Mədəniyyət Turizm naziri turizm sektorunun nümayəndələri ilə görüşüb

 

Prezident İlham Əliyevin 2011-ci ili “Turizm ili” elan etməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin turizm şöbəsinin əməkdaşları, turizm şirkətləri və otellərin rəhbərləri ilə işgüzar görüş keçirilib. Bu barədə adıçəkilən nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir. Görüşdə respublika prezidenti yanında keçirilən müşavirə zamanı Mədəniyyət və Turizm Nazirliyinin hesabatında təqdim olunan faktlar və turizmin inkişafında müşahidə olunan müsbət tendensiyalar, Azərbaycanda turizmin inkişafına xidmət edən infrastrukturun yaranması və getdikcə inkişaf etməsi haqqında fikirlər bir daha vurğulanıb. Görüş zamanı Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı məsələlər, ilkin tədbirlər planı müzakirə olunub, bilavasitə turizm şöbəsinin və nazirliyin digər strukturlarının, ayrı-ayrı turizm şirkətlərinin və otel rəhbərlərinin qarşısında duran vəzifələr müəyyən olunub. Nazir Ə. Qarayev ölkə prezidentinin tapşırıqlarını əsas tutaraq turizm sektorunda çalışanları fəal olmağa, beynəlxalq və yerli turizm sərgilərində mütəmadi iştirak etməyə, bu sahənin inkişafına xidmət edə biləcək yeni və cəsarətli, Azərbaycan turizmini beynəlxalq standartlar səviyyəsinə daha da yaxınlaşdıracaq təkliflərlə çıxış etməyə dəvət edib. Görüşdə peşəkarlara bu günə qədər əldə olunan nailiyyətlərlə kifayətlənməyib hələ də mövcud olan çatışmazlıqlara diqqət yetirmək tövsiyə olunub. Daha sonra turizm şirkətləri və otel rəhbərləri söz alaraq mövcud problemlərdən danışıb və təkliflərlə çıxış ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 20 yanvar.- S.7.