Naxçıvan: böyük quruculuğun sadə fəlsəfəsi

 

BU BÖYÜK ÖNDƏRİN SİYASİ KURSUNA MÜNASİBƏTDƏ SÖZLƏ ƏMƏLİN, DƏRİN SƏDAQƏTLƏ KONKRET İŞİN VƏHDƏTİNDƏN YARANIB    

 

İkinci yazı

 

Hazırda muxtar respublikada əhalinin 89 növdə ərzaq, 153 növdə qeyri-ərzaq olmaqla 242 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Ərzaq təhlükəsizliyi ilə yanaşı, enerji təhlükəsizliyi də bu gün xüsusi diqqət yetirilən sahələrdəndir.. Bu istiqamətdə muxtar respublikada böyük layihələr həyata keçirilib. Vaxt var idi ki, bölgədə elektrik enerjisi sutka ərzində uzun fasilələrlə verilirdi. O da qonşu ölkələrdən baha qiymətə almaq hesabına. Dövlət başçısının “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli sərəncamından sonra isə vəziyyət tamam dəyişdi. Enerji təsərrüfatının gücləndirilməsi sahəsində təsirli tədbirlər görüldü, modul və qaz-turbin elektrik stansiyaları, Heydər Əliyev su anbarı üzərində elektrik stansiyası tikildi. Az vaxt ərzində muxtar respublika elektrik enerjisi alan bölgədən elektrik enerjisi ixrac edən regiona çevrildi. Hazırda muxtar respublika Türkiyəyə gündə 16 meqavat elektrik enerjisi verir.

20 meqavat gücündə olan Biləv Su Elektrik Stansiyası Naxçıvan MR-də həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Stansiyanın tikintisinə 2008-ci ilin mart ayından başlanılmış və qısa vaxt ərzində başa çatdırılmışdır. Gilançay üzərində tikilən stansiyada Avstriya istehsalı olan 2 turbin və generatorlar quraşdırılmışdır. Stansiyanın açılış mərasimində iştirak edən dövlət başçısı demişdir: “Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir... Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq görülən işlərin yeni mərhələsidir. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır”.

Prezident İlham Əliyev 87 kilometr uzunluğunda olan Naxçıvan-Sədərək magistral avtomobil yolunun açılışında da iştirak etmişdir. Böyük İpək Yolunun bir hissəsi sayılan bu yol Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Avropa standartları əsasında salınan yolun ümumi en sahəsi 23, asfalt qatının eni 17,2 metrdir. Magistral 4 zolaqlıdır. Zolaqları 1 metr enində xətt ayırır. Bununla bərabər, yolun hər iki istiqamətində təhlükəsiz zona salınıb.

Heç kimə sirr deyil ki, hər bir cəmiyyətin tərəqqisi xeyli dərəcədə təhsilin inkişafından və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Təsadüfi deyil ki, ölkənin ağır və çətin dövründə – 1995-ci ildə keçirilən tədbirlərin birində “Mən müəllim sənətini, müəllim işini və zəhmətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, müəllimə xərcləməlidir” – deyən ümummilli lider təhsilin maddi bazasının gücləndirilməsini vacib və təxirəsalınmaz vəzifələrdən biri hesab edirdi.

Prezident İlham Əliyev də öz fəaliyyətində dəfələrlə bu xəttə sadiq olduğunu sübut etmişdir. Ötən il muxtar respublikaya səfəri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı demişdir: “Mən müəllimlərin əməyini çox yüksək qiymətləndirirəm. Hər bir ölkənin inkişafı üçün müəllimlərin fəaliyyəti başlıca rol oynayır. Çünki ölkə təbii sərvətlərlə zəngin ola bilər, ölkənin digər imkanları, yəni, maliyyə imkanları geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intellektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyəcəklər”.

