər həyata keçirib. Həmin
müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi,
idman avadanlıqları və inventarla təchizatı
yaxşılaşdırılıb”. İdarə müdiri
deyir ki, idarə qazanılan uğurları son nəticə
hesab etmir: “Bizcə təhsilin inkişaf etdirilməsi, keyfiyyətin
yüksəldilməsi sahəsində daha yaxşı nəticələr
əldə etmək mümkündür. Buna həm kadr
potensialı, həm maddi-texniki baza, həm də son illərdə
formalaşmış təhsil mühiti imkan verir. Təhsil
İdarəsi görülən işləri təhlil edərək
gələcək fəaliyyətini aşağıdakı vəzifələrin
yerinə yetirilməsi istiqamətində quracaq”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 19 yanvar.- S.5.