Kədərlə ruh yüksəkliyinin vəhdəti
Bu dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səda” Tədris teatrına gələnlər elə bunu da gözləyirdilər: qəlbi sızladan, 21 il ötəki yaralı xatirələri oyadan məqamların və hər il bir az daha gur səslənən ədalətin qələbəsinə inamla yüklü, bədii təsir gücünə malik səhnə görüntüləri, şeirlər, dinamik surətdə biri-birini əvəz edən unudulmaz epizodlar... Bəli, istər ADMİU-nun yaradıcı fakültə tələbələrinin, istərsə də onlarla birgə bu kompozisiyanı hazırlayan, səhnədə yetirmələrilə cövlan edən pedaqoqlardan məşhur bədii qiraət ustaları Ağalar Bayramov, Zülfiyyə Eldar qızı, Nadir Hüseynov, Gülsabah Quliyeva və Kəmalə Mehdiyevanın bir arzusu vardı – tamaşaçıları kədər, qəm notları üstə yox, qələbə, fəxarət duyğuları, şəhidliyin ən uca zirvə olduğuna inam ruhunda kökləmək. Və onlar buna asanlıqla nail oldular. Bunu tamaşaçıların reaksiyasından bilmək olardı. Bu uğurun qazanılmasında istər “Səhnə danışığı” kafedrasının müəllimi, rejissor Mahirə Yaqubovanın, istərsə də ifaçıların dünya poeziyasından seçdikləri dəyərli şeir nümunələrinin rolu əvəzsiz idi. Hüseyn Cavid, Almas İlbırım, Məhmət Akif, Bəxtiyar Vahabzadə və Ramiz Məmmədzadədən götürülmüş şeir nümunələri anım toplantısına xüsusi bir təravət bağışlayırdı. Universitetin “Musiqi sənəti” fakültəsinin ifaçı-pedaqoqlarından Yaqut Abdullayevanın, Teyyub Aslanovun yüksək ustalıq və can yanğısı ilə oxuduqları mahnılarsa məclisin lirik ovqatını daha da gücləndirirdi.
İntiqam
525-ci qəzet.-
2011.- 20 yanvar.- S.7.