Məhz təhsilə dövlət səviyyəsində bu cür yüksək qiymətin verilməsinin nəticəsidir ki, son 10 ildə muxtar respublikada 68 min 374 şagirdlik 168 məktəb binası, 1398 yerlik 14 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilib və ya yenidən qurulub. Yeni təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları müasir avadanlıqla təchiz edilmiş, ən yeni informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur.

130-dan çox yaşı olan Yengicə kənd orta məktəbi nəinki Şərur rayonunun, eləcə də muxtar respublikanın ən qocaman təhsil ocağıdır. Muxtar respublikada tikilən yeni məktəb binalarından biri də həmin kəndin payına düşüb. 568 yerlik təhsil ocağında müəllim və şagirdlərin ixtiyarına 32 sinif otağı ilə bərabər, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana verilib. Şagirdlərin müasir informasiya texnologiyalarına yiyələnə bilmələri üçün burada 2 kompüter otağı yaradılıb. Hər bir otaqda 19 kompüter internetə qoşulub. İki elektron lövhəli sinif də tədrisin yüksək səviyyədə aparılmasına imkan verir.

Azərbaycanın Milli Qəhrəmanı Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbi də yeni istifadəyə verilən təhsil ocaqlarındandır. Üçmərtəbəli, 540 şagirdlik binada sinif otaqları, fənn kabineti və laboratoriyalar zəruri vəsaitlərlə təchiz olunub. 594 şagirdlik 2 nömrəli Sədərək orta məktəbinin binası da təzədir. Bu müasir bina sərhəd bölgəsində təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi avadanlıqlara malikdir.

612 şagirdlik Zeyvə kənd orta məktəbinin binasını isə “Gəmiqaya” MMC 5 aya tikib qurtarıb. Məktəbdə 33 sinif otağı, zəngin əyani vəsaitlərlə təmin olunan fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana, 2 kompüter, elektron lövhəli sinif otaqları var.

“Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük”. Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmizdə sosial problemlərin həlli, eləcə də səhiyyənin inkişafı ümdə vəzifələr sırasına çıxarılıb. Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı da bu sahədə mövcud olan problem və çatışmazlıqları həll etməyə real imkan yaradıb. Ölkədə səhiyyə şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində konkret vəzifələr də müəyyənləşib. Bu səbəbdəndir ki, hər il böyük həcmlə artan dövlət büdcəsinin xeyli hissəsi sosial siyasətin həllinə yönəldilir. Bu siyasətin davam etdirilməsinin vacibliyindən danışan dövlət başşımız bu amilin ölkənin iqtisadü gücü ilə də sıx bağlı olduğunu bildirib. ”Mən istəyirəm ki, hər bir xəstəxana onun yerləşməsindən asılı olmayaraq müasir səviyyədə olsun. Azərbaycanda hər bir sahədə müasirlik, yenilik və keyfiyyət özünü daim göstərsin və Azərbaycan xalqı bu gözəl imkanlardan bəhrələnsin. Bu, bir tərəfdən insanlara olan diqqətin və qayğının əlamətidir, digər tərəfdən Azərbaycanın bugünkü imkanlarını göstərir”.

Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirləri sırasında yeni səhiyyə ocaqlarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi də mühüm yer tutur. Bu gün muxtar respublikanın hər bir rayonunda ən müasir tələblərə cavab verən mərkəzi xəstəxana binalarının tikintisi proqramı uğurla icra olunmaqdadır. Belə ki, 5 mərkəzi xəstəxana binası tikilmiş, 1 mərkəzi xəstəxananın inşası isə davam etdirilir. Naxçıvan şəhərində ətraf bölgələrdə analoqu olmayan diaqnostika-müalicə və doğum mərkəzləri istifadəyə verilmiş, bundan başqa 42 xəstəxana, 51 həkim ambulatoriyası, 56 feldşer-mama, 17 tibb məntəqəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Müalicə Diaqnostika Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan şəhər Doğum Mərkəzi, Şərur, Şahbuz, Culfa rayon mərkəzi xəstəxanaları üçün inşa olunan obyektlər Avropa standartları əsasında qurulub. Ötən il Sədərək rayon mərkəzi xəstəxanası üçün inşa olunan yeni binanın açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

Muxtar respublikada reallaşdırılan səmərəli demoqrafik və sosial iqtisadi siyasətin uğurlu nəticəsidir ki, son illər ərzində əhalinin orta ömür müddəti 4,2 il yüksələrək 74,4 ilə çatıb. Muxtar respublikanın tarixində ilk dəfə olaraq ötən il ərzində doğulan körpələrin sayının on min nəfəri ötməsi də iqtisadi inkişafın sosial vəziyyətin ürəkaçan olmasından irəli gəlib. Halbuki sovet dönəmində, daha doğrusu 1988-ci ildə bu rəqəm indikindən 34,3 faiz az olub. Müqayisə olunan dövrdə əhalinin sayı isə 115,6 min nəfər artaraq 410 min nəfərə çatıb.

Demoqrafik inkişafa dair daha bir müsbət nümunə: Əgər ötən əsrin səksəninci illərinin sonlarında muxtar respublikada bir kvadrat kilometrə düşən əhalinin sayı cəmi 55 nəfəri təşkil edirdisə, ötən ilin sonunda bu göstərici 76-a çatıb. Hər min nəfər hesabı ilə bir yaşa qədər ölən uşaqların sayı isə 28,3 nəfərdən 1,2 nəfərə enib. Təbii ki, dinamik əhali artımı demoqrafik siyasətin səmərəliliyini təsdiqləyir.

Düzdür, regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlərdə başlıca məqsəd əhalinin üzləşdiyi sosial-iqtisadi problemləri həll etməklə adamlar üçün daha yaxşı yaşayış şəraiti yaratmaqdan ibarətdir. Naxçıvanda quruculuq və abadlıq tədbirlərinin yüksək sürətlə, böyük zövqlə, canıyananlıqla aparılması da təbii ki, ilk növbədə bu amala xidmət edir. Görülən işlər sosial-iqtisadi inkişafımızda böyük irəliləyişlərin bəhrəsi olmaqla bərabər, adamların təfəkkür, düşüncə və psixologiyalarında da müəyyən dəyişikliklərin yaranmasına səbəb olur. İnsanların həyata və cəmiyyətə olan baxışları xeyli dəyişib, torpağa bağlılıq hissləri artıb. Bunun da nəticəsidir ki, min bir əziyyətlə yaradılanlar, tikilənlər, qurulanlar əvvəlki dövrlərdə olduğu kimi, dağıdılmır, əksinə, onlara sahiblik hissi yarandığından göz bəbəyi kimi qorunub saxlanılır.

Az vaxt ərzində regionun iqtisadi göstəriciləri də xeyli yüksəlib. Dünənə qədər sahibsiz qalan, yaxud xammal şəklində yaxın-uzaq ünvanlara satılan yeraltı təbii sərvətlərdən müasir texnoloji avadanlıqların tətbiqi hesabına səmərəli istifadə muxtar respublika sənayesində iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsinə səbəb olub. Ötən illər sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulub, satış problemlərinin həlli üçün yerli və xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilib. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikanın sənaye sektorunda 12 min nəfərdən çox işlə təmin olunub, onların gücü ilə müəssisələrdə 237 adda məhsul istehsal edilir.

Zəngin yeraltı təbii sərvətlərə malik bölgədə qiymətli daşlar, xammal ehtiyatları çoxdur. Düzdür, sovet dönəmində onların bir çoxundan – travertin, mərmər, qum-çinqıl yataqlarından istifadə olunurdu. Amma aşkara çıxarılmayan yataqlar, mənbələr də az deyildi. Muxtar respublikada geniş imkanlara malik olan transmilli özəl şirkətin – “Gəmiqaya Holdinq”in yaradılması isə bu sahədə imkanları xeyli artırdı. Ankaradakı Texniki Universitetin əməkdaşları ilə birgə aparılan axtarışlar nəticəsində Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Babək rayonunun Buzqov kəndləri ərazisində, uca dağların ətəyində qara, boz və qəhvəyi rəngdə mərmər yataqları üzə çıxarıldı.

Bu gün adıçəkilən holdinqə məxsus Gəmiqaya Daş Emalı Sənaye Kompleksinin istehsal sexlərində 30-dan artıq çeşiddə məhsul hazırlanır. Onların əksəriyyəti travertindəndir. Qara və qəhvəyi rəngli mərmərdən hazırlanan məhsullar antibakterial keyfiyyətə malikdir. Bu səbəbdən xarici bazarlarda onlara üstünlük verilir.

Bir qədər də Şərur rayonunun Aralıq kəndində aparılan quruculuq tədbirləri haqqında danışmaq istərdim. Bu il ərzində o əsl mənada şəhər libasına bürünüb, burada müasir Azərbaycan kəndinin ən bariz nümunəsi yaradılıb. İlk əvvəl kəndarası yollar qaydaya salınıb. Sakinlərin təşəbbüsü ilə kəndin darısqal, ensiz yolları onların şəxsi həyətləri hesabına xeyli genişlənib, yola qara örtük döşənib. Yol boyunca uzanan həyətlər eyni formada hasara alınıb, onlara dəmir qapılar qoyulub. Bu dəfə yol kənarlarındakı palçıq arxlara da möhkəm əl gəzdirilib, onları çaylaq daşları ilə hörülərək çəkilən arxlar əvəz edib. Kənddəki bir çox sosial obyektlərdə də yenidənqurma və əsaslı təmir işləri aparılıb. Üstəlik də yeni obyektlər inşa olunub. Birmərtəbəli xəstəxana ikimərtəbəli müasir obyektlə əvəzlənib. İndi burada yeni tipli orta məktəblə yanaşı yeddiillik uşaq musiqi məktəbi, böyük mədəniyyət evi, xəstəxana, poçt məntəqəsi və digər obyektlər də fəaliyyət göstərir.

Muxtar respublikada isə belə abad, yaraşıqlı və gözəl kəndlər sayca çoxdur. Təkcə Şərur rayonunda Yengicə, Zeyvə, Tumaslı, Maxta, Aşağı Yaycı, Mahmudkənd kəndlərini buna misal göstərmək olar.

Bəli, XXI əsrin Naxçıvanı sürətlə, dinamik inkişaf edən, günü-gündən gözəlləşən bir bölgəyə çevrilib. Ulu öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün artıq həqiqətdir.

Artıq Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli də formalaşıb. Bu məktəbdə tədris olunan dərslərin başlıca qayəsini milli dövlətçilik, vətənpərvərlik, yurda, torpağa bağlılıq hissləri təşkil edir. Müasir dünya standartları səviyyəsində qurulan hər obyekt, yaradılan şərait isə adamlara yeni bir mədəniyyət aşılayır. Bu yeniliyin təsiridir ki, bu gün Naxçıvanda küçə və meydanlar, park və xiyabanlar öz təmizlikləri ilə daha çox seçilirlər.

Naxçıvan indi yalnız regional deyil, dövlətlərarası əməkdaşlıqda da yaxından iştirak edir. Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələri konteksində o, aparıcı rol oynayır. Son illər Naxçıvan ölkəmizlə yaxından əməkdaşlıq edən xarici dövlətlər, beynəlxalq qurumlar üçün həm də cəlbedici regiona və etibarlı tərəfdaşa çevrilib. Bu gün muxtar respublikanın Türkiyə, İran İslam Respublikası ilə bərabər Avstriya arasında da yaxın və sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2009-cu ilin oktyabr ayının 2-də və 3-də Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi də muxtar respublikanın tanıdılmasında önəmli rol oynayıb. Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov da XXI əsr Avropa siyasətinin qəbul etdiyi yeni simalardandır.

 

 

Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin  deputatı,

tarix üzrə fəlsəfə doktoru,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2011.- 19 yanvar.- S.4